Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
(Qəzənfəroğlu)
(5. Yazı)
Milli dilin əhəmiyyəti ilə bağlı başqa bir məqaləsində Seyid Cəfər Pişəvəri çox doğru qeyd edirdi ki, ölümə hazır olmayan, qurban verməyən bir millət yaşaya bilməz, ona yaşamaq haqqı verilmir və bu yolda əsas məsələ dil problemidir: “Xalqı mübarizəyə cəlb etmək yolunda dil məsələsi də olduqca önəmli təsir buraxan məsələdir. Yarıfars və yarıazərbaycanca yazmağa başladığımız “Azərbaycan” qəzeti çox tez bir zamanda farscadan xilas olub, yalnız azərbaycanca nəşri xalqın hörmət və məhəbbətini tez bir zamanda özünə cəlb etdi. Xalqın birbaşa ana dilini işlətməyə başlaması fövqalədə maraq kəsb etmiş oldu. Məsələn, 12 şəhrivər bəyannaməsində şüarlarımız meydana çıxan gündən xalqın məhəbbətini qazandı. Misli görülməmiş və kimsənin ağlına gəlməyən bir məsələ də teleqrafın Azərbaycan dilində yazılması idi”.
O, dəfələrlə qeyd edirdi ki, milli dil məsələsi azərbaycanlılar üçün çox mühüm və əsasdır. O, yazırdı: “Məlumdur ki, əhalimiz qərinələrdən bəri öz ana dili ilə danışmış və danışmaqdadır. Bu dilə qarşı qaba, heç bir dəlil və sübuta söykənməyən, həqiqətləri danmağa çalışanların əllərində qane edici heç bir şey yoxdur. Altı, yeddi yaşında təzə dil açmış bir uşağa yabançı dili zorla qəbul etdirmək cinayətdir. Təlim-tərbiyə ilə məşğul olanların əksəriyyəti azərbaycanlıların əsəbiliyini bunda görürlər. Ana dilində yazıb- oxumağı qadağan etmək maariflənmənin qarşısını almaq, onun təkamülünə mane olmaqdır. Beş milyondan çox kənd və şəhərlərdə yaşayanlarımız bir tərəfə qalsın, hətta məhəlli məktəblərdə təhsil alanlarımız belə, ömürlərinin axırına qədər fars dilini düzgün tələffüz etməkdə çətinlik çəkirlər”.
Pişəvəri xatırladırdı ki, Pəhləvilər hakimiyyətə gəlib (1925) Azərbaycanı parçalamaq siyasəti yürütməzdən əvvəl, Azərbaycanda ana dilində məktəblər, teatrlar var idi və milli dil inkişaf edirdi. Ancaq türk dilinin qadağan olması siyasəti ilə Azərbaycanda vəziyyət dəyişməyə başladı. Pişəvəri deyirdi ki, bu gün onların əsas tələblərindən biri də Qacarlar dövründə olduğu kimi, ana dilində tədrisin yenidən bərpa edilməsidir.
Onun fikrincə, zorla, “milli vəhdət” adı altında bir xalqın dilini dəyişmək, yəni ana dilindəın məhrum edib başqa bir dilə, o cümlədən fars dilinə bağlamaq mümkün deyildi. Pişəvəri yazırdı: “Bunlar bilmirlər ki, dilin rişəsi anaların sinəsindən, xalqın adab və rüsumu olan ocaqlar başından qalxır. Nə qədər analar dili və ocaqları yanmaqdadır, bir xalqın dilini, adab-rüsumunu əvəz etmək mümkün olan iş deyildir. Milli birlik o vaxt müyəssər olar ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib, bir-birilə bərabər ola bilsin. Azərbaycan xalqı mərkəzin çürümüş və çirkin siyasətçilərinin siyasəti sayəsində özünün istedad və qabiliyyətinə baxmayaraq, hər cür azadlıq və ixtiyaratdan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır”.
Pişəvərinin imzaladığı Azərbaycan Milli Hökumətinin (1946-cı il 6 yanvar) dil haqqında qərarı ilə ana dilində təhsil almaq məsələsi kökündən həll olunmuşdur. Həmin qərarın ilk maddəsində yazılmışdır: “Bu gündən etibarən Azərbaycanda Azərbaycan (türkcəsi) dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən əmrlər və qanun layihələri mütləq Azərbaycan dilində yazılmalıdır”.
Eyni zamanda, bu qərarda göstərilirdi ki, bütün idarələr öz işlərini Azərbaycan türkcəsində yazmağa məcburdurlar, bu dildə yazılmayan sənədlər rəsmi sənəd hesab olunmayacaq. Bununla yanaşı, Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələri öz işlərini ana dillərində aparmağa haqlı olsalar da, lakin öz rəsmi elan və yazılarında Azərbaycan dilini işlətməyə məcburdurlar. Eyni şəkildə, Azərbaycanda yaşayan azlıqlar xüsusi milli məktəblərdəki təhsili öz ana dillərində olduğu halda, Azərbaycan dilinin tədrisi də məcburidir.
Pişəvəri yazırdı ki, Milli hökumət dövründə onların dil məsələsi barəsində şüarları olduqca əməli və sadə idi: “Firqə Azərbaycan dilinin rəsmi surətdə qəbul edilməsi tələbini sürməklə iftixar kəsb edə bilmişdi. Dilimiz yeni bir dil deyildir. Onun qədim keçmişi olduğunu kimsə inkar edə bilməz. Bu dildən Dədə-Qorqud hekayələrindən başlayaraq, zəmanəmizədək yazılıb, intişar verilən qiymətli əsərlər o dilin geniş və mədəni bir dil olub qərinələr boyu davam etməsini isbat etmişdir. Xalq isə neçə qərinə fars istilasına məruz qaldığı halda, öz dilini hifz edib ona ürəkdən bağlı olduğunu göstərmişdilər”.
Pişəvəri Azərbaycan xalqının qədim bir dil olmasını yazmaqda nə qədər haqlı olsa da, ancaq xalqın əsrlər boyu fars istilasına məruz qaldığını yazmaqda əsasən haqsız idi. Çünki Azərbaycan türkcəsi yalnız Əhəmənilər və Sasanilər dövründə müəyyən qədər sıxıntılar yaşamış, ancaq ondan əvvəlki və sonrakı dövrlərdə ciddi problemlərlə üzləşməmişdir. Yalnız irançı Pəhləvilərin qeyri-qanuni hakimiyyətə gəlişindən sonra Türk dili bəlkə də, tarixdə bənzəri olmayan bir problemlə üz-üzə qalmışdır ki, bu da, farsların minillik hakimiyyətsizlikdən irəli gələn şovinistliyinin, barbarlığının təzahürü idi. Bunu, Pişəvərinin aşağıdakı fikirləri də təsdiq edir: “Farslar Azərbaycan dilini inkar etməklə, bizim milliyyətimizi də rədd edirdilər. Onların içərisində elə həyasız adamlar var idi ki, azərbaycanlıların danışdıqları dili fars dilinin bir şöbəsi olduğunu deməkdən belə, çəkinmirlər. Azərbaycanda fars dili dövlət dili olduğundan, fəqət qüdrət hesabına məktəblərdə tədris edilir, zorla idarələrdə işlənirdi. Həqiqətdə azərbaycanlılar o dildə təhsil aldıqdan sonra belə dürüst tələffüz edə bilməzlər. Xalqın əksərini təşkil edən zəhmətkeş kütlə isə öz ana dilindən qeyri, məsələn, fars dili ilə öz fikirlərini söyləməyə qadir deyildi. Azərbaycanlılar həmişə öz ana dillərinə nisbət çox təəssübkeş olub, o dili təhqir edənlərə qarşı bəslədikləri nifrəti gizlədə bilməz və bu hissi gizlətmək də istəməzlər”.
Onun fikrincə, dil və milliyyət məsələsi Azərbaycan xalqının ölüm-dirim məsələsidir. Bu dili fars dilinin bir şöbəsi hesab edənlər isə həqiqəti danmaq yolunu tutublar. O, yazırdı: “Bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim içimizdə elə adamlar var ki, özü fars dilini bilmədiyi halda, deyir, mənim dilim fars dilidir. Mən demirəm ki, fars dili pisdir, deyirəm mənim dilim azərbaycan dilidir. Öz dilini danan azərbaycanlı xain deyil, nədir?”.
Pişəvəri hesab edirdi ki, Azərbaycan xalqının dilini fars dilinə, milli kimliyini fars kimliyinə bağlamaq kökündən yanlışdır. Xüsusilə də, fars millətçilərinin iddia etməsi ki, azərbaycanlılar moğolların dövründə dillərini dəyişiblər, bunun heç bir ciddi əsası yoxdur. O, yazırdı ki, Kəsrəvi kimiləri nə qədər öz dillərini və kimliklərini danıb farsmənşəli “azəri dili”, “azəri” kimliyinə aldansalar da, Azərbaycan xalqı heç vaxt fars dilini və fars kimliyini qəbul etməmişdir. Ona görə, Azərbaycan mütəfəkkirlərinin (Nizami, Xaqani və b.) fars dilində əsərlər yazması da onların fars olmasına dəlalət edə bilməz, çünki ərəb, fransız, ingilis olmadıqları halda bu dildə yazıb yaradan başqa xalqların mütəfəkkirləri kifayət qədərdir. O, yazırdı: “Azərbaycanlıların fars olmadıqları da tarixdə isbat edilmiş bir hadisədir. Azərbaycan xalqı isə neçə min illik istila və əsarətə baxmayaraq, hər vaxt özünün xüsusiyyətini əldən verməyib...”.
Burada təəssüf doğuran hal odur ki, Pişəvəri də ən azı min illik Türk dövlətlərinin varlığını bir kənara qoyub, 19-cu əsrdə ortaya atılan “irançılıq/aryaçılıq” ideyasının təsiri altında Azərbaycan xalqının daima “İran” imperiyasının əsarəti altında olduğunu yazır. Yuxarıda da qeyd etdiyimiz kimi, “irançılıq” ideyasının mahiyyətini tam dərk edə bilməyən Pişəvəri “2500 illik İran şahlığı” uydurmasının təsiri altında Azərbaycan xalqını, Azərbaycanı da bu “şahlığ”ın əsarəti altında görmüşdür. Belə anlaşılır ki, F.İbrahimi kimi Pişəvəri də Midiyanın süqutundan 1945-ci ilə qədərki dövrü “İran şahlığı” dövrü hesab edir və Azərbaycanı da onun tərkibində istila, əsarət altında görür: “Bu xalqın mənşəyi və babalarının (Qeyrətli Midiyalıların) böyük bir dövlət təşkil edib, uzun illərcə müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməliyik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi Qızılbaş ordusunun bugünkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqdan da bəhs etməyə geniş vaxtımız yoxdur”.
Görünür, məhz uydurma “irançılıq” ideyasının təsiri altında Pişəvəri hesab edirdi ki, Səfəvilər dövlətinin qurucuları azərbaycanlılar-qızılbaşlılar olsalar da, onlar da “İran şahlığ”ına aiddirlər. O, yazırdı: “Əgər indi İran hökuməti varsa, onu icad eyləyən Azərbaycanın qızılbaş ordusu olmuşdur. Bu ölkəni, beş-altı şeyx Azərbaycan kəndlilərinin zoru ilə yaratmışdır”. Bunu nəzərdə tutaraq o, tez-tez vurğulayırdı ki, “İran” dövləti azərbaycanlılar vasitəsilə təsis olunmuşdur.