Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ
(III Yazı)
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) maraqlı tarixi araşdırmaları ilə oxucuları tanış etməkdə davam edirik:
(Əvvəli qəzetimizin 3 oktyabr sayında)
Qəvam başda olmaqla farsbaşlı rejimin vədlərini gerçəkləşdirməyəcəyini daha dərindən anlayan Seyid Cəfər Pişəvəri açıq şəkildə yazırdı ki, “əgər Tehran hökuməti aldıqlarımızı qanuni şəklə salmasa, nehzətimiz (hərəkatımız) davam edəcək”. Başqa sözlə, Milli hökumət Azərbaycanın daxili muxtariyyəti, milliyyət və dili məsələsində bir addım olsun geri çəkilməyəcək.
Milli hökumət adından Sovet Rusiyasının rəhbərliyinə ünvanladığı son müraciətdə Pişəvəri etiraf edirdi ki, rəsmi Moskvanın istəyi üzrə Tehran hökumətinə bir çox güzəştlərə getmişdir. O, yazırdı: “Bizim böyük güzəştlərimizi bütün dünya bildiyi kimi siz daha gözəl bilirsiz. Biz bu saziş yolunda Milli Hökumətimizi ləğv etdik, Milli Məclisimizi Əyalət Əncüməninə döndərdik, fədai dəstələrini nigəhban təşkilatına təbdil etdik, milli qoşunumuzun ixtiyarını və fərmandehliyini onların əlinə tapşırmağa hazırlandıq. Bütün aidatımızı onların xəzinəsinə, yəni Milli Banka verməyə başladıq. Bunların hamısı ondan ötrü idi ki, onların əlinə dəstaviz verməmiş olaq. Qəvam isə bizim güzəştlərimizi gördükdə hər gün tələbatını artırıb, hazırda işi o yerə gətirib çıxardıb ki, istəyir nagəhani bir həmlədə azadlığımızı birdəfəlik xatimə versin. O, neft məsələsini qabağa çəkmişdir ki, Qızıl Ordunun İrandan çıxmasını təmin etsin və Azərbaycan milli nehzətini ortadan aparsın”.
Belə bir ağır şəraitdə Azərbaycan xalqı və ona rəhbərlik edən ADF rəhbərlərinin Sovet Rusiyasından iki əsas istəkləri var idi: 1) Sovet Rusiyası Azərbaycanı az da olsa silahla təmin etsin, 2) İranda böyük bir hərəkat başladılaraq irticaçı qüvvələrə qarşı döyüşüb, Tehranla əlaqəni birdəfəlik kəsib Milli hökuməti bərpa etmək. Ancaq bunun əvəzində Sovet Rusiyasının Təbrizdəki konsulluğu Milli hökumət rəhbərliyinə Azərbaycana hücum edən “İran” hərbi qüvvələrinə qarşı silahlı müqavimət göstərməməyi, onlara qarşı mötədil mövqe tutmağı məsləhət görür. Başqa sözlə, Milli hökumətin Mir Cəfər Bağırov vasitəsilə Sovet Rusiyasına etdiyi bütün yardım müraciətləri cavabsız qalır. Bununla da, 21 Azər hərəkatı 1946-cı ilin dekabrın 12-də İngiltərə və ABŞ-ın birbaşa hərbi yardımları ilə də “İran” hərbi qüvvələri tərəfindən məhv edilir, Azərbaycan Milli Hökuməti süquta uğradılır.
Sosial-fəlsəfi görüşləri. Pişəvərinin sosial fəlsəfəyə aid görüşlərində hakimiyyət, muxtariyyət, sinfi mübarizə, federalizm, millət, dil və digər məsələlər mühüm yer tutmuşdur. Onun fikrincə, müasir dünyada hakimiyyətin idarə olunmasında federalizm və muxtariyyət daha çox aktuallıq kəsb etməkdədir. O, yazırdı: “Puç fikir və çürük iddiadır ki, deyirlər: məhəlli ixtiyarat və fedarasion üsulu mərkəziyyəti kölgədə qoya bilər. Bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə yaşayan əhalinin nə qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və iştirakları təmin edilərsə, o nisbətdə onların vətənlə əlaqələri və məhəbbətləri artıq və möhkəm ola bilər. Bu mülahizə və fikir əsasında məşrutə Xahlıq cərəyanını əmələ gətirənlər və İranın qanun əsasını yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib çalışmışlar ki, bu vasitə ilə ümumiran xalqını ölkənin müqəddəratını təyin etməkdə şərik etsinlər, əyalət və vilayətlərin xüsusi ehtiyaclarını onların əhalisi vasitəsilə aradan götürməyə çalışsınlar”.
Pişəvəri hesab edirdi ki, İran daxilində də ən çox avtonomiya haqq edən Azərbaycan xalqıdır. O, yazırdı: “Biz Azərbaycanın xüsusiyyətindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda 4 milyon yarım azərbaycanlı yaşayır və bu camaatın dil, adət-ənənəsi cəhətdən İranın başqa əyalətləri ilə böyük fərqi vardır. Əgər biz istəyirik ki, bu xalq öz maarif işlərində və öz torpağının abadlığında iştirak etsin, hərgiz bu mərkəziyyətin əleyhinə olmayıb, bəlkə onun qüvvətlənməsinə çalışmış oluruq. Bəzi dar düşüncəli adamlar xəyal edirlər ki, zor ilə, çomaq, iti xəncər gücü ilə bir xalqın dilini, xüsusiyyətini, ənənəsini ortadan qaldırmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər insanları zorla məcbur etsinlər ki, hətta Azərbaycanın ucqar kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndçilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözü fəqət libasları və dilləri süni surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin kökü anaların sinəsindən və xalqın ənənəsindən, onların ocaqları başından qalxır. İndi nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın dilini, ədəb və milli ənənəsini əvəz etmək mümkün olan işlərdən deyil”.
O doğru hesab edirdi ki, milli birliyə nail olmaq üçün xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla inkişaf edib, bir-birinə bərabər olmalıdır. Ancaq Azərbaycan xalqı iranpərəst Pəhləvilərin əliylə hər cür azadlıq və ixtiyardan məhrum edilmiş, ana dilində təhsil almaq qadağan olunmuş, ziyalıların səsi boğulmuşdur. İrançılar Azərbaycan xalqının şəxsiyyətini, dilini, ənənələrini, milli kimliyini hər an alçaltmaq və təhqir etməklə məşguldurlar. O, yazırdı: “Bu xalq deyir ki, biz istəyirik ki, İranın istiqlaliyyətini və bütövlüyünü hifz etməklə bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, öz evimizi öz meyil və iradəmizlə idarə edək və milli məhəlli ehtiyaclarımızı öz gücümüzlə aradan qaldıraq. Azərbaycan deyir: Tehran bizim dərdlərimizə yetişmir və bizim ehtiyaclarımızı nəzərə alıb çarə etməkdə acizdir. Bizim maarifimizin tərəqqisinin qarşısını alır, bizim ana dilimizi təhqir edib, başqa vətəndaşlarımız kimi yaşamağa yol vermir. Bununla belə, biz oradan əlaqəmizi kəsmək iddiasında deyilik. Ölkəmizin tamam və ümumədalətli qanunlarına itaət edəcəyik. Məclise-Şuraye-Millidə və Mərkəzi Hökumətdə iştirak etməliyik. Fars dilini dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə öz dilimiz ilə bərabər tədris etməyə imkan verəcəyik, amma bunların hamısı ilə bərabər özümüz üçün bu haqqa qabilik ki, gərək öz evimizin sahibi və ixtiyarı özümüz olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq”.
Pişəvəri “Əyalət Əncüməni” məqaləsində də açıq şəkildə ifadə edirdi ki, Əyalət əncüməni, yəni milli muxtariyyət azərbaycanlıların qanuni haqqıdır, bu xalq onu qanı bahasına və qurbanlar verməklə əldə etmişdir: “Bu günə qədər müstəbidlər, məşrutə hökumətini öz əllərində alət edənlər və azadlıq düşmənləri bu haqqımızı əlimizdən almağa müvəffəq olmuşlar. İndi dünya dəyişib. Demokratik və azadlıq cəbhəsi olan qalib çıxıb, irtica və istibdad qüvvəsi məhv olmağa məhkum edilib. Ona görə də biz fürsətdən istifadə edib haqqımızı öz gücümüzlə ələ almalıyıq. Tehran artıq öz zalimanə iradəsini bizə zorla qəbul etdirməyə qadir deyil. Bizim yolumuz aydın və aşkardır. Azadlığı alıb onu əməli təşkilat vasitəslə əldə saxlamalıyıq”. O hesab edirdi ki, Azərbaycan Əyalət Əncüməni tək Azərbaycan məsələsi deyil, bütün azadlıq məsələsinin həlli deməkdir.
Pişəvəriyə görə, “Azərbaycan Əyalət Əncüməni” (Azərbaycan milli cəmiyyəti) məşrutə tarixində ortaya çıxaraq öz sözünü demiş, sadəcə Pəhləvilər dövnəmində buna son verilmişdir ki, azərbaycanlılar yenidən milli haqlarını geri almaq niyyətindədir. O, yazırdı: “Burada məlum bir həqiqəti sizə çatdırmaq istəyirəm. Bu, məlumdur deyirlər: “Haqqı almasan, onu sənə verməzlər”. Mənim əqidəmə görə, bu kamil bir şüar deyildir. Mən isə deyirəm “Haqqı almaq bəlkə asan bir işdir, lakin onu saxlamaq əsas şərtdir”. Əgər bizim qəhrəman məşrutəxahlarımız bu nöqtəyə diqqət ayırsaydılar, indi Azərbaycan, bəlkə də bütün İran dünyanın ən azad, ən demokratik məmləkətlərindən biri olardı. İndi düçar olduğumuz yoxsulluq, fəlakət, aclıq və səfalət qabağımıza çıxmazdı. Azərbaycan xalqı qırx il bundan əvvəl təşkil etdiyi Əyalət Əncüməni vasitəsilə özünün siyasi ləyaqət və istedadını sübut etmişdir”.
O yazırdı ki, bu günə qədər ölkənin federativ və ya muxtar əyalətlərdən təşkil edilməsi məsələsini ilk dəfə ADF ortaya atmamışdır. Sadəcə, ADF-nin Əyalət və Vilayət Əncüməni məsələsini qəti və israrlı şəkildə ifadə etməsi, üstəlik bütün “İran”da böyük azadlıq məsələsini qoyması bir çoxlarını rahatsız etmişdir. Çünki Əyalət və Vilayət Əncümənlərinin ortadan qaldırlması nəticəsində “İran” xalqları məşrutə və azadlqılardan məhrum olmuş, beş-üç xain bütün məmləkətin müqəddəratını əllərinə keçirməyə nail olmuşlar. Onun fikrincə, rüşvətxorluq, sui-istifadələr, xalqın malına, canına, namusuna təcavüz etmələr – bütün bunlar hamısı milli hökumətin, məhəlli muxtariyyatın ortadan qaldırılmasından sonra baş vermişdir. O, yazırdı: “Biz deyirik: “Qırx ildir sədrüləşraflar, davərlər və məclisdə oturan xainlər xalqın haqqını tapdalamışlar. Bu gün Azərbaycan xalqı öz haqqını almağa qərar almışdır. Biz onu Sədrüləşrafdən də tələb etmirik. Çünki onun hökuməti qeyri-qanuni hökumətdir. O, həmişə azadlıq əleyhinə mübarizə etmişdir. Biz öz xalqımızın köməyilə haqqımızı almağa çalışırıq və çox gözəl bilirik ki, müstəbidlər xalqın haqqını bu sadəliklə verməzlər”.
O yazırdı: “Milli muxtariyyət Azərbaycan millətinin tələblərinin yerinə yetirilməsi üçün zəmanətdir. Bu ondan ötrüdür ki, Azərbaycan millətinin demokratik hərəkatı mərkəzi hökumətin hiylə və aldadıcı siyasəti nəticəsində Məşrutə inqilabı və Xiyabaninin qiyamı kimi aradan aparılmasın”.
Beləliklə, biz deyə bilərik ki, Pişəvəri muxtariyyat və federal idarəetmə sistemində daha çox maraqlı olub, onu bütün yönləriylə izah etməyə çalışmışdır.