Ölkə xaricinə və ölkədaxili turlar...



 

Heç olmasa, əlimizdə qalanlara problem yaşamadan müraciət edək!

Yay fəsli başlayanda adətən, yaxın-uzaq xaricə səyahətin də zamanı çatır. Bəzi yaxın ölkələrə səyahəti təyyarə və qatarla, yaxud, avtobusla da reallaşdıranlar var. Lakin son dövrdə bu məsələ turlar vasitəsilə də həyata keçirilir və asudə vaxtın, istirahətin, səyahətin belə formada olmasından razılıq edənlər də, narazı olanlar da var.

Hər işdə olduğu kimi, turizm sahəsində də mənfi-müsbətlər daim qoşa addımlayır. Bunu turpaketlərin fəaliyyyətində, insanların həmin şirkətlərlə əməkdaşlığında, səyahətlər zamanı baş verən məsələlərdə, xırda problemlərdə də görmək mümkündür. Misal üçün, yaxın ölkələr hesab edilən Gürcüstan və Rusiyaya avtobuslarla, mikroavtobuslarla  səyahətlər paketinə daxil olan bir sıra məqamlarda turistlər üzə çıxan problemlərdən narazılıq edirlər. Amma bununla belə, hər il turlarla səyahətə yenidən qoşulurlar. Deyəsən, səyahət, gəzmək marağı, həvəsi və ya hobbisi onların üzləşdikləri çətinliklərə və problemlərə daha üstün gəlir. Nəticədə, hər il təkrarlanan belə məsələlər insanları başqa ölkələrə gedən yoldan saxlamır.

Amma bununla belə, turizm şirkətlərinin nəzdində fəaliyyət göstərən turlar vasitəsilə yola çıxan insanların mənəvi istirahətini, rahatlığını, təhlükəsizliyini təmin etmək ən vacib məsələdir. Bu mənada, təkcə səyahətin necə olursa-olsun təşkili deyil, onu necə təşkil etmək, keyfiyyətli iş baxımından da turların üzərinə böyük məsuliyyət düşür.

Ölkəiçi və ölkə xaricinə səyahətlə bağlı fəaliyyət göstərən turlara mütəmadi olaraq müraciət edən insanlar bizimlə söhbətində deyir ki, ənənəvi olaraq, turdan öncə gedəcəkləri ölkələrdə gəzməli, görməli yerlərin görüntüləri ilə, qalacaqları otellərin, ödənişli və ödənişsiz gəzintilərlə bağlı onlara göndərilən mesajlar və gedib gördükləri çox vaxt üst-üstə düşmür. Öncə, qiymətdən başlayaq ki, turlarda təklif edilən qiymətlər mesajlarda milli manatla yazılsa da, sonradan onun valyuta ilə olduğu üzə çıxır (Məzənnə fərqi kəskin qiymət artımını diqtə edir ). Bundan əlavə, səyahət zamanı hər-hansı ölkənin tarixi və müasir yerlərinə, bölgələrinə olan səyahətin, girişin öncə ödənişsiz olduğu deyilir, ora çatanda isə turistlərə əlavə ödənişin, özü də valyuta ilə ödəmənin lazım olduğu ərz edilir. Əlacsız qalan turist də tur rəhbərlərinin dediyini etməyə məcbur qalır, bu qədər yol gəlib, ölkə adlayıb keçəndən sonra, həmçinin, həmin yerlərə olan marağından dolayı, ona diqtə ediləni yerinə yetirməklə razılaşır. Bir sözlə, tur daxilində həyata keçirilən ekskursiyalar - şəhər, çay, dəniz, qədimi körpü, muzeylər, bulvar, bəzi təbiət gəzintiləri tur qiymətinə daxil edilsə də, əlavə gəzintilərdə əlavə ödənişlər də tələb edilir; turlardan öncə bu məqam bilərəkdən, bilməyərəkdən diqqətdən qaçırılsa da...

Turların qiymətinə bir neçə gün daxilində oteldə qalmaq, VİP nəqliyyat xidməti, bələdçi xidməti, qidalanma və s. məqamlar aiddir. Lakin turistlərin bəzisi qeyd edir ki, yaxın ölkələrə işləyən mikroavtobusların tutumu, oturacaqları, salonu, bir sözlə, nəqliyyatın rahatlığı onları razı salacaq həddə deyil. Yəni tur nəqliyyatının hamısını VİP hesab etmək olmaz.

Qidalanmaya gəlincə, səhər yeməyinin səyahətin gediş-gəliş qiymətinə daxil olduğu deyilsə də, turistlər səhər yeməyini öz hesablarına ödədiklərini bildirirlər. Yol boyu və ekskursiya müddətindəki bələdçi xidmətinin özəlliyindənsə, danışmağına da dəyməz, onun primitiv səviyyədə olduğunu turda iştirak edənlərin hamısı təsdiq edir. İstənilən turlarda gəzməli-görməli yerlər barədə internetdən məlumatlar toplayan turistlərə tur bələdçilər hansısa bir məlumat verməyə lüzum da görmür. Onların bələdçiliyinin nə olduğu və onun da qiymətə daxil edildiyi hələ də turistlərə müəmmalı qalmaqdadır.

Gecələmədən bəhs etsək, problemin ən çətini də elə onda başlayır. Bəzən turların təklif etdiyi ulduzlu otellərdə üzə çıxan çətinliklər turizm şirkətlərinin bu məsələyə laqeyd yanaşmasını ortaya çıxarır. Turistlər deyir ki, onlara son illərdə təklif edilən otellərin şəraiti və ulduz sayı səyahət etdikləri ölkəyə çatınca nədənsə, sadədən-mürəkkəbə, ibtidaidən-aliyə deyil, əksinə hərəkət edir.

Biz ən yaxın ölkələrə tur səyahətlər zamanı ortaya çıxan ən sadə problemlərdən bəhs etdik. Turistlərin sığortasından, təhlükəsizliyindən, bununla bağlı onların razı qalıb-qalmadıqları məqamlardan isə, vaxtaşırı bəhs edəcəyik.

... Yayda ölkə əhalisinin daha çox üz tutduğu yerli turizm məkanlarından bəhs etmək də bu məqamda yerinə düşər. Qeyd edək ki, ölkə ərazisində turlar vasitəsilə bir neçə günlük və birgünlük ekskursiyalar həyata keçirilir. Turlar daha çox ölkəmizin bir neçə - İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Quba, Qusar, Lerik, Göygöl, və digər bölgələri istiqamətində reallaşdırılır. Birgünlük turlarda qiymətə gediş-gəliş qiyməti, səhər yeməyi daxildir. Bəzən qiymətə əlavə ödənişlə nahar da daxil edilir ki, bu da turistin arzusu-istəyi nəzərə alınaraq reallaşdırılır.

Yaxın məkanları istisna etsək, bir qədər uzaq bölgələrdə turistləri narahat edən əsas məqam təbii məkanlara, istirahət mərkəzlərinə, tarixi abidələri ekskursiyaya az vaxtın təyin edilməsidir. Yəni səyahət bəzən yalnız nəqliyyatla gediş-gəlişdən ibarət olur, yolun uzunluğu birgünlük turlarda ekskursiyanın, gəzintinin azalmasına gətirib çıxarır. Eyni zamanda, tur rəhbərləri turistləri geri qayıtmağa tələsdirərək, onların istirahətini hansısa bölgədə meşəyə, şəlaləyə az müddətlik tamaşadan, nahar yeməyinə ayrılan vaxtdan, tarixi məkanların qarşısında şəkil çəkdirməkdən ibarət hesab edir. Bununla qane olmayan, narazılığını bildirən, istirahətinin yalnız yola sərf edilən vaxt olduğunu bildirənlərə də irad tutmaqdan çəkinmirlər. Lakin bu problemlər təkcə turdaxili olsaydı nə vardı ki?!

Ölkədə daxili tur çərçivəsində bələdçilər heç vaxt getdikləri bölgənin tarixi məkanlarına girişin ödənişli olduğunu qeyd etmirlər. Eyni zamanda, istirahət mərkəzlərində hansı xidmətlərin təklif olunduğu da turistlərə naməlum qalır. Yeri gəlmişkən, bəzi bölgələr var ki, orada piknik təşkil etmək də ödənişlidir. Məsələn, Oğuz rayonunda, Xal-xal ərazisində, şəlalə ətrafındakı meşəlik ərazisini misal göstərmək olar. Orada ağaca yapışdırılan elanda da qeyd edilib: “Özünə xidmət üçün ərazi”. Sözügedən piknikin ödənişli, yəni 40 manat olduğu da məlumat lövhəsində yazılıb. Balıq tutmaq üçün xüsusi ərazidəki məlumat lövhəsində isə yazılıb ki, tutulmuş balığı geri atmaq olmaz! Xüsusi hovuzlarda üzən çoxsaylı farel-qızılbalıqların qiyməti də müxtəlifdir, sarı-qızılı rənglilər 50 manata, qara rənginə çalanlar isə 30 manatadır. Paytaxtda 50 qəpiyə satılan , uşaqlar üçün nəzərdə tutulan popkornların qiyməti isə 2 manatadır. Ərazidə yaradılan hovuzdakı fəvvarənin içində isə qarpızdan tutmuş yemişədək olan meyvə-tərəvəz, üçkiloluq balonlardakı kompotlar axar suda “sərinlənir” və onu alacaq müştərisini gözləyir. Beləliklə, istirahət mərkəzindəki ərazidə istənilən xidmət mövcuddur - nömrələnmiş köşklər, restoran, meyvə-tərəvəz satışı və s. Amma qiymətlər normal bazar qiymətindən qat-qat yüksəkdir. Sözsüz ki, bu qiymətlər bütün turistlərin büdcəsinə uyğun deyil. Amma bu anda da atalarımızın mənalı bir deyimi yada düşür: “Könlü balıq istəyənin...”.

Xidmətin bahalığına baxmayaraq, Xal-xal ərazisində təbii bir istirahət güşəsi yaradılıb. Orda bir məqam diqqəti çəkir. Bu da özəl ailəvi istirahət mərkəzində elanlar, məlumat lövhələrinin asılmasıdır. Misal üçün, girişdə asılan məlumat lövhəsində qeyd edilib ki, mərkəz sahibkarın şəxsi hesabına yaradılıb və bir nəfər üçün giriş 2 manatdır. Restoran xidmətində 50 manatdan yuxarı hesab ödəyənə giriş pulu geri qaytarılır. Xüsusi qeyddə isə yazılıb: “Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə (sənəd təqdim etdikdə) giriş pulsuzdur”...

İstirahət mərkəzinin ərazisindəki ağaclara isə xəbərdaredici məlumat lövhələri vurulub - yəni suya girmək qadağandır, uşaqları nəzarətsiz buraxmaq olmaz, itmiş əşyalara görə mərkəzin sözçüləri heç bir məsuliyyət daşımır və s. formasında. Yəni ölkə əhalisi üçün təbii meşəlikdə istirahət mərkəzi yaradılıb, asudə vaxtın, səyahətə marağın, istirahət imkanın və pulun varsa, buyur, bölgəni seç...

Ümumiyyətlə, istənilən məsələdə seçim imkanı insanın öz əlində olmalıdır. Həyatının mənasını, özəl marağını, istirahətini qurmaq da bu qəbildəndir. Ölkədə son illər yaradılan şirkətlər, ölkədaxili turlar da vətəndaşlara müxtəlif səpkili turlar təklif edir; mənfi və müsbəti, çatışmazlıq və problemləriylə birgə. Əslində, turizm sektorundakı çatışmazlıqların zamanla aradan qaldırılacağına ümid etmək istərdik, çünki söhbət özümüzün axarlı-baxarlı bölgələrimizdən, oranı istirahət üçün seçən vətəndaşlarımızın asudə vaxtının düzgün, səmərəli və mənalı keçirilməsindən gedir. Söhbət bir də ondan gedir ki, əhalimizin böyük əksəriyyəti Şuşadakı “Domotdıx”ı, “Turizm Mərkəzi”ni, yaddaqalan pikniklər keçirdiyi “Cıdır düzü”nü, “İsa bulağı”nı, “Damcı bulağı”nı, Kəlbəcərdəki “İstisu”yu, “Dəvəgözü”nü, “Qırxbulaq”, “Gəlin qayası” yaylaqlarını və bu kimi əsrarəngiz məkanları hələ də unutmayıb. Onların nostaljisini ölkəmizin digər bölgələrində axtaranlar var. Onlara həmin hissləri yaşatmaq elə də çətin deyil. Yetər ki, insanların rahatlığını, vaxtını, büdcəsini, ən ümdəsi isə, xatirələrini nəzərə alaraq, itirilməmiş ərazilərimizə keyfiyyətli tur səfərlər təşkil olunsun. Heç olmasa, itirilənlərin müqabilində, əlimizdə qalanlara problem yaşamadan müraciət edək.

Nigar Vaqifqızı