“Bəsləsən, atlas olar tut yarpağından”...
Kölgəsində dayanaq, yoxsa kökündən çıxaraq?
Son günlər güclü külək səbəbindən kökündən çıxan ağacların sayının çox olduğu deyilir. Bugünədək isə paytaxt ərazisində yüzlərlə ağaca ziyan dəyib.
Əslində, dəyən zərər zəncirvaridir, yəni öncə külək ağacları aşırıb, aşan ağaclar da ərazidən keçən sakinlərə və hərəkətsiz vəziyyətdə olan avtomobillərə xəsarət yetirib, ziyan vurub. Avtomobilinə ziyan dəyən sürücülər də maddi zərərlə üzləşib. Bəlkə də bu təbiət hadisəsinə sinirlənərək sağlamlıqla bağlı da problemlə üzləşənlər var.
Bir sözlə, küləklə müşahidə edilən təbiət hadisəsi ağaclarla bərabər, insanların da gündəlik həyatına təsir edib. Kimisi ola bilsin, başına ağac, şüşə parçası və ya açıq pəncərələrdən hansısa ağır əşya düşməməsi üçün evdən işə və əksinə, tələsərək gəlib. Kimisi də, həmin günlərdə ümumiyyətlə, evdən çölə çıxmağa ehtiyat edib.
Külək insanların belə desək, normal həyatına bir balaca müdaxilə edib. Əhali də onun yaratdığı fəsadların miq-yasını az qala cinayət hadisəsi kimi qarşılayır. Doğrudur, ağacların aşması və ya budaqlarının qırılması nəticəsində adamların özünə və əmlakına ziyan dəyməsi müsbət hal deyil. Amma... İşin “əmma”sı da elə ondadır.
Bir müddət öncə, yayın əvvəllərində paytaxtdan üzü Biləcəri istiqamətində yolun sağ tərəfində şam və tuya ağaclarından ibarət geniş sahədə yaşıllıqdan əsər-əlamət qalmamışdı. Həmin ağaclıqla qonşuluqda salınan nar ağaclarının vəziyyəti də eyni idi. Ağaclar sanki birdəfəyə, az qala bir günün içində qurumağa and içmişdi. Həmin sahəyə baxanda adamda istər-istəməz belə bir təəssürat yaranırdı ki, ağacları hansısa vasitəylə bir günün işində qurudublar. Yoxsa, günəş bütün qüvvəsini, istisini yalnız həmin əraziyəmi yönəldibmiş?
Görünən o idi ki, geniş bir sahədə ağaclar diri-diri yanıb, ora bir içim su atan da olmayıb. Ordakı bir neçə ağacda quruma olsaydı, güman ki, ya həmin yerin əhalisi, ya da əraziyə məsul olan qurumların əməkdaşları bunu görər, vəziyyətdən xəbərdar olardı. Ya da, heç olmasa, yoldan gündəlik ötüb-keçən adamlar sahədəki ağaclığın tədricən, yaxud, birdəfəyə yanmasına şahid olardı. Məlumatsızlıq hazırda vəziyyətin əslində necə baş verməsini izah etməyə imkan vermir. Ehtimallar isə insan fantaziyası qədərdir ki, onlardan bir neçəsini yuxarıda söylədik...
Bəli, sağlam, yaşıl və ya “xəstə”, “qocalmış” ağacların güclü küləyin təsirindən aşdığı, bəzi hallarda kökündən çıxdığı deyilir son günlər. Hər halda, məlumat rəsmi qurumlara söykənir. Amma paytaxtın tikinti gedən ərazilərində yaşıl-quru demədən neçə-neçə ağacı kəsib-doğrayıb, kökündən çıxarıb, ağır texnika ilə sürüyüb yerində binaların bünövrəsini qoyanda hansısa qurumun səsi çıxmadı. Günahkarlara bir neçə dəfə cərimə tətbiq edilməsiylə bağlı xəbərə rast gəldik, vəssalam. Ağacların vaxtilə boy verdiyi ərazilərdə (belə ərazilər isə, paytaxtda getdikcə azalır) artıq onları, oksigeni əvəz edə bilməyən hündürmərtəbəli binalar, mağazalar, “moll”ar inşa edilir, havanın qarşısı bir az da tutulur, havasızlıq yaranır...
Başqa bir mənzərə isə, mahiyyətcə elə bütün ağac «soyqırım»ına aiddir. Deməli, bir ərazidə tikinti işi aparmaq üçün oradakı hündür ağacların öncə qol-budağını budayıblar, görəndə ki ətrafdakı sakinlər dillənmir, ağacların bir neçəsini kəsiblər. “Şor sudan qaymaq tutan” sakinlərdən biri də kəsilmiş ağacların dairəvi kötüklərini öz həyətində oturacaq məqsədilə torpağa basdırıb...
Tikinti şirkətinin işçiləri camaatın bu hay-küyə, vurhavura reaksiyası olmadığını görəndə, daha uzağa gedib. Ərazidəki bütün ağacları birdəfəyə kəsib kökündən çıxarıblar. Sonra da hündürmərtəbəli binanın bünövrəsini qazmağa başlayıblar. Şıdırğı iş getdiyi yerdə, necə deyərlər, “kotan kola ilişib”. Yayın istisində, açıq havada gecə-gündüz işləyənlər, əraziyə daimi nəzarət edən qarovulçu, nəzarətçi kölgələnməyə, qızmar havadan qorunmağa bir ağac da tapmayıb. Və nə ağıl ediblərsə, anında orada təzədən ağac əkiblər. Amma qırıb-çatdıqlarından, kökündən çıxartdıqlarından fərqli, ağac yox, balaca fidanlar... Kim bilir, nə vaxtsa kölgəsində dayanacaqları deyil, kökün-dən çıxaracaqları ümidiylə...
Bəli və xeyr. Əksmənalı sözləri elə hər iki tərəfin hərəkətinə aid etmək olardı, ərazidəki sakinlər ağacların kəsilməsinə, məhv edilməsinə müdaxilə etsəydi, tikinti şirkəti də hansısa reaksiyalara ya müsbət, ya da mənfi cavab verərdi. Onların heç biri olmadığı üçün, indi ümumilikdə hamılıqla havadayıq. Kimisi oksigeni məhdud olan hündürmərtəbəli binalarda, kimisi də ağacları “ya zəlzələdən, ya da vəlvələdən” qurumuş ağacların əhatəsində yaşamaqda. Mahiyyət eynidir.
Biz də haqqında bəhs etdiyimiz, qurumuş ağaclıq sahəsində yenidən yaşıllaşdırma işlərinin aparılacağını, orada təzə ağaclar əkiləcəyini bilmədiyimiz üçün yazıya nöqtə qoymağa məcburuq. Mövzu isə qapanmayıb hələ. Ən azı ona görə ki, ağacların, yaşıllığın olması hamıya, bütün insan övladına hava-su kimi lazımdır. Məcazi yox, birbaşa, hərfi mənada!
...Təbiət aşiqi olan bir nəfər tanış isə deyir ki, onun yaşadığı ölkədəki meşələrdə qurumuş ağac tirlərini toplayıb açıq talada taya kimi yığırlar. Ev tikmək istəyən, yaxud taxtaya hansısa formada ehtiyacı olanların müraciətinə əsasən də, yerli qurumlar pulsuz-parasız, təmənnasız halda onu adamlara bağışlayırlar. Məntiqlə, zəncirvari proses gedir, ömrünü bitirən, quruyan ağaclar hansısa formada yeni həyat qazanır, bundan insanlar da, meşələr də yararlanır. Yararlanan insanları dedik, meşələr isə, qurumuş və xəstə ağaclardan təmizlənərək yenilənir...
Bizim təcrübədə isə, zəncirvari proses tam başqadır ki, onu da yuxarıda ərz elədim. Geniş izaha ehtiyac da görmürük; bir an öncə yazıya nöqtə qoymaq məcburiyyətindən. Bir də, əlaqədar qurumların öz vəzifəsini yerinə yetirməsi zərurətindən.
Nigar Vaqifqızı