Tullantılar atılmaq, adamlar arınmaq üçün...



 

“Dünyanı ümid ilə yemişlər”

“Qulaq gündə bir söz eşitməsə, kar olar” kimi atalar sözümüzün daim yaşamasına əsas verən faktorlar var. Elə götürək Bakı Şəhər İcra Hakimiyyətinin paytaxt ərazisindəki təmizliklə bağlı atdığı addımı.

Deməli, paytaxt sakinlərinə yaşıl və narıncı rəngdə çeşidləyici paketlərin paylanması barədə xəbər yayılıb. Binaların tullantı meydançalarına da iki rəngdə konteynerlər qoyulub. Bu da paytaxt ərazisindəki bərk məişət tullantılarının toplanması, daşınması və çeşidlənməsinin müasir səviyyədə təşkil edilməsi konsepsiyası çərçivəsində həyata keçirilir. Məqsəd də budur - insanlara müasir səviyyədə xidmət göstərmək. Məlumata görə, paketlər bina sakinlərinə veriləndən sonra onlar ondan istifadə qaydaları barədə də təlimatlandırılıb.Yəni rəngli paketlərin birinə təkrar emala gedən, digərinə isə emal üçün nəzərdə tutulmayan tullantılar atılmalıdır. Məsələni ona görə ehtimal şəklində deyirik ki, bu barədə bir qədər sonra bəhs edəcəyik...

Bu addımda məqsəd də odur ki, paytaxt sakinləri öz mənzillərində tullantıların çeşidlənməsini həyata keçirməlidir. Layihənin gələcəkdə paytaxtın digər rayonlarında da həyata keçiriləcəyi gözlənilir...

Məram özlüyündə aydındır - məhəllənə müasir tipli konteyner quraşdırılıb, sakinlərə də rəngli paketlər verilib ki, tullantıları ona yığ, apar və konteynerə at! Amma, dəqiqləşdirici bir elan da yazılsaydı, lap əla olardı, misal üçün, təxminən, bu məzmunda: “Paketi zibilqabının ətrafına, küçəyə yox ha, konteynerə at!!!”.

Deyəsən, əlaqədar təşkilatlar paytaxtın zir-zibilli görünüşündən təngə gələrək belə bir addım atmağa məcbur olub. Məcbur da olmalıydılar əvvəl-axır. Neyləməli, bizim də başqalarından seçiləsi özəlliyimiz olmalıdır axı. Su butulkasını axıracan, ya da yarıyacan içib səkilərin üstünə, küçələrin tininə qoymadınsa, maşın təkərinin altında qalan pivə qabları yastılanıb ordan kənara potensial təhlükə vasitəsi kimi atılmadısa, işlənmiş sellofan torbalar havada uçuşaraq gəlib-gedənin başına düşmədisə, onu hara gəldi tolazlayana çoxmərtəbəli “minnətdarlıq yağışı ” yağmadısa, yaşamağın nə ləzzəti?!

Bəli, “Təmiz şəhər” və digər layihələr barədə geniş danışmaq fikrimiz yoxdur. Fikrimiz, sözümüz, yazımız hər zaman vəziyyəti bu həddə gətirənləri sonunda zibil qutularının “yanına gətirmək”, onların təyinatı barədə xəbərdar etməkdir. Ən adi, sadə mətləbləri deməkdən, yazmaqdan yorulsaq da, adamlar nədənsə zibil torbalarını tullantı yerinəcən gətirməkdən yorulmayıb tullantıları öz qabına atmağa əziyyət çəkirlər. Prinsipcə, yaşadıqları əraziyə yaxın-uzaq tullantı meydançalarına getmək mümkündürsə, oracan gətirilən torbaların tullantı qabına atılması da çətin olmamalıdır. Əlbəttə, məişət mədəniyyətinin bir qolu sayılan bu adət insanda varsa...

İnsanlar cürbəcür olduğu kimi, mədəniyyətlər də müxtəlifdir. Misal üçün, elə valideynlər var ki, övladlarına etik davranışları, mədəniyyəti lap körpəlikdən öyrədir. Məsələn, küçədə tum çırtlayıb qabığını yerə tökməməyi, istifadə edilmiş kağız dəsmalı zibil qutusuna atmağı, yaxınlıqda qutu yoxdursa, onu əlində saxlayıb belə yerlərə rast gələndə tullamağı nəsihət etmək ən vacib öyüdlərdən biridir. Ətrafımızda hər cür adam var əslində. Məsələn, tullantını öz mədəniyyəti “səviyyə”sində küçəyə, parka, istədiyi yerə atanlarla bərabər, tullantını atmağa yer tapmayıb onu bayırdan evə qədər gətirən adamlar da tanıyırıq!

Guya onlara xoşdur əlində tullantı gəzib-dolanmaq? Xeyr, belə mənzərə kimsəyə xoş deyil. Amma mədəniyyəti imkan vermir ki, zibil qabı rastına çıxanadək əlindəkini hər tərəfə səpələsin. Fəqət adamlar da var ki, olmayan mədəniyyəti imkan vermir özünəməxsus tullantısını özüylə gəzdirməyə.

Yüksək mədəniyyətin atributları öncə zibil qutusundan başlayır. İstifadə olunanları, artıq hesab edilənləri, xarab olmuş, yararsız məhsulları özünə layiq bilmirsənsə, mütləq ora atırsan. Maraqlıdır, kimsə bunu etmirsə, hardan bilərik onun xarakterində, rəftarında, daxilində, iç dünyasında, məziyyətlərində çürük, yararsız əməllərin, hal-xasiyyətin yaşamadığına? Özünü, daxilini təmiz saxlayan yaşadığı yeri də, daha sonra, hamının yaşadığı ərazini də təmiz saxlamağa borcludur. Məişət mədəniyyətinin bu vacib qolu şikəstdirsə, borc hissinə əməl etmək lazımdır. Ya da bir nəfər hamının yaşadığı ərazini, məhəlləni, şəhəri təmiz saxlamağa məcbur olmasa da, özünün istehlak etdiyini zibil qabına atmağa borcludur. Ən azından, məsələ bu yönə istiqamətlənsə, bəlkə də təmizə çıxarıq...

İndi icra hakimiyyətləri sakinlərə hamılıqla rəngli paket paylasa, şəhər səması al-əlvan şarlarla bəzənəcək. Məhz buna görə ehtimalla deyidim ki, rəngli paketlərin birinə təkrar emala gedən, digərinə isə emal üçün nəzərdə tutulmayan tullantılar ATILMALIDIR.

Atılacaqsa, atılsın, mədəniyyət varsa, olsun! İndi də olmadısa, nə vaxtacan səbr edək daha çox başqasının “mədəniyyəti”ndən doğan və “qurunun oduna yaş da yanır” məsəlinə?

Ataların sözü əbədiyaşardır - həm hikmətinə, həm də aktuallığına görə. O mənada, nədən ondan elə bu yazıdakı məqamlara möhür kimi istifadə etməyim? Misal üçün, elə qaldırdığımız problemin həllinə ümid kimi!

Biz tullantıların təyinatından tutmuş, etik davranışadək yazırıq, ictimailəşdiririk. Doğrudur, “quyuya su tökməklə o, sulu olmaz”, gərək o davranış hamının qabında olsun. Amma yenə də...

Xoşagəlməz vərdişləri məhv etmək üçün cəhd edən çarə tapar bəlkə, necə deyərlər, “Axtaran tapar, yoğuran yapar”...
Onsuz da bu dünyada “hərə öz atını minib çapır”. Amma “qurunun oduna yaş da yanır” axı...
Bəlkə də ümid etməliyik ki, “atın izi itin izinə qarışmaz”...
Bununla belə, “aman istəyənin boynun vurmazlar”...
Hamı anlayar ki, “bağbanın könlü olsa, nə gəlib bağda bara?”...
Biz yazdıq, necə deyərlər, “yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən”...
Amma, neyləməli, “dama-dama göl olar”...
Yaxud da, “tor atan balıq tutar”...

Nigar Orucova