Rüşvətlə yoğrulan hər bir cəsədin yeri cəhənnəmdir
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru
Yer kürəsi auditoriya, peyğəmbərlər müəllim, səmavi kitablar isə dərsliklərdir. Hərəsi bir aləm olan bu nemətlər Rəbbin sərgilənən sənət əsərləridir. Allah, Onun kitabları və peyğəmbərlərinə inanmayan talesiz bədbəxt insanlar isə cəhənnəmlə Müjdələniblər". Lakin Şeytana şərik olan bəzi kafirlərə qarşı Rəbbin elə cəzaları var ki, O, bunu Cəhənnəmə saxlamaqla yanaşı, həm də bu dünyada verir.
Əslində, Rəbbin bu cəzası çağdaş və gələcək nəslin ibrət alması üçündür. Musa (ə)-yə dözülməz işgəncələr verib, "Allah mənəm" deyən Fironu (II Ramzes, e.ə.1314-1200) çayda boğan Rəbb buyurub: "Firon batacağı halda: "Mən artıq Ona təsliməm"- dedi. "İndimi? Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (Sənin cansız bədənini sahilə atacağıq)" (Yunus, 90-92).
Bəli, Rəbbin hökmü ilə qəbir belə onun kafir cəsədini qəbul etmədi. Belə ki, Fironun cəsədi 1881-ci ildə Krallar qəbiristanlığında aparılan arxeoloji qazıntılar nəticəsində tapıldı. Cəsədi müayinə edən alimlər 3081 il öncə Rəbbə səcdə halında ölən Fironun durumunun sanki indicə ölmüş insana oxşadığını görüb, heyrətə gəldilər. Rəbbə hikmətinin təntənəsi kimi, o cəsəd İngiltərədəki muzeydə saxlanılır. Saxlanılır ki, bəşər ondan ibrət alsın.
İsa (ə)-yə olmazın işgəncələr verən Qüds əhlinin taleyi də Allahın hikmətlərindəndir: "Ey Yerusəlim, Peyğəmbərləri öldürən və onlara göndərilən kitabları daşlayan Yerusəlim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, fəqət siz istəmədiniz. Budur, eviniz sizə tənha buraxılır" (İncil, Matta, 23:37, 38). Bu qarğış, bəddua həz.İsaya məxsusdur. Həmin hadisədən 1986 il keçməsinə baxmayaraq, tənha buraxılan o yer hər gün münaqişə, müharibə, qətl və terrorla üz-üzə qalır.
Günəş şüasını hamıya eyni dərəcədə verdiyi kimi, Quran da öz nurunu hamıya bərabər səviyyədə verir. Fəqət, hamı ondan eyni dərəcədə bəhrələnə bilmir. Quran və Peyğəmbər (ə)-nin nurundan bəhrələnə bilməyən talesiz bədbəxtlərdən biri də Əbu Ləhəb olub.
Əbu Ləhəb Məhəmməd (ə)-nin doğma əmisi idi. Peyğəmbərin əmilərindən Əbu Talib onun himayədarı, Həmzə İslam uğrunda şəhid-mücahid, Abbas isə Həccə gedənlərə su paylayan olduğu halda, əbu Ləhəb Şeytanın yolunu tutdu. Quran da onun aqibətini və kafir kimi öləcəyini qabaqcadan xəbər verdi. Peyğəmbər (ə) "ən yaxın qohumlarını qorxut (İslama dəvət et)" (Şüara, 214) ayəsi nazil olan kimi, qohumlarını İslama təşviq etdi. Əbu Ləhəb ona: "Əllərin qurusun, eyib olsun sənə. Bizi buna görə çağırdın?" dedi. Əbu Ləhəb Peyğəmbər (ə) Kəbəyə gedərkən yolda tonqallar yandırıb, ona mane olurdu.
Onun arvadı Ümmü Cəmil isə boynundakı ləl-cəvahiratı göstərib deyirdi: "And olsun Lat və Üzzaya. Bu qızılları da satıb Muhəmmədə mane olacağam". Varlı ailədən olan Ümmü Cəmil tikanları Məhəmmədin (ə) getdiyi yola özü atırdı. Halbuki, bu kafir qadın həmin işi başqasına da gördürə bilərdi. Fəqət, intiqam hissiylə yanan bu qadın özü bu işdən həzz almaq istəyirdi. "Təbbət" surəsini nazil edən Allah, Əbu Ləhəbin əllərinin quruyacağını, var-dövlət və övladlarının çox olmasına rəğmən dəhşətli bir xəstəlikdən tənha öləcəyini qabaqcadan bildirdi. Başqa sözlə, Allah və onun peyğəmbərinə asi olan Əbu Ləhəb həm bu dünyada, həm də axirətdə küfrünün cəzasını aldı. Belə ki, Bədr savaşında sarsıntı keçirən Əbu Ləhəb, yoluxucu xəstəliyə düçar oldu. Övladları onu evdən çıxarıb bir xəndəyə tulladılar. Yeddi gündən sonra ölümünü eşidib xəndəkdəki cəsədini bir qula daşlatdılar.
Təbbət "əllərin qurusun" mənasını verən bəd duadır. Əbu Ləhəbə həsr olunan Təbbət surəsində Rəbb hikmətlərindən biri də mütləq ədalət prinsipidir. Sonsuz elm və hikmət Sahibi bu surə ilə bütün bəşərə göstərir ki, qohumluq bağından, var-dövlət, övladların çoxluğundan, mənsəbdən asılı olmayaraq, hər bir kəsin yaradıcısı Odur. Onun mütləq ədalət məhkəməsində istisna halları yoxdur. Hətta o şəxs Peyğəmbər (ə) nəslindən olsa belə. Bu surə sanki bəşərə xatırlatma, ədalətin keşiyində dayanan məmurlara isə ibrət dərsidir. Surə həm də ona şahidlik edir ki, sifariş və rüşvətlə haqqa batil, batilə haqq donu geydirən və bununla zülmü özlərinə kredo edən hakimlərin aqibəti də, Əbu Ləhəb kimi olacaq. Ya bu dünyada, ya axirətdə, ya da Əbu Ləhəb kimi hər ikisində.
Zülm
Zalım - zülm edən adama deyilir. Zülm isə insanlara əli, dili və qələmi ilə zərər verməklə onların haqlarına təcavüzdür. "Allah zalimlari sevməz" (Ali İmran 57). Peyğəmbər (ə) isə buyurub: "Hər kim zalımla yol getsə, günah edər"; "Bir zalımın uzun ömür sürməsi üçün dua etmək, əslində yer üzündə Allaha qarşı üsyan edilməsini istəmək, buna həvəs göstərmək deməkdir".
Zalımın zülmünə kömək, ona dəstək vermə və dayaq durma, yaltaqlıq və məddahlıq, zalımın özündən və zülmündən də pisdir. Zalımın zülmünü yaşadanlar, məhz bu keyfiyyətlərə malik bədbəxt və talesiz insanlardır. Zalımla yol getmək mahiyyətcə, zülmü müvəqqəti də olsa dəstəkləməkdir. Zalıma dua etmək isə, onunla şərik olmaq və Allahdan zülm diləməkdir. Rəbbin əmanəti olan ömrü və canı zalımın önündə alçaltmaq, bəzən bu ömrü hətta ona qurban diləmək, Yaradana asilik və ilahi harmoniyaya ziddir. Çünki heç kim iki ağaya qulluq edə bilmədiyindən, zalım da Allaha yox, şeytana qulluq edir.
İslamda dinin beş varlıq qayəsini qorumaq ən ümdə və müqəddəs vəzifədir. Bu dəyərlər hər bir fərdin canı, malı, söz azadlığı, dini və gələcək nəslinin qorunmasıdır. Cəmiyyət və millət üçün isə həmin qayə ölkə vətəndaşlarının insan kimi yaşama haqqı, ölkənin xalqa məxsus yeraltı və yerüstü sərvətləri, xalqın bütün təbəqəsinin söz, düşüncə və etiqad azadlıqları, milləti bir millət kimi yaşadan gələcək nəslin qorunmasıdır.
Bu baxımdan, həmin dəyərlərin sivil ölkələrin Konstitusiyaları və BMT-nin müvafiq sənədlərində bir Allah əmanəti kimi təsbit edilib, dövlət səviyyəsində qorunması heç də təsadüfi deyil. Deməli, bu ümumbəşəri dəyərlərə bilavasitə və dolayısı ilə qəsd edən hər bir kəs zülmkardır.
İnsanların mallarını zülmlə əllərindən almaq, onların bu sahədə əməl və ümidlərini qırmaq deməkdir. Bu zaman sərvətlərinin alınacağını bilən həmin şəxslər çalışıb sərmayə toplamağı tərk edərlər. Və bu nisbət zülmün dərəcəsindən asılı olar. Zülm böyük olduqca işsizlik hökm sürər, əhali işləməyi yadırğayar, "çalışmaq ibadətdəndir" Peyğəmbər (ə) kəlamı unudular. İqtisadi durum iflasa uğrar, idxal ixracı üstələr, əmək qabiliyyətli əhalinin əksəri ölkəni tərk edər. Nəticədə ölkənin nüfuzu azalar, müstəqil xarici siyasət olmaz, yurdlar boşalar, demoqrafik tərkib dəyişər, millətin gen kodu deformasiyaya uğrayar. Yeraltı və yerüstü sərvətlər xarici dövlətlərin xammal bazasına çevrilər, milli elmi və texnika isə yerində sayar. Ölkənin müdafiə qabiliyyəti azalar, idarəçilikdə Rəbb və Peyğəmbər (ə) kəlamları unudular, zərərli dini təriqətlər isə dövlətçiliyi gəmirər. Torpaqlar əldən gedər, dinə sahib çıxılmaz. Ədalət və sosial müdafiə kağız üzərində qalar. Bu zaman ölkənin iflası tədricən olduğu üçün, tənəzzülü hər adam görə bilməz. Zülmün nəticəsi bir müddət keçdikdən sonra aşkar olar.
Zülm təkcə mal və sərvətlərin sahibinin əlindən alınması deyil. Kimliyindən asılı olmayaraq, birinin malının qəsb edən, hər hansı bir şeyi haqsız tələb edən , dinin məsul etmədiyi bir işi digərinə yükləyən zülmkar sayılır. Zira bu işlərin hamısı ölkənin tənəzülünə və İslami - demokratik prinsiplərin ziddinə yönəldiyi üçün dövlətə qəsd olunar. Dövlət isə xalqa xidmətdə məsul olduğuna görə, sonda həmin zülm bilavasitə o ölkənin vətəndaşlarına sirayət edər. Elə Quran və Peyğəmbər (ə) kəlamlarının zülmü haram etməsinin də səbəb və hikməti budur.
O ki qaldı edilən zülmün ədalətli cəzasına, İslamda bu mexanizm Quran və şəriət kitablarında təsbit olunub. Məsələn, zina, şərab, qətl, rüşvət, böhtan və s. haramlara girən adi vətəndaşın konkret cəzası göstərildiyi kimi, bu hal, lokal, fərdi xarakter daşıyır. Və ona qarşı ədalətli cəza tədbirləri hökmən həyata keçirilir. Necə deyərlər, burada "qanun şahdır". Qlobal, kütləvi şəkildə xalqa edilən zülmlər isə adi vətəndaşlar deyil, bəzi səlahiyyət sahibləri və onların məmurları tərəfindən baş verir. Təəssüflə qeyd etmək lazımdır ki, belə hallarda zülmkar iqtidar sahiblərinə nəinki ya qorxudan, ya nəfsdən konkret cəzalar tətbiq edilmir, hətta onlara konkret məddahlıq və itaət edilir. Bax, zülmün ən pisi və ən böyüyü budur.
Zamanın əksər din xadimləri belə zülmə görə adekvat cəza yox, "şah qanundur" prinsipini, nadir hallarda isə sadəcə susmağı üstün tuturlar. Halbuki, Peyğəmbər (ə) buyurub: "Cihadın ən üstünü zülmkar buyruq sahibinə həqiqəti söyləməkdir"; "Məzluma yardımçı ol, zalıma düşmən kəsil".
İslam tarixdə Quran hikmətinə ikili standartdan yanaşan aparıcı din xadimləri və qazilərin şahı qanun etməsi isə, zülmün artıq kritik həddinə dəlalət edir. Hərçənd ki, həmin din xadimləri: "xalqa qarşı zülm edənlərin yeri cəhənnəmdir" Peyğəmbər (ə) kəlamını çox gözəl bilirdilər və indi də bilirlər. Məgər Yezidin yanında olan qazi və dinin saflığına mükəlləf olan digər alimlər bilmirdilər ki, o, əyyaş və pozğunun biridir? Rəbbin haram buyurduğu şərab məclislərində xəlifə Mötəsimin (833-842) daimi qonağı qazi Yəhya deyildimi? O qazi ki, oğurlanan bir yumurta üçün əllərin kəsilməsinə, içilən şəraba görə başqasına cəza verdirirdi. Mötəsimlə birlikdə harama girən Yəhya isə ona qul kimi itaət edirdi. Halbuki xəlifə olmaq mütləq itaət üçün kifayət deyil. İtaət Allah və Peyğəmbər (ə) kəlamalrına riayət edən xəlifəyə edilər. Allahın haramlarına girən və xalqa zülm edən məmura itaət edilməz. "Zalıma yardım edən adam, əslində islamdan uzaqdır"- Peyğəmbər (ə) kəlamıdır.
"Nəslinin, soyunun mənafeyini güdən, onların tərəfini saxlayan və xalqı yalnız öz nəslinin, soyunun mənafeyini güdməyə çağıran bizdən deyil. Nəslinin, soyunun tərəfini saxlayarkən ölən də bizdən deyil"; "Rüşvətlə yoğrulan hər bir cəsədin ən layiqli yeri cəhənnəmdir".
Bu hədislərə görə, böyük zülmün növlərindən biri də ölkə varidatının bir qrup insanın əlində haram və zülmlə təmərküzləşməsidir. Bu zaman ölkədə bürokratiya, rüşvət, korrupsiya, kölgə iqtisadiyyatı, narkobiznes, qaçaqmalçılıq, müxtəlif "...xanalar" çiçəklənir. Əhalinin əksəriyyəti "ya qəbrə, ya Sibirə" getməyə məcbur olar. Allah kəlamlarını əhaliyə təbliğ edən, fəqət söylədiyini yaşamayan din xadimləri dünyanın hər iki döşündən süd sağar: "Heç ibrət alan varmı"- Rəbb sorğusu gəlir mənbəyinə çevrilər; qəlbi, dili və qələmi bir-birinə zidd olan alim və şairlər hökmdar süfrəsində əyləşər; Müəllim arxalı şagirddən "dərs" alar, "Donosçuluq" muzdlu sənət sayılar; məhkəmələr sifarişlə hökm edər; Dəyərli insanlar böhtan və təxribatların qurbanı olar; Qəlbin zəkatı olan göz yaşları gündüz şamla axtarılar; Vicdan müxaliflikdən çıxıb, şərlə qardaşlaşar; "Sən qazan, mən yeyim"- prinsipi qanuniləşər. Həz.Əli demişkən: "Erkək bayquşun dişi bayquşa mehr kimi vəd etdiyi maddi xarabalıqlar, bir ovuc mənəviyyatsız insanların tikdirdiyi mənəvi xarabalıqlarla tamamlanar; Məddah və yaltaqlar, hətta məsum körpələrin sual və təəccüb dolu baxışlarından xəcalət çəkməz; Halal qadın harama sürüklənər, haram qadın isə halal adlanar; Batil tüğyan edər, haqqın bağrı çatlar; Məzluma yardımçı, zalıma düşmən kəsilən təklənər; Zülm edən alçaq isə bəslənər.
O zaman qəlblər daşlaşar, sönük gözlər Xaliqə deyil, günəbaxan çiçəyi kimi xilqətə baxar. Nəticədə həmd Allaha yox (haşə!), bəndəyə ünvanlanar; əmr sahibləri peyğəmbər adlanar (haşə!), İslam isə tərsinə geyilən paltara çevrilər". Göründüyü kimi, zülm istər fərdi, istərsə də ictimai həyatda bəşər və Allah əmrlərinə qarşı bir fironluqdur. Bu mərəzin çarəsi isə Rəbbin rizası üçün zalıma qarşı deyilən və yazılan hər söz, işlənən hər bir əməldir. Unutmamalıyıq ki, "Məzlumun zalımdan öc alacağı gün, zalımın məzluma zülm etdiyi gündən daha çətindir". Həzrət Əlinin bu kəlamına görə, hər növ zülmün islah edilməsi nə qədər şərəfli vəzifədirsə, bir o qədər də iradə, əzm və fədakarlıq tələb edən bir işdir. Bunun üçün lazım gələrsə, İmam Hüseyn kimi candan belə keçilməlidir. Çünki bu nümunədən sonrakı nəsil müti və kölə olmağı deyil, yerində ölməyi öyrənir. Yerində ölməyi dərk etmək isə, nəslin hürr yaşamasının qarantıdır. İslam aləmi müxtəlif dövrlərdə bu dəyərdən məhrumiyyətinin cəzasını çox vaxt azadlığının əlindən alınması ilə dadıb. Çünki hürriyət qarantı olmayanların yaşamaq qarantı yoxdur. Bu həm fərd, həm də cəmiyyət üçün belədir.
Haşə, Allah zalım deyil. Fəqət, ONUN xəlifəsi olan bəşər, verilən ilahi əmanətlərə sahib çıxmayıb, zülmün qulu olarsa, o zaman Allah həmin zümrəyə zalımlar vasitəsilə əzab verər. Başqa sözlə, zalımlar hürr yaşamayan fərd və cəmiyyət üçün Allahın qılıncı olarlar.
"Sənə üz verən hər pislik özündədir"- Quran ayəsidir. Elə isə, həyat yollarında imtahan olunan zaman, qoy heç kəs "Allah məni imtahan edir"-deməsin. Çünki Rəbb pisliklə imtahan olunmur. Və O, heç kimi pisliklə imtahan etmir. Günah isə Haqq dərgahında unudulmur...