RUH RƏBBIN GİZLI ƏSƏRIDIR
Ruha inam imandandır
İnsanın ən böyük xətalarından biri, hər işdə öz varlıq və qabiliyyətini meyar götürüb, ona görə subyektiv hökm verməsidir. Əslində bəşərin icad etdiyi cihazların imkanları, onun görmə və eşitmə orqanları, hiss və duyğuları məhduddur. Günəş sistemi, Qalaktika və dumanlı Qalaktika da daxil olmaqla böyük aləm adlanan Kainatın açılmayan sirləri çoxdur. Başqa sözlə, fərd ona bəxş edilən mövcud orqanların imkanlarından kənara çıxa bilmir. Bu səbəbdən, əgər "görünən və eşidilənlər" "bilmə" sözü ilə ifadə edilirsə, "görünməyən və eşidilməyənlər" isə "inanma və inam" ilə təsbit olunur. Məsələn, ağıl sonsuzluğu qavraya bilimir, amma qəlb ona inanır.
Varlıqlarına inanıb, fəqət görə bilmədiyimiz məxluqlardan (mələk, şeytan, cin) biri də, mahiyyəti bilinməyən ruhdur. O, Allahın ən mükəmməl, ən xaliqə və ən gizli əsəridir. Bu varlıqları görməmək, heç də onların yoxluğuna dəlalət etmir. Ruh, mələk, şeytan və cinlərin varlığı bütün səmavi kitablar və peyğəmbər kəlamlarında iman şərtlərdən biri kimi qəbul olunub. Rəbbin Muhyi (həyat verən) isminin təcəllisi olan ruh, Onun bəşərə verdiyi ən bərəkətli nemətlərdən biridir. Bu nemət və şərəf isə artıq ondan heç vaxt geri alınmayacaq; fani dünyada da, qəbrdə də, məhşərdə də, cənnət və ya cəhənnəmdə də.
Ruh nədir?
Partenogezlə dünyaya gələn (Həzrət İsa kimi bakirə qadınıdan doğulan) Pifaqor (e.ə.580-500), Platon (e.ə.428-387), Aristoteldən (e.ə.384-322) tutmuş ta Leybnits (1646-1716), Lokk (1632-1704) və XX əsr filosofları Plexanov və Teylora qədər yüzlərlə dünya mütəfəkkiri ruhun mahiyyətini açmağa cəhd ediblər. Lakin onlar bu sahədə ümumi məlumat və ehtimallardan başqa bəşərə heç bir şey verməyiblər. Yəhudilər tərəfindən və ya onların təhriki ilə Peyğəmbər (ə)-yə verilən üç sualdan birinin ruhun mahiyyəti barədə olması da təsadüfdən doğmayıb. Məhəmməd (ə)-nin peyğəmbərliyinə kölgə salmaq istəyənlərin bu sualı ona verə biləcəklərini bilən Rəbb, peyğəmbərini qabaqcadan hazırlaşdıraraq buyurur:" (Ya Məhəmməd!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De ki, "Ruh Rəbbimin əmrindəndir (Allahın əmri ilə yaradılıb). Sizə (bu barədə) yalnız cüzi bir bilik verilib" (İsra, 85).
Ruh barədə cüzi bilik
Quran ayəsindən göründüyü kimi, mahiyyəti bilinməyən ruhun bəzi özəl xassə və xüsusiyyətlərini anlamaq mümkündür. Teoloqlar ruhu can, canlılıq, bədənə fəaliyyət verən, bir şeyin cövhəri, Cəbrail (ə) kimi qəbul ediblər. Məlumdur ki, mövcudat xalq (maddi) və əmr aləmlərindən ibarətdir. Əmr aləmi maddi ölçülərə girməyən və o qanunlara tabe olmayan aləmdir. Başqa sözlə, o, Aləmi Əmrdən gələn şüurlu varlıqdır. Yer və Günəş maddi, onların cazibə qüvvələri isə əmr aləminə aiddir. Təbir caizsə, biri "idarə edənlər", digəri isə "idarə edilənlər" aləmidir. Ruha tərif verilmədiyi üçün onu bəşəri bilgi ilə anlamaq mümkün deyil. Ruh bəsitdir, varlığı sabitdir, ionlaşmır və dağılmır. Maddə isə atom və malekullardan ibarətdir. Yerdən 150 mln.km məsafədə yerləşən Günəş şüasını 8 dəqiqə ərzində yerə çatdırır. Ruhun sürəti isə nə işıq, nə də səslə müqayisə edilir. Xəyal ruhun xidmətçisidir. O, bir anda haralarda olmur? Ağıl isə ruhun anlama alətidir. İnsan bu alətlə nələr etmir?
Elə din dedikdə də ağıl və iman vəhdəti nəzərdə tutulur. Ruh lətif, nurani və mənəvi; bədən isə maddi olduğu üçün, bu maddi aləm ruhun mahiyyətini aça bilmir. Varlığı qəbul edilən, fəqət mahiyyəti bilinməyən ruhun özünəməxsus bir örtüyü var ki, bəzən buna misali-bədən, əsiri-bədən, enerji-bədən də deyilir. Allahdan başqa hər şey ziddi ilə tanındığı üçün, fiziki bədənin ziddi də misali-bədəndir. Və o, əslində ruhun örtüyü, libasıdır. Bu libas isə ruhu çılpaq buraxmır. Rusiyada nəşr olunan "Tanrıya Dönüş" adlı kitabda yüksək tezlikli fotoaparatla kompüter ekranına verilmiş qolları kəsik adamın qollarının göründüyü qeyd edilib. Əslində bu, misali-bədənin bir hissəsi idi. Vəfat etmiş şəxsləri yuxuda maddi bədənləri ilə görməyimiz də buna misaldır.
Beyin və cəsədin komandanı ruhdur
- İlk yaradılan da, bədənə hakim olan da, bədəndə əsir olan da ruhdur. İnsanda olan 60 trilyon hüceyrənin hər birinə və hamısına hökm edən, onu idarə edən ruh bədəni tərk edəndən sonra bu hüceyrələr dağılır və insan cansız maddəyə çevrilir.
- Məlumdur ki, beynin funksiyası sinir sistemindəki hüceyrələrin biokimyəvi reaksiyaları ilə mümkündür. İnsanda isə hər 6 aydan bir bu hüceyrələr tamamilə yenisi ilə əvəz olunur. Bu məsələnin maddi və xarici tərəfi əsas götürülərsə, onda hüquq sistemi tamamilə alt-üst edilər: "Hakim cinayətkardan şoruşur ki, sən bu adamı nə vaxt öldürmüsən? O: bir il əvvəl. Hakim: Bu adam bir əvvəl tətiyi başqa hüceyrələrin təşkil etdiyi üzvlərlə çəkdiyi üçün günahkar deyil. Çünki bu işi edən hüceyrələr çoxdan ölüb və təzə hüceyrələr bundan xəbərsizdirlər". Deməli, insan təkcə maddi varlıq kimi qəbul edilərsə, bu hökm doğrudur. Lakin bədəni idarə edən, onu öz əmri altında saxlayan ruhdur. Və dolayısı ilə cəza da ruha verilməlidir.
- Əmr aləmindən gələn ruhun maddi aləmlə təmas qurması əl, qol, ayaq, göz və s. maddi vasitələrlə mümkündür. Zira ruhun onlara ehtiyacı var. Çünki əşya və hadisələrə nüfuz etmədə təkcə ruh kifayət deyil. Bədən ruhsuz heç bir şey etmədiyi kimi, ruh da bədən üzvləri olmadıqda, acizdir. O, səbəblər aləmində məhz bu üzvlər vasitəsilə bədənə və xarici mühitə təsir edir. Başqa sözlə, bir-birinə zidd olan bədən və ruh yalnız vəhdətdə olarkən təsir qüvvəsinə malikdirlər.
Ruh Rəbbin dəlillərindəndir
Qəzzaliyə (1111-ci ildə vəfat edib.) görə, insanın mahiyyəti və əsli olan ruhun duracağı bir məkan var. İnsan oradan meydana gəlib və vətəni də oradır. Burada (dünyada) isə bir yolçudur. Yolda onun bir çox mənzilləri, evləri var. Hər mənzil də başqa bir aləmdir. Ruhun ilk mənzili və ilk qərargahı hisslər aləmidir. Ruhun ikinci mənzili təxəyyüldür (xəyala gətirmə). İnsan bu dərəcədə olduqda heyvan kimidir. Canı bir şeydən ağrımadıqca, ondan qaçmağın lazım olduğunu bilməz. Lakin ağrını bir dəfə hiss etdikdən sonra Ruhun üçüncü mənzili mövhumlardır (təsəvvürlərdir). Bu zaman o, görmədiyi, hiss etmədiyi ağrıdan (təhlükədən) də qaçar. Çünki düşməni olduğunu və zərər verəcəyini anlayır. Heç vaxt qurd görməyən bir qoyun qurdu gördükdə ondan qaçır və düşməni olduğunu anlayır. Halbuki qurddan daha böyük olan fildən, inəkdən, dəvədən qaçmır. Bu hal onlara fitratdan verilən elə bir dəyərdir ki, onunla öz düşmənlərini tanıyırlar. Bununla belə sabah ola biləcək hadisələr üçün tədbir görüb özlərini qoruya bilmirlər. Ruhun dördüncü mənzili məqulatdır (ağla uyğun olanlar). İnsan bu mərtəbəyə çıxdıqda ağlı ilə heyvanlıqdan xilas olur. Məhz burada o, ilk həqiqətinə qovuşur. Hissin, təxəyyülün və vəhmin (mövhumların) çata bilmədiyi şeyləri görür, irəlidə olacaq şeylərdən çəkinir, işlərin məna və mahiyyətini sürətlərindən, görünüşlərindən ayırır və anlayır.
Onun hisslər aləmində gəzməsi hər kəsin yer üzündə yeriməsi kimidir. Mövhumlarda gəzməsi su üzərində üzən gəmi kimidir. Ruhin məxsusi və işlərin həqiqəti olan dördüncü aləmdə gəzməsi isə, həz. İsa kimi suyun üstündə yeriməsi kimidir.
İnsandan fərqli olaraq heyvan ruhu zamanı qavraya bilmir. Heyvan, Aristotel demişkən: "Zəkalı ruha malik olmadığı" üçün məsul deyil. Və o, dirilmədiyi üçün sonda torpaq olur. Vəfat edən insana ehtiram isə müvəqqəti çürüyüb gedən cəsədə deyil, onun sonda bədəni ilə birləşib, əbədi qalan ruhuna edilir. Ruh Allahın varlığının dəlillərindəndir. Bədən onu idarə edən bir ruha möhtac olduğu kimi, kainatda olan hər şey də Allaha möhtacdır. Hər bir bədəndə bir ruh olduğu üçün Rəbb də birdir. Ruh cəsəddən əvvəl və sonra mövcud olduğu kimi, Allahın da əvvəli və sonu yoxdur. Ruhun mahiyyəti bilinmədiyi üçün Allahın da zatı bilinməz.
Ruhun ölümdən sonrakı vəziyyəti
İnsan və heyvanların yaradılışları mahiyyətcə fərqli olduğu üçün ölümləri də müxtəlifdir. İnsanın ruhunu Əzrail (ə) və onun köməkçiləri qəbz edirlərsə (ruhun bədəndən çıxması), heyvanların canını vəzifəli mələklər deyil, ümumi hökmlə Allah alır. Doğrudur, insanın ölməsi Rəbbin hökmüdür. Fəqət, ölümdəki zahiri əzab Allaha istinad edilməsin deyə, ölümün icrası bilavasitə Əzrail (ə)-yə həvalə olunur. Mənbələrə görə, vəfatdan sonra ruh mələklər tərəfindən Rəbbin hüzuruna aparılır. Yaxşı işlər görən ruhu mələklər səma boyunca tərif edərlər. Sonra ruh Onun əmrinə əsasən sorğu-sual üçün geri qaytarılır və cəsədlə birlikdə qəbrə daxil olur. Orada ruh Munkir-Nəkirin - "Rəbbin, Peyğəmbərin kimdir? Və dinin hansıdır?"- sualına cavab verir. Qəbrdə təzyiq və əzab var. Əsl hesab isə Həşirdədir. Ruh qəbirdə cəsədlə birlikdə sorğu-sual və qəbir əzabı çəkdikdən sonra ruhlar aləminə qaytarılır. Orada yaxşı ruhlara Cənnət, pis ruhlara isə Cəhənnəm göstərilir. Bu zaman yaxşı ruhlar qiyamətin tez, pis ruhlar isə gec qopmasını istərlər...
Ruh aləmində ruhlar diriləri duya bilirlər, dirilər isə onların halından xəbərdar olmurlar. Bu baxımdan, diri qohumların ruhlar üçün ən qiymətli hədiyyələri
Rəbbin bəyəndiyi əməllərdir. Hər insanın ruhu ilə qəbiri arasında müəyyən əlaqə var. Ruhlar qəbir əhlini ziyarət edənlərin salamlarını alar və onlara cavab verərlər. Əksər İslam alimlərinə görə ruh bir cəsəddən digərinə keçmir. Çünki Həşir (yenidən dirilmə, qiyamət) əqidəsi baxımından hər fərdin öz hesabı olacaq. Hər cəsəd üçün bir ruh qəbul etmək, qüdrəti sonsuz olan Allaha imanın ifadəsidir.
Nəticə
Keçici fani dünyada fironluq edən bəndənin cəsədi qəbirə qoyulduqdan sonra mirasçılar onun malını bölüb dağıdarlar. Bu zaman böcəklər də bədəni yeyərlər. Və hər iki iş paralel gedər. Bədən yeyilər, sərvət dağıdılar... Ruhlar aləmində əzab çəkən ruh isə, dünyada etdiyi pis işlərə görə peşman olub əlini dizinə vurub, əfsus, əfsus demək istər... Fəqət artıq nə əl var, nə diz var, nə də dil...
Mənən tərəqqi edərək, mələkləri belə geridə qoyan ruhlar üçün isə problem yoxdur. Onları Rəbbin vəd etdiyi əbədi cənnət gözləyir. Və buna ruhun zəfəri deyilir.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru