Comərdlik



 

"Səxavətlilər Cənnətdədir və mən də buna zaminəm"

"Elə zəngin var ki, yoxsuldan da yoxsuldur. Elə məmur var ki, alçaqdan da alçaqdır. Elə yoxsullar da var ki, zəngindən də zəngindirlər" (həz. Əli)

Comərdlik Allahın "Cəvad" isminin təcəllisidir. Cəvad isə Allahın isimləşmiş sifətlərindən birinin adı kimi mütləq və tayı-bərabəri olmayan comərd mənasını ehtiva edir. Rəbbin bu isminin təcəlləsini daşıyanlara səxi, comərd və səxavətli insanlar deyilir. "Allah Cəvaddır, O comərdliyi və gözəl əxlaqı sevir" Peyğəmbər(ə) kəlamıdır. Ümumiyyətlə, insanın gördüyü işlər Allahın gözəl adları ilə hansı ölçü və hansı münasibətdədirsə, işin sonunda onun qazandığı fayda da o nisbətdə olar.

Əliaçıqlıq, pul və malını İslamın əmr və tövsiyə etdiyi xeyirli və yaxşı işlərə sərf edib, onlardan mənəvi ləzzət almaq səxavət və comərdlik adlanır. "Comərdlik Cənnət ağaclarından biridir. Onun budaqları dünyanın üstünə sallanıb; kim bu ağacın bir budağından yapışsa, həmin budaq onu Cənnətə atar. Xəsislik isə Cəhənnəm ağacıdır, onun budaqları da dünyanın üstünə sallanıb; kim bu ağacın bir budağından yapışsa, həmin budaq onu Cəhənnəmə atar" buyuran həz. Məhəmməd həm də deyib ki, comərdin yeməyi şəfa, xəsisinki isə xəstəlikdir. "Comərdlik bütün eyibləri örtər, bağlı qapıları açar; əksinə, səxavəti az, sərvəti çoxdursa, o, zahirdə varlı, əslində kasıb sayılar "(S.Şirazı, v.e.1291).

Əl ilə vermək Allah əxlaqı olsa da, fəqət comərdlikdə təkcə əl ilə vermək kifayət deyil. Burada əsas şərt, əl ilə veriləndən Rəbbin sığındığı qəlbin şahlanması, xoşlanması və rahatlanmasıdır. Əgər namaz qılmaq şəxsi ibadət kimi bəndənin Rəbb əmrini yerinə yetirmək vəzifəsidirsə, səxavətlilik isə həm özünün və yoxsulun axirətini dünyaya satmamaq, həm də qəlbdə məskənləşən Rəbbin rizasına nail olmaqdır. Çünki "dünya dörd şeyin üstündə qərar tutur: elmlə əməl edən və xalqa öyrədən alim; öyrənməkdən utanmayan, çəkinməyən cahil; varına xəsislik etməyən səxavətli; axirətini dünyasına dəyişməyən yoxsul. Əgər alim biliyini bitirsə, cahil öyrənməkdən çəkinər. Zəngin varında xəsislik göstərsə, yoxsul da axirətini satar" (həz. Əli).

İbadət edən xəsislə, səxavətli bisavadın durumunu müqayisə edən Allahın Rəsulu buyurub: "Səxavətlilər Cənnətdədir və mən də buna zaminəm." Əgər xəsisliyin əsasında mal, dövlət, oğul-uşaq sevgisi durursa, səxavətdə isə insan bu dəyərlərdən könüllü surətdə imtina edib, onları sosial borc kimi başqaları ilə bölür. Elə həmin səbəbdən də Cənnətə ilk dəfə alimlər, vaizlər (moizə edənlər), din xadimləri yox, haqq-ədalət uğrunda mal və canını verən comərdlər girəcəklər. Belələri fani şeyləri Rəbbə qaytararaq, Onun rizasını qazanıb bəqiyə - əbədiyyətə nail olanlardır. Onlar dərk edirlər ki, ölüm və həyatın sahibi kimdirsə, ruzi və mal-dövləti də verən Odur.

Bu baxımdan bədiyə-əbədiyyətə nail olanlardan biri də Alfred Bernhard Nobeldi (v.e.1809). Norveç mühəndis-kimyaçı Nobel Bakı neftindən əldə etdiyi milyonları və bütün var-dövlətini vərəsələrinə yox, elmin müxtəlif sahələri və sülhün bərqərarında müstəsna xidmətləri olan  alim və ictimai xadimlərə verilməsini vəsiyyət etdi. Onun vəsiyyəti 1901-ci ildən bu günə kimi qüvvədədir.

Dünyada analoqu olmayan comərdlik

Comərd insanları çox vaxt dolmuş buluda da bənzədirlər. Lakin bu ifadə comərdliyi tam əhatə etmir. Zira deyib: "Əgər sənin comərdliyin buluda bənzədilərsə, bil ki, onlar xəta edirlər. Çünki bulud verərkən ağlar, fəqət comərd verərkən gülər". Mənbələrə görə, həz. Əli namazın rukisində ikən, içəriyə bir dilənçi daxil olub əlini uzadır. həz. Əli dilənçini qapıdan boş qaytarmamaq üçün, üzüklü barmağını ona uzadır. Dilənçi sakitcə üzüyü onun barmağından çıxarıb gedir. Namaz vaxtı belə comərdlik, səxavətlilik nümunəsi tarixdə analoqu olmayan bir hadisədir. Belə ki, Allaha ibadət vaxtı Allahın bəndəsini intizarda saxlamamaq üçün Allah rizası ilə verilən bu ehsanda comərdlik və səxavətlilik cazibəsi o qədər güclü oldu ki, artıq həz.Əlinin bu işi namazdan sonraya saxlamağa taqəti qalmadı. Yeri gəlmişkən, müfəssirlərin əksəriyyəti qəbul edib ki, aşağıdakı Quran ayəsi bu təkrarolunmaz hadisədən sonra nazil olub: "Sizin haminiz ancaq Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərkən namaz qılır və zəkat (sədəqə) verirlər" (Məidə, 55).

Malını gizlədənlər diriykən ölüdür

Səxavətlidən fərqli olaraq, Allah xəsisləri və ifrata varıb israf edənləri sevmir. Xəsislik pul və malını xərcləməmək üçün hər cür sıxıntı və əzaba qatlaşmaq, pul və mal düşkünü olmaq deməkdir. Dünyəvilik mənasında "sərvət xəsis üçün faydasızdır, çünki xəsis sərvət üçün dustaqxana gözətçisi, zindanban rolunu oynayır" (P.Holbax, v.e.1789). Belələrinin xeyir vermədən yaşaması vaxtsız ölüm kimidir. "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şey qiyamət günü boyunlarına dolanacaqdır" (Ali-İmran, 10) ayəsi, xəsislərin axirətdəki aqibətindən xəbər verir. Xəsislər barədə Peyğəmbər (ə) buyurub: "Xəsislikdən çəkinin. Çünki xəsislik sizdən öncəkilərin həlakına səbəb olub. Bilin ki, xəsislər nə qədər zahid (dünyadan əl çəkən) olsalar da, Cənnətə girə bilməzlər". İslam alimlərindən bəziləri xəsisliyi ipək qurduna bənzədiblər. Bu qurd qısa həyatında bütün gücünü sərf edib bir qoza düzəldər. Sonra da o qozanın içində ölər. Qozadan isə başqası istifadə edər. Necə deyərlər, "iki adam öldü və dünyadan həsrətlə getdi. Biri yığdı yemədi, digəri bildi eləmədi" (S.Şirazi).

Müfəssirlərə görə, xəsislərin üç əlaməti var:
1) Onlar aclıqdan qorxar və həmişə nə yeyəcəkləri barədə düşünərlər;
2) Onlardan bir şey istədikdə kasıb olacaqlarından qorxub verməzlər;

3) Yaxşılıq edənlərə daxilən düşmən kəsilərlər. Belələri barədə Quran buyurur: "O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edib, Allahın bəxş etdiyi şeyləri gizlədərlər, Biz (belə) kafirlər üçün rüsvayedici əzab hazırlamışıq"(Nisə, 37). Ayənin hikmətindən aydın olur ki, mallarını xəzinələrdə gizlədənlər diriykən ölmüşlərdir.

Səxavət ehsan üstü ehsandır

Bəndəyə verilən mal-dövlət, onun ifrat və təfritə yol vermədən Allah rizasını qazanması naminədir. "Belə insanlar üçün sərvət bir vasitə, axmaqlar üçün isə məqsəddir" (A.Dekursel,1921-?). Bəndənin orta (doğru) - islami yolda  olmasının vacibliyini önə çəkən Rəbbimiz buyurub: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan!"(İsra 29). Bununla yanaşı, Rəbbimiz nə qədər xərcləcəyimiz barədə də ümumi göstəriş verib: "(Ya Peyğəmbər!) Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşanlara de: "Ehtiyacınızdan artıq qalanını!" (Bəqara 219). Qeyd edək ki, nəfsin istək və arzuları sonsuz və çox vaxt haram olduğu üçün, Allahu-Təalə "arzularınızdan artıq qalanını" yox, "ehtiyacınızdan artıq qalanını" (normal yaşayışdan qalan artığı) kəlamını buyurub.

Göründüyü kimi, xəsisdən səxavət gözlənilmədiyi kimi, israf edən də səxavətli sayılmır. İsrafla səxavətin həddinə toxunan Məhəmməd(ə) buyurub: "Yeyin, için, sədəqə verin, geyinin - keçinin, lakin əndazədən çıxmayın, israfçılığa yol verməyin və özünüz barədə yüksək fikirdə olmayın. Bilin ki, insanı yanlış yola aparan israf və təkəbbürdür". İslama görə, israf mal və paranı faydasız, lüzumsuz işlərə sərf etmək, onları zay edib yararsız hala gətirməkdir. Burada önəmli olanlardan biri də kimin malının zay edilməsi məsələsidir. İslam başqasının pul və malını zay etməyi israf yox, zülm sayır və onu ödəməyin vacib olduğunu hesab edir. Deməli, israf başqasının yox, məhz öz malının dağıdılmasıdır. Yeri gəlmişkən, günah etmək və günah edilməsi üçün sərf edilən mal və para da israf sayılır. Həmin səbəbdən Rəbbimiz buyurur: "İsraf etməyin. Allah israf edənləri sevməz" (Ənam 141). İsraf həm də nankor bəndənin Allahın bəxş etdiyi nemətlərdən heyvani şəkildə istifadə etməsidir. İsrafçının bu xüsusiyyətini önə çəkən Demokrit (e.ə 460-370) deyib: "Öz tələbatını ödəyərkən onun ölçüsünü bilən heyvan, öz tələbatının ölçüsünü bilməyən insandan ağıllıdır".

Dinimizə görə, iman insanın İslamın dil ilə iqrar və qəlb ilə təsdiqindən ibarətdir. Və şübhəsiz ki, o, güc və qüvvət qaynağıdır. Lakin arzu edilən hər hansı bir işin nəticədə xeyirli olması üçün əsas şərt, imanla saleh əməlin vəhdətidir. Əməlin ən fəzilətlisi də bəndənin Allahı görürmüş kimi yerinə yetirdiyi əməldir və buna ehsan deyilir. Comərdlik isə imanlı bəndənin Rəbbi razı sala biləcək ikiqat ehsanıdır. Yəni o, ehsan üstü ehsandır. həz. Əli demişkən: "Səxavət, istənilmədən ehsan etməkdir. İstəniləndən sonra verilən ehsan, səxavətlilik yox, utancaqlıqdır." Elə isə məmur və varlılar utanmamaq üçün bu müstəsna gözəl xasiyyətə də malik olmalıdırlar.

Haşiyə: Yoxsulun biri həz. Əliyə söylədi ki, dörd gündür acdır. həz. Əli xidmətçisinə tapşırdı ki, yoxsulu yedizdirsin. Xidmətçi ərzağın dəvənin üstündə olduğunu söylədi. Buna müqabil həzrət buyurdu: "Ərzağı dəvə ilə birlikdə yoxsula ver." Xidmətçi deyir: "üstündə ərzaq olan dəvə başqa dəvələrə bağlanıb." həz. Əli əmr edir: "bir-birinə bağlanan bütün dəvələri ərzaqla birlikdə ver." Qərarın belə olacağını ağlına gətirməyən xidmətçi, təəccüb və çaşqınlıq içində dəvələrin bağlandığı ipi yerə atır. Həz.Əli ondan qorxmasının səbəbini soruşduqda xidmətçi söyləyir: "Ey əmirülmuminin! Siz comərdlik dəryasının mədənisiniz. Düşündüm ki, əgər dəvələrin kəndiri əlimdə qalarsa, dəvələrlə birlikdə məni də yoxsula verəcəksiniz. Mən isə sizdən ayrıla bilmərəm."

Səxavət şərəf və ləyaqəti qoruyur

Məlumdur ki, ləyaqət insanın özünə, şərəf isə cəmiyyətin ona verdiyi qiymətdir. Səxavət də şərəf və ləyaqəti qoruyan sifətdir. Bu baxımdan səxavətli imanlı bəndənin təmənnasız verimliyi, ehsanı, sədəqəsi cəmiyyət içərisində onun kiçik xətalarını ört-basdır edər və onun şərəfinə kölgə salmaz. Əl tutmaq, yardım etmək Allah əxlaqından qaynaqlandığı üçün, bu əxlaqla əxlaqlanan bəndənin ayağı da sağlam bünövrə üzərində olar. Verən bəndənin əli üstdə olduğu üçün, o həm də qalib durumdadır. Lakin səxavət yalnız maddi nemətlərə şamil edilmir. Çünki ehsan, sədəqə və zəkat mənəvi dəyərlərlə də, məsələn, təmənnasız elm, mərifət, irşad və təbliğlə də mümkündür və vacibdir. Əslində maddi-mənəvi intibah məhz bu dəyərlərlə reallaşır. "Elə zənginlər var ki, yoxsuldan da yoxsuldur. Elə məmur var ki, alçaqdan da alçaqdır. Elə yoxsullar da var ki, zənginlərdən də zəngindir" (həz. Əli). Məgər pul verib övladını mənəvi kor edən zəngin valideynlə, qeyrət göstərib oxuyan tələbənin yoxsul valideyninin millət qarşısında şərəf və ləyaqəti eynidirmi? Məgər rüşvətlə oxuyub rüşvətlə vəzifə alan dünənki tələbə, bu gün saxavətli, comərd ola bilərmi? Əlbəttə yox! Çünki onu comərdlik yox, ilk növbədə verdiyi rüşvəti geri qaytarmaq düşündürür. Düşündürür ki, o da atası kimi gələcək oğlunu rüşvətlə oxutdurub, rüşvətlə vəzifə sahibi etsin.

Allah "Cəvad" ismilə Öz səxavətini Azərbaycan xalqından əsirgəməyib. Əmanət olaraq verdiyi yeraltı və yerüstü sərvətlər, yeddi iqlimli fauna və flora aləmi Onun comərdliyinin bariz nümunəsidir. Biz isə 200 il ərzində bu nemətlərin 82%-ni (336min kv. km) şeytan səxavətilə həris qonşulara verib, Allah səxavətinə xəyanət etmişik. Və hələ də güman edirik ki, Rəbb verdiyi səxavətini haraya xərclədiyimizi bizdən soruşmayacaqdır. Xeyr! "Şübhəsiz ki, Allah xərclədiyiniz hər şeyi biləndir.!" (Ali-İmran, 92).

"Əvvəl verilir, sonra istənilir; verilmədən istənilməz" İlahi bir düsturdur.

Bilməliyik ki, kainat və onun içindəkilərinin Sahibi var. Əgər kiçik bir  müəssisənin rəhbəri gəlir-çıxarını soruşursa, ağlasığmaz və ağlagəlməz bu iki aləmin Sahibi soruşmazmı?! Elə isə Allah verdiyini istəyəcəyi gündən bizi xilas etsin!

P.S. Qiyamət günü kasıblıq və zənginlik qarşı-qarşıya qoyulmayacaq. Kasıblığa hansı ölçüdə səbir, zənginliyə hansı ölçüdə şükür edildiyindən hesab tutulacaq.

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru