HİCRİ-QƏMƏRİ TƏQVİMİ NECƏ YARANDI?
Bu təqvim Rəsulullahın Məkkədən Mədinəyə hicrəti günündən başlayır
Təqvim - böyük vaxt intervallarının hesablanması sistemidir. Onun əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Təqvimdə ilin fəsilləri, gecə-gündüz növbələşməsi, Ay səfhələrinin (Ayın görünən hissəsinin müxtəlif formaları) dəyişməsindən istifadə edilir. Bəşər üç növ təqvim müəllifidir: 1) Əsas vahidi tropik il (Günəşin yaz gecə-gündüz bərabərliyi nöqtəsindən iki dəfə ardıcıl keçməsi arasındakı müddət) olan Günəş təqvimi; 2) Ay (ərəbcə Qəmər, Yerin təbii peyki) təqvimi. Bu təqvimin əsas vahidi sinodik (Ayın Yerdəki müşahidəçi üçün Günəşə nəzərən əvvəlki vəziyyətinə qayıtdığı müddət) Aydır; 3) Ay-Günəş təqvimi. Burada əsas vahid ay və ildir. Günəş təqvimində ilin başlanğıcı həmişə eyni vaxta düşdüyü halda, Ay təqvimində bu vaxt başqa fəsil və ya günə düşür. Ay-Günəş təqvimində isə Günəşin hərəkəti Ay səfhələrinin növbələşməsi ilə uzlaşdırılır.
2019 ildir ki, bəşər yanlış təqvimdən istifadə edir.
Təqvimdə ilin sıra nömrəsi müəyyən bir eradan - şərti başlanğıcdan götürülür. Era (latınca Aera - an, ləhzə) - hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anıdır. Yəni müəyyən vaxtın ardıcıl hesabı bu andan başlayır. Era 3 növdür: 1) Astronomik era, məsələn, ən qədim hind erası (Kali). Bu era bəzi planetlərin vəziyyətinə görə hesablanıb və b.e.ə. 3102-ci il fevralın 18-dən başlanır; 2) siyasi era, məsələn, Navoxodonosor erası. Bu era onun b.e.ə.747-ci il fevralın 26-da Babilistan padşahı kimi taxta çıxdığı gündən hesablanır və ya 1792-ci il 22 sentyabr Fransada birinci respublikanın elan edilməsi münasibətilə başlanan fransız erası; 3) Dini era. Buraya "İsanın doğulması"ndan (Roma şəhərinin əsasının qoyulmasının b.e.ə 754-753-cü illəri) başlanan era; b.e.ə. 544-cü ildə Buddanın qəbul edilən ölüm tarixindən başlanan Budda erası. İudaizm mənsublarına - yəhudilərə gəlincə, onlar eralarının başlanğıcını müasir insanın ulu babası Adəmin yaradılması vaxtından qəbul ediblər. Onlara görə, Adəm 5780 il bundan qabaq yaradılıb və bu il (2019-cu il) yəhudi təqviminə görə 5780-ci ildir.
İslam erası.
Qeyd edək ki, hazırda dünyada işlək era kimi məhz dini era formalarından istifadə edilir. Belə ki, beynəlxalq təcrübəyə və tarix elmi əsasən dini eranın bir növünü, "İsanın doğulması" anını bizim eranın başlanğıcı qəbul edib. Bu era İncilə istinadən keşiş Dionis tərəfindən VI əsrdə hazırlanıb.
Dionis hesab edib ki, İsa (Məsih) 25 dekabr 753-cü ildə, yəni Roma şəhərinin əsası qoyulduqdan 753 il sonra doğulub və 754-cü il yeni eranın 1-ci ilidir. Bunun əksinə olaraq tarixi mənbələrin hamısı peyğəmbərin doğum ilinin b.e.ə. 7 və ya 6-cı il olduğunu göstərir. Buna baxmayaraq, planetin əksər hissəsi indi də bu yanlış təqvimdən istifadə edir.
Tarixən insanlar işıq, qaranlıq, isti, soyuq kimi təbiət hadisələrini göy cisimlərinin hərəkəti ilə izah etməyə çalışıblar. Yerin təbii peyki olan Ayın Yer ətrafında 12 dəfə dövr etməsini 12 sinodik aya ilk dəfə bölən (b.e.ə. 2500-3000-ci illər) babillilər olub. Onların qəbul etdikləri bu təqvim Qəməri adlanıb. Bu tərtibi Quran "Həqiqətən Allah yanında ayların sayı 12-dir" ayəsi ilə təsdiq edir. Həmin təqvimə əsasən 1 il 354,3 gündür. Yəni Ay planetinin Yer ətrafında 12 dəfə dönməsi 354,3 gün ərzində baş verir. Bir təzə ay ilə ikinci təzə ay arasındakı müddəti 29.5 gün müəyyənləşdirib və onu vaxt vahidi (bir ay) qəbul edən də babillilər olub. Qəməri təqvimi ilə işləyən babillilər praktik fəaliyyətlərində bir ayı 29, digərini isə 30 gün qəbul ediblər.
Günəş təqvimində isə Yerin Günəş ətrafında tam bir dövrü əsas götürülür və o, 1 il adlanır. Məlumdur ki, bu təqvimdə 1 il 365 günə bərabərdir. Göründüyü kimi, Qəməri (Ay) təqvimi Şəms (Günəş) təqvimindən 11 gün azdır. Elə Ay təqvimində ilin başlanğıcının başqa vaxtlara düşməsinin, yəni ayların "gəzməsinin" səbəbi də budur.
Ərəblər də hələ eramızdan 1000 il əvvəl Qəməri təqvimilə işləyiblər. Onlar sonradan, yəni həz. Peyğəmbərin miladi 622-ci ildə Məkkədən Mədinəyə hicrət etməsini yeni tarixin hesablanma anı, müsəlman erası və Hicri təqviminin başlanğıcı kimi qəbul etdilər. Hicrətin həqiqi tarixi haqqında isə müxtəlif fikirlər var. Əksər mənbələrə görə, hicrət rəbiüləvvəl ayının 8-də olub (622-ci ilin 20 sentyabrı). Bəziləri bu tarixi Məkkədən çıxma tarixi yox, Mədinəyə gəlmə tarixi kimi qəbul ediblər. Ayın 8-i gününün seçilməsinə səbəb, bu günün bazar ertəsinə təsadüf etməsi olub. Belə ki, həz. Peyğəmbərdən nə üçün bazar ertəsini mübarək saydığını soruşduqda, o, bu cavabı verib: "O gün doğuldum, o gün risalətə çatdım və yenə o gün hicrət etdim". Biruninin (973-1948) rəvayətinə görə, "müsəlmanlar Mədinəyə çatdıqları gün yəhudiləri Aşura (tövbə və ixtisvar) bayramını keçirən gördülər".
Yeri gəlmişkən, həz. Peyğəmbər miladi ilə iyunun 8-ə təsadüf edən rəbiüləvvəl ayının bazar ertəsi günü də vəfat edib.
Həz. Əli həm də hicri-qəməri təqvimin müəllifidir
Hicri tarixininin kim tərəfindən başlanğıc elan edilməsi barədə müxtəlif fikirlər var. Bu təqvimin şəxsən həz. Peyğəmbər tərəfindən təsbit edilməsinə dair rəvayətlər həqiqətə uyğun deyil. Həmin təqvimin yaradıcısının Yəməndə xəlifənin valisi olan ibn Üməyyə olmasını da tarix təkzib edir. Hicri tarixinin 2-ci xəlifə (634-644) həz. Ömər tərəfindən həyata keçirilməsini isə əksər qaynaqlar təsdiq edir. Rəvayətlərə görə, həz.Ömər xilafətin sosial-ictimai həyatını əks etdirən sənədlərdə tarix qoymaq barədə çətinlik çəkib. Biruninin yazdığına görə, Əbu Musə Əl-Əşəri Ömərə yazıb: "Bizə tarixsiz məktublar göndərirsiniz!".
Məhz bundan sonra xəlifə həmin məsələ barədə dövrünün alimləri ilə müşavirə keçirib. Bu şurada həz. Əli, Səd ibin - Əbi Vəqqas, Təlha və başqaları iştirak edib. Səd Peyğəmbər (ə)-nin vəfat gününü təklif edib. Təlha bu təklifə etiraz edərək deyib: "Mən belə kədərli günün İslam tarixində başlanğıc olmasını məsləhət görmürəm". O, xristian (miladi) təqviminin İsa (ə)-nin anadan olması günündən götürülməsini arqument gətirərək, İslam tarixinin həz. Peyğəmbərin doğum gü-nündən hesablanmasını təklif etdi. Lakin Peyğəmbər (ə)-nin anadan olma gününün dəqiq vaxtı qeyri-müəyyən olduğundan (bəzi mənbələr həz. Peyğəmbərin 569, digərləri 571, əksəriyyət isə 570-ci ildə anadan olduğunu iddia edirlər) bu təklif də qəbul olunmayıb. Xəlifə Ömərin həz. Əliyə xitabən: "Ya Əli, sənin fikrin nədir?" sorğusuna, həz. Əli deyib: "Mən Rəsulullahın Məkkədən Mədinəyə hicrət etdiyi ilin hicri təqviminin başlanğıcı kimi qəbul edilməsini təklif edirəm. Çünki bu hadisə elə bir xatirədir ki, dünya durduqca qiymətini itirməyəcək. Qiyamətə qədər yaşayan müsəlmanlar ilk möminlərin imanları uğrunda mallarını, mülklərini, qohum-əqrabalarını tərk edib, bir ovuc xurma ilə yola çıxmalarının hikməti üzərində ibrətlə düşünəcəklər..."
Bu təklif yekdilliklə qəbul olundu. Həmin hadisə hicrətdən 17 il sonra, miladi 639-cü ildə baş verib. Şuradan sonra xəlifə Ömər belə fərman imzaladı: "Ey müsəlmanlar! Bundan sonra heç kəç rast gəldiyi hadisəni tarix başlanğıcı kimi qəbul etməsin. Rəsuli Əkrəmin hicrət etdiyi il (miladi 622-ci il -V.C.) İslam təqviminin birinci ili, səhabələrin ilk dəfə hicrət etdiyi Məhərrəm ayı isə ilin birinci ayı qəbul edildi".
Qeyd edək ki, bu tarixin təsdiqindən əvvəl müsəlmanlar öz illərinə İzn ili, Zəlzələ ili, Vida ili, Fil ili və s. adlar veriblər.
Qəməri təqvimi iki növdür. a) Həz. Ömərin şurada təsdiq etdiyi hicri-qəməri təqvimi. Bu təqvimə əsasən, 1 il 354,3 gün təşkil edir ki, o da Ay planetinin Yer ətrafında 12 dəfə dönməsinə - 12 təqvim ayına müvafiqdir.
Hicri-qəməri təqvimində ayların ardıcıllığı və adları belədir: 1) Məhərrəm; 2) Səfər; 3) Rəbiüləvvəl; 4) Rəbiülaxir; 5) Cəmədiyüləvvəl; 6) Cəmədiyülaxir; 7) Rəcəb; 8) Şəban; 9) Ramazan; 10) Şəvval; 11) Zilqədə; 12) Zilhiccə.
Hicri-qəməri təqvimindən miladi təqviminə keçmək üçün: 1) Hər hansı müsəlman ili 33-ə bölünür; 2)Həmin müsəlman ilindən alınan qismət çıxılır; 3) Alınan qalığın üstünə 622 cəm olunur.
Miladi=(hicri-hicri:33)+622
Miladi təqvimindən hicri-qəməri təqviminə keçmək üçün isə: 1) Miladi təqviminin hər hansı ilindən 622 çıxılır; 2) Qalıq 32-yə bölünür; 3)Alınan qismət qalığın üstünə cəmlənir.
Hicri=miladi-622+(miladi-622):32
Hesablamalar zamanı qalan kəsirlər yarıdan azdırsa nəzərə alınmır, yarıdan çoxdursa, ümumi rəqəmin üstünə bir vahid artırılır.
- b) Hicri-şəmsi təqvimi. İranda qəbul edilən bu təqvim, miladi erasında olduğu kimi Günəş sistemi təqviminə əsaslanır və 1 il 365 gündən ibarətdir. Bu müddət isə Yerin Günəş ətrafında bir dəfə tam dönməsinə uyğundur. Həmin təqvim 1925-ci il martın 21-dən, yəni Novruz bayramı günündən başlanır. Dini era kimi hicri-şəmsi təqvimində başlanğıc il miladi 622-ci ilə - həz. Peyğəmbərin hicrət etdiyi ilə müvafiqdir. Hazırda Miladi 2019-cu il hicri-şəmsi təqviminə görə (2019-622) 1397-cı ildir.
Məlumdur ki, Azərbaycan da dünyəvi dövlət kimi eranın Miladi təqvimindən istifadə edir. Lakin biz bir müsəlman olaraq dövlətin inanc azadlığına və əlamətdar dini bayramlara verdiyi önəmin şahidiyik. Bəzi dini günlərin ölkəmizdə qeyri-iş günü olması da bunu sübut edir.
Əslində iman, elm, iradə vəhdətində olan vətəndaşın təqvimin hər bir gününü dəyərli etməsi, ona Allah rizasını qazanmaq üçün verilən bir şansdır. İnşəəlləh, bu şanslardan bəhrələnərək Azərbaycan bayrağının Şuşada dalğalanacağı gün deyəcəyik: Azərbaycan öz tarixində yeni eraya qədəm qoydu.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru