O gülərsə, dünya gözəlləşər…



 

Nigar Orucova  

Bəs ölərsə?

 Onları gah incə, zərif varlıq, “yıxılı evin dirəyi”, mübaliğəyə varanda isə hətta “gözəllik ilahəsi” də adlandırıblar. Lakin zamanla bu zərif varlıqlar məşhur “Qaynana“ filmində deyildiyi kimi, bəzi mühafizəkarlar üçün əsl süpürgə sifətində də görünüb. Ki, sayı çox olan köhnəfikirli adamlar üçün harda istəsə, orda da dayanmalı olan bir məişət əşyasına çevrilsin.

Bəli, mövzunun bugünkü qəhrəmanı qadınlardır - zərifdən-zərif, bəzən zəif, fəqət istənilən vəziyyətdə güclüdən-güclü olan həmcinslərim.

Qadın yaranmaq çoxlarına asan görünsə də, bu, əslində dünyanın ən çətin məsələsidir. Qadın olmaq qarşıdakı, gələcəkdəki bir ömürlük çətinliklərin ilk adıdır. Bu adla assosasiya olunan ən sadə məqamlar var, məsələn, ən birinci - evdarlıq. Bu bacarığa xörək bişirmək (özü də çox çeşiddə, hər dadda), şirniyyat ustası olmaq, ən sadə variantda paltar yumaq, hətta müxtəlif geyim növü toxumaq (ideal halda xalça-palaz toxumaq), biçib-tikmək, yır-yığış, sil-süpür, qışa hazırlığın daim “müntəzir əsgəri”, bir növ, yıxılı evin dirəyi olmaq daxildir. Hələ vəzifələr, öhdəliklər sırasında övladlar dünyaya gətirmək, onları düzgün tərbiyə etmək, sağlamlığının qayğısına qalmaq, orta məktəbdə lazım olan səviyyədə oxutmaq, vaxtında ali təhsil vermək, işlə təminatında dağa-daşa düşmək, evləndirmək və s. məsələlər də var. Onların içində vaxt tapıb özünün kim olduğunu yaddan çıxarmamaq, hər dürlü mənəvi-fiziki ağırlığın içində zərif məxluqdan güclü cinsə çevrilməmək qayğısı, bəlkə, qorxusu da yaşayır qadın.

Mental dəyərlərin yeri gəldi-gəlmədi özü haqqında müzakirə mövzusu, əxlaq və namusun isə doğulandan ölənədək ən qiymətli xəzinə olduğu bir məmləkətdə onu görünən və görünməyən təhlükələrdən qoruyandır qadın. Və sözsüz ki, deyilənlər o şərəfli ada, öz adına layiq qadınlar üçündür.

Fəqət bu gün həmin layiqlilərə, ya da əksinə olanlara qarşı birmənalı münasibət hökm sürür. Son günlər isə qadına qarşı təhlükələr daha da artıb. Əslində, onu gözləyən təhlükələrlə qadın evinin içində, öz ocağının başında da rastlaşmalı olur. Əfsus ki, belə hadisələri xarici filmlərdə, əcnəbi seriallarda deyil, məhz öz ölkəmizdə, bölgələrimizdə, paytaxtımızda, bir sözlə, istənilən evdə, ailədə müşahidə edirik.

Qadın sanki bir alətdir, onu istənilən adda istifadə etmək olar, çünki adət-ənənəmizə görə, səsi çıxmayacaq. Ağır işə, xəstə canına, məhrumiyyətlərə, kasıbçılığa, dözülməz şəraitə, pis münasibətə, ümumiyyətlə, haqsızlığa görə səsini çıxaranda da ən yaxşı halda söyülüb-döyüləcək, ən son həddə isə öldürüləcək.

Faktları sadalamıram, onlar onsuz da az qala son dönəmin oxşar gündəminə çevrilib. Lakin döyülərək öldürülənlər, şikəst edilənlər bir ailənin, sonunda bir elin, kəndin, rayonun adının mənfi mənada hallandırılması deyilmi? Sonuncu bu cümlə məsələnin mürəkkəbliyinin, problemin dərinliyinin hansı həddə olduğunu gözünün altına almayanlar üçün sözün ən sadə formasıdır.

Şiddətə məruz qalan qadınları bu vəziyyətə gətirənlər, ağır hala salanlar barədə deyilənə görə, araşdırma aparılır. Hansısa formada güman ki, ölçü aparılacağı gözlənilir.

Zaman isə gözləmir. Elə hadisələr də. Kim bilir, bəlkə bu dəqiqə adı zəif çağrılan bir qadın öz ocağının başında amansız bir ölümlə üz-üzə qalıb? Ata-anasından, bacı-qardaşından kənar bir yerdə (o yeri dogma ocaq, ailə adlandırmaq çox çətin!) hansısa bir qadın əzizlərinə əliuzanıqlı can verir? Döyülə-döyülə, söyülə-söyülə, həyatından küsgün bir insan bu an bəlkə də sabah oxuyacağımız kriminal xəbərin növbəti qurbanıdır? Kim bilir...…

Bəs görəsən, elə bu an, bu saniyə hamının bilməli olduğu, təcili hərəkətə keçməyə səbəb sayılmalı məsələ nədir? Axı hər qadın tək mənada bir evin, küll halında isə cəmiyyətin nəsil davamçısıdır.

Görəsən, biz doğrudanmı bir sinif kimi ləğv olunmağı, xalq-millət şəklində məhv edilməyi öhdəlik götürmüşük?