Əninli etiraf: GECDİRMİ?
Yaradılış möhtəşəm və ecazkar bir orkestrə bənzər. Orada eşidə, görə və duya bilmədiyimiz məxluqat da var. Orkestri qəza çubuğu ilə idarə edən Dirijor onlara da əmr edir. Bəs, orkestrdə o məxluqatın rolu nədir?
Onu biz yox, qədər qələmilə yazan Bəstəkar bilir. Deməli, hər şey yaşayır. Bunu hiss etmirik deyə, onları inkarmı edəcəyik?
İradəmizdən asılı olmayaraq özümüz də, tapdaladığımız otlar da, torpaq altında olan hər bir cücü də hərəkətdədir, çünki hamı və hər şey həyat və varlıq nizamı içindədir. Burada ölümün adı və nişanı yox, zira var olan hər şey yaşayır.
Fövqəlbəşər bu orkestrdə günəşdən tutmuş atom zərrəsinə qədər heç bir varlıq "falş" etmir. Saxta ritmlər ancaq insandan gəlir. Halbuki o, mövqe və dəyərinə görə, bütün məxluqatdan üstün yaradılıb. Lakin Bəstəkar bunu qabaqcadan bilirdi. Bildiyi üçün mələklərin: "Bu insan bir fəsad ünsürüdür, onu yaradıb orkestrə salma” - ifadəsinə, "Sizin bilmədiklərinizi Mən bilirəm" - demişdi. Deməli, Bəstəkar notunda bu "falş" səslərin də öz yeri var. Başqa sözlə, bizim düşüncəmizə görə, bu "ahəngsizlik", əslində bir ilahi ahəngi tamamlayan Rəbb hikmətindən xəbər verir. Və sözsüz ki, bu hormoniyanı yaradan və yaşadan, öldürən və yenidən dirildən Böyük Bəstəkar bizim bilmədiklərimizi çox yaxşı bilir. "Məgər yaradan bilməzmi" (Mülk 14).
Orkestrdə mənim də öz yerim var. Çünki həmin yeganə Bəstəkar və Dirijorun qəza və qədərilə 75 ildir ki, mən də yaşayıram. Lakin zaman seli ömür adlanan 75 illik bu binanın təməl daşını aşıladıqca, qazandığım və itirdiklərimi müqayisə edib dəhşətə gəlirəm. Çünki itirdiklərim çox, qazandıqlarım isə cüzidir. Günahlarımın çoxluğundan nitqim quruyub. Əmr və tövsiyələrinə qarşı bəzi etinasızlığım, istədiyin şəkildə Sənə həmd-səna etməməyim, verdiyin sonsuz sayda maddi və mənəvi nemətlərinə görə qüsurlu şükranlığım, valideynlərimə və ailəmə, qohum-əqrəba və dostlarıma, vətənimə və xalqıma qüsurlu xidmətim qəlbimi hüznlü, gözümü yaşlı, üzümü qara, başımı aşağı edibdir. Sənin dəlilin olan vicdanım, Qarabağın düşmən tapdağı altında olmasına görə, hüznlü qəlbimin bir zəkat kimi gözümdən axıtdığı yaşlara məhəl qoymur. Firatdan verdiyin və nəfsimə müxalif etdiyin vicdanım deyir: Nəsillərin sizə verdiyi Qarabağ əmanətinə xəyanət etdiyiniz üçün, Xocalıda al qanları ilə ağ qar üzərində "Allahu-Əkbər" yazan şəhidlərin, namusu təhqir olunan qız və qadınların, əzaları kəsilən uşaqların əlləri sənin də boğazında olacaqdır. Olacaqdır həm də ona görə ki, siz Rəbbin 7 iqlimli Azərbaycan adlanan nemətinə, oradakı Allah evlərinə, əcdadlarınızın uyuduğu məzərıstanlara və daha nələrə-nələrə sahib çıxa bilmədiniz. Siz Pəbbin verdiyi kin, nifrət, cihad dəyərlərini İslamın varlıq qayəsinə qəsd edən düşmənə yox, bir-birinizə yönəldib, vəhyin bərəkətini azaltdınız. Siz İslamın irşad və təbliğ yolunu maariflənmədə yox, qeybət etdiyiniz yas məclislərində axtardınız. Siz dünya malını axirət səadətindən üstün tutaraq, müqəddəs Allah kəlamlarını əxlaqsız siyasətinizin alətinə çevirib, zalımları Allahın qılıncı etdiniz.
Ey rəhimli və mərhəmətli Allahım! Ömrümün baharı xəzəllə əvəz olunub. Ömrün meyvələrindən əlimdə qalanı isə acı ələmlər, bəraətsiz günahlardır. Bu ağır yük, incik qəlb və xəcalətli üzümlə artıq qəbrə yaxınlaşıram. Ora - gedənin gələni gözlədiyi yerdir. Növbəti gələn isə mənəm. Girəcəyim yer həm də dünya adlanan fani və anidən, axirət adlanan bəqi və əbədiyə açılan birinci qapıdır. Torpaq altındakı istənilməyən məkandır, ora. Arzu olunmayan qonaqlıq evinə sürüklənən yerdir, ora. Kəfən və bədənlərin çürüdüyü yerdir, ora. Dünyadan ancaq əməllərilə ayrılanların yeridir, ora. Görünüşcə bir cəmiyyətdir qəbr sakinləri. Fəqət, bir-birinə qonşu olsalar da, bir-birindən ayrı və uzaqdır onlar. Ana ilə bala qəbrinin arasındakı məsafə bir qarış olsa da, fəqət, vaxtilə özünü övladı üçün fəda edən ana, balasına kömək edə bilmir, orada. Ana öz hayında, bala öz hayındadır orada.
Ey Rahmən və Rəhim Allahım! Ey Xaliqi Kərimim! "Kullu ətin Qarib" (hər gələcək yaxındır) kəlamına görə, hamının dönüşü Sənədir. Qismət olsa məni də yuyub, kəfənləyib qəbrə qoyacaqlar. Ailəm, dostlarım və qohum-qonşum ruhsuz cəsədimi torpağa tapşırıb, geri qayıdacaqlar. Orada mənə yoldaşlıq edən ancaq yaxşı və pis əməllərim olacaq. Qəbirdə haqqal yaxın görüb, bir daha əmin olacağam ki, Səndən başqa pənahgahım yoxdur. Qəbr isə hər gün beş dəfə təbil vurub bəyan edər: "Yerinizi nə qədər geniş qazsalar da, sizi sıxıb əzab verəcəyəm. Pis işlərdən əl çəkib tövbə edin. Bilin ki, həşrdən qabaq sorğu-sual məndə olacaq. Mən yalqızlıq və tənhalıq, altı və üstü qara torpaq olan yerəm. Bura gələn Rəbb kəlamlarını və saleh əməllərini özünə yoldaş etsin. Mən qaranlıq yerəm. Bura dünyada qıldığınız namazlarla, yaxşı işlərinizlə nurlanar. Mən ilan və əqrəblər olan yerəm. Bura "bismilləh" və saleh əməllərinizlə gəlin. "Ey dirilər, ölməzdən qabaq ölənlərdən ibrət alın. Zira ibrət qəbirdə yox, diriykən dünyada alınır. Bilin ki, mən haqqam və çəkdiyiniz hər nəfəs mənə doğru atdığınız addımdır".
Qəbr əzabının verəcəyi dəhşət və vəhşətlərdən Sənə sığınıram, ya Rahim Allah! Əllərimi sonsuz səmaya yox, Sənin Lə-Məkan sarayına açıb yalvarıram: Ey dərgahına sığınanları qoruyan Rəbbim! Qədərimi, əzabımı və şikayətimi sənə deyirəm. Məndə həz.Əli kəraməti də yoxdur ki deyəm: "Pərdə qaldırılsa da yəqinim pozulmaz". Məndə həz. Əbu Bəkir imanı, siddiqlik və salehliyi də yoxdur ki, deyəm: "Ümmətin Cənnətə getməsi naminə, Cəhənnəmə getməyə hazıram".
Sənin comərdlik dəryandan bir damla mənim bütün ehtiyaclarımı ödəyər. Sən elə bir comərd, səxavət sahibisən ki, istəyənlərin istəkləri nemətini azaltmaz, israrla diləyənlərin diləkləri Səni bezdirməz. Vermək, səxavət göstərmək xeyrini, lütfünü azaltmaz. Səndən başqa hər verənin verdiyi nemət yox, nikmətdir ki, azalar. Ehtiyaclardan artıq verən, güman etmədiklərimizi lütf edən Sənsən. Səndən başqa hər görünən görünməməyi bacarmaz və hər görünməyən də görünməyi bacarmaz. Yazdığın qəza və qədərdən yox, nəfs və halımdan Sənə şikayət edirəm. Ya Rəbbim, məni günahlarımın xəcalət və əzabından hifz et! Əgər duamı qəbul edib, məğfirət və rəhm etsən, Sənin şanındır. Çünki Ərhamərrahiminsən. Qəbul etməsən, Sənin qapından başqa hansı qapıya gedim? Hansı qapı var ki? Səndən başqa Rəbb yox ki, dərgahına gedilsin. Səndən başqa haqq Məbud yox ki, ona sığınılsın... Birsən, Əhad və Samədsən, heç bir şərikin də yox. Necə, nə vaxt öləcəyimi mən yox, Sən bildiyin üçün, verdiyin ömür şansından istifadə edib, bir daha şahidlik edirəm: "Səndən başqa heç bir iləh yoxdur və Məhəmməd Əleyhissəlam Sənin elçindir".
Ya Rəhman və Rəhim! Doğum günümü dünyaya gəldiyim yox, Sənə qovuşacağım günü hesab edirəm. Cəlal və camalına baxmaq üçün günahlarımı bağışla, tövbələrimi qüsurları ilə qəbul et!
Səndən Sənə sığınıram, ya Rəbb! Qəlbimi, qədərimi, qələmimi və qəbrimi iman və Quran nuru ilə doldur, ey dilədiyini öz nuruna qovuşduran Nur!
Ya Rəbbim! Qiyamətə qədər sənin isimlərinlə dua edən əbədi bir dilimin olmasını təmənni edirəm. Elə isə aciz və günahkar qulunun yazılarını özündən sonra qalan dili hesab et... Amin!
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru