Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza şöbəsinin müdiri Mətanət xanım əlillərin taleyi ilə oynayır



 

Redaksiyamıza şikayət məktubu daxil olub

Məktub müəllifi Beyləqan rayonu Kəbirli kənd sakini Murtuza Abbasov yazır: " Hörmətli redaksiya, iki ildir insult keçirmişəm, hələ də müalicə olunuram, lakin sağlamlığımı bərpa edə bilmirəm. Uzun müddət müalicədən sonra əlillik dərəcəsi almaq məqsədilə sənədlərimi elektron vasitəsi ilə Əmək və Əhalinin Sosila Müdafiə nazirliyinin yanında Dövlət Sosial-Tibb Ekspertiza komisiyasına göndərmişəm. internetdə əmək müqaviləsi olduğuna görə sənədlərimi təsdiq etməkdən imtina edib geri qaytarılmışdır. Ərizə ilə çalışdığım qəzetin redaktoruna müraciət edib işdən azad olub, əmək müqaviləsini 08 aprel 2019-cu ildə pozulmuşam və sənədlərimi 22 may 2019 - cu il tarixdə ikinci dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yanında Dövlət Sosial-Tibbi Ekspertiza komisiyasına göndərmişəm. Lakin sənədlərimi təsdiq etmək əvəzinə, yenidən əmək müqaviləsinin qüvvədə olmasını bahənə edərək, sənədlərimi geri qaytarmışlar.

Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin, müalicə həkiminin və digər əlaqədar şəxslərin iştirakı ilə aparılan araşdırmadan sonra, sənədlərimdə heç bir çatışmazlıq müəyyən olunmayıb. Bundan sonra əlimdə olan bütün sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında əlillərin Bərpa mərkəzinin Ekspertiza şöbəsinin müdiri Mətanət xanımın qəbulunda olmuşam. Mətanət xanımın yanında olarkən. xanım mənimlə çox kobud rəftar edərək, "sizin əmək müqaviləniz internetdə görünür" - deyərək, hətta mənə: "siz xəstə deyilsiniz, tam sağlam adamsınız" deyib, qonşu otaqdan xanım həkim çağırdı, həmin xanım əlindəki çəkiclə dizlərimə vurub, yaxşıdır dedi və çıxıb getdi. Mətanət xanıma etirazımı bildirdim və etdiyi kobudluğa, təhqirə görə, ölkə prezidentinə müraciət edəcəyimi bildirdim. Mətanət xanım mənə: "Get hara istəyirsən, de, mənə heç kim heç nə edə bilməz!"- deyə məni dövlət idarəsindən tərbiyəsizcəsinə qovdu!

Hörmətli redaksiya. xahiş edirəm, mənə qarşı edilən haqsızlığın ictimailəşdirilib, dövlət orqanlarına və ictimaiyyətə çatdırılmasına, əlillik dərəcəmin təsdiq edilməsinə köm edəsiniz!"

Məktubdan göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində olan Əlillərin Bərpa Mərkəzinin Ekspertiza şöbəsinin müdiri Mətanət xanımın vətəndaşla kobud davranması hər şeydən əvvəl, bu nazirlikdə hökm sürən qanunsuzluqlarla bağlıdır. İlk dəfə deyil ki, nazirliyin əməkdaşları vətəndaşlara qarşı hədsiz kobudluq və qabalıq nümayiş etdirirlər. Digər tərəfdən, Ekspertiza şöbəsinin müdiri Mətanət xanım hansı qanuna, qaydaya əsasən iki ildən çoxdur insiltdan əziyyət çəkən jurnalistin müalicə sənədlərini bir kənara atıb, xəstəyə "sən sağlamsan" deyib, onun qeydiyyata alınmasından imtina etməyə cəsarət edir?! Bəlkə, ölkədə dərəbəylikdir, millətin xəbəri yoxdur?!

Redaksiya olaraq Əmək və Əhalinin Sosial Müdafiə naziri cənab Sahil Babayevi bir daha xəbədar edirik: " Cənab nazir, siz ölkənin əlil insanlarının taleyi ilə oynayırsınız və bu cür bağışlanılmaz hallar medianın və xalqın diqqətindən qətiyyən yayınmır. Əgər Mətanət xanım kimi, əlil vətəndaşlarla kobud və qaba davranan vəzifəli şəxslər barəsində tədbir gösrməsəniz, haqqınızda ümumxalq etirazının baş qaldırması qaçılmaz olacaq!

Redaksiya