Acı dadan şirin nemət...
Onsuz nə gün-diriliyimiz?
Adətdəndir, söhbət dalana dirənəndə və yaxud, öz qabiliyyətimiz, qüvvəmiz, bəzən də cəsarətimiz daxilində tutarlı söz tapmayanda, atalar sözləri, zərb-məsəllər və müdriklərin kəlamlarında imdad, çıxış yolu axtararıq. Bu məsəllərdən köməyimizə çatanı da olur, çatmayanı da.
Bu dəfə haqqında danışdığım isə, o məsəli az qala günün aktual mövzusuna çevirib. Əlqərəz, atalar “soğan yeməmisən, için niyə göynəyir” sualını cümlə-cahana xitab edəndə, bəlkə də onun daimyaşar olacağını düşünməmişdi. Amma zaman başqa, məqam isə həminkidir - daimi.
Bu daimi məqam hələ də gündəmi əlində girov saxlamaqdadır. Niyə? Sualın sadə bir cavabı var - soğanın qiyməti hələ də düşmədiyindən, o tərəvəz növünün adı addımbaşı dilimizə gəlir. Məişət zəminindən çıxaraq, az qala qlobal məsələyə çevrilən soğan, onu yeyənin də, yeməyənin də içini göynədir, onun “dəri”sini soyanın da, soymayanın da gözünü yaşardır. Amma bu dəfə həqiqi yox, məcazi mənada.
Qiymətinin getdikcə artması, qış fəsliylə müqayisədə, yay aylarında meyvə-tərəvəzin qiymətinin düşəcəyilə bağlı rəsmi, qeyri-rəsmi məlumatları alt-üst etdi. Bir müddət əvvəl kənd təsərrüfatıyla birbaşa bağlantısı olanlar yeni məhsulun tədarükündən sonra qiymətlərin stabilləşəcəyini deyirdilər. Bu ümid də daha sonda deyil, elə yayın əvvəlində öldü. Qiymətlər nəinki endi, əksinə, artan xətlə inkişaf etməyə başladı. Ortalıq bir müddətdə Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları dedilər ki, az qalıb, iyul ayından başlayaraq qiymətlər düşəcək. Eh, görəsən, nə qədər təkzib xarakterli məlumat eşidib, deyilənin olmadığını görəcəyik?
Sözümün məğzi budur ki, nazirlik sözçülərinin dediklərinə nə özləri, nə fermerlər, nə də vətəndaşlar inanır. Çünki vəzifəsindən, kürsüsündən, biliyindən-savadından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hamı evinə soğan alır və hazırda onun qiymətinin neçə manat olduğunu bilir.
Soğan çörəklə bərabər səviyyədə istehlak edilən nemət, əsas kənd təsərrüfatı məhsulu, vacib tərəvəzdir. Bütün yeməklər soğanla dada gəlir, soğansız bişirilən xörək heç xörək deyil. Biz azərbaycanlılar ən azından, soğanla bişirilən yeməklərə uyğunlaşmışıq, onsuz nə gün-diriliyimiz var, nə də ağız dadımız...
Ağzımızın dadını getdikcə itirməmək üçün təcili hərəkətə keçmək lazımdır. Bilmirəm, hansı məqamlarısa əsas tutaraq, yaxın zamanda ölkədə soğan istehsalçıları və istehlakçıları assosiasiyasının yaradılacağı barədə xəbər verilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu barədə mətbuata deyib. İctimai Birliyin adı elə belə də olacaq - Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası. Nazir müavini ölkədə soğanın hazırkı bazar qiymətinin yüksək olmadığını (?) da bildirib və qiymətin soğanın yetişdirilməsi xərclərini əks etdirdiyini deyib...
Qaldı soğanın qiymətinin nədən baha olmasına, bundan əvvəl bahalığı havaların yağmurlu keçməsi və məhsulun az olmasıyla bağlayırdılar. Daha sonra, yəni yayın əvvəlində havaların isti keçməsinin yığıma mənfi təsirinin olduğunu dedilər. Gah da dedilər, soğan Rusiya bazarına daşınır deyə, belə bahadır.
İndi də soğanın kütləvi yığımının başlanması barədə xəbərlər verilir. Deyilənə görə, yaxın günlərdə qiymətlərin aşağı düşməsi baş verəcək və hamı acı soğanın gündəlik məişətində, mətbəxində necə şirin bir nemət olduğunu bir daha yəqin edəcək...
O günlər uzaqda deyil, güman ki. Yaxında və daim əlçatanımızda olan uzaqgörən və müdrik ataların sözləri, mənalı frazeoloji birləşmələrdir ki, onların bəziləri əlbəəl yazıya nöqtə qoymağa tələsir.
Bu yazıyla nə oxucunun, nə də rəsmi və qeyri-rəsmi şəxslərin “kefinə soğan doğramaq” fikrim olmasa da, uzunçuluq onun dadını itirər - soğansız xörəklər iştahı qaçıran kimi...
Nigar Orucova