Sosial müdafiə  sahəsində nümunəvi ölkə



 

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı

 İstənilən dövlətin gücü, qüdrəti ilk növbədə onun iqtisadi potensialından asılıdır. Dayanıqlı inkişafın təmini üçün müəyyən edilən iqtisadi strategiyanın prioritetlərinin düzgün icrası sürətli yüksəliş üçün real zəmin formalaşdırır.

Son 16 ildə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə yatırılması, valyuta ehtiyatlarının 49 milyard dollara yüksəlməsi Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının uğurlarının real təcəssümüdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial və iqtisadi siyasətə malik olan ölkəyə çevrilib. Həyata keçirilən sosial-iqtisadi, eləcə də struktur islahatlarının nəticələri isə göz önündədir.

Prezident İlham Əliyev müşavirədə bu nailiyyətləri dəyərləndirərək vurğuladı ki, əsas vəzifə iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu uğurları hər zaman hesabatlarında göstərirlər. Dövlət başçısının Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər də deməyə əsas verir ki, ölkəmizdə aparılan islahatları yüksək dəyərləndirirlər.

Müşavirədə cənab Prezident 9 ayın göstəricilərini müsbət qiymətləndirdi, lakin bununla belə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanların olduğunu bəyan etdi. Həqiqətən də bu ilin ötən müddəti ərzində əldə edilən uğurlara nəzər yetirdikdə aydın şəkildə görərik ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən, qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Sahibkarlara 130 milyon manat kredit verilib.

Əlbəttə ki, qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması şaxələndirmə ilə bağlı tədbirlərin müsbət nəticə verdiyini göstərir. Ancaq dövlət başçısı hesab edir ki, bu artım daha yüksək olmalıdır. Buna nail olmaq üçün isə kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq bu potensialdan maksimum səmərə ilə istifadə edilməlidir.

Qeyri-neft sənayesinin 15 faizdən çox artması isə onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verməkdədir. Dövlət başçısı bu yüksək nəticənin dünya miqyasında rekord göstərici hesab olunduğunu vurğuladı.

Göründüyü kimi, 9 aylıq yekun ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü doğrultduğunu konkret faktlar əsasında təsdiqləyir.

Sosial sahədə də inqilabi yeniliklər baş verib. İlk dəfə olaraq ölkədə 9 ayda minimum əməkhaqqı və minimum pensiyalar 2 dəfə artıb. Minimum əməkhaqqı 250, minimum pensiyalar isə 200 manata yüksəlib. Prezidentin 2 böyük sosial paketi ilə 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb.

Bütün bunlar cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiqləyən reallıqlardır. Müşavirədə bu məsələyə də toxunan Prezident demişdir: "Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq”.

Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların artan sürəti maaş və pensiyaların növbəti artımına da şərait yaradacaq. Cari ilin 9 ayının yekunlarının müzakirəsi zamanı cənab Prezidentin gələcəyə aydın baxışını bir daha gördük. Hər kəsə bəlli oldu ki, dövlət başçısı yalnız təbii ehtiyatlara, enerji resurslarına deyil, qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Ona görə də cənab Prezident bütün aidiyyəti qurumlara ciddi tapşırıq verdi. Qeyd etdi ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və bu ehtiyatlar aşkar edilməlidir. Elə edilməlidir ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin.