Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar: Şeyx Məhəmməd Xiyabani
- Yazı
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu) "Paralel qəzet üçün yazdı. (www.paralel.az)
Azərbaycan Türk mütəfəkkiri Şeyx Məhəmməd Xiyabani (1879/80-1920) Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olmuş, Təbriz və Mahaçqala şəhərlərində dini və dünyəvi elmlərdən təhsil almışdır. Belə ki, astronomiya, riyaziyyatla yanaşı, İslam fəlsəfəsi, İslam tarixi ilə yaxından tanış olan Xiyabani müctəhidlik dərəcəsinə yüksəlmiş, bir müddət Hacı Kərimxan məscidinin axundu, imamcüməsi, ya da vaizi olmuşdur. O, 1907-1909-cu illərdə Qacarlarda baş vermiş məşrutə hərəkatında mühüm rol oynayaraq Təbriz Əncüməninin və Şura Məclisinin vəkili, 1909-1911-ci illərdə fəaliyyət göstərən 2-ci Məclisdə Demokrat Partiyasının Azərbaycandan seçilən millət vəkili olmuşdur. 2-ci Məslis Tehran hökuməti tərəfindən buraxıldıqan az sonra Xiyabani yenidən çar Rusiyasına üz tutaraq 1916-cı ilə qədər Mahaçqalada və Peterburqda yaşamışdır. Çar Rusiyasında olduğu müddətdə sosial-demokratiya təlimi ilə yaxından tanış olan Xiyabani də bu ideyaya xeyli dərəcədə maraq yaranmışdır.
1917-ci il fevral burjua inqilabı çar Rusiyasında olduğu kimi, Qacarlarda da geniş əks-səda doğurdu ki, Demokrat Pratiyasının Azərbaycanda-Təbrizdəki Vilayət Komitəsinin sədri olan Xiyabani qısa bir müddətdə Azərbaycan türklərinin liderinə çevrildi. Eyni zamanda, o, 1917-1920-ci illərdə Təbrizdə nəşr edilən “Təcəddüd” (“Yeniləşmə”) qəzetinin əsas yazarlarından biri olmuşdur. Demokrat Partiyasının Azərbaycan Vilayət Komitəsinin 1917-ci ilin avqustundakı iclasının qərarı ilə müstəqil Azərbaycan Demokrat Firqəsi/Partiyası (ADF) yaradılıb, onun Mərkəzi Komitəsinin sədri Xiyabani seçilmişdir. 1917-1918-ci illərdə Azərbaycan, xüsusilə də Təbriz ADF və onun liderinin böyük nüfuzu altında olub, demək olar ki, idarəetmə onların öz əllərində idi.
Həmin dövrdə Azərbaycan üçün isə əsas təhlükə Tehran hökumətindən çox 1917-1918-ci illərdə Böyük Britaniya, Fransa və ABŞ tərəfindən aysorlarla ermənilərdən ibarət yaradılmış qondarma “xristian qoşunu” ya da qondarma “Aysor dövləti” idi. “Aysor-erməni dövləti”nin əsas hədəfi də Azərbaycan türklərini etnik soyqırım etmək idi ki, nə Xiyabani, nə də onun başçılıq etdiyi ADF “irançılar”la onların havadarlarının, yəni ingilislərin, rusların “xristian ordusu”nun Azərbaycanda başlatdıqları qırğınların qarşısını almaq gücündə deyildilər. “Aysor-erməni dövləti” 1918-ci ilin fevral-may aylarında təkcə Urmiya və Salmasda on minlərlə Azərbaycan türkünü soyqırıma məruz qoymuşdu. Ancaq 1918-ci ilin yayında Osmanlı ordusunun 4-cü alayının qəhrəmanlıqları nəticəsində Urmiya və Salmas, eləcə də digər Azərbaycan kəndlərilə şəhərləri birləşmiş “erməni-aysori ordusu”ndan azad edildilər.
Bütün bunlara baxmayaraq Xiyabani ilə Osmanlı hərbi komandanlığı arasında anlaşılmazlıq baş verdi. Belə ki, Xiyabani Güney Azərbaycan xalqını “Aysori-erməni” hərbi birləşmələrinin zülmündən xilas etmiş Osmanlı ordusunun Güney Azərbaycandan çıxarılmasını tələb edib və bunun da nəticəsində, ADF-nin lideri Qarsa sürgün edilmişdir. Sovet Azərbaycanı dövründə Qulam Məmmədli dövrünün də şərtləri nəzərə alsaq, Xiyabani ilə Osmanlı ordusunun həmin alayı arasında yaranmış problemi belə izah etmişdir: rus qoşunları Azərbaycanı tərk etdikdən sonra Təbrizə gələn Türk əsgərləri taxıl məsələsində əvvəlcə Xiyabaniylə razılaşdıqları halda, daha sonra aclıq vəziyyətində olan əhalinin olan-qalanını da əlindən alıb. Xiyabaninin Türk hərbi komandalarına etiraz nəticəsində o, ölkədən sürgün olunmuşdur. Şübhəsiz, bu məsələdə anlaşılmazlıq, ya da iki qardaşın arasına girmiş xainlər olmuş və nəticədə də həmin xoşagəlməz hadisə baş vermişdir.
Birinci Dünya müharibəsinin nəticələrinə görə, Osmanlı Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra Təbrizə qayıdan Xiyabani ADF daxilində yaranmış fikir ayrılığının qarşısını almaq üçün bir çox cəhdlər göstərsə də, uğursuzluqla nəticələndi. Belə ki, partiya daxilindəki “tənqidiyun” (“tənqidçilər”) qrupu başda Zeynalabdin xan, Əhməd Kəsrəvi olmaqla, “təcəddüdiyun” (“yenilikçilər”) fraksiyasını, xüsusilə də Xiyabanini qeyri-demokratik addımlar atmaqda, Osmanlı ilə əməkdaşlıqda, Azərbaycanı “İran”dan ayırmaqda ittiham edirdilər. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, Osmanlı ordusunun Güney Azərbaycandan çıxarılması tələbini irəli sürən Xiyabani, bunun qarşılıqlığında Qarsa sürgün edilmişdi. Professor. Əkrəm Rəhimli də hesab edir ki, Ə.Kəsrəvi başda olmaqla “tənqidiyun”çuları əsas narazlıqları Azərbaycan türkcəsinin işlədilməsi, Milli hökumətin “Azadistan” adlandırılması, Milli muxtariyyat tələbi ilə çıxış etməsi, “aryaçılıq”dan uzaqlaşıb azərbaycançılığa əsaslanması və bu kimi milli məsələlər olmuşdur.
ADF daxilində bu cür ziddiyyətlərin yaşandığı bir dövrdə, 1919-cu ildə Böyük Britaniya ilə Qacarların baş naziri Vüsuqüdövlə arasında 1907-ci il avqustnda bağlanmış müqaviləni (həmin müqaviləyə görə Qacarlar çar Rusiyası və İngiltərə tərəfindən iki hərbi nüfuz dairəsinə bölünmüşdür) əvəz edən yeni müqavilənin (bununla da Qacarlar dövləti demək olar ki, İngiltərnin hegemonluğu altına keçmiş olurdu) bağlanması Azərbaycanda geniş etirazlara səbəb oldu. Hətta, 1920-ci ilin aprelin 7-də Xiyabaninin başçılığı ilə Təbrizdə “Azadistan” adlı Milli hökumət də quruldu. Ancaq təxminən altı ay sonra, 1920-ci ilin sentyabrın 12-də Tehran hökuməti tərəfindən Milli hökumət süquta uğradılıb, Xiyabani özü də Təbrizdə gedən döyüşdə şəhid oldu. Onun şəhid olmazdan öncə dediyi son sözü belə olmuşudr: “Şərəfli ölüm, şərəfsiz yaşamaqdan yaxşıdır!”. Xiyabaninin tədqiqatçılarından Əli Azəriyə görə, ölümündən əvvəlki iki gecəni evində qaldığı Hacı Şeyx Həsən xanın Təbrizin yeni valisi Müxbirəssəltənədən onun üçün can təhlükəsizliyi istəmək təklifinə isə Xiyabani belə cavab vermişdir: “Mən ölməyi təslim olmaqdan üstün tuturam. Düşmənlərin qarşısında diz çökmərəm. Mən məşrutiyyət dövrünün uşağıyam, Ərəb xilafətinə baş əyməyən Babək Xürrəminin sülaləsindənəm”. Yeri gəlmişkən, Əli Azəri “Ş.M.Xiyabaninin Təbrizdəki qiyamı” əsərində Xiyabanini “gənc Türk qəhrəmanı, Azərbaycan türklərinin azadlıq hərəkatınını lideri”, “Azadistan Türk Muxtar Dövləti”nin başçısı kimi qələmə vermişdir.
İctimai-fəlsəfi baxışları. 1917-ci ildən etibarən “Təcəddüd” (“Yeniləşmə”) qəzetində azadlıq, bərabərlik və ictimai ədalət ideyalarını təbliğ edən Xiyabani hesab edirdi ki, müsəlmanlar müasir dünyada yeni mədəniyyət yaratmaq, ya heç olmasa istər-istəməz meydana gələcək bir mədəniyyətin yaranmasında fəal iştirak etməlidirlər. Onun “Yeniləşmə” fəlsəfəsinə görə, yeni bir mədəniyyətin yaranmasıında hər kəsin öz layiqli borcunu yerinə yetirmək üçün iki əsas işdə səy göstərməsi zəruridir: bunlardan biri ağıl və təfəkkür, digəri isə səbat və həmrəylikdir. Əslində buradakı “Təcəddüd” (“Yeniləşmə”) fəlsəfəsi Avropadakı liberalizmlə bir çox cəhətlərinə görə üst-üstə düşsə də, milli özünəməxsusluğu ilə fərqlənirdi. Bunu nəzərdə tutaraq Xiyabani yazırdı ki, İslam dünyasında “Təcəddüd” məsləki siyasi dildə çox vaxt “liberalizm” kəlməsi kimi istifadə olunsa da, ancaq bu, Avropa liberalizmini təqlid etmək anlamına gəlməməlidir.
Xiyabaninin bir müdrik, filosof kimi düşüncələrində gələcəyə həm inam, həm də həmin inamı gerçəkləşdirə biləcək məntiqli bir təfəkkür var idi. Bu baxımdan “Təcəddüd” fəlsəfəsində “qorxu” anlayışna yer yoxdur və cəsarətlilik, igidlik ön plandadır. Həm bu günə, həm də gələcəyə münasibətdə qorxunu dəf edib, ancaq cəsarəti tutmaq vacibdir. Xiyabaniyə görə, qorxuya yenilmiş insanın, ya da xalqın gələcəyi və gələcəklə bağlı ümidləri də ola bilməz. O, yazırdı: ““Qorxuram” sözü onu deyən adamın öz vicdanı qarşısında biabırcasına etdiyi etirafdır. “Qorxuram” sözü rəzalətin ən alçaq dərəcəsini və onu deyən adamın ruh düşkünlüyünü andıran bir formul və ifadədən ibarətdir. “Qorxu” insanın təbiətində mövcud olan ən çirkin bir hiss və uğursuz bir həyəcandır. Bu hiss adamı mərdlik şərəfindən və alicənablıq məziyyətindən mərhum edərək onu nisginliyin ən aşağı dərəcəsinə endirir və ən murdar heyvanlarla bir sırada qoyur. Ağciyər adamlar, yəni cəsarətsiz, ürəksiz qocalar, gənclər, qadınlar və oğlanlar təbii olaraq qorxaq bir ictimaiyyəti, qorxaq cəmiyyət və milləti təşkil edərlər. Qorxaq bir millət isə çox çəkmədən öz başında bir qəddarın əlində giriftar olar”.
Onun fikrincə, qorxu insanlar kimi, xalqların da qul olmasının başlıca səbəblərindən biridir. Üstəlik, qorxu təkcə siyasi köləliyə səbəb olmur, eyni zamanda ziyanverici və fəlakətli hadisələrin meydana gəlməsinə də kömək edir. O, yazırdı: “Beləliklə, qorxaq adam hədə, zor qarşısında özünü itirir, çaşır və hüququndan belə əl çəkir, ən müqəddəs varlığından məhrum olur, habelə bu iyrənc qorxunun uğursuz təsiri nəticəsində qorxağın bədənindəki müqavimət qüvvələri də azalaraq hər cür xəstəliklərin hücumuna, yoluxmasına imkan yaranır. Mikroblar gündən -günə canlanır, güclənir və qorxağın sağlamlığının məhv və həlak olmasına səbəb olur”.
Xiyabaniyə görə, qorxu bilavasitə fəlakətin səbəbi olmasa da, fəlakətdən törənən nəticələrin daha da gərginləşməsində çox böyük rol oynayır: “Qorxu minimum dərəcədə kədəri, qüssəni artırır. Yüksək ziyanverici dərəcəyə çatdıqda isə ya bilavasitə fəlakətlərin törəməsinə səbəb olur, ya da həyatı bərbadedici kor bir ehtiras kimi təcəssüm edərək istərsə maddi, istərsə də mənəvi cəhətcə insanı bütün rahatlıqdan məhrum edir. Qorxu insanın düşüncə qüvvələrini, ağıl və kamalını hərəkətdən saxlayır, onun cismi qüvvələrini də dərhal faəliyyətdən salır. Qorxu sağlamlıq nümunəsi, sayıqlıq və zəka mənbəyi olan bir şəxsi solğun, qansız quru bir heykələ, şüursuz, iradəsiz, fəaliyyətsiz və xülyaya tutulmuş, məğlub bir adama çevirir. Qorxu insanın sağlamlığında da eyni təsiri göstərir. Tək-tək adamların bədəninidə qorxudan törənən nəticələr eynən xalq kütlələrində də törənir. Özü-özülüyündə yenilməz, böyük qüvvəyə malik olan bir xalqı qorxu heçə-puça çıxarır”.
Xiyabani iddia edirdi ki, qorxu inkişaf, təkamül və yeniliyin qabağını alan ən böyük maneə, bəşəriyyətin düşmənidirsə, cəsarət isə tam əksinə insanlıq üçün var olmaq deməkdir: “Qorxu deyilən bu uğursuz hiss bəşəriyyətin şərəf, heysiyyət, mənlik və mərdlik kimi nəcib hislərini təhlükəyə salır. “Qorxu” olan yerdə insan qabiliyyət və məziyyətdən məhrum olur. İnsan adını daşımaq və insaniyyət şərəfinə malik olmaq istəyən şəxs qorxmamalıdır. “Qorxmamaq”, bu bəşəriyyət aləmində mövcud olan şərəf və heysiyyəti qorumaq üçün bir vasitədir. Lakin təkcə qorxmamaq kifayət etməz, bundan əlavə cəsarətli, qoçaq və ürəkli də olmaq lazımdır. Qorxunun əskinə olaraq cəsarət ancaq ağıl və igidlik silahı ilə silahlanmış və uzaqgörənlik hissi ilə aşılanmış cəsarət, çoşqun və fədakar bir qoçaqlıq millətlərə nicat verə bilər”. (Ardı var)