Zərrəcə bir işıq yandır, qaranlıq səssizcə çəkiləcək...



 

Nigar Vaqifqızı

Sadəcə, bir yaxşı şey vardır -bilik!

Sadəcə, bir pis şey vardır - cahillik!

(Sokrat)

Dünyada istehlak məhsulu adında hər nə varsa, onun israfı yolverilməzdir. İşığın və ətirin israfının yolverilən olduğunu bir vaxtlar eşidəndə, öncə təəccüb etmişdim. Fəqət ətirin infeksiyaları məhv etməsi, işığın isə sözün bütün mənalarında mənfiliklərə sipər çəkməsini eşidərkən, bu fikrin həqiqət payını anladım.

Beləliklə, işıq təkcə qaranlıqları hərfi mənada aydınlatmaq mənasında deyilmiş. Əslində, onun dünyamızı öz rəngində, həqiqətən olduğu həddə görmək üçün bizə çox gərək olduğunu çoxları deyirdi. Məcazların həqiqətlə çulğaşdğı, bu iki məfhumun eyni mənadan çıxış etdiyi bir nöqtənin adı da, elə işıqmış.

Onu lampadan, şamdan, günəşdən, bir sözlə, təbii və süni olaraq müxtəlif mənbədən almaq istəyənlər ziyanın işığından daha çox nur alacağına birmənalı şəkildə inanmaq istəmir. Halbuki, elmin, idrakın işığının düşmədiyi hansısa bir künc-bucaq yoxdur. Lampa, şam, lap günəşin ziyası da daimi deyil; batan günəşdən doğulan qaranlıq gecə, ərimiş şam, sönmüş lampa işığımızı müvəqqəti olsa da “oğurlaya” bilər. Fəqət ziyadan doğan işıq əbədiyyən insanın yol yoldaşı olar, onu tək-tənha və qaranlıqda qoymaz.

O halda, müdriklər demiş, “zərrəcə bir işıq yandırmağa cəhd etmədən qaranlığı söymə”...

*********

Görəsən, gündəlik həyatına başlarkən daha çox yaxşılıq edəcəyi düşüncəsində olan neçə nəfər tanıyırıq?

Günümüz açılar-açılmaz, evdə-çöldə, qonşularda, bayırda eşidilən səs-küyə, naqafil hay-küyə, bəlkə də ehtiyacı olana köməyə tələsən neçə nəfərik?

Bəzən küçədə yıxılıb-qalan, xəstəlikdən, çətinlikdən, çarəsizlikdən, bir sözlə, hər nədənsə, bilib-bilmədiyimiz səbəbdən halı dəyişən adama əl uzadırıqmı?

Yardıma tələsmək təkcə “təcili yardım maşını” sürücüsünün boyuna biçilməyib axı, deyəsən.

Yardıma bu gün birinin, sabah bir neçəsinin, bütöv bir ömürdə isə hamının ehtiyacı olur. Ömürlük sığortasını kim bəribaşdan ödəyib?!

*********

Bir gün, hardasa həyatının ortasında, ya da sonunda yaxşılıq etməyi qarşına məqsəd qoysan, düşünmə ki gecikmisən. Yaxşılıq etmək, yardıma tələsmək elə bir vacibiyyətdir ki, onu icra etmək üçün hər şeyi yerinə qoyan zamanı gözləmək gərək olmur. Demək, hər şeyin zamana ehtiyacı varsa da, yaxşılıq, yardım etməkdə tələskənliyin “təndirə düşmə” ehtimalı sıfra bərabərdir.

*********

Ziya nurundan aydınlanan həyatında günəşin batmasından, lampanın sönməsindən, şamın əriməsindən zərrəcə ehtiyat etmə. O bir işıq ki, həyatının hər dönəminə, döngəsinə nur saçacaq, “görə bilmədiyinə”, “başa düşmədiyinə”, “anlamadığına” da məşəl tutacaq. Onu əldə etmək zəhmət baxımından çox çətin, fəqət əldə etdiyinlə ömür sürmək çox asan.

Bir çoxuna həddən çox çətin, maraqsız gələnin adı elm-savaddır. Ki, onunla bütün çətinliklərə asanlıqla açar salmaq olur.

Oxuyun, cilalanın, gün işığına, aydınlığa çıxmaq üçün dər-divarı, qapı-bacanı sındırmayın, dağıtmayın. Elmin bütün qapılara düşən “açarı”nı sadəcə, özünüzdə gəzdirin. Biləsiniz, ondan böyük, itirilməyən, oğurlanmayan, talan edilməyən xəzinə qazana bilməzsiniz heç zaman. Müdriklər demiş, “vəzndə yüngül, qiymətdə ağır” olan hər iki - həm həqiqi, həm də məcazi mənada elə ona aid edilməliymiş...

Beyninə yığdıqca, o “xəzinə”ni artırdıqca sənə yük olmayan, əksinə, yükü-nü, ağrı-acını, qəm-qüssəni, bir sözlə, vəzncə ağır olanları azaldanı nədən əldə etməyəsən?

Əldə edilməkdə heç zaman gec olmayan, səni daim yüksəklərdə saxlayanın yeganə adı var. Hötenin təbirincə, “təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir”...

Turgenevin fikrincə, “oxumaq təkcə işıq deyil, o həm də azadlığın rəmzidir. Bilik kimi insanı azad edən amil yoxdur”...

Mən bu yazını nədən yazdım?

İmam Sadiq (ə) buyurur: “Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir”...