Ağacların üsyanı



 

İnsana beli, torpağa kökü

bağlı olmayanda...

 

Neçə gündür əsən küləyin Bakıda 20-yə yaxın ağacı məhv etdiyi bəlli olub. Yaşıllaşdırma Təsərrüfatı Birliyi bitkilərin mühafizəsi şöbə rəisinin məlumatına görə, ağacların aşması paytaxtın bütün rayonlarında qeydə alınıb. Lakin Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında bu hadisələr daha çox olub. Məlumata görə, təkcə qurumuş ağaclar deyil, sağlamları da güclü küləyin qarşısında davam gətirə bilməyib.

... Hərdən elə hadisələr olur ki, onun niyə, nədən ötrü baş verdiyini anlamaq çətin olur. İlahi ədaləti istisna etməklə, baş verən hadisələrin əkəsriyyətində kimlərisə birbaşa günahlandırmağı mümkünsüzlərin siyahısına atırıq. Paytaxtın kommunikasiya təminatındakı problemlərin hər il təkrarlanmasına birbaşa kimlərin məsul olması aydınlaşdırılmadığı kimi, illərlə yığılıb qalan daşlaşmış problemlərimiz var. Misal üçün, paytaxtdaxili yolların təmirinə nə qədər vəsait ayrılıb təmir-tikinti işi aparılsa da, bu proseslər zamanı ən vacib məqam unudulur. Yollar şüşə kimi hamar, ya da, çala-çuxur, xəndəklə “zəngin” olsa da, fərqi yoxdur, aramsız yağışa sinə gərə bilmir. Çünki kanalizasiya quyuları fövqəltəbii vəziyyətə cavab verə bilmək qabiliyyətində deyil. Axı küçələrdə yağış suyunun axıb dolması üçün xüsusi təyinatlı yerlər nəzərdə tutulmayıb. Küçələr təmir edilərkən, çox az hallarda həmin məsələ yada düşür və yağış suyunun axıb getməsi üçün hərdənbir belə yerlərin olmasını nəzərə alırlar. Amma paytaxt küçələri bütövlükdə, birmənalı şəkildə yaz-payız yağıntılarının döyüşünə məruz qalan bir durumdadır. Daimi mənzərəni hamı müşahidə edir, bir az yağıntı düşən kimi, küçəaşağı sel gəlir və hətta avtobusların salonuna da dolan sudan xilas olmaq mümkünsüzə dönür. Bəli, mövcud vəziyyəti nəzərə alıb, küçələrimizdə olmasa da, əhali üçün avtobuslarda seldən qorunmaq üçün mümkün şərait yaradılmalıdır. Yəni salonu küçədən xeyli hündürdə olan avtobuslar lazımdır bizim şəhərə. Salonu asfaltdan az hündürlükdə olan, ona yaxın müasir avtobuslar qətiyyən bizlik deyil. Yağış yağanda küçədə üzəsən, yoxsa, avtobusda suyun içində gedəsən, fərq etməz. O halda, avqustda paytaxta yeni avtobuslar gətiriləndə bu məqamı da nəzərə alsalar, ümumi işin xeyrinə olar...

Sosial yönümlü problemlər çoxdur, dediyim kimi, onların birbaşa kimlərin məsuliyyəti, vəzifəsi olduğunu aydınlaşdırmaq istəyəndə də uzun illərin “ötür-ötür” oyunu başlayır. Bir idarə, müəssisə, qurum və ya təşkilat digərini borclu çıxarır. Biri başqasını günahkar bilir, o biri də özündən başqa hamını. İntizamsızlıq və məsuliyyətsizlik elə bil hamısının boyuna biçilib. Hamısının da bircə istəyi var - “sudan quru çıxmaq”.

İndi ağacların hamısı - qurumuşu da, sağlamı da, kökünü torpaqdan üzüb. Əlini üzüb əslində, həm torpaqdan, həm insandan. Yaşıl ağaclar qanuni-qanunsuz tikintilərin badına gedəndə, onların ömrünə balta çalanda, vəziyyət elə belə də olmalıydı. İnsana beli, torpağa da kökü bağlı olsaydı, onları heç nə ilə yerindən tərpətmək mümkün olmazdı...

Şöbə rəsmisi sağlam ağacların da küləyin təsirindən aşmasını qeyd edir. Küləklər şəhərində min illərdir eyni rüzgar əsir, amma yüzillik ağacların birinin də budağı sınıb düşməyib. Hər halda, son illərə qədər belə məlumatlar gündəmin xəbəri olmayıb. İndi isə...

Yaşıl ağaclar kəsilir, doğranır, satılır, gözdən iraq yerlərdə. Bəzən də ağaclar qurudulur, kəsilir, yeri satılır. O halda, küləyi deyil, tamahı, nəfsi ondan güclü olanları günahkar bilək...

Olanlara qarşı dayanmaq çətindir zatən - ot, kol, yaşıllıq üzünə həsrət səhraların istiliyinə aldanmayan, orda bitməyən ağacların üsyanı kimi. Onların üsyanı həm də bitdikləri yerdə olur; onları bitirən insanlara sözsüz cavabla - kökünü yerdən, başını göydən çəkməklə... İndi gəl, insan övladı, onu yerinə, həm də ömrünü qaytar görüm, necə qaytarırsan...

 

Nigar Vaqifqızı