Mətbəxdə dekor, divarda natürmort ...



 

Meyvə-tərəvəzin real qiyməti

Ölkənin kənd təsərrüfatında olan hazırkı durum hamıya məlumdur. Bu sektorda sirr predmeti demək olar ki, yoxdur. Ən azı görüntüdə bunu demək mümkün deyil. Tenderler, müxtəlif layihələr, lizinq və s. istiqamətlər barədə geniş, şəffaf faktlarla dolu yazılar yazmaq ümidindədir qələmi vicdandan mürəkkəb alan həmkarlarım. Lakin, çifayda, bu barədə hələlik gözləmə və arzulama mövqeyindəyik. Hər halda, “su daşı itiləyər”, nə vaxtsa. Haqqa və zamana təvəkkül!

Hazırda isə əhaliyə şad xəbər adı altında yayımlanan xəbərdən danışmaq istərdim. Doğrudur, bu şad xəbərin arxasından insanların kənd təsərrüfatı məhsulundan hansının bol olacağı barədə ümid dolu baxışlarını sezmək çətin deyil. Amma belə xəbərləri verəndə onun birbaşa ünvanı olan insanları düşünmək lazımdır. Çünki “əhaliyə şad xəbər” deyəndə, insanlar ilk növbədə, milli valyutada olan problemli kreditlərin bağışlanmasını, minimum əməkhaqqının və pensiyanın dünyanın ən yüksək standartına çatdırılmasını, bütün sahədə gəlirlərin ən azı, 100 faiz artımını düşünür. İnsanlar nə bilsin ki, əhaliyə şad xəbər adı altında ölkədə iki məhsulun - nar və üzümün bol olacağı barədə xəbər verilir. Adamlara sanki müjdə verilir narla üzümün bol olacağını deməklə.

Olsun, qoy narımız bol olsun, hər halda, gələn qonaqlara, turistlərə, rəsmi və qeyri-rəsmi şəxslərə göstərəcəyimiz milli simvolumuzdur axı, nar. Narı simvolik şəkildən, suvenir statusundan çıxarmaq üçün deyəsən, bağbanlarımız əməlli-başlı çalışmalı olub. Sektor üzrə mütəxəssislər, əməkdaşlar da həmçinin. Sonuncuların əməyini vurğulamaq mütləqdir; bu məhsulun rəsmilərin diliylə ifadə etsəm, süni qiymət meyllərindən dolayı, ötən illərdəki bahalıqdan qurtarmağın yeganə yolu onun haqqında müsbət yöndə danışmaqdır. Bəli, qiymətin ucuz olub-olmaması deyil, onun bol olacağı barədə fikir yaratmaq, insanları qiymət artımından uzaqlaşdırmaqdır əsas niyyət.

Deməli, xəbərin əsasını narla üzümün bolluğu, bu ilin həmin məhsulların yetişməsi üçün əlverişli olması təşkil edir. Yəni bağlardakı bolluğun səbəbi odur ki, iqlim şəraiti əverişli olmaqla yanaşı, ziyanvericilərlə effektiv mübarizə aparılıb...

Fikrimizcə, kənd təsərrüfatı üzrə mütəxəssislər bu sahədə geniş araşdırma aparmalı, nədən kənd təsərrüfatı məhsullarının ildən-ilə bahalanmasının səbəblərini arayıb-tapmalıdır. Çünki insanların istehlak səbətində böyük çeşidi məhz kənd təsərrüfatı məhsulları tutur. Onların qiymətinin hamıya əlçatan olması isə çox vacibdir. Yay aylarında mövsüm tərəvəzlərinin, meyvələrinin, qışda isə yenə də fəslə uyğun meyvə-tərəvəzin qiymətinin əhalinin büdcəsinə uyğun olması az qala qlobal məsələ hesab edilməməlidir. Ən azından bunu iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək deyirik. Məsələyə zəruri bir aydınlıq gətirsək, yay məhsullarının qış üçün tədarük edilməsi məqamı da unudulmamalıdır. O mənada, gərəkdir yayda alıb, konservləşdirib, marinad edib, duza qoyub və s. ehtiyatı görəsən ki, qışda da ondan bəhrələnə biləsən. Bu mənada, builki bahalığın fonunda çətin hamı “nənənin barrikadası”ndan faydalana...

Yayın başlanğıcında meyvə-tərəvəzin qiymətinin mövsüm boyu düşəcəyi barədə “nağıl” deyən, “bayatı” çəkənlərin avazı deyəsən, özlərinə xoş gəlib. Yay bitsə, mövsüm başa çatsa da, qiymətlər bir nöqtədə ilişib qalıb. İndi də payızlıq meyvələrin bolluğundan dəm vururlar. Deyən yoxdur ki, onsuz da bazarda, mağazada, küçə ticarətində bolluqdur. Hər tində də əlində vedrə, ya da araba, meyvəsatanlar var. Bu qədər bolluğu hamı görür, fəqət hamı alıcı deyil. Satan çox, alansa yox. Məhsul da boldur, torpağın bərəkətindən. Həşəratlarla mübarizə də deyilənə görə, yetərincə aparılıb. Bir sözlə, çalışqanlıq nəticəsini verib, yerin altındakı xəzinə hər dadda, formada və rəngdə üzə çıxıb. Fəqət torpağın üstündəki bəzi “ziyanverici”lərin ucbatından əhalinin böyük hissəsi həmin meyvə-tərəvəzin dadından, ləzzətindən məhrum olub. Bolluğu yaradıb bahalığı ona etiket kimi yapışdıranların əlindən çox ailə bu yay uzunu mövsüm meyvələrinə tamarzı qalıb.

Payız meyvələrinin əsasını təşkil edənlər haqda əhaliyə şad xəbər verilir. Bolluğun olacağı sanki meyvə-tərəvəzin ceyranın belindən düşəcəyi kimi təqdim edilir. Yayda da bol idi, amma...

Təki, deyilənlər düz çıxsın, bolluq və...

Ən əsası, bolluğu diqtə edən ucuzluq olsun. İqtisadi təcrübəyə görə, axı bolluğu bahalıq deyil, elə ucuzluq təqib etməlidir. Bolluq olsun ki, əhali deməsin: “pulun bərəkəti qaçıb, yüz manata “heç nə” almaq olmur”. Desin ki, yüz manata hər şey almaq olur, hələ cüzdanda da bərəkət qalır...

Mətbəxdə dekora, divarda natürmorta çevrilən narı, ya da üzümü süfrəsində real görmək istəyən insanlara qiymət oxunmasın. Onların qiymətini bilir ki, almaq istəyir cümlə-millətim. Barı bir mövsüm insanlara da qiymət qoyulsun.

Nigar Orucova