Qədr gecəsində qəbir gecəsi üçün
ibadət edənə müjdələr olsun



 

(Qədr surəsinin təfsiri)

 

Hərfi mənası «yanma» olan Ramazan, tövbə edənlər üçün keçmiş günahların yandırılması ayıdır. Allaha qulluq edənlər üçün bu ayda Cəhənnəmin qapısı bağlı, Cənnətin qapısı isə açıq olar. Əvvəli rəhmət, ortası məxfirət, sonu Cəhənnəmdən qurtuluş olan Ramazan ayında min aydan daha xeyirli olan Qədr gecəsi də var. Qədr, Ramazan tövbəsi ilə günahlarını yandırıb, yenidən həyata qayıdan insanın diriliş gecəsidir. Həmin səbəbdən, bu gecəyə ihya (diriltmə, yeni həyata qovuşdurma) gecəsi də deyilir. Bu gecə Quranın nazil edilməsi ilə bəşərin yeni bir eraya - zülmdən nura, sapıqlıqdan hidayətə, düşmənçilikdən qardaşlığa, nifrətdən məhəbbətə qədəm qoyması gecəsidir. Qədr, həm də qəbr dəhşət və vəhşətindən əzab çəkən tənha insanın təsəlliverici qulaq yoldaşıdır. Zira Peyğəmbər (ə) buyurub: «İbadət üçün ən xeyirli gecə Qədr gecəsidir. Ən qorxunc gecə isə qəbirdə olan gecədir. Ən gözəl gecədə ən qorxunc gecə üçün ibadət edənlərə müjdələr olsun».

Qədr mübarək bir gecə kimi Allahu-təalənin Məhəmməd (ə) hörmətinə İslam aləminə bəxş etdiyi məxsusi lütf və nemətidir. Onun xəzinəsi, comərdliyi, kərəm və lütfü əsla başqalarınınkına bənzəməz. Azaltmaq, verməmək Onun nemətini çoxaltmaz; vermək və səxavət göstərmək də xeyirini, lütfünü azaltmaz. Ondan başqa hər kəsin verdiyi nemət yox, nikmət adlanır. Böyüklüyü qədər bəxşişi də böyükdür Onun. Kimə nəyi, nə zaman, harada və nə qədər verəcəyini də, O Özü bilir. Üstün adlanan hər bir varlıq da, Onun müqabilində zəif, zəlil və fanidir.

Qədr gecəsi 11 ayın sultanı olan Ramazanın tacıdır. Ərəbcə «güc, qüvvə, hökm, qədr, qiymət, şərəf, ululuq, təzyiq, qədər, qadir» anlamlarında işlədilən Qədr, Ramazanda Quranın nazil  edildiyi gecələrdən birinin adıdır. Bu fövqəlbəşər hadisə 1409 il bundan öncə baş verdiyi üçün səhvən elə düşünülə bilər ki, o, möcüzə kimi bir dəfə olub keçibdir. Əslində isə, Qədr gecəsi keçmiş ilə yanaşı , həm də indi və gələcəkdə bəşər həyatı və kainatda mütləq baş verəcək fövqəlbəşər hadisələrlə əlaqəlidir. Bu gecə bəşər həyatını qədər qələmi ilə yazan Allahın hər bir işi ayırd edib, hökm verdiyi gecədir. Başqa sözlə, Qədr qədərdən qəzaya, yazılandan əmələ, elmdən praktikaya, layihədən işə keçid gecəsidir.

Təfsiri

Tərtibə görə 97-ci surə olan «Qədr»in ikinci adı «İnnə ənzəlnəhu»dur (həqiqətən Onu Biz nazil etdik).  Bu surə  5 ayədən ibarət­dir. Mədinədə nazil olmasını iddia edən bir baxış istisna olmaqla, mənbələrin hamısı  qəbul ediblər ki, Qədr surəsi 610-cu ildə Məkkədə nazil olub.

  1. «Həqiqətən, Biz Onu (Quranı) Qədr gecəsi (dünya səmasına) nazil etdik!» Təfsirçilərə görə, Quran Allah dərgahında saxlanılan Lövhi Məhfuzdan (Ana kitabdan) dünya səmasına bu gecə endirilib. Buradan isə o, 23 il ərzində Cəbrəail (ə) vasitəsilə yer üzünə, Məhəmməd (ə)-yə hissə-hissə verilib. Peyğəmbər (ə)-nin müasiri və həm də əmisi oğlu olan İbn Abbas yazıb: «Uca Allah Quranın bütün ayələrini bir dəfəyə Lövhi Məhfuzdan dünya səmasındakı «Beytul-İzzə»-yə endirib. Sonra o (Quran), olay və zamana görə Allah Rəsuluna 23 il ərzində ayə və surələrlə nazil edildi». «İnsanlar aramla, yavaş-yavaş oxusun deyə, Biz Quranı hissələrə ayırıb göndərdik» (İsra, 106). Bəzi təfsirçilər Quranın bütöv halda, Qədr gecəsində səmaya nazil edilməsini həmin gecədə həm ilk vəhyin Peyğəmbər (ə)-yə verilməsinin, həm də Quranın dünya səmasına endirilməsinin başlanğıcı kimi qəbul ediblər. Quranın Ramazan ayında nazil olmasını Bəqəra surəsinin  185-ci ayəsi belə açıqlayır: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlillərilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, Ramazan ayında nazil edilmişdir».

Rəbb Quranın bütöv halda, məhz mübarək gecə vaxtı nazil edilməsini başqa bir ayə ilə də açıqlayıb: «Biz onu mübarək bir gecədə nazil etdik» (Duxan, 3). Həmin mübarək gecənin adının Qədr olması isə Qədr surəsindən bilinir. Allahu-təalə qüdrət və elminin böyüklüyünü göstərmək üçün ayədə «Mən» əvəzinə «Biz» sözünü, kitabın əzəmətinin beyinlərdə həkk olunması üçün isə onu «Quran» yox, «O» əvəzliyi ilə ifadə edib. Zira belə ifadə üslubunda məqsəd, həm Quranı endirənin böyüklüyü, əzəməti və hər şeyə qadir olduğunu, həm də endirilənin şanının ucalığını ifadə etməkdir.

Bəzi təfsirçilər Qədr gecəsinin təqdir, qədər, qismət, bəyənmə gecəsi olduğunu söyləyiblər. Digərləri Qədrin qadir və ləyaqət, şərəf və əzəmət mənasında israrlı olublar. Üçüncü qrup təfsirçilər isə ona təzyiq, sıxışdırma mənalarını veriblər. Çünki Quranın nazil edilməsi Cəbrail (ə)-nin yer səmasına vahiməli gəlişi ilə başlamışdı. Və həmin gecə yerə enən çoxsaylı mələklər üçün yer darlıq edirdi. Yeri gəlmişkən, «Qədr» termininin surədə üç dəfə təkrar olunması, Qədrin hər üç mənasını ehtiva edir. Bəlkə də, bu səbəbdən bütün təfsiçilər həmin mənaları yekdilliklə qəbul ediblər.

  1. «(Ya Peyğəmbər!) Qədr gecəsinin nə olduğunu bilirsənmi?!» Peyğəmbər (ə)-yə ünvanlanan bu ifadə həm sual, həm də təsdiqdir. Yəni, ey Peyğəmbər, Biz onun mahiyyətini açıqlamasaydıq, sən onun nə olduğunu bilməzdin. Zira sən heç bilməzdin ki, Biz sənə Quranı nazil edəcəyik. «Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq, sənə göndərildi» (Qasas, 86). Məlumdur ki, Musa (ə)-yə 40 gün ərzində verilən Tövrat, İsa (ə)-yə lütf edilən İncil Rəbbin fövqəlbəşər möcüzələri idi. Peyğəmbər (ə)-yə 23 il ərzində vəhy yolu ilə çatdırılan Quran isə istər əhatə etdiyi məsələlər, onların sayı və müxtəlifliyi, istərsə də zaman baxımından Allahın ona məxsusi lütf və ehsanı idi.
  2. «Qədr gecəsi min aydan daha xeyirlidir». Yəni o gecə əməl, ibadət, çalışmaq, səy etmək, azadlıq uğrunda mübarizə ilə əldə ediləcək xeyir və savablar, içində Qədr gecəsi olmayan min ayın xeyir və savabından daha fəzilətlidir. Qədr gecəsinin mübarəkliyi (uğurlu, xeyrli) və onun gətirdiyi bərəkət min yox, on minlərlə ayın verdiyi xeyirdən də üstün ola bilər. Zira Allah Qədr gecəsinin xeyirlilik dərəcəsini yaratdığı bəşərə başa salmaq üçün ayədə «daha» sözünü işlədib. O ki qaldı nə üçün ayədə başqa rəqəm yox, məhz min rəqəminin ifadə olunmasına, bu barədə iki fikir var: a) Beyhakiyə görə, Allahın Rəsulu səhabəyə nəql edib ki, İsrail oğullarından bir saleh bəndə Allah yolunda min ay cihad edib. Peyğəmbər (ə)-yə  qulaq asanlar həmin ərin əməlini öz əməllərilə müqayisə etdikdən sonra çox məyus olublar. Peyğəmbər (ə)-yə can və malla qulluq edən səhabə belə hesab edib ki, onların İslama xidmətləri hələ yetərincə deyil. Bu səbəbdən də, Allah həmin ayəni nazil edib; b) Əlməali isə ayənin təfsirini belə verib: «Ayədəki min ayın hikməti, ya qədim İsrail oğullarından imanlı bir kişinin zülm və haqsızlığa  qarşı min ay (83,3 il - V.C) cihad etməsinə, ya da həmin zümrədən olan 4 əməlisaleh kişinin min ay müddətindəki ibadətlərinə müsəlmanların qibtə etmələrilə əlaqəlidir. Bu ayə ilə Rəbb sanki seçdiyi Rəsulu və onun səhabəsinə deyir: «Sizə lütf etdiyim Qədr gecəsininin fəziləti həmin imanlı bəndələrin 83,3 illik cihad ibadətlərindən daha üstündür». Həmin mütəfəkkirlərin təfsirlərinin mötəbərliyini qəbul edən müəllif həm də ona əmindir ki, Qədr gecəsinin mübarəkliyinin həqiqi ölçüsünü yalnız onu Verən bilir.

Haşiyə: Görəsən, biz çağdaş dünya müsəlmanları olaraq, Peyğəmbər (ə) sahəbəsi kimi İsrail oğullarından olan həmin bir və ya dörd imanlı bəndənin əməlinə qibtə edib, nəticə çıxarsaydıq, indi Qərbin «demokratik dəyərlər» mühazirəsinə möhtac olardıqmı? Görəsən, həmin imanlı bəndələr kimi biz də Allah rizası üçün çalışıb hər günümüzü «Qədrləşdirsəydik», qeyri-müsəlmanın elm və texnika sədəqəsinə möhtac olardıqmı? Əsla yox!

  1. «O gecə mələklər və ruh Rəbbin iznilə hər bir işdən ötrü yerə enərlər».

Ayədə göstərilən ruh, Rəbbin əmri ilə Qurani-Kərimi yer səmasına gətirən varlıqdır. «(Ya Məhəmməd!) De ki: Ruhulqüds onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək üçün bir haqq, müsəlmanlar üçün isə bir hidayət və müjdə olaraq nazil etmişdir» (Nəhl, 102).

Təfsirçilərin əksəriyyəti ruhun həz. Cəbrail olduğunu qəbul ediblər. O, həm də yer səmasına gətirdiyi bütöv Quranı 23 il ərzində Peyğəmbər (ə)-yə hissə-hissə öyrədən mələkdir. Həz.Peyğəmbər ona nazil olan ilk vəhylərin (Ələq surəsinin 1-5-ci ayələri) Cəbrail (ə)-dən öyrənməsini belə nəql edib: «Mələk məni tutub nəfəsim kəsilincəyə qədər sıxdı. Sonra buraxıb dedi: «Oxu!» «Axı mən oxumaq bilmirəm» - dedim. O, ikinci dəfə məni sıxıb buraxdı və yenə də dedi: «Oxu!» «Axı mən oxumaq bilmirəm» təkrar etdim. Cəbrail həmin hərəkəti üçüncü dəfə təkrarladıqdan sonra dedi: «Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi» (Buxari). Bəzi təfsirçilər ruhu göyləri və yeri bir loxma kimi uda bilən mələk şəklində təfsir ediblər.

O gecə Rəbbin izni ilə ruh və mələklərin hər bir işdən ötrü yerə enmələri yerdə bir canlanma, basırıq, qəza və qədərin reallaşması ilə əlaqəlidir. İslam mənbələrinə görə, onların bu gəlişində məqsəd həmin gecədən gələn ilin Qədr gecəsinə qədər dünyada baş verəcək hadisələri müəyyənləşdirməkdir. «Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur. Dərgahımızdan bir buyruq olaraq!» (Duxan, 4-5)

İslamşünasların bir qismi bu ayəni belə təfsir ediblər: «İl ərzində birinin başına gələcək bütün işlər, dünyada baş verəcək bütün hadisələr - xeyir, şər, əcəl, ruzi, xoşbəxtlik və s. Lövhi-Məhfuza həmin ilin məhz Qədr gecəsində yazılır və müvəkkil mələklərə bildirilir. Bu yazıya pozu yoxdur». Bu təfsirə görə, Qədr gecəsində növbəti bir il ərzində dünyada baş verəcək bütün proses və hadisələr proqramlaşdırılır və onların icrası müvafiq mələklərə tapşırılır.

  1. «O gecə dan yeri sökülənə kimi salamatlıq, əminamanlıqdır!».

Bu ayəni açıqlayan təfsirçilər əsasən iki  qrupa bölünürlər. 1. Orijinaldakı «sələmun» sözünü salamlaşma kimi təfsir edənlər. Bu fikrə görə, həmin gecə mələklər dan yeri ağarana qədər dəstə-dəstə yerə  enərlər və hər gələn qrup yer sakinlərinə (və ya ancaq möminlərə) salam verərlər. Həmin səbəbdən Qədr gecəsi Rəbbin göydən gələn mələklərinin yerdəki insanlara salam vermələrilə müşahidə olunar və gecə kütləvi salamlaşma, xeyir-dua gecəsi olar. Ona görə də, Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək tövsiyə edilir. 2. Orijinaldakı «səlamün» termininin salamatlıq, ölümsüz-itimsiz kimi açıqlayanlar. Bu fikrə görə, o gecə heç bir bəla nazil olmaz. Yəni səma qonaqları olan mələklər yerə pislik və əzab gətirməzlər. Gecə tam xətasız, bəlasız olar. Ayənin təfsirinin bu variantını əsas götürənlərin müəyyən hissəsi iddia edir ki, ümumiyyətlə, o gecə heç bir bədbəxt hadisə, ölüm, təbii fəlakət baş verməz. Rəbb kəlamlarına və səhih tarixi qaynaqlara istinad edən müəllif isə bu tezislə razılaşmır. Belə ki: əvvəla, Rəbb buyurur ki: «Hər bir hikmətli iş o gecə hökm olunur» (Duxan, 4). Rəbbin həmin gecə məzlumun haqqını vermək üçün bir zalımın ölümünə hökm verməsi və ya bir zalıma etiraz etməmək səbəbindən həmin zalımın kütlə üzərində Allahın qılıncı olması; mömin bəndəni dünya əzabından qurtarıb ona əbədi Cənnəti verməsi, yaxud məsum bir körpənin gələcəkdə cəmiyyət üçün bir bəla mənbəyi olacağı səbəbindən onun ölümünə qərar verməsi və s. və i. ilahi hikmətlərdəndir. Necə deyərlər, «görəsən Mövla neylər, neylərsə gözəl eylər». İkincisi, dünya tibb statistikasının rəsmi hesabatları göstərir ki, Ramazan və Qədr gecəsi də daxil olmaqla, elə bir gecə, saat və dəqiqə yoxdur ki, yer kürəsində ölüm hadisəsi baş verməsin. Üçüncüsü, dünyada baş verən təbii fəlakət və ekstremal hadisələrin təhlili də, Qədr gecəsinin ölümsüz-itimsiz  gecə olduğunu təkzib edir. Məs; «11.09.1040 - 09.08.1043 illərdə Afrikada fasiləsiz elə bir quraqlıq olub ki, insanlar kütləvi şəkildə ölüblər. 28.06.1047 - 15.06.1048 tarixlərdə Ramazan və Qədr gecəsi də daxil olmaqla Bağdad, Mosul, əl-Cəzirə və başqa bölgələrdə quraqlıq nəticəsində insanlar hətta ölülərin ətini belə yeməyə məcbur olublar. Nəticədə yayılan epidemiya yüz minlərlə insanın həyatına son qoyub. Ramazan ayına təsadüf edən 09.06 - 11.06.1073-cü ildə İranda saysız-hesabsız çəyirtkə taxılı elə yeyib ki, əhalinin əksəriyyəti acından ölüb; 1109-cu ilin aprelində (Hicri 502-ci il, Ramazan ayı) Dəclə çayının daşması bütün qış və yay azuqələrini məhv etdiyindən, həmin il aclıq ili olub» və s. və i. (Bax: Ziya Bünyadov, «Təbii fəlakətlər və Yaxın və Orta Şərqdə ekstremal hadisələr». VII-XVII əsrlər, rus dilində, Bakı, Elm, 1990).

Qədr gecəsi nə xam və nadan insanlar, nə də Kəbə qarşısında qibləni axtaran zavallılar üçün deyil; o, qədir-qiymət bilən, inanan insanlar üçündür. «Kim fəzilətinə inanaraq və əcrini umaraq Qədr gecəsini ihya edərsə, keçmiş günahları bağışlanar» (həz. Məhəmməd). Göründüyü kimi, kəlamdakı əsas şərtlərdən biri həmin gecədə oyaq qalmaqdır. Quran oxumaq, namaz qılmaz, təfəkkürə dalmaq, günahların bağışlanması üçün dua və həmdü-sənada bulunmaq, Ondan məxfirət və istəklər diləmək, əlillərə, kasıb sosial təbəqəyə, yetim və qocalar evlərinə yardım etmək, əfv və aministiya fərmanları vermək və digər xeyirli işlər görmək bu gecənin tələb etdiyi qayələrdir. Qədr gecəsi, həm də bəndənin keçdiyi ömür yolunun təftişi, təhlili və hesabatıdır. Necə deyərlər, «yanıb dirilmə məqamıdır». Zira «Qədr gecəsi səhərə qədər Şeytan bayıra çıxa bilməz, heç kimə vəsvəsə verə bilməz. O gecə sehrlə məşğul olanın sehri də təsirsiz olar» (həz. Məhəmməd).

Qədr gecəsinin dəqiq vaxtı bilinmir. Bəzi üləma və təfsirçilər bu gecənin Ramazan ayının 17-si, yaxud 19-u, digərləri isə həmin ayın 20-29-u arasında olduğunu söyləyiblər. Lakin əksər mənbələr «bu gecə  Ramazanın 26-dan 27-nə keçən gecəsidir» qərarında israrlıdırlar. Peyğəmbər (ə) buyurub: «Qədr gecəsi mənə bildirildi və sonra unutduruldu». Həmin səbəbdən o, Ramazanını son on gününü özünü sırf Allaha ibadətə sərf edərdi.

Peyğəmbər (ə) həm də buyurub: «Qədr gecəsi ikidir. Biri bütün il içərisində, digəri Ramazanın son on günü içərisindədir». Bu kəlama görə Qədr, il ərzində bəndənin damla-damla yığdığı savabların rəhmət bardağından daşdığı gecədir. Yəni, mömin və saleh bəndə üçün ilin hər gecəsində Qədrin qədir-qiymətindən bir nişanə var. Bəlkə də, Rəbb tərəfindən Peyğəmbər (ə)-yə bu gecənin dəqiq vaxtının unutdurulması həmin səbəbdəndir.

Peyğəmbər (ə) Qədr gecəsində: «Allahım, Sən çox bağışlayansan, əvf sevənsən, məni də bağışla» duasını təkrar edərdi.  Biz də özümüz üçün bu duanı edərkən, millətimizin birliyi, vətənimizin diriliyi, dinimizin müqəddəsliyi, bayrağımızın bakirəliyi uğrunda özlərini fəda edən şəhidlərimiz, əsgərlərimiz, məhbuslarımız və bütün xalqımız üçün dua etməyi unutmamalıyıq. Zira deyilib: «Əgər duanız olmazsa, Rəbbiniz yanında nə qədir-qiymətiniz olar».(Furqan, 77).

Ya Rəbb! Biz yox idik, Sən var etdin. Varlığından xəbərdar etdin. Həmdini sözlərimizə sərtac etdik. Zikrini qəlbimizə merac etdik. İnayətinə sığınıb, qapına gəldik. Hidayətinə sığınıb, lütfünə gəldik. Lazımınca qulluq edə bilmədik, əfvinə gəldik. Əllərimizi ünvansız səmaya deyil, Sənin Laməkan sarayına tutub deyirik: «Çaşdırma bizi, dogrunu söylət. Sapdırma bizi, haqqa yönəlt. Özündən başqasına alçaltma bizi. Özündən başqasına  aglatma bizi. Xeyirlər fəthini, şərlərin dəfini bizə nəsib et. Ya Rəbb! Bizim Qədr gecəsindəki ibadətimizi qorxulu qəbir gecəsində  müjdə və xilasımız hesab et! Amin».

 

Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru