ATƏM, ATƏT, BƏS SONRA...



 

Taleyüklü məsələyə vətəndaş münasibəti

 Hələ XIX əsrin əvvəllərində rusiyalı diplomat Qriboyedov çara məktubunda Türkiyə, İran, Suriya və digər bölgələrdən fitnələrinə görə qovulan ermənilərin məhz Azərbaycan torpaqlarında (indiki Ermənistanda) məskunlaşdırmalarını belə əsaslandırmışdı: "Əlahəzrət, biz, bizə tanış olmayan bir toplumu Azərbaycanda məskunlaşdırmaq üçün yerli əhalinin sakit, səbirli və unutqan olmasını da nəzərə almışıq". Az sonra tarix də sübut etdi ki, Qriboyedov bizi bizdən daha yaxşı tanıyırmış. Törətdiyi fitnə və xəyanətlərə görə qovulan və ruslar üçün məchul olan bu toplum, 100 il ərzində tarixi Azərbaycan ərazisində bir dövlət və Sovet Azərbaycanı tərkibində bir muxtar vilayət qurdu. Bu az imiş kimi, onlar məskunlaşdırıldığı ərazilərdən yerli əhalini (azərbaycanlıları) tədricən çıxararaq həmin bölgədə monoetnik bir cəmiyyətin təşəkkülünə də nail oldular.

 Nəticə göz qabağında. Hələ də davam edən 30 illik münaqişədən sonra işğal edilən ərazilərimizdə maddi-mənəvi, dini-dünyəvi dəyərlərimiz həm məhv edilir, həm də bir hissəsi qriqoryanlaşdırılır. Bu müddət ərzində bir milyon qaçqın və köçkünlərimizin bir hissəsi (dilbər Qarabağın bilavasitə suyunu içən, havasını udan, çörəyini yeyənlər) artıq dünyasını dəyişib. 30 il ərzində dünyaya gələn qarabağlılar isə əslən qarabağlı olsalar da, fəqət, o yerləri görmədikləri üçün, Qarabağ yanğısını valideynləri kimi daşıya bilməzlər. Deməli, zaman bu dəfə də bizim yox, ermənilərin xeyrinə işləyir. Və bu tendensiya davam edərsə, 30-40 ildən sonra "qarabağlı" adına bizdən daha artıq erməni sahib duracaq ki, bu da 200 il bundan qabaqkı qriqoryanlaşdırma prosesinin məntiqi davamı kimi tariximizdə qara ləkəyə çevriləcək.

 ATƏM, ATƏT NƏ VERDİ?

 Məlumdur ki, Qarabağ probleminin həll edilməsi üçün sülh və hərb variantları müzakirə olunur. Sülh yolu Azərbaycana faydalı olduğu qədər, Ermənistana da faydalıdır. Belə olduqda Ermənistan həm də beynəlxalq aləmdə təhlükəsiz bölgə kimi tanınıb inkişaf edə bilər. Lakin işğal edilən torpaqların Dağlıq Qarabağa muxtariyyat verməklə sülh yolu ilə qaytarılmasına hansı erməni prezidenti razılıq verər? Məncə bu varianta heç bir erməni prezidenti getməyə cürət etməz. O anlayır ki, bunu etsə, onu xalq düşməni kimi dar ağacından ayaqlarından asarlar. Bunu həm mütəşəkkil və güclü erməni lobbisi, həm də övladlarını Qarabağda hədər yerə itirmiş erməni valideynlərini üsyana qaldıra bilən daxili radikal qüvvələr edər. Həmin səbəbdən, problemi xeyrimizə işləməyən zamanın öhdəsinə buraxaraq, illərlə mənasız sülh danışıqları aparmaq işğalçıya sərf edir.

Münaqişənin sülh yolu ilə - Azərbaycan və Ermənistanın seçdiyi format üzrə çözülməsi beynəlxalq qurum vasitəsilə dəstəklənib. Bu məqsədlə 1992-ci ildə ATƏM-in iştirakının vacibliyi müzakirə olunub. Az sonra - 1994-cü il ildə ATƏM-in həmsədrlik institutu təsis edilib. Bu qurumda əvvəl Finlandiya-Rusiya, sonra isə İsveç-Rusiya tandemi həmsədr olub. 1997-ci ildən sülhməramlı adlanan bu qurum ATƏT-in Minsk Qrupu adı ilə bu günə kimi fəaliyyət göstərir. Həmsədrlər Rusiya, Fransa və ABŞ təmsilçiləridir. Təəssüflə qeyd edək ki, ATƏM və ATƏT-in 25 illik (!) fəaliyyəti nəticəsində işğal edilən torpağın bir qarışı belə azad edilməyib. Zaman isə 200 il bundan əvvəl olduğu kimi işğalçının xeyrinə işləməklə, bizi ilbəil Qarabağdan uzaqlaşdırır.

ATƏM və ATƏT-in vasitəçiliyinə Azərbaycanın razılıq verməsi keçən əsrin 90-cı illərinin tələbatından irəli gəlirdi. Həmin dövrdə rus silahı və rus qərargahının köməyi ilə torpaqlarımızı işğal edən Ermənistana qarşı gücümüz yetərli deyildi. Beynəlxalq informasiya və lobbi dəstəyi də Ermənistan tərəfində idi. Azərbaycana isə özünü toparlamaq üçün vaxt lazım idi. Mərhum prezident H.Əliyev ATƏM-in (sonradan ATƏT) sülhməramlılarının fəaliyyətinə razılıq verərkən vaxt udmuşdu. Digər tərəfdən, O, həm də karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanı təhlükəsiz, stabil ölkə olduğunu dünyaya göstərirdi. Nəticədə xarici investorların ölkəmizdəki fəaliyyətinə şərait yarandı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" buna bariz nümunədir. Göründüyü kimi, həmin dövrdə atəşkəsə nail olmaq və bunun ardınca xarici şirkətləri ölkəmizə cəlb etmək həm Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənsinə, həm də digər sahələrin inkişafına zəmin yaratdı...

Sual olunur: Mərhum prezident H.Əliyev yaşasaydı ATƏT-in son 10 ildəki fəaliyyətinə (daha doğrusu, fəaliyyətsizliyinə) görə, həmin qurumla əməkdaşlıq edərdimi? Məncə yox! Çünki müasir Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Deməli, həm də ölkəmizin büdcəsi ilə maliyələşən, fəqət torpaqlarımızın geri qaytarılmasında heç bir əməli rolu olmayan bu vasitəçi qurumdan gec də olsa imtinanın vaxtıdır. Əslində Rusiya, Fransa və ABŞ təmsilçilərindən ibarət olan bu institutdan gözləniləsi faydalı bir şey də yoxdur. Çünki təmsilçilər mənsub olduqları dövlətlərin diqtəsinə tabedirlər. Onların öz dövlətlərinin maraqlarına zidd getməsini düşünmək, sadəcə sadəlövlükdür. Bir xristian təşkilatı olan Minsk Qrupunun təcavüzkar xristian Ermənistan ilə haqqı tapdalanan müsəlman ölkəsi arasındakı savaşda ədaləti bərpa etməsi mümkündürmü? Rusiyanın informasiya və dövlət qurumlarında təmsil olunan çoxsaylı ermənilər buna imkan verərmi? Rusiya Qafqazda təsir dairəsini saxlamaq üçün Ermənistan adlanan nökərinin marağından imtina edərmi? Əlbəttə yox! Bəs Fransa necə? Bu ölkədə erməni diaspor və lobbisinin prezident seçkiləri də daxil olmaqla Fransa hökumətinə təsir dairəsinin həlledici faktorlardan biri olması sirr deyil. O ki, qaldı kifayət qədər ermənisi də olan ABŞ-a, bu ölkə Avropada yerləşmədiyi üçün onun ATƏT-də təmsil olunmasının özü presedentdir.

Deməli, Azərbaycan hazırki Minsk Qrupundan imtina etməli və münaqişənin həlli üçün ən azı bir müsəlman ölkəsi olmaqla yeni təmsilçilərin vasitəçiliyinə nail olmalıdır. Belə sülhməramlı, ədalətli və prinsipial qrup yaranmazsa və ya onun da fəaliyyəti qənaətbəxş olmazsa, onda Azərbaycan dünyaya bəyan etməlidir ki, o, beynəlxalq hüquqa söykənərək torpaqlarını azad etmək üçün alternativi olmayan hərb yolunu seçir.

Xalq diplomatiyası və bəzi rəsmi dairələrdə haqlı olaraq belə fikir də formalaşıb ki, Qarabağın açarı Rusiyadadır. Onların əksəriyyətinə görə, Rusiya Qafqazdakı geosiyasi maraqlarını itirməmək üçün bu açarı özündə saxlayacaq. Həmin səbəbdən problemin çözülməsi Rusiyanın daxildən parçalanması ilə baş verə bilər. Əlbətdə, biz Qarabağ problemi də daxil olmaqla ölkəmizin maraqları naminə taleyin bəxş etdiyi istənilən fürsətdən də yararlanmalıyıq. Lakin torpaqlarımızın qaytarılmasını inkişafda olan indiki Rusiyanın çökəcəyi dövrlə əlaqələndirmək acizliyin, torpaqdan imtinanın, öz taleyini başqalarına verməyin adıdır. Belə xülyalarla torpağa sahib durulmayıb və durulmaz da!

Ölkədaxili bəzi mühafizəkar dairələr hesab edirlər ki, Qarabağ uğrunda Vətən müharibəsinə başlasaq, Rusiya Ermənistanın strateji müttəfiqi kimi Azərbaycana qarşı vuruşacaq. Əvvəla, qondarma DQR-i (Dağlıq Qarabağ Respublikası) müstəqil dövlət kimi tanımayan Rusiya, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmən qəbul edib. İkincisi, Rusiya Ermənistanla müttəfiqdir; qəbul etmədiyi, tanımadığı Qarabağla yox. Üçüncüsü, Rusiya heç bir ölkənin rəsmən tanımadığı oyuncaq quruma görə, beynəlxalq hüququn haqlı saydığı tərəfə - Azərbaycana qarşı müharibəyə girişməz. Bu, onsuz da işğalçı kimi qınanan Rusiyanı beynəlxalq aləmdə nüfuzunun çökməsini daha da dərinləşdirərdi. Dördüncüsü, Rusiya bilir ki, müharibəyə qoşulsa, Türkiyə, nüvə silahına malik Pakistan, orta Asiya ölkələri, Ərəb liqası və əksər Avropa ölkələri ilə münaqişəyə girə bilər. Müharibə olacağı təqdirdə Rusiya Ermənistana ancaq silah verə bilər. Lakin Rusiya bilir ki, Azərbaycanın istənilən silahı almaq üçün həm büdcəsi, həm də əhalisinin sayı yetərlidir və o, rus silahı olmadan da torpaqlarını azad edə bilər.

Bəzi dövlət rəhbərləri və siyasiləri isə təklif edirlər ki, münaqişənin həll yolu 2 dövlət başçısının vasitəçi olmadan öz aralarında razılaşması ilə mümkündür. Sual olunur: Vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda erməni tərəfi qeyri-konstruktiv mövqe tutursa, o, ikitərəfli danışıqlarda konstruktiv mövqedən çıxış edərmi. Əsla yox! Əksinə, bu variant işğalın müddətinin uzadılmasına rəvac verib, Azərbaycanı Qarabağdan daha da uzaqlaşdırar.

Göründüyü kimi, 25 illik fəaliyyəti (fəaliyyətsizliyi) dövründə vasitəçi rolunu oynayan Minsk Qrupunun faydalı iş əmsalı sıfır olub. Həmin səbəbdən bu təsisatın xidmətindən imtina edib, ölkənin suverenliyi və ərazi bütövlüyü naminə təxirəsalınmaz əməli tədbirlərlə yanaşı, cəmiyyəti Vətənin müdafiəsinə - münaqişənin hərb variantına hazırlamaq lazımdır. Bunu üçün həm də:

1) Rüşvət və korrupsiyanın kökü kəsilməlidir. "Çünki biz bilirik ki, rüşvət və korrupsiya halları ölkədə geniş vüsət alıb..." (prezident İlham Əliyev). O da məlumdur ki, rüşvət və korrupsiya ilə məşğul olanlar sadə vətəndaş yox, ölkənin yeraltı-yerüstü sərvətlərini, qanunlarını, vətəndaş haqlarını qorumağa məsul, bilavasitə cavabdeh olan məmurlardır. Onları xaricdə və daxildəki qəsrlərindən, dolanış və davranış səviyyələrindən, məddah və reket mətbuatdan istifadə edərək bir-birilə didişmələrindən tanımaq mümkündür. Belələri xarici görünüşlərini nə qədər pardaxlasalar da, fəqət daxilən ölkəni zəiflədən, xalq-dövlət etimadına zərbə vuran, sözdə Quran və Qanuna, Prezidentə sadiqliyinə and içən, əməldə isə onlara xəyanət edən dövlət qulluqçularıdır. Qeyd edək ki, rüşvət və korrupsiyanın bizim keçmişdən qalan acı mirasımız olduğunu vurğulayan prezident İ.Əliyev, hələ 2005-ci ildə imzaladağı Sərəncamla Nazirlər Kabinetinə tapşırmışdı ki, 3 ay müddətində Gəlir bəyənnaməsi (Deklarasiya) haqqında sənəd hazırlayıb Prezidentə təqdim etsin. Bu Sərəncam 14 ildir ki, Nazirlər Kabinetində icrasız qalır... Sual olunur, bu Sərəncam vaxtında icra edilib əməli işə çevrilsəydi, rüşvət və korrupsiya bu dərəcədə geniş vüsət alardımı?

2) TV-lərdə mentalitetimizə zidd, əxlaqdan uzaq, bic- valideynləri bilinməyən verilişlərə "yox" demək. Mətbuatın bütün növləri ölkədaxili və xaricdə söz sahibi olmalı, xarici ölkələrdə aparılan siyasi şou verilişlərində erməni yalanını ifşa etməli, xarici dillərdə ölkəmizin həqiqətlərini dünyaya tanıdan jurnalistlər, şərhçilər hazırlanmalıdır. Bu və ya digər tədbirlərin həyata keçirilməsinin aktuallığını fərqinə varmaq üçün təkcə Rusiya TV-də canfəşanlıq edən erməni jurnalist və siyasilərin fəaliyyətini izləmək kifayətdir...

3) XİN, Diaspor üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, xarici ölkələrdəki səfirliklərimiz, qeyri-hökumət təşkilatları və başqa qurumlar, eləcə də bu ölkənin havasını udan, suyunu içən, çörəyini yeyən hər birimiz fəaliyyıtimizi "qaloçka" naminə yox, hərb rejminə uyğunlaşdırmalıyıq. Uyğunlaşdırmalıyıq ona görə ki, tarixi ərazimizin 80%-ni, 1989-cu ildən sonra isə 20%-ni itirib, bir milyon qaçqın və köçkünü olan acı bir durumdayıq. Bu durumdan çıxmağın yeganə yolu isə, itirilmiş Qarabağı hər birimizin şərəf və ləyaqətinə bir qəsd olduğunu dərk edib, sülhlə qaytarılmayan ləyaqətimizi hərblə qaytarmaqdır. Elə Peyğəmbər (ə): "Cənnət qılıncların kölgəsi altındadır" kəlamını deyərkən, məhz belə durumları nəzərdə tuturdu.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru