Vaqif Cəliloğlu-75
İlahidən güc alan insan
Düz deyirlər ki, insan yaşlaşdıqca (qocaldıqca demədim ha, qarışdırmayın) günlər daha tez keçir. Mən də son zamanlar, cavanlığımdakı kimi qaçdığımı hiss etsəm də, hər yerə gecikirəm. Dostumuz, qardaşımız, qəzetimizin ağ-saqqalı Hacı Vaqif Cəliloğlunu 75 illik yubileyi münasibəti ilə təblik etməyə də, beləcə gecikdim. Başım bir qədər qarışıq oldu, suçumu əfv edər yəqin... Amma dyadya Vanya demişkən: "Luçşe pozdno, çem nikoqda". Biz “uruskoyazıçnı” uşaqlar olduğumuzdan başqa bir ifadə tapa bilmədim, buna görə də, daha bir əfv fərmanı imzalamalı olacaq əziz dostumuz.
Əlqərəz, bir neçə gün əvvəl, yəni sentyabar ayının 1-də əziz dostumuz, səmimi insan, gözəl ailə başçısı, möhtəşəm baba olan Vaqif bəyin 75 yaşı tamam oldu. Artıq 100-ün sonuncu dördünə qədəm qoyan dostumuzu öz adımdan və "Paralel" qəzetinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Ən böyük arzum isə daim onu öz aramızda görməkdir. Çünki bu müdrik insanın məsləhətlərinə, tövsiyələrinə çox böyük ehtiyacımız var.
Aqillərdən biri deyib ki, insan müdrikliyi başqalarından öyrənmir, taleyin hər bir zərbəsindən sonra yıxılaraq, duraraq ona özü çatır. Vaqif bəy də, bu 75 illik ömür karvanında taleyin bir çox dolaylarından üzüağ çıxaraq müdriklik zirvəsinə yüksəlib. Vaqif bəyi müdrikləşdirən əsas səbəblərdən biri də, onun Allaha, Yaradanın ilahi gücünə inamından qaynaqlanır. Bu ilahi bilgiləri öyrənmək istəyi onun həyat tərzinə çevrilib. Elə bir gün, məqam olmaz ki, Hacı Vaqif bu ilahi kəlamlarla təmasda olmasın, onların təhlilini apararaq özünə və cəmiyyətimizə lazım olanları tapıb bizlərə ərmağan etməsin. Bu da sözsüz ki, onun müdrikliyinin və böyüklüyünün göstəricisidir. Hacı Vaqif həm də bizim haqq yolunda olmağımız üçün bir körpü, vasitədir və bundan istifadə etmək lazımdır.
Bu da məlumdur ki, həyatda nə qədər insan varsa, bir o qədər də xarakterlər var. Elə insanlar var ki, onlarla qarşılaşdığın zaman sıxılırsan, elə bil ağır bir yükün altına girirsən. Elə insanlar da var ki, bütün gərginliklərə, problemlər və sıxıntılara baxmayaraq, onlarla qarşılaşdığın zaman bir yüngüllük hiss edirsən, ruhuna yeni bir enerji gəlir, həyat eşqi yaranır. Hacı Vaqif, məhz belə, nurlu, müdrik və müsbət enerjili bir insandır. Onunla saatlarla söhbət etsən belə, yorulmursan, əksinə, ayrılıq zamanı çatanda təəssüf hissi keçirirsən ki, vaxt nə tez keçdi. Bütün bunlar onun ilahi gücə güvəncindən, bu güclə gündəlik təmasından qaynaqlanır, məncə.
Allah-təaladan bu gözəl insana cansağlığı, uzun ömur, həyatda və yaradıcılığında uğurlar diləyirəm. Daim bizimlə bir yerdə olsun istəyirəm, inşəallah!
Yusif Seyid və "Paralel" qəzetinin kollektivi