Rüşvət təhsil sistemini məhv edir - Redaktordan
Tapdıq ABBAS
"Paralel" qəzetinin baş redaktoru
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
Dövlətin təşkil etdiyi mübarizə isə kəsərsizdir
Yeni dərs ili başlayır. Ölkə təhsilinin problemlər isə çoxdur, çünki təhsil o qədər çoxşaxəli mürəkkəb prosesdir ki, onu hərtərəfli işlənmiş elmi konsepsiya olmadan tənzimləmək mümkün deyil. Ümumiyyətlə, dünyanın ən yaxşı təhsil sistemi olan bütün ölkələrdə bir istək var, hər kəs təhsilin daha gözəl olmasını istəyir. Çünki təhsil cəmiyyətin əsasıdır. Ölkə təhsilində mövcud olan nöqsanlar ölkənin keçdiyi yola da bağlıdır. Keçmiş sovet respublikalarında problemlər bənzərdir. Bunlardan biri heç şübhəsiz, təhsildə keyfiyyətin çox aşağı olmasıdır. Obyektivlik naminə deyək ki, son illər təhsildə müəyyən dəyişikliklər var. Amma ümumiyyətlə, sovetlər dağılandan sonra iqtisadi böhran hər tərəfə, o cümlədən təhsilə də pis təsir edib. Çünki iqtisadi, texnoloji zəiflik, siyasi hərc-mərclik, bunların hamısı təhsilə həm maddi, həm mənəvi, həm də təşkilati baxımdan birbaşa mənfi təsir etdi. Həm orta, həm də ali məktəblərdə, həm müəllimlər, həm də innovasiyalar baxımından irəliləmələr olmadı. Sovet dövründə inkişafın əsas səbəbi təhsilin keyfiyyətcə yaxşı olması idi.
Ölkəmiz müstəqillik qazandığı illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində addımlar atılıb. Lakin bu addımlar nəzərdə tutulan nəticəni verməyib. Çünki sistemli və ardıcıl olmayıb. Əgər təhsildə ciddi islahat aparıb, keyfiyyətli kadr hazırlamaq istəyiriksə, buna orta məktəblərdən başlamaq lazımdır. Çünki təməl məhz burda qoyulur. Yəni adamı vətəndaş edən, ona savad verən orta məktəbdir. Ali məktəb ixtisas verir. Ali məktəbə şagirdlərin bir hissəsi gəlir. Orta məktəbdə insan təxminən necə formalaşırsa, sonrakı həyat yolu, ali məktəbdə də ona bənzər şəkildə davam edir. Məncə orta məktəblərin fəaliyyətinə qeyri-adi dərəcədə ciddi nəzarət olmalıdır. Sadaladığım səbəblər orta məktəblərin zəif olmasının əsas səbəbidir. Əvvəllər orta məktəblərin funksiyası bütün fənlər üzrə şagirdləri minimum biliklə təmin etmək idi. İndi tələbə qəbulu elə sistemlə aparılır ki, orta məktəbin hazırladığı şagirdə verilən tələblər dəyişilir. Orta məktəbin yetişdirəcəyi şagird çox gözəl yazmalıdır, ciddi surətdə təhlil aparmağı bacarmalıdır, ancaq bunlar ali məktəbə qəbulda yoxlanılmır. Ali məktəbə qəbul yalnız test yazmaqla həll edilir. Test yazmaq isə texniki işdir.
Təhsilin inkişafına maneə olan ən ciddi problem rüşvətin geniş yayılmasıdır.
Ölkədə başqa sferalarda olduğu kimi, təhsil sistemində də çox ciddi korrupsiya var və bu bəlaya qarşı yetərincə mübarizə aparılmır. Hökumət istəsə, təhsil sistemində korrupsiyanın qabağı çox asanlıqla ala bilər. Heç inkişaf etmiş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qonşu İranı və Türkiyəni. Bu ölkələrdə korrupsiya, rüşvət varmı? Müxtəlif sferalarda var. Bəs təhsildə korrupsiya varmı? Nə İranın, nə də Türkiyənin nə orta, nə də ali məktəb sistemində qəti surətdə korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsili korrupsiyadan tam azad etmək olar. Çünki o dövlətlərin də öz dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi sahədir. Burada kim rüşvət alsa, onun karyerası məhv olar və cəmiyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə yanaşması o qədər ciddidir ki, belə hallara heç kim yol verə bilməz. Biz isə rüşvətə qarşı mübarizəni sözdə deyilir, amma işdə ona əməl edilmir. Təhsil sahəsində olan korrupsiya təhsil sisteminə çox öldürücü təsir edir.
İstənilən ölkədə, təhsil ocağında, rüşvəti ləğv etmək üçün başda duran birinci adam özü, rüşvət almır. Nəinki rüşvət almamalı, hətta o, bunu ağlına belə gətirməməlidir. Rəhbər şəxslər elə mühit yaratmalıdır ki, ümumiyyətlə, rüşvət vermək və almaq mümkün olmasın, insanlar şüurlu şəkildə rüşvət almaq istəməsinlər. İstəsələr də mümkün olmasın. Burada qeyri-adi dərəcədə ciddi yanaşma olmalıdır. Rüşvət təkcə o deyil ki, pul verib iş görəsən. Hər hansı bir uşağa tapşırıqla qiymət verməyin özü də korrupsiyadır. Bu, sosial ədalətin pozulmasıdır. Bu, virus kimi bir şeydir – damcı boyda ora düşsə, o, mütləq böyüyür, sürətlə ətrafa yayılır. Yalnız «bir faiz rüşvət var» anlayışı yoxdur. Əgər orada təhsil ocağının başçısının övladı oxuyursa, o uşağa başqa cür baxılsa, orada tapşırıq da olacaq, rüşvət də. Misal çəkdiyim ölkələrdə sistem elə qurulub ki, orada heç nə eləmək mümkün deyil. Təhsilin məqsədi vətəndaşların yetişməsi üçün onlara bərabər imkanlar yaratmaqdır. Amma rüşvət bərabər imkanları məhv edir. Rüşvətlə, tapşırıqla təhsilin missiyaları bir-birindən fərqlidir. Bunlar bir yerdə mümkün ola bilməz. Rüşvət və tapşırıq sistemi aradan qaldırılmayınca, təhsilin keyfiyyətdən danışmaq mümkün olmayacaq.
Acınacaqlı haldır ki, ölkənin təhsil sistemi rüşvətə elə yoluxub, adam dəhşətə gəlit. Hər bir təhsil müəssisəsi rəhbərinin rüşvət torunun başında durduğu ölkədə uğurlu təhsildən söhbət gedə bilməz. Rüşvət ölkənin bütün sahələrində, o cümlədən təhsilin bütün pillələrində adiləşdirilib, normal münasibət vasitəsinə çevrilib.
Ölkədə rüşvətxorluğa qarşı prezident səviyyəsində aparılan mübarizə korrupsionerlər tərəfindən təftiş edilir ki, bu da gözlənilən nəticənin əldə olunmasına maneələr yaradılır.
Xalqın, mətbuat və digər təşkilat nümayəndəlırinin ictimai nəzarəti isə yox səviyyəsindədir.