Artur Rasizadə 16 ildə bir dəfə iclas keçirmədi – Xalq şairi
Ölkədə ana dilinin inkişafı üçün atılan dövlət səviyyəli addımlar müstəqilliyimizlə yaşıddır. Müstəqillikdən sonra ilk qəbul olunan qanunlardan biri “Dil haqqında qanun” olub. Dilin təmizliyi, latın əlifbasına keçid, soyadların milliləşdirilməsi – müstəqilliyin ilk illərindən başlayan prosesdir.
Bu sözləri Kult.az-a Prezident İlham Əliyevin Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamını şərh edən xalq şairi, Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu sərəncam həm komissiyanın nüfuzunu qaldırır, həm də işin ciddiliyini göstərir:
“Düzdür, hazırda ana dilinə qarşı Sovet vaxtında olduğu təhlükə yoxdur, amma tariximizə, dilimizə, mənəvi dəyərlərimizə yuxarıdan-aşağı baxan insanlar var. Məsələn, mollaların məclisləri – içəri girirsən, elə bil, İrandasan, bir fars Azərbaycan dilində danışır. Götürək televiziyaları: yarı rusca, yarı azərbaycanca danışan, ana dildən xəbəri olmayan aparıcılar var. Reklamların böyük əksəriyyətində ana dili normalarına əməl edilmir. Həmçinin xarici dillərin basqısı, yeni sözlərin alınmasında qaydasızlıq, əlifbamızda olmayan hərflərlə ana dilinə sözlərin daxil edilməsi cəhdləri və s. ciddi problemlər mövcuddur”.
Sabir Rüstəmxanlı bildirib ki, uzun müddətdir onu narahat edən bu məsələyə görə Azərbaycan Dil Qurumunu yaradıb:
“Bu qurum vasitəsilə müxtəlif tədbirlər, aksiyalar, monitorinqlər keçirmişik. Xüsusilə paytaxt ərazisində iaşə, xidmət, mağaza adlarının, şadlıq saraylarının böyük əksəriyyəti Azərbaycan dil qaydalarına uyğun deyil. İnternet resurslarında, telekanallarda, film tərcümələrində Azərbaycan dilinin qaydaları, dilin təmizliyi, strukturu qətiyyən gözlənilmir. Özəlliklə radio-verilişlərdə aparıcıların dil normalarını çox kobud şəkildə pozduğunu müşahidə edirik”.
Xalq şairinin sözlərinə görə, bundan öncə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Dövlət Dil Komissiyasının indi prezidentin birbaşa rəhbərliyi altına keçməsi bu məsələyə Prezident İlham Əliyevin nə qədər həssaslıqla yanaşdığını göstərir:
“Ümumiyyətlə, diqqət edirsinizsə, İlham Əliyev prezidentliyinin ilk illərindən ana dilinə fərqli qayğısı ilə seçilib. Azərbaycan ədəbiyyatının latın qrafikası ilə kütləvi nəşrinin və kitabxanalara pulsuz paylanılmasından tutmuş, Qloballaşma şəraitində Azərbaycan dilinin saflığının və təbii inkişafının qorunması, bununla bağlı işçi qrupunun yaradılması və s. çoxsaylı sərəncamlar verilib, bu sahəyə külli miqdarda vəsait ayrılıb. Heydər Əliyev Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi maddə saldırmışdı, həmçinin Heydər Əliyev Azərbaycan dilində mükəmməl danışan dövlət xadimi kimi hamıya nümunə idi. İlham Əliyevin də ana dilinə bu qədər ciddi qayğısı çox sevindirici haldır, bunu həm də Heydər Əliyev siyasətinin daha güclü şəkildə davam etdirilməsi kimi qiymətləndirirəm. Çünki dövlətin başında duran şəxs ana dilinin dövlətin sərhədləri qədər müqəddəs olduğunu bilir və bu yöndə qəti addımlar atır. Prezident İlham Əliyev də bir dövlət xadimi kimi böyük həssaslıq göstərir və bu alqışlanmalıdır”.
S.Rüstəmxanlı bütün yaradıcılığı və fəaliyyəti boyu ana dilinin saflığı uğrunda mübarizə apardığını xatırladaraq, dilə dövlət səviyyəsində himayənin vacib olduğunu önə çəkib:
“Amma gərək xalq olaraq bu prosesdə iştirak edək, təkcə prezidentdən asılı deyil bu məsələ. Əlbəttə, dövlət qayğısı əsas məsələdir, Dövlət Dil Komissiyasının sədr müavininin Mehriban xanım Əliyeva olması da burda fərqli mənzərə yaradır. Mehriban xanım Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixinə söykökü ilə çox bağlıdır, babaları bu dilin, ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstəriblər və onun Dil Komissiyasının sədr müavini kimi bu işə ciddi töhfə verəcəyini səbirsizliklə gözləyirəm”.
S.Rüstəmxanlının sözlərinə görə, bu vaxta qədər Dil qanununu pozan şəxslərin hüquqi məsuliyyəti də müəyyənləşməmişdi:
“2001-ci ildə Heydər Əliyev “Dövlət dili haqqında” qanun imzalayıb, ancaq təəssüf ki, Nazirlər Kabineti bu qanundan irəli gələn, dil pozuntusuna görə məsuliyyəti nəzərdə tutan və bu pozuntuya nəzarət edəcək qurumu müəyyənləşdirməyib, əsasnaməni hazırlamayıb. O qanunda orfoqrafiya lüğətinin hazırlanma müddəti də göstərilib, amma nə olsun? İndiyə qədər o müddətə əməl edilməyib və s. Yəni ana dilinin saflığının qorunması ilə bağlı həddən artıq çox problem var və yəqin ki, məhz buna görə Dövlət Dil Komissiyası Nazirlər Kabinetindən alındı. Baxmayaraq ki, mən əvvəlki komissiyanın da üzvü idim, ancaq bircə dəfə də olsun, sədr Artur Rasizadənin komissiya üzvləri ilə bir toplantı keçirdiyini, problemləri müzakirə etdiyini görmədim”.
Sabir Rüstəmxanlı prezidentin sədrlik, birinci vitse-prezidentin sədr müavinliyi etdiyi bir komissiyanın yüksək səviyyədə çalışacağına ümid etdiyini də vurğulayıb:
“Dövlət Dil Komissiyasının üzvlərindən biri də mənəm və komissiyanın fəal işləməsi üçün nə mümkündür, etməyə çalışacağam”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən komissiyaya birbaşa Prezident İlham Əliyev özü sədrlik edəcək.