Ədəbi söz məktəbi...
Total yığıncaqlara nə ehtiyac?
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ərəfəsində ölkənin istənilən strukturunda müxtəlif səpkili tədbirlər keçirilir. Bu tədbirlər təkcə yaradıcılıq, yəni ədəbiyyat, incəsənət və ya mədəniyyət müəssisələriylə məhdudlaşmır. Təhsil müəssisələrində də dahi Azərbaycan şairinin yubileyi münasibətiylə silsilə tədbirlər həyata keçirilir.
Ona dahi Azərbaycan şairi deyirik və bu mövzuda tədqiqat aparanlardan, araşdırmalar həyata keçirənlərdən deyil, ona qədər, ilk pillədən addımını atanlardan bəhs edirik. Bəli, orta təhsil müəssisələrində təşkil edilən yubiley tədbirlərindən danışırıq və bu məqamda, istənilən təşkilatçılığın müsbət və mənfi tərəfinin daim qoşa addımladığını söyləməyə məcburuq.
... Bugünlərdə orta məktəblərin birində Nəsiminin 650 illik yubiley tədbiri keçirildi və məktəblilər öz çıxışlarıyla dahi şairimizin yaradıcılığına ani bir baxış sərgilədilər. Doğrudur, tədbirin ssenarisi, orda hansı şeirlərin seçilməsi, geyim, o dövrün ümumi ab-havasını yaratmaq, sözsüz ki, hansısa bir orta məktəbin imkanları səviyyəsində deyil. Bu mənada, tədbirdə iştirak edən məktəblilərin səhnədə çıxış edən öz şagird yoldaşlarının primitiv aktyor oyununa, şeir söyləməsinə, kağızdan düzəldilmiş qılıncına, Əmir Teymurun geyiminin sərkərdəyə deyil, sıravi bir şəxsə geyindirilməsinə tutduğu iradı hardasa başa düşmək olar. Yəni sıravi bir məktəbin akt zalı möhtəşəm bir teatr səhnəsi deyil, onun səhnə geyimləri, aksessuarlar, texniki vasitələr və ya akustika baxımından geniş səhnələrlə ayaqlaşması tam mümkünsüzdür. Sıravi bir orta məktəbin öz imkanları səviyyəsində, yəni bir təhsil müəssisəsi kimi yubiley tədbirlərinə qoşulması hardasa, təqdirəlayiq sayılmalıdır...
Söhbət, əslində, problem ondadır ki, tədbiri hazırlayan müəllimlər onu hansı auditoriyaya ünvanladıqlarını öncədən gözə almalıydılar. Yenə deyirik, böyük, yaxud, kiçik səhnələrdə tədbirlər gerçəkləşdirmək dahi şairin yaradıcılığına kölgə salmır, bunu ən azı, klassiklərimizə diqqət və onlara əsrlər sonrası hörmət kimi də başa düşmək olar. İş ondadır ki, sıradan biri olmaq, hamı yubileylə bağlı tədbirlər keçirir deyə, onlara qoşulmaq tendensiyası yaxşı deyil. Yəni hansı səviyyədə hazırlanmasından asılı olmayaraq, diqqətin özü hörmətlə qarşılanmalıdır. Nəsimini anlamayan, onun poeziyasından xəbərsiz, dahi şairin fəlsəfəsinə bələd olmayan şagird kollektivini tədbirdə iştirakçı eləmək, məcburi tamaşaçıya çevirməyin xoşagəlməz nəticələrini görmək də qaçılmaz məqamlar olmalıydı. Nəsiminin edam səhnəsini azyaşlı şagirdlərə göstərməyin nə anlamda olmasından danışmırıq hələ, bu məqamda onu uğursuz formatda olsa da, tamaşaçı-məktəbliyə göstərəndə şagirdlərin adekvat reaksiyasını demək istərdik. Həmin səhnəni oynayanın “Məndə sığar iki cahan” qəzəlini dodaqaltı səsləndirməsinə münasibətdə, öz şagird yoldaşlarından zaldan “Belə qəzəl deməkdənsə, Afətin o mahnısını oxutsaydılar, bundan yaxşı olardı” sözlərini eşitməsi günümüzdə baş verənlərin hamısını özündə cəmləşdirir... Məktəb öz növbəsində cəmiyyətin bir parçasıdır və cəmiyyətin kim haqda nə deməsi, necə düşünməsi bu kiçik, həssas kollektivə də sızır.
Beləcə, çox danışmaq istəməzdim bu barədə, qısaca olaraq, öncəki fikrimi bir daha bəyan edirəm həssas oxucuya, dinləyiciyə, tamaşaçıya və cümlə həmvətənlərimə. Dahilərimizi, klassiklərimizi ucuzlaşdırmayaq, sıradan geri qalmamaq üçün onları bayağı, primitiv, “yolaverən” tədbirlərin mövzusu, “qəhrəmanı” etməyək. Diksiyası olmayanları səhnəyə çıxarmaqla həm onları, həm də özümüzü utandırmayaq, bir də, intonasiyasız şeirləri qəzəllərlə, nəsri nəzmlə qarışdırmayaq.
Nizam, düzən pozulur onsuz da, “Pəncü-şeş” oxuyanların hikkəsi nəsimisevərlərin müdafiə barrikadasını yararaq sosial aləmdən efirlərə, evlərə, az qala şüurlaradək yol alıb. Heç olmasa, başdansovdu hazırlanan, dilucu söylənən, ayaq-üstü baxılan tədbirlərdən vaz keçək. Məqsəd Nəsiminin yubileyinə töhfə verməkdirsə, onu bu şəkildə təqdim etməyək. Belə məqamlarda “Bacardığımız budur” arqumentini deyil, “Ən yaxşısına layiq!” devizini əsas gətirək.
Dahilərimiz üçün hər şeyin yaxşısını edə bilmiriksə, lütfən, susaq ; zatən onların tədbir xatirinə tədbir keçirənlərlə, “biz də varıq” deyənlərlə müqayisədə, belə total yığıncaqlara ehtiyacı da yoxdur. 600 ildən çox keçən müddət yüzillərin güzgüsündə onların dahi möhürünü külli-dünyaya göstərib. Söz dühalarının “ədəbi məktəbi”ni öz məktəbimizlə qarışdırmayaq.
Nigar Orucova