Sintetikə “yox” deyək - kağıza dönək!
Zamanla həyat nə qədər inkişaf edib müasirləşirsə, geriyə qayıdışa da bir o qədər ehtiyac olur. Kimsə dana bilərmi yaxın keçmişin tərkibi sağlam qidalarını, təmiz ekologiyanı və ya şüalanmadan kənar uzun bir ömrü? Qınayanlar olsa da, deməliyəm, ən yaxın keçmişdə ölkəmizdən deyil, paytaxtımızdan deyil, elə öz kəndimizdən misal çəkirəm, yalnız çox yaşlı, qosqoca insanlar dünyadan köçürdü. Özü də hansısa sağalmaz, amansız xəstəlikdən deyil, uzun bir ömürdən sonra, yaşlanmaqdan dolayı dünyaya vida edirdilər.
İntiharlar da yox idi, özünəqəsd sözü kiminsə lüğətinə daxil deyildi, insanlar bu müdhiş sözlə gecəni qarşılayıb, səhəri də açmırdı. Ümumiyyətlə, intihar kəlməsini işlədən kəs, gərəkirdi bu sözün ağırlığını çəkə bilib, sonra ondan bəhs etsin. Ağsaqqalların, ağbirçəklərin, qohum-qonşunun, uzaq-yaxının, dost-tanışın, bir sözlə, bu qədər insanın, el-elatın, cümlə-camaatın qınağına tuş gəlməmək, iradını eşitməmək üçün kimsə canına qıymazdı, intihar sözüylə başqasının könlünə həyat haqda şübhə toxumu əkib, onu barındırmazdı. Bir sözlə, hamı yaşayırdı, doğumla ölüm arasındakı məsafəni göydən baxanın iradəsiylə, ona hörmətlə, ən azından ona xatir, qət edirdi.
Yaxın-keçmiş əyyamlarda həyat beləydi. Həyat elə bütün dövrlərdə öz adını saxlayıb. Dəyişən simadır, o da bütün dövrlərdə öz zəmanəsini əks etdirib. Elə hazırkı həyat şərtlərinin də ağır, ya yüngül, asan və ya çətin olmasına görə, hansısa tarixi formasiyalardakından konkret fərqi yoxdur. Çətinlik və asanlıq hər zamanda üzə çıxıb - istər ox-kaman, qılınc-qalxan, istərsə də İKT dövrü olsun. Qəhrəmanlıq, əsl igidlik odur ki, zamanla yaranan çətinliklərdən çıxa biləsən, həyatı dürüst yaşaya biləsən, qidaya haram, havaya zəhər qatmayasan. Müraciət də ikinci şəxsin tək formasına deyil, əslində, birinci şəxsin cəminə ünvanlanıb. Yəni bizlər gərəkdir istehsal etdiyimizin istehlakçısı olduğumuzu, istehsal məhsullarımızın korladığı havadan belə, istifadə etdiyimizi unutmayaq. Axı hamımız bir göyün, səma adlı nəhəng bir tavanın altında yaşayırıq. Bir də, həyatın bumeranq kimi bir üzü var ki, onu yuxarıda qeyd etməyi unutdum.
Bəli, nə qədər inkişaf edib irəliləsək də, keçmişə aid bəzi məqamlar bugünkü gündə də öz müasirliyini saxlayır. Kiçik görünən, lakin sağlamlıq baxımından böyük əhəmiyyəti olan məsələləri deyirəm. Onların da hamısından deyil, birindən danışacağam.
... Çoxlarının yadında olar, keçənlərdə satış obyektlərindən, sadə dillə desəm, dükanlardan nə alsaq, onu bizə indiki kimi sellofan torbalarda deyil, kardon rəngində olan kağız torbalarda təqdim edərdilər. Kağız torbalardan başqa, böyük kağız listlər da olardı ki, onu da lülə şəklində düzəldib aldığmızı içinə yığıb verərdilər. Sonralar sintetik torbalar istehsal olunmağa başladı, onunla da marketinq bazarında sanki bir dönüşə imza atdılar - “bizdən alın, razı qalın” reklamı timsalında. Daha sonralar sintetik torbaların brendləri də yarandı - “Bizim market”, “Favorit market“, “Araz market”, Bazarstor”, “Nicat market”, “Oba” və s. adını burda qeyd etmədiyim daha neçə satış-ticarət obyektlərinin adlarıyla mal-məhsulları müştərilərə daha rahat, uyğun, sivil formada, pulsuz plastik torbalarda təqdim edərək xidmət göstərməyə başladılar. İlk zamanlarda sintetikdən istehsal edilən bu torbaların zərərindən kimsə bəhs etmirdi, onun səsi sonradan çıxdı...
Bir müddət öncə isə, sintetik torbaların insan sağlamlığına ziyan olması barədə xəbərlər yayılmağa başladı, mütəxəssislər dilə gəldi, köhnə ifadəylə desəm, həyəcan təbili çalınmağa başladı, nə başladı...
Daha sonra kağız torba erasının yenidən qayıdacağıyla bağlı məlumatlar səsləndirildi, az qala bütün xəbər saytlarında sintetikdən hazırlanan məhsulların həyatımızı iflic etməsi barədə məlumatdan araşdırmayadək mövzular verildi. Hətta plastik tullantıların dənizlərdə, okeanlarda balıq və digər dəniz canlılarının həyatına son qoyduğu, nəslini kəsdiyi barədə elmi mülahizələr səsləndirildi. Yeri gəlmişkən, elə bugünlərdə BMT-nin Cenevrədəki ofisində plastik tullantıların ixracının tənzimlənməsinə dair toplantı olub. Həmin tədbirdə də 180 ölkənin müxtəlif nümayəndələri, mütəxəssisləri iştirak edib. Onlar plastik maddələrin qlobal təhlükəsindən bəhs edərək hər il dünyanın su hövzələri və okeanlarına 8 milyon tonadək bu cür tullantıların atıldığını deyiblər. Böyük su hövzələrində isə, plastik maddələrin həcmi 100 milyon tonu keçibmiş...
Deyirəm, bəlkə keçmişə hörmət, bugünümüzə də qiymət xatirinə (rəqəm mənasında yox!) həmin kağız torbalardan istifadə məsələsini yenidən gündəmə gətirək? Materialın ekoloji cəhətdən təhlükəsizliyini isbatlamaq üçün mütəxəssis rəyinə də ehtiyac yoxdur, yuxarıda xatırladığım, xatırlatdığım uzunömürlülərin, sağlam həyat sürənlərin təcrübəsi buna aydın misaldır. Kağız torbalardan istifadə edək ki, onun tullantıları da ərimədən, çürümədən, heç nəyə dönmədən başımıza bəla açan sintetik, plasmas məhsulları əvəzləsin, torpağa qarışsın, gübrəyə çevrilib fayda versin, ya da xammalın təkrar istehsalından təhlükəsiz istifadəyə yarasın.
... O gün “Azərbaycan nəşriyyatı”nın qarşısında, piyada zolağından keçən adamın əl arabasında apardığı yükü görəndən sonra bir fikirdən çox narahatam. Əl arabasında qalaqlanmış, tullantı üçün nəzərdə tutulmuş iri qara sellofan torbalarda hər nə desən vardı. Plastmas materialdan olan, istifadə edilmiş rəng-boya vedrələri, köhnə, sınıq ləyənlər, istifadə edilmiş su butulkaları, düyü qabları... Hələ torbalar qara rəngdə olduğundan, içindəkilərin hamısının nəyə xidmət etdiyinin fərqinə vara bilmədim, ağ torbalardakıları, onların içindən bayıra çıxanları, arabanın üstündə açıq şəkildə qalaqlananları görə bildim. Adamın öz boyundan böyük yükü hara apardığını da soruşa bilmədiyimdən, şübhələr beynimi dəlir - əcəba, bu işlənmiş, istifadəyə yararsız, sınıq-qırıq plastmas əşyalar, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş butulkalar görəsən, hara yol alır?
Təmizlənmədən, təmizlənsə belə, zərəri hədsiz, saysız-hesabsız olan təkrar istehsalamı, yoxsa, mətbəximizin şah əsəri - plovun əsas xammalının əvəzləyicisi, sintetik düyü istehsalınamı?
Nigar Vaqifqızı