Sizi deyib gəlmişik!



 

“Yaz,  amma mənim adım olmasın”...

Hər bir insanın öz vəzifə və məsuliyyəti var.  Baxmayaraq ki, o, hansısa ali, orta və ya xırda bir vəzifə sahibi, sıravi bir insandır,  həyatda mövcudluğu onun zatən, boynuna bir borc qoyub. O borcla da  adam cəmiyyətdə böyük və kiçik olsa da, tutduğu məqama uyğun öz məsuliyyət yükünün daşıyıcısıdır.

Biz qələm əhli, yazarlar da həmçinin. Missiyamızın nə olduğu məlum. Ondan geniş, uzun-uzadı danışıb, çıxış etmək fikrindən çox uzağam. Onsuz da yazdıqlarımızın mənası-məzmunu missiyamızın nə olduğunu açıq-aydın ortaya qoyur...

Amma bəzən qısaca xatırlatmalar da lazım gəlir. Misal üçün, jurnalist əqidəsinin siyasi baxışlarla qarışdırılmasının səhv olduğunu, siyasi mənsubiyyətin bir jurnalisti qələm əhli olaraq bitirdiyini illərdir inandıra bilmirik bəzi siyasi yazarlara. Aha,  mövqeyi adından bilinən elə bu söz birləşməsidir - siyasi yazarlar. O halda, jurnalistikanın qızıl qanunlarından bizi vaz keçməyə kim məcbur edə bilər?

 Həkim Hippokrat andı içirsə, maarifçilik missiyasını az qala anddan da üstün bilən bizlər, ona necə arxa çevirə, qələmimizə xain çıxa bilərik?

Ələlbət,  maarifçilik istənilən yazının bir abzasından, hətta bircəcə cümləsindən də görünəcək, özünə necə olsa, o yazıda yer edəcək. Adlarını bu gün də hörmətlə çəkdiyimiz, fəqət ideyaları əsrlər keçməsinə baxmayaraq, hələ də cücərti şəklində olan maarifçi-ziyalılarımızın  zəhmətkeş xələfləri. İnsanları, bütövükdə insanlığı zülmətdən işığa çıxarmaq uğrunda yüz illərdir gedən çabaların xələfləri yenə də əlində qələm,  dövranı dəyişsə də, baxışları dəyişməyənləri maarifləndirməyə çağırmaqdadır...

Bütün qələm əhlinin isə zamanla özünə ünvanladğı bir sualı var: “Biz niyə yazırıq?”.  Cavabın geniş şərhinə, ümumiyyətlə, şərhinə ehtiyac olmasa da, deməliyik. Çünki etiraf edin, yazdıqlarımız özümüzdən çox, cəmiyyətə lazımdır.  Ən azından, biz yazmasaq, həllini gözləyən, süni şəkildə  yaradılan problemlərin, dar dünyagörüş və savadsızlıqdan (çox təəssüf!) meydana gələn  çətinliklərin həlli yolunu da göstərən olmayacaq.

O zaman, biz bir növ, səsucaldanıq,  yaxud, məqamına uyğun bir durbin və ya,  binokl olarıq - hamı eşitsin və adi gözlə görünməyəni görsün deyə, yazarıq.

Və yazırıq. Yazdıqlarımız da, sizlər üçündür,  “Ey mənim müsəlman bacı-qardaşlarım!”. 

Eşidin, əlimizə qələm almağa bizi məcbur edən, bu çətin yola çıxmağa bizi vadar edən də sizin ağrı-acılarınız, müşkülləriniz, çətinliklərinizdir.  Onları dəf etməyə ən güclü silahı da əlimizə alıb  “Sizi deyib gəlmişik!”.

O halda,  sadiq,  sizdən heç vaxt inciməyən,  ağrı-acılarınızı özününkü kimi başa düşən, dərdinizi öz dərdi bilərək öncə bir İnsan kimi anlayan,  daha sonra yazı əhli kimi qələmə alan kəslərə qarşı biganə davranmayın...

Sizi maarifləndirən nə varsa, onu qəbul edin, qaranlıqdan çıxın. Dönüb geri, yüz illər əvvələ baxın, görün dünya nə qədər irəli gedib,  ondan neçə addım geri qaldığınızı  hesablayın. Yetər ki  ağa “qara”,  qaraya “ağ” demək  kimi boynunuza minən məcburi yükdən özünüzü xilas edin.

Neçə yüzillərdir deyilən, hələ də deyilməkdə olan, xilas yolunuzun savadsızlığın məhvində, onlara çıxışın  maarifçiliyin təqdimatında görün.

Bir baxın, yüz illərdir yazdıqlarımızın mayası yaşadığınız problemlərin həll yolunun axtarışından ibarət deyilmi?  Bu uzun, məşəqqətli, çoxlarının hədəsinə, hədəfinə rast gələrək yolçuluğumuzu davam etdirdiyimiz yolda o qədər hadisələr, çətinliklər, problemlər yaşamışıq ki. Bunları atlamaq,  yaşamaq bəlkə asandır, sizcə? 

O halda ki “sizi deyib gəlmişik”,  siz də əlinizi dostcasına uzadın. Problemlərinizi deyib, ürəyinizi boşaldıb, çıxış yolu istəyib, hər cür suallarınıza cavab istədiyiniz bəndələri, əlində qılıncdan iti, kəsərli söz silahı olan bizləri yarıyolda qoymayın. 

Bu çətin, keşməkeşli yolda, dediyim kimi, missiyamız məlum. Amma problemlərə qarşı mübarizədə birlikdə, çətinlikləri həll etməkdə bizimlə bərabər olun. Sizi incidən,  qanunsuzluqlar edən, haqqınızı yeyən vəzifə sahiblərindən qorxmayın. Şikayətinizi, üzləşdiyiniz problemləri həll etməli olan məsuliyyət sahiblərinin üzərindən keçib, sözünüzü bizlərə deyirsinizsə, işinizi bitmiş sayıb çıxıb getməyin. Əmin olun, ən böyük, vacib dəlil-sübut, şahid  cansız kağız parçalarından öncə sizsiniz  - canlı insanlar!

Biz onsuz da dediklərinizin arxasındayıq, siz də haqqın, ədalətin qələbəsinə, onun həmən gəlişinə arxa çevirməyin.

 Görmədiklərinizi bizim “gözümüz”lə görməkdən vaz keçməyin, zülmətin qarşısını  işıqla kəsin...

 Yazdıqlarımızı oxuyun, hansı ki onu keçənlərdə, hələ ondan da əvvəlki əsrlərdə bizim sələflərimiz, maarifçi-ziyalılar deyirdi...

 Yüz illərdir yazılanlara laqeyd qalmayın, özünüzü yüz il geri salmayın. Həyat  yerində saymağı sevmirsə, yaşamağa tələsin!

 Problem və şikayətlərinizi dediniz, biz eşitdik və yazdıq. Bununla işi bitmiş saymayın. Yazdıqlarımızı sözün həqiqi mənasında oxumaqla, ondan nəticə çıxarın. Və haqqınızı tanımaqdan başlayaraq bütün sədləri, problemləri  aşın. Ən ümdəsi isə,  “Sizi deyib gəlmişik!” müraciətini yerə düşməyə qoymayın! 

Nigar Vaqifqızı