Aşura Rəbbimizin Öz dinini sevdiyi bəndəsi vasitəsilə qoruduğu gündür

 



 

Yaradılış baxımından Allah ilin 12 ay və günlərini eyni dəyərdə xəlq edib. Lakin bu ay və günlər içərisində elə hadisələr baş verib ki, onlar həmin ayları digər ay və günlərdən qiymətli edib. Yəni ilk yaradılışdan eyni dəyərə sahib olan ay və günlərin içərisində elələri var ki, digərlərindən daha qüdsi (müqəddəs) və mübarəklik (xeyirli, xoşbəxt) qazanıblar. Məsələn, Quranın nazil olması ilə Ramazan ayı, duanın rədd edilmədiyi Cümə günü, ibadət baxımından min aydan üstün olan Qədr gecəsi və s. Hicri qəməri təqvimində yeni ilin ilk ayı olan Məhərrəm və Aşura da belə ay və günlərdən biridir.

Aşura

Aşura Məhərrəm ayının 10-cu gününün adıdır. O da Allahın yaratdığı günlərdən biridir. Fəqət, Aşura həmin gündə baş verən mühüm hadisələr etibarilə müqəddəslik qazanıb. Adəm (ə)-nin tövbə etməsi, həz. İbrahim və İsa (ə)-nin mövludları, Musa (ə)-nin Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Həz. Nuhun beş-altı nəfərlə tufandan xilas olması həmin günə təsadüf edib. Böyük Həcc ziyatərindən sonra profilaktik tədbirlər məqsədilə bağlanan Kəbə qapısının ziyarət edənlər üçün Aşura günündə açılması da bu günün dəyərlərindən biridir.

Aşura fəlsəfəsi

Məhərrəm ayının Aşura günü həm də Peyğəmbər (ə) nəvəsi Həz. Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, baba və atasının ucaltdığı etiqad atını yenidən şahə qaldırdığı gündür. Aşura İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan imam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi", "Hüseyn məktəbi"ni yaratdığı gündür. Lakin təəssüflər olsun ki, bu məktəb hələ də öz obyektiv təhlil və təbliğini lazımınca tapmayıb. Əksinə, bəziləri bu fenomen hadisəni ya ifrat, ya da təfritə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyirlər. Hadisəni sırf matəmə çevirənlər unudurlar ki, İslam iman, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin əsasını Rəbbin bəyəndiyi işlər uğrunda biganəlik yox, mübarizə təşkil edir. Təfritə varanlar isə, həmin fəlsəfəni cılızlaşdıraraq, onu həz. Hüseynin sırf siyasi hakimiyyət uğrunda mübarizəsi kimi qələmə verirlər. Əlahəzrət tarix isə hər iki yanaşmanı rədd edir.

"Güclü nə istəyirsə, ona nail olur" təsəvvürünü dağıtmaq bir tale yazısı kimi mənim boynuma düşən borcdur.  Mən, məndən sonra gələcək nəsilləri düşünərək, bir zalım güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, iman və vicdan məsələsidir. Və mən, həmin əqidə uğrunda ölməyə belə hazıram". İmam Hüseynə məxsus olan bu tezis Hüseyn fəlsəfəsinin mayası və nüvəsidir.

661-ci ildə həz. Əlinin şəhadətindən sonra Müaviyə camaatı qorxutmaq məqsədilə 40 minlik ordu ilə Xilafətin paytaxtı Kufəyə gəldi. O, həm də həz. Həsənin "qardaş qanı axıdılmamalıdır" sözündən məharətlə istifadə edərək, hakimiyyəti zorla mənimsədi. Lakin Kufə, Məkkə, Mədinə və digər bölgələrdə geniş sosial bazaya malik olan həz. Hüseyn, Əbu Bəkrin oğlu Əbdürrəhman və Zübeyrin oğlu Abdulla Müaviyəyə biət etmədilər. Başqa sözlə, onlar Müaviyə hakimiyyətinin legitimliyini tanımadılar. Hələ xəlifə həz. Əlinin dövründə Şam şəhərində "dövlət içərisində dövlət" yaradan Müaviyə, 669-cu ildə həz. Həsəni zəhərlədərək öldürtdü. Həz. Hüseyn "problemi" isə onu bir an rahat buraxmadı. Zira Müaviyə çox yaxşı bilirdi ki, imam Hüseyn xalq arasında həm ondan, həm də oğlu Yeziddən qat-qat artıq hörmətə malikdir. Tarixçi Təbəri (vəf.ed.923) yazıb: "Ömrünün sona çatdığını başa düşən Müaviyə sağlığında oğlu Yezidi varis kimi tanıtmaq üçün Yezidə biət edilməsini istədi. Yezid hərəkətlərinə görə fasiq (pozğun) sayılırdı. Və belə adamın xəlifəliyə namizədliyini qəbul etmək mümkün deyildi. Hüseyn, Abdullah ibn Ömər, Abdullah ibn-Zübeyr, Əbdürrəhman ibn-Əbu Bəkr və ibn Abbas təbii ki, bunu qəbul etmədilər. Müaviyə ölüb, yerinə Yezid xəlifə olduqda (680-cı il) o, Mədinə valisi Validə tapşırdı ki, həz. Hüseyn yeni xəlifəyə (Yezidə) biət etsin. Valid: "Ya Hüseyn, Yezid səndən biət istəyir". Hüseyn: "Mənki onun atasına baş əymədim. İnsanlar hər biət istəyənin qabağında əyilməyə alışsalar, bəs onda etiqad harada qalar?"

680-cı il Kərbəla hadisəsi təkcə haqq ilə batilin, zülm ilə ədalətin mücadiləsi olmayıb. Bu, həm də imanı saleh əməl ilə reallaşdıran bir qəhrəmanlıq salnaməsidir. Yezidin çoxminlik ordusunun əhatəsində olan İmam buyurdu: "Təkcə mən qaldım... Cəsarəti olan varsa, gəlsin bir anlığa onunla yerimizi dəyişək. Qoy o, buradan, mənim dayandığım yerdən sizlərə baxsın. Əgər qorxmayıb, atın üstündə duruş gətirə bilsə, başımı öz əllərimlə kəsərəm. Amma mən qorxmuram. Bilirəm ki, insanların inamı zalımın zülmünü basar. Bu dünya çox yezid görüb. Vaxt gələr, yezidlərə baş əyməyənlərin sayı çoxalar və onlar bugünkü hadisəni böyük ehtiramla yad edərlər".

Həz. Hüseynin zülm, batil, yezidlik qarşısında əyilməyən başı Kufə küçələrində gəzdirilərkən, sanki o baş deyildi: "Ey kəsik başların nümayişinə çıxan kufəlilər! Mən Yezidə boyun əymədim. Əymədim ki, sizə zülm etməsinlər. Mən- həz. Məhəmmədin nəvəsi, həz. Əlinin oğlu başım kəsildisə, vay sizin halınıza. Kəsik başların nümayişinə çıxmaqdansa, ibrət götürüb niyə zülmə qarşı çıxmırsınız? Niyə öz gələcəyinizi düşünmürsünüz?".  Bəli, həz. Hüseyn baba və atasından miras qalan etiqad atını Kərbəlada elə şahə qaldırdı ki, bu inam və əqidə onun Kufədə nizəyə taxılmış kəsik başından da yüksəkdə oldu.

Təqribən əlli yeddi il yaşayan imam Hüseyn (ə) sözün həqiqi mənasında çox şərəfli ömür yaşayıb. Başqa cür ola da bilməzdi. Çünki o, Peyğəmbər övladının parlaq nişanəsi kimi mənəvi vilayət və Quranın nazilolma mühitində tərbiyə almışdı. Həmin səbəbdən imam Allah rizası naminə imkanın son həddinə qədər getdi və şəhadəti ilə əbədi ölməzlik simvoluna çevrildi. Bu baxımdan, vəhy ailəsinin - Əhli beytin əbədiyaşar nümayəndəsi olan imam Hüseynin qəhrəmanlıq səlnaməsi onun şəhadətindədir desək, məncə yanılmarıq. Çünki Rəbbimiz məhz bu şəhadətlə Öz dinini qorudu. Axı müsəlmanların nicatı, İslam şəriətinin davamlığı və Quran fəzilətinin tədrisi imam Hüseynin (ə) getdiyi yolda idi.

"Quranı Biz nazil etdik, onu Biz də qoruyacağıq"

Sonuncu kitabında Allahu-Təalə buyurub: "Quranı Biz nazil etdik, onu Biz də qoruyacağıq". Lakin bu zəmanəti Rəbbimiz seçdiyi bəndələri vasitəsilə yerinə yetirir. Vaxtilə İslam elm və mədəniyyət ocaqlarını taru-mar, müsəlman ölkələrini işğal edən səlibçilərin (XI-XII əsrlər) layiqli cavabını verən Səlahəddin Əyyubi kimi. S.Əyyubinin (1138-1193) haqq qılıncı İslama təcavüz edən digər din mənsublarına qarşı idi. Və həmin işğalın ilhamvericisi də Vatikanın o vaxtkı rəhbərliyi olub. Həz. Imam Hüseyn isə mücadiləni -vuruşu namaz qılan, oruc tutan və İslamın digər hökmlərini icra edən fasiq (pozğun) müsəlman xəlifə və onun ordusu ilə - Yezid və yezidçilərlə aparıb. Yəni S. Əyyubi xaricilərlə- başqa din mənsubları ilə vuruşubsa, imam Hüseyn(ə) ondan daha qəliz olan daxili düşmənlərə- zahirən müsəlman, daxilən Rəbb kəlamlarına, Peyğəmbər (ə) sünnətinə asi olan bir xilafətin hakimiyyətinə qarşı çıxıb.

Təbəri yazıb: "Hüseynin kəsilmiş başı Kufəyə gətirildiyi zaman Yezidin Bəsrə və Kufəyə vali təyin etdiyi Ubeydullah əlindəki əsa ilə Hüseynin dodaqlarına toxundu. Orada olan Əbülbərzə və digərləri bu səhnəyə dözə bilməyib, ondan əsasını çəkməsini tələb etdilər. Çünki onlar həz. Peyğəmbərin bu dodaqlardan çox öpdüyünün şahidi idilər. Ubeydullah bu hərəkətilə kifayətlənməyərək Hüseynin əsir alınan bacısı və qızlarını lağa qoymaq istəmişdi". Bəli, bu, namazından, orucundan qalmayan və Yezid hakimiyyətində iki böyük şəhərə valilik edən Ubeydullah idi. O Ubeydullah ki, "Hüseyn məndəndir, mən Hüseyndənəm, Allah Hüseyni sevənləri sevər" Peyğəmbər (ə) kəlamının şahidi idi.

Məgər həz. Hüseynin sağ əlini qılıncla kəsən Zürə ibn Şarik namaz qılmırdı? Ya imamın başını kəsib müvafiq ənam alan Sinan ibn Ənəs müsəlman deyildi? Onların hamısı müsəlman idi, Rəbb və Peyğəmbər (ə) kəlamlarını da yaxşı bilirdi. Nəticə nə oldu? İmam Hüseyn(ə) əqidə, iman ağacını öz qanı ilə suladı, məzlum başları kəsilmiş başı ilə şərəfləndirdi. Dünyəvi və uxrəvi (axirət) kamil şəhid zirvəsini fəth edərək qiyamətə qədər Vətən, Din, Bayraq uğrunda canlarını qurban verən şəhidlərin ağasına çevrildi. Bu hadisədən az sonra tarix Yezid və yezidçiləri lənətxanaya atdı və Rəbbimizin: "Quranı Biz nazil etdik, onu Biz də qoruyacağıq" kəlamı zəfər çaldı!

Məhərrəm ayı və Aşurada baş verən mühüm hadisələr Rəbbin icad və qüdrətindən doğan hikmətlərdir. 680-cı il Kərbəla hadisəsi dünyada analoqu olmayan Təvhid və Nubuvvətə inam, birlik və azadlığın əməli vəhdəti, sədaqət və iradə qaynağı kimi nəsillərin yaddaşına əbədi həkk olunan şəhidlik məktəbi, dünya müsəlmanlarının qan yaddaşıdır.  Deməli, "Hüseyn fəlsəfəsi" yurd-yuvası olmayan, səpələnmiş bir etnik qrupun - xarici yezidlərin 200 il ərzində Azərbaycan torpağına sahib çıxması baxımından bir müsəlman, bir azərbaycanlı kimi hamımız üçün ibrət, təhlil və mübarizə qaynağı olmalıdır.  "Hüseyn fəlsəfəsi" özünü Yezid kimi müsəlman adlandıran, fəqət əməlilə yezidlik edən daxili yezidlərimizə qarşı mübarizə məfkurəsi olmalıdır. Bu fəlsəfə çağdaş dövrümüzdə Suriya və digər ölkələrdə müsəlmanın müsəlman qanına susaması kimi anti-bəşər fəaliyyətə əməl ilə "yox" deməyin adıdır. Hüseyn fəlsəfəsi Aşurada baş yarmaq, zəncir vurmağın yox, sədaqətin, vəfanın, doğru söz və saleh əməlin təntənəsi, elm və təcrübə vəhdətinin mayasıdır. Unutmamalı ki, Məhəmməd (ə) ümməti olaraq bizim başqa ümmətlər içərisində söz sahibi olmağımız məhz bu dəyərlərlə reallaşa bilər. 

Vaxtilə Rəbb Musa(ə)-nin qorxaq və müti camaatını hidayətə çatdırmaq üçün buyurdu: "Mən sizin qeyrətinizi millət anlayışı olmayan bir xalqla oyadacam". Deməli, Hüseyn məktəbinin verəcəyi ən böyük dəyərlərdən biri də, Rəbb buyuran oyanışın bizdə davamlı olmasıdır.

 

P.S. Məhərrəm ayında matəm mərasimi ilk dəfə İraqda, Buveyhüllə oğulları tərəfindən saxlanılıb. Aşurə ilk dəfə olaraq, rəsmən 963-cü ildə İranda keçirilib. Sonradan Şah Abbas dövründə (1571-1629) bu ənənə kifayət qədər geniş yayılıb. Səfəvilər vaxtında şiəlik rəsmi din kimi qəbul olunduqdan sonra, Məhərrəm ayının yas ovqatında keçirilməsi adət halını aldı. Aşuranın mərsiyələrlə keçirilməsi isə XVIII əsrdən başlayıb. Belə ki, həmin əsrdə İranda Kərimxan Zəndin yanına bir avropalı gəlib, ona faciə janrında söhbət açır. Bu söhbətdən təsirlənən Kərimxan əmr edir ki, Kərbəla faciəsi də mərsiyələrlə keçirilsin.

Vaqif Cəliloğlu|
Tex. elmləri üzrə
fəlsəfə doktoru