Müəllimlər də güzəştli kateqoriyaya daxil edilsin – Təklif
Qonşu ölkələrlə müqayisədə bizdə Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır.
Axar.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-cı ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, mədəniyyətimizin təbliğinin bir parçası da mətbəximizdir:
“Bu, ölkədə turizmin inkişafında ən önəmli faktorlardandır. Qonşu ölkələrlə müqayisədə bizdə Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır. Ancaq onlar dünya ölkələrində keçirilən tədbir və festivallarda iştirak edərək mətbəximizi tanıtmaqla bərabər, mətbəximizi əl uzadaraq öz mətbəxləri kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar. Mərkəzin çox gözəl nailiyyətləri var, onlara dəstəyimizi artırmalıyıq”.
Millət vəkili həmçinin orta məktəb müəllimlərinin problemlərinə də yer ayıraraq onların güzəştli ipoteka kreditləşməsi və sosial evlər layihəsindən yararlana bilməsi üçün çağırış edib:
“Gənc nəsilləri yetişdirən müəllimlərin mənzil probleminin həlli üçün onların güzəştli ipoteka və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacibdir. Özəlliklə də orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Keçən il büdcə müzakirələri zamanı da bu məsələni qaldırmışdım və maliyyə naziri Samir Şərifov buna baxıla biləcəyini söyləmişdi. Xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin”.