“DEYİRLƏR, ƏLİ HƏSƏNOVUN MAAŞI İLƏ DOLANIRIQ…” – “Yoldaşımı şantaj ediblər”



 

Xəbər verdiyimiz kimi, baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ilin avqust ayında Bakıda törətdiyi avtoqəza nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları bugünlərdə Ə.Həsənova qarşı ittihamlarla çıxış ediblər.

Belə ki, Türkiyənin məşhur “Haber Türk” kanalında yayımlanmış reportajda Əli Həsənovun Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişi aldatdığı iddia olunub. Bu haqda kanala elə Tekişlərin özləri məlumat veriblər. Onlar bildirmişdilər ki, qəzadan sonra Əli Həsənov onlardan şikayətçi olmamağı xahiş edərək, bunu müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də, sonradan sözünə əməl etməyib.

Lakin Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev yazılı açıqlama yayaraq, qəzada xəsarət alan Tekiş cütlüyünün bütün müalicə xərclərinin qarşılandığını, Türkiyə vətəndaşlarının şantajla məşğul olduğunu iddia etdi.

1502282544_songul-tekis

“AzPolitika.info”-ya müraciət edən Mutalib Tekiş vəkilin iddialarını təkzib edib. O, bir daha bildirib ki, Əli Həsənov zərərçəkmişlərin bütün müalicə xərclərini ödəyəcəyinə söz versə də, onları aldadıb. “Bizə zərər verən tərəf öz günahlarını ört-basdır etmək üçün bizi şantajda günahlandırır. Ortada şantaj ediləcək bir məsələ yoxdur. Əksinə, Elman Allahverdiyev (Əli Həsənovun kürəkəni-red.) və yanındakılar xəstaxanaya gələrək, “imza atmasanız, sizə dəstəyimiz olmayacaq” deyə acılar içində qıvrılan yoldaşımı şantaj ediblər…”

M.Tekiş deyir ki, Əli Həsənovun ailəsi ilk bir neçə ayda zərərçəkmişlərin xəstəxana xərclərini ödəsə də, sonradan bunu etməkdən boyun qaçırıb: “Mənim müalicəmin məsrəflərini Əli Həsənovun ailəsi cəmi 3-4 ay ödədi, sonrasını öz vəsaitimlə davam etdirməli olmuşam. Yoldaşımın müalicəsini isə 2018-ci ilin sonunadək davam etdirdilər. 2019-cu ilin yanvar ayının ödənişini xəstəxana bunlardan çətinliklə aldı. Artıq 7 aydır yoldaşımın xəstəxana məsrəflərini özüm ödəyirəm. Bu səbəbdən öz əməliyyatımı etdirə bilmirəm”.

M.Tekiş qeyd edir ki, qarşı tərəf əməliyyat üçün vəsait göndərəcəyinə söz versə də, sözünü tutmayıb və 3 gün onu Ankarada gözlədib: “Bunlar əməliyyat üçün pul göndərəcəkdilər. Bunun üçün Adanadan Ankaraya getdim. 3 gün xəstəxanada bunlardan pul gələcək deyə gözlədim. Ancaq göndərmədilər və Adanaya qayıtmalı oldum. Hal-hazırda hər tərəfə borclanmış bir durumdayam…”

“Əli Həsənovun 2000 manat maaşı ilə dolandıqlarını söylədilər…”

20190729_163535

M.Tekiş daha sonra bildirdi ki, hal-hazırda onlar üçün ən vacibi 80 faiz şikəst olmuş Songül Tekişin müalicəsinin davam etdirilməsidir: “Hətta Əli Həsənov yoldaşıma “müalicənizi istərsəniz ABŞ-da, istərsəniz də Avropada davam etdirəcəyik, yoldaşın sağalanda da bu dövrdə itirdiklərinizi artıqlaması ilə ödəyəcəyik” deyə söz vermişdi. Sonradan Həsənovlar ailəsi artıq bizə lazım olan köməkliyi etdiklərini, bizim sağaldığımızı dedi. Hətta bizə etdikləri köməkliyə görə pullarının qurtardığını və evi Əli Həsənovun 2000 manat maaşı ilə dolandırdıqlarını söylədilər…”

Lakin M.Tekiş qeyd edir ki, onların müalicəsi bitməyib və hələ uzun müddət davam etdirilməlidir. Bununla bağlı həkimlərin rəyləri mövcud olsa da, Ə.Həsənovun ailəsi həmin sənədlərə məhəl qoymur və onlara dəymiş nə maddi, nə fiziki, nə də mənəvi ziyanı ödəmək istəmir: “2011-ci ildən etibarən Afrikada biznesim olub. Ancaq bu hadisə səbəbindən həmin işlə məşğul ola bilmədim və borclarım yarandı, buna görə də oradakı işimə əl qoyulub. Mənim bu hadisəylə bağlı maddi və mənəvi təzminat tələb etmək haqqım var. Ancaq qarşı tərəf verdiyi vədlərə əməl etsəydi, bu tələblərim olmayacaqdı”.

Sonda bu problemin mətbuatda işıqlandırılmasını və onun həllinə ölkə başçısı İlham Əliyevin köməklik göstərməsini xahiş edən M.Tekiş, artıq tükəndiklərini və radikal addımlar atmağa məcbur qaldıqlarını deyir: “Songül Tekişin müalicəsinin davam etdirilməsi lazımdır. Hər kəsin bu fəryadımızı eşitməsini istəyirəm. Artıq mənim də gücüm qalmayıb. Bu səbəbdən ailəliklə İstanbuldakı Taksim Meydanında ölüm aclığı aksiyası keçirəcəyik.”

Rasim ƏLİYEV
AzPolitika.info