“Vizit kartımız”



 

Onu harda itirdik?

 Humanizm prinsiplərinin nə demək olduğunu hamı bilir. Hamı da bilir ki, ürəyi yumşaq, qəlbi təmiz, humanist insanlar məhz bizim məmləkətdə olub. Qərbdə, Avropada humanizm meylləri olmayan dönəmlərdə də, bizdə onun əyani nümunələri, az qala, roman, külliyyat, ekran əsəri formasında personajları olub. Onlar haqqında yazmıram, bu sahədən xəbəri olanların hamısına tanış mənzərədir, təkrarçılıq olmasın.

Elə ona görə də bizim “vizit kartı”mız dillər əzbəri olub. Bəzən onu hər kəlməbaşı deməyə, təkrarlamağa da çəkinmişik, adam nə qədər qonaqpərvər, genişqəlbli, humanist olar?.. Bir xalq, millət olaraq mənəvi zənginliyimizdən, humanizm dəyərlərimizdən o qədər bəhs etdilər ki, soyuqqanlılığı, xəsisliyi, eqoistliyi ilə ad çıxaran əcnəbi millətlərin sanki göz-nəzərinə gəldik. Necə?

Əvvəlki “vizit kartı”mızı deyəsən, yavaş-yavaş itirməyə başlayırıq. Humanizm, ürəyi, qəlbi genişlik, qonaqpərvərlik və bu kimi ali duyğulardan uzaqlaşdıqca, qəribə bir millətə dönürük. Niyə?

Ən sadə səbəbə görə. Dövriyyədə o qədər xəbərlər var ki, onların hamısını həzm, əhatə etməyə daha açıq-aydın beyin, ən geniş bir qəlb də qalmayıb. Sanki hamını “qova-qova namərd ediblər”. İnsanlar günümüzdə baş verən ən müxtəlif hadisələrdən, cürbəcür məzmunlu xəbərlərdən nəticə çıxarmaq əvəzinə, daha çox seyrçi mövqeyi tutmağa adət edib. Bu tendensiya getdikcə də genişlənməkdədir.

Əvvəllər dar və ya geniş çevrə olsun, kiminsə başına hansısa hadisə gəlsə, kimsə qəzavü-qədərə tuş gəlsə, motivindən asılı olmayaraq, kiminsə necə deyərlər, “evi yıxılsa”, hamı elliklə köməyə, yardıma gələrdi. İnsanlar sanki əldən tutmaq üçün yarışa girirdi, kimsə başqasından geridə qalmaq istəmirdi. Hamı sanki bir ailənin, eyni evin adamı kimi özünü yardımlaşmağa borclu hesab edirdi.

Bu, əvvəllər idi, indikindən “iraq”. İraq sözünü də dırnaqarası yazmağa məcburam, çünki əvvəllər olan insanlıq mənzərələrini, əldəntutmaları hazırkı hadisələr vaxtı müşahidə edilənlərlə bərabər tutmaq istəmirəm. Adam heç onları eyni mərtəbədə görmək də istəmir...

Həqiqətən, görəsən, biz hansı mərəzə yoluxduq ki, birdən-birə soyuqqanlı, əcnəbilər sayaq, bumbuz baxışlı, praqmatik, yalnız özünü, öz məqsədlərinə doğru hamını yıxan-sürüyən, ayağının altında qalana baxmayan birisinə çevrildik? Cəm şəklində ona görə danışmağa məcburam ki, cəmi-əhalimiz kəmiyyət baxımından çox böyük həddə indi söylədiyim halda, əhvaldadır.

Amma təəssüf, cəmiyyətin inkişafı heç də humanizm prinsiplərinin itirilməsi hesabına olmamalıydı. Vaxtilə kapitalizm deyiləndə bu sözdən sümüklərimiz də üşüyürdüsə, indi imperializmə doğru beşayaq getməkdəyik. Qloballaşma hər halda, bu deyil, amma neyləmək olar, cəmiyyətin təpkisinin olmadığı, eqoların meydan suladığı, hər cür cərəyanların poliqonuna çevrilən məmləkətimizdə qeyri gücə qüvvəsi çatan qoxdur. Elə ona görə də, “palaza bürün”üb “elnən sürün”məyi daha asan çıxış yolu kimi görürlər...

Beləcə, son vaxtlar “qonaqpərvər”, “zəngin, ləziz mətbəxli xalq” olaraq bizə yaraşdırılan vizit kartımız deyəsən, əlli-ayaqlı itib.

Onu “tapana” isə mükafat düşməyəcək. Çünki, tapan onu, o qiymətli, heç kimdə olmayanı kiməsə göstərməyəcək.

 

 Nigar Orucova