“Milli brend” O, kimsəyə əlçatan olmasın!



 

Bəziləri üçün uzaq, bəziləri üçünsə yaxın keçmiş sayılan bəlli bir dönəmdə milli istehsalın deyil, əcnəbi ölkələrin məhsullarına üstünlük verilməsi az qala adət halını almışdı. Misal üçün, bir neçə onillik öncəsi kim Çexoslovakiya (indiki Çexiya), Yuqoslaviya, Bolqarıstan, Macarıstan, Almaniya, yaxud da, ən azı, Rusiya istehsalı olan geyim, məişət, qab-qacaq məhsullarını qoyub, yerli istehsala üstünlük verərdi? Cavab təbii ki, birmənalı olacaq - heç kim!

O vaxtlar, yəni orta və yaşlı nəsil üçün sovetlər dönəmi kimi xatırlanan, bügünkü gənclər üçünsə, köhnə əyyam adlandırılan dövrdə yaşamağa, qidalanmağa və gündəlik istifadəyə lazım olan bütün məhsulların əcnəbi markalı olması prestij sayılardı. İnsafla desək, keyfiyyət baxımından, məsələ elə belə də qəbul edilirdi. Çünki, yerli istehsal olan, Bakının Volodarski adına fabrikinin istehsal etdiyi keyfiyyətsiz geyimlər, yaxud, yerli qida sənayesinin istehsal olan kərə yağları, ya da, əksər geyim, qida, məişət məhsulları əcnəbi ölkələrin istehsal etdiyi məhsullara daim uduzurdu. Əslində, ölkəmizdə hər adda məhsul istehsalı mövcud idi, bu məhsulların geninə-boluna istehsalına rəvac verən sahələr - neft də, pambıq da, baramaçılıq da, bir sözlə, istehsal üçün nə gərəkdirsə, bizdə vardı. Amma nə faydası, zəngin yeraltı və yerüstü sərvətlər, az qala xəzinə hesab edilənlərin fonunda, üzə çıxarılan, təqdim edilən də keyfiyyətsiz məhsullar, necə deyərlər “brak” mallar idi. O mənada, milli sərvətlərimizin, qiymətli xəzinələrimizin adına uyğun təqdimatını da edə bilmirdik.

Gün gəldi, zaman yetişdi və bu gün milli istehsalın nümunələrini rahatlıqla “özümüzünkü” adlandıra bilirik.

Əslində, xarici texnologiyaların tətbiqi sahəsində hazırda milli etiketlə həmin mal-məhsulları həm ölkə daxilində, daxili bazarda təqdim edə, həm də başqa ölkələrə ixrac edə bilirik. Məhsulun keyfiyyətindən əksər vaxtlarda əminlik olur axı. Həmçinin, bu gün, istər qida sənayesində, istər yüngül sənayedə, ya da bir sıra sektorlarda milli məhsullara münasibət dəyişib. Yuxarıda qeyd etdiyimin əksi zamanla öz yerini tapıb. Məsələn, duz, çay, qənd-şəkər, yağ, qənnadı, şirniyyat, un və un məhsulları, süd və süd məhsulları, yumurta, ət və toyuq, balıq məhsulları və adını sadalamadığım nə qədər məhsul artıq milli istehsalın nümunələrini təşkil edir. Sement və daş, tikinti sektoruna aid çoxsaylı misalı da gətirmək olar bu məqamda. Bir sözlə, milli istehsalın nümunələri mütəmadi olaraq yenilənir, az qala hər gün yeni məhsul sözügedən siyahıya əlavə olunur. İşin ən maraqlı cəhəti də odur ki, bu gün alıcılar mağaza və marketlərdə, bazar-dükanda özgələrin məhsulundan, əcnəbi ölkələrin qida əlavələri vurulan, geni dəyişdirilmiş məhsullarından ehtiyat edərək, milli istehsal məhsullarına üstünlük verirlər. O qədər görmüşük ki, “öz məhsulumuzdursa, yerli meyvədirsə, almaq olar” düşüncəli insanları. Onlar üçün yerli meyvə, tərəvəz, yaxud, istənilən məhsul xaricilərin hər dürlü məhsulundan həm təbiidir, həm də keyfiyyətli və ziyansız.

Yeri gəlmişkən, iyunun 21-dən 23-dək Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalıdır. Həm də “Organic Food Festival 2019” ilk dəfədir Azərbaycanda keçirilir. Deyilənə görə, festival ekoloji təmiz qida məhsulları, orqanik qablaşdırma materialları, sosial sahibkarlıq layihələrinin təqdimatıdır. Nə deyirik, təki orqanik məhsulların sayəsində onları istehlak edən vətəndaşların canı sağlam, sayı da çox olsun. Milli brenddən kim qaçar ki?

Qaçmaq istədiyimiz vacib bir məsələ var ki, o da milli “sərvətimiz”ə daxildir. Rüşvət, məsuliyyətsizlik və bu adı özündə ehtiva edən bir neçə məqam var ki, onlar da, min təəssüf, bizim “milli brend”imizdir. Orqanik məhsullara nə qədər ehtiyacımız varsa, milli istehsal məhsullarımıza nə qədər üstünlük veririksə, hər sahədə adıkeçən “milli brend”in onlara yoluxmasını da həmvətənlərimizdən kimsə istəməz...

Milli brendə aid olan, hər yerdə gözümüzün öncə onu axtardığı və ürək rahatlığıyla istehlak etdiyimiz orqanik məhsullar hazırda əlçatandır. Təki “milli brend” damğası və etiketi daşıyan rüşvət və məsuliyyətsizlik kimsəyə əlçatan olmasın. Yoxsa, arıçıların min zəhmətlə ərsəyə gətirdiyi və yarmarkalarda təqdim edilən təbii bal da “milli brend”in güdazına gedə, tərkibi şəkər tozundan ibarət şirin məhlula uduza bilər. Ondan sonra, iraq olsun, bu el sözünü təkcə arada-bərədə, söz-söhbət vaxtı deyil, hər zaman, hər an, milli istehsalın hər sektoruna aid edə bilərik: “Arım var, ha, arım var, it arısı ...”!

 Nigar Vaqifqızı