Doğru yol göstərən...
“Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar”
Kitab oxumaq qədər maraqlı bir iş yoxdur. Onun saysız-hesabsız məziyyətlərindən danışmıram. Narahatlıq olan məqamlardan uzaqlaşmaq, ən azı, kiminsə də səni narahat etməməsi üçün ən ağıllı yol odur. Amma nə fayda? Uca millətim o ucalıqdan kitaba əyilməyi özü üçün diskomfort sayır. Məsələn, kifayət qədər vaxtı olduğu halda, boş-bekar, vaxtını nəylə “öldürəcəyi” barədə gecə-gündüz düşünənlər var ki, “bir kitab aç, oxu, vaxtını mənaya dəyiş” demək qədər ağılsız məsləhət yoxdur onların nəzərində. Bir nəfər var, özü böyük bir kitab mağazasının üstündə qərar tutan əzəmətli bir binada yaşayır. Kitablara da ordan, obrazlı desəm, ucalardan, havalardan, el sözüylə desəm, yuxarıdan aşağı baxır. Gündə neçə dəfə aşağı-yuxarı düşüb-qalxıb market, bazar, iş, park-bulvar, restoran-kafe, hər adda məkana üz tutmaq olar?! Bu adam yorulmur, usanmır, oralara təkrar-təkrar yollanmaqdan bezmir. Amma əlinə bir kitab alsa, onun heç birinin bir-birini təkrarlamadığını, hər dəfə yeni bir dünyaya düşdüyünü görəcək, başqa obrazlarla, insanlarla, ölkələrlə, xalqlarla tanış olacaq. Bu tanışlıqla hər gününə bir rəng qatacaq, optimistlərdən güc alacaq, pessimistlərə baxıb özünə “şükür” deyəcək, hər halda, öz gündəlik yaşamına baxanda, nəticə pis olmayacaq. Kitablar insanı özündən qoparır, ayırır, başqa bir dünyaya aparır. Bundan gözəli nə ola bilər axı, yeknəsəklikdən usanmış, darıxan, partlayan, bezginlikdən az qala ölmək istəyən birisi üçün?
Ona kitab oxumağı məsləhət görsəm, bunun niyəsini izah etmək üçün gərəkdir bir kitablıq söz danışam (ən qısası, kəsəsi yazmaqdır). İndiki zəmanədə də kiminsə marağını nəyəsə cəlb etməkdən mənasız iş yoxdur; hamı onsuz da çox mətləblərdən məlumatlıdır. Marketinqdən tutmuş siyasətədək, iqtisadiyyatdan başlamış sosiallaşmağadək, hamı günün içindədir. İnternetin həmişəcavan canı salamat olsun, məgər müasir insanı qeyri-mədəni olmaqda kimsə suçlaya bilərmi? Nə olsun ki, cümlə-əhali kütləvi şəkildə kitab oxumur? Elə bil bildiyini kitabdan əldə etdiyini söyləmək aşağılanmaqdır. Fərdiyyəti istisna etsək, kütlə psixologiyasında kitaba tuşlanan düşmən baxışları, aqressiv münasibəti azmı görmüşük?
Bəli, heç kimin bir-birinin kitabını oxumayan zəmanədə vaxt qalıb boşuna, bəzi insanlar mənasızlıqdan, bir yerə min dəfə ayaq döyməkdən, yeməkxana obyektlərində partlayanacan yeməkdən, qaraciyəri serroz tapanacan içməkdən, bir sözlə, yeyib-içməkdən, çəkməkdən (misal üçün - hər adda qəlyan) zara gəlib. İmkanı olan və ya olmayan fərqi yoxdur bu siyahıda, anlamırlar niyə özlərinə zülm verdiklərini. Arqumentlər də söylənməkdən çeynənib və dadını itirib. Nə qədər olar ailə-məişət qayğısının çətinliyindən, işsizlikdən, sağalan və sağalmaz xəstəliklərdən, hər yay səyahətə gedə bilməməkdən, ildə bir dəfə məzuniyyətə, beş ildən bir istirahətə yollanmamaqdan, min ildən bir də adam kimi yaşamaqdan gileylənmək?! Həyatdan, yaşamaqdan, ömürdən keçən günlərdən, aylardan, illərdən bu qədər giley-güzar etməkdənsə, hər şeyin sonu olan xroniki yorğunluqdan əziyyyət çəkməkdənsə, əlinizi cibinizə atıb 5 manat çıxarın. Özünüzdə iradə və güc tapıb, o manatı çayxanaların, “yeyib-içmək” təyinatlı yerlərin sehrindən qoparıb bir kitab alın (kitabın qiyməti 5 manatdan başlayır). Oxumazdan öncə dönüb əvvəlki həyatınıza baxın - dəyişə bilmədiyiniz, daim vurnuxduğunuz, çək-çevir elədiyiniz, kimlərisə günahkar çıxardığınız, fəqət içindən qurtula bilmədiyiniz həyata.
Dəqiq bilin, onu dəyişməyin yolu kimisə öldürməkdən, ya özünü öldürməkdən, hər hansı motivli cinayətdən, qətldən, yaxud, çevrilişdən, inqilabdan, siyasətdən keçmir.
Kitablardır insanı dəyişən, həyatına yenidən baxmağa məcbur edən, “nəyi düz, nədə səhv etdim” sualını özünə ünvanlamağa vadar edən...
Kitab oxuyaraq ondan dürüst nəticə çıxaran, qiymətli məsləhətləri, nəsihətləri tətbiq edən, ibrətamiz həyat hekayələrindən dərs alaraq düzgün yola istiqamətlənən insanlardır uğur qazananların önündə gedənlər...
Çünki hansı kitabı açırsınızsa-açın, orda mütləq bir mesaj, insana, fərdə, sonda külli-cəmiyyətə qiymətli ötürmələr var. Oxuyanlar oxumayanlara nədənsə bəhs edəndə, onunla kitabdan tanış olduğunu, doğru-düzgün yanaşmanı məhz kitabdan əxz etdiyini axır ki deməlidir, gizlətməməlidir. Heç bir yazılı ədəbiyyatda, heç bir kitabda insana ziyan vuracaq bir kəlmə də yoxdur.
Ey kitabdan qaçanlar, kitabların xidməti xeyirxahlıqdır. İstər mənfi hadisələrdən bəhs etsin, istərsə də səhifələri çətin, ağrılı-acılı hekayələr, ağır mövzularla dolsun, onun insanlığa çağırışı mütləqa müsbətə, gözəl sonluğa yönlənib.
... Yaxın-uzaq xaricə, ekzotik ökələrə, yaşıl, sakit meşələrə getmək, ənginliyə, hər dürlü zənginliyə çatmaq, insan kimi yaşamaq hamının arzusu və haqqıdır. Amma hamını bir neçə nəfərin imkanlarında birləşdirməyin mümkün olmadığı da hər kəsə aydındır. O halda, həyata açıq gözlə baxanlar ona üz tutanlardır. Elə bu dəqiqəndən, mənasız hesab etdiyin həyatından, sonda özündən uzaqlaşmaq istəyirsənsə, əlinə kitab al, onun içində həm özünü, arzularını tapacaq, həm də nə etmək lazım gəldiyini biləcəksən. Mütaliəli insanın gözləri yaxında tutduğu kitablardan çıxış edərək onu çox uzaqlara apara bilər - özündən və qarmaqarışıq həyatından qoparıb düzənli bir həyata...
Möcüzəni beş manata almaq mümkündürsə, onu bir günün ehtiyacına dəyiş - özünə yarım kilo əti, yağı, bir toyuğu, bir siqaret qutusunu, bir telefon konturunu əsirgə...
Bu “qurban”ın müqabilində Kitab özündə hifz etdiyi xəzinəni, hər qiymətlini, istəyənə təmənnasız bəxş etdiyini, öyrətdiyi heç nəyi, heç nəyi əsirgəməyəcək.
Nigar Orucova