İslam mədəniyyəti anlayışı
Mədəniyyət termini geniş mənada müəyyən tarixi dövrlərin, ictimai-iqtisadi formasiyaların, konkret cəmiyyətlər, xalq və millətlərin maddi-mənəvi inkişaf səviyyəsini səciyyələndirmək, həmçinin fəaliyyət və həyatın spesifik sahəsini bildirmək üçün işlədilir. Məhdud mənada isə o yalnız insanların mənəvi həyatına şamil edilir.
Elm və digər mənəvi dəyərlər sözsüz ki, mədəniyyət üçün mühüm alət və vasitədir. Lakin bu heç də o anlama gəlmir ki, elm və texnikada irəlidə olan millətlərin mədəni olması üçün yalnız o dəyərlər kifayətdir. Başqa sözlə, hər savadlı və alim ziyalı, hər silahlı və mücahid də qazi sayılmaz.
İslam mədəniyyətinin əsası Rəbb kəlamlarıdır
İslam mədəniyyəti Rəbb kəlamlarından qaynaqlanan Quran hikmətinə söykənir. Həmin səbəbdən səməvi kəlamlar xaricində olan hər bir mədəniyyət qeyri-islami, fani və batildir. Çünki onun əsasını bir təbəqə və sinfin (və ya xalqın) bilavasitə və ya dolayısı ilə digəri üzərində istismarı təşkil edir.
Qeyri-islami mədəniyyət ictimai-siyasi həyatda istinad nöqtəsi kimi qüvvə və təhdidi qəbul edir. Bu fəlsəfə “haqlı qüvvətlidir” yox, demokratiya pərdəsi arxasında “qüvvətli haqlıdır” prinsipini önə çəkir. Bir neçə qüvvətli dövlətin dünya üzərində bilavasitə və ya dolayısı ilə ağalığı, müxtəlif bəhanələrlə onları öz iradəsinə tabe etdirmək iddiası məlum prinsipdən doğur. Elə BMT-də 5 super dövlətin “veto” hüququ da həmin düşüncənin məhsuludur. Bu mədəniyyətin hədəfi mənfəətdir. Mənfəət ideologiyasının nəticəsi isə müdaxilə etmək və hərbdir. Dünyada bazar və mənfəət uğrunda baş verən bütün münaqişə və müharibələr, diktator rejimli ölkələr daxilindəki “sən qazan mən yeyim” prinsipi də həmin təməl üzərində qurulur. Bu zaman qüvvə təcavüzlə, mənfəət boğuşmaqla, müharibə və münaqişələr isə bütöv bir xalq və ya çoxluğun istismarı ilə tanınır.
Məs., demokratiya, insan haqq və azadlıqlarını “qorumaq” məqsədilə İraq, Tunis, Liviya, Misir, Suriya kimi müsəlman ölkələrinə qoşun yeridən mənfəət ideologiyası həmin ölkələrdə bu dəyərləri bərqərar etdimi? Əsla yox! Onlar mənfəətlərini təmin etmək üçün həmin ölkələrdə Qərb mədəniyyətini tələb edən “demokratik” qurumları demokratiya tələsinə salıb, bölgədə vətəndaş müharibələrini alovlandırdı. Nəticə göz qabağında... Ümumiyyətlə, bəşəriyyətin altıda birinin səfalət, yoxsulluq və faciə içərisində yaşamasına səbəb belə istismarçı mədəniyyət məfkurəsinin felən reallaşdırılmasıdır.
Allah bəşəri mədəni yaradıb. Yəni insan cəmiyyət halında yardımlaşaraq yaşayan nadir, əxlaqlı və dərk edən varlıqdır. İslam mədəniyyəti bütün insanları ruh, düşüncə və bədən baxımından rahat yaşatmaq deməkdir. O, cəmiyyət və fərdin yaşamaq haqqını, malını, söz azadlığı, etiqad və nəslini (bu beş dəyərə İslamın varlıq qayəsi deyilir) Rəbbin əmanətləri qəbul edir. Burada həmin dəyərlərə təcavüz yolverilməzdir. İnsan həm də Allahın Yerdəki xəlifəsi, canişini və təmsilçisidir. Bu baxımdan Quran hikməti istinad nöqtəsi kimi qüvvəni yox, Allahın Haqq və Adil sifətlərinin təcəllisi olan haqq və ədaləti qəbul edir. Çünki haqqa söykənən mədəniyyət Allahın Salam sifətinin təcəllisi olan sülh və ittifaqa vəsilədir. Bu hikmətdə qayə, mənfəət əvəzinə fəzilət və Rəbbin rizasıdır. İslam mədəniyyəti ictimai həyatda nifrətə səbəb olan mücadilə əvəzinə ədalətli yarış və qarşılıqlı yardımlaşmanı əsas götürür (bax: Məidə 44-48). Rəbb buyurub: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə yardım göstərməyin” (Məidə, 2).
İslam mədəniyyətində haqqın şəni (vəzifəsi, ad-sanı) ittifaq, fəzilətin şəni həmrəylik, yardımlaşmanın şəni isə kömək və imdaddır. İslamda silah və qüvvə mənfəət və təcavüzə xidmət etmir. Burada güc aparatı Quran hikmətinin gözətçisi, İslam nurunun mühafizəçisi kimi sırf müdafiə xarakterlidir. İslam hərb hüququ humanist, insani və insafidir. O, müharibədə əks tərəfin uşaq və qadınlarına, qoca və xəstələrinə, flora və fauna aləminə xəsarət yetirmir. Bu hüquq maddi, mənəvi dəyərləri dağıtmır, əsirlərlə yaxşı davranır. İslamda qalib əsgərin tamahını azaltmaq üçün qənimət onu ələ keçirənə deyil, dövlətə aid edilir. Dövlət də bütün qənimətlərin 4/5-ni döyüşdə iştirak edən əsgərlərə, 1/5-ni isə büdcəyə keçirir. İslam hüququ haqqın bərqərarının qarantıdır. İsgəndəriyyəni fəth edən İslam sərkərdəsi az sonra bildi ki, Bizans ordusu böyük bir qüvvə ilə şəhərə gəlir. Qüvvələri real şəkildə müqayisə edən komandan xristianların liderini çağırıb, bir az əvvəl xristian camaatdan toplanan vergini ona qaytardı. Sərkərdə qarşı tərəfin səbəb axtaran heyrətli baxışlarına cavab olaraq dedi: “Biz sizi müdafiə etmək üçün vergi topladıq. Fəqət gələn düşməni dəf edəcək gücümüz olmadığı üçün, sizdən aldıqlarımızda bizim heç bir haqqımız yoxdur”.
Mən sizin çoxluğunuzla fəxr edirəm
İslamda konkret obyektiv şərtlər daxilində eyni vaxtda dördə qədər qadınla evlənmək Rəbb tövsiyyəsidir. Qeyri-islami mədəniyyət isə bu istisnanı qəbul etməyib, reklam etdiyi dəbdəbəli zinaxanalara üstünlük verir. Burada kişi və qadın “azad”dır. Şəhvət isə qısır olduğu üçün, nəsil və nəcabətdən söhbət gedə bilməz. Məqsəd də bu təbii hissi sadəcə təmin etmək və sonra da qanuniləşən zinanın vergisini büdcəyə keçirməkdir. Bu az imiş kimi, müasir Qərb fəlsəfəsi kişinin kişi, qadının qadınla zinasını mədəniyyətin, müasir insan azadlığının tərkib hissəsi kimi qəbul edir. Maraqlıdır ki, bilavasitə Rəbbə və Onun kitabları Tövrata, İncilə və Qurana asi olan belə haram, biabırçı və qısır izdivac inaqurasiya vaxtı Bibliyaya and içən bəzi prezidentlərin seçkiqabağı siyasi vədlərinin tərkib hissəsi olur. Elə isə hansı əmələ inanmalı? Homoseksualizmi lənətləyən Bibliyaya anda, ya homoseksualizmi qanuniləşdirən işə?
İzdivacdakı hikmət yalnız şəhvət hissini öldürmək olsaydı, onda nəsil artırmaq ya onuncu dərəcəli bir iş, ya da ümumiyyətlə lazım olmazdı. Halbuki bütün heyvanat və nəbatat aləmi təsdiq edir ki, izdivacdakı hikmət və qayə nəsil artırmağa xidmət edir. “Uşaq olmayan evdə bərəkət yoxdur. Evlənin, çoxalın, mən sizin çoxluğunuzla fəxr edirəm” - ifadəsi Peyğəmbər (ə) kəlamıdır. Həmin səbəbdən şəhvət hissi nəsil artırmaq üçün Rəbb tərəfindən bəşərə verilən bir avans, vasitə və ərmağandır. O ki, qaldı dünyəvi ləzzətlərə, bu barədə Peyğəmbər (ə) buyurub: “Şəriətdə icazə verilən ləzzətlər keyfə kafidir. Harama girməyə ehtiyac yoxdur”.
İslamda qeyri-müsəlmanların tənqid etdiyi çoxarvadlılığa gəlincə, İslam dünyasında minlərlə nigahdan yalnız 10-15-i çoxarvadlılıqla bağlıdır. Qərbdə aparılan sorğular isə tamamilə əks nəticələr verib. Belə ki, Qərb ölkələrində hər min kişidən yalnız biri arvadına xəyanət etmir. “Madmuazel” terminini leksikonundan çıxaran Avropada təkarvadlılıq yalnız nəzəri cəhətdən mövcuddur. “Ailə böhranı” problemilə üzləşən Qərbdəki bəzi dövlətlər hətta ər-arvaddan birinin o birinə xəyanətinə qanuni baxır və bu xəyanətə haqq qazandırır. Və qəribəsi budur ki, ər-arvad xəyanətini qanuniləşdirən belə “müasir mədəniyyət” guya ailənin dağılmamasına xidmət edir.
Allahu-Təalə bir kişi müqabilində bir qadın yaradıb. Bu tarazlıq yalnız Onun iznilə və yalnız müstəsna hallarda (məsələn, müharibə şəraitində) dəyişir. Deməli, təkarvadlılıq İslamın təbiətindədir. Sual oluna bilər: bəs onda nəyə görə Quran bəzi hallarda dörd arvad almağa icazə verir? Əvvəla, Quran zinanı qəti qadağan edib. İkincisi, Quran Qərb tərzincə formal, yalançı, xəyanətkar təkarvadlılıqla razılaşa bilməzdi və razılaşmır da. Burada təkarvadlılıqla çoxarvadlılaqdan birini seçmək məsələsi də durmur. İslam dünyasında qanuni məhdud-aşkar çoxarvadlılıq halları ilə Qərbdə artmaqda olan gizli-haram çoxarvadlılıq hallarından birinin seçilməsi məsələsi durur. Başqa sözlə, zinanı haram sayan İslam, təkarvadlılığı əmr etməklə yanaşı, xüsusi hallarda və müəyyən tələblər daxilində maksimum dördə qədər arvad almağa da qadağa qoymur...
Müsəlman üçün yataq otağı ailə və ümmət namusunun məbədi kimi çox müqəddəsdir. Çünki soy, nəsil orada mayalanır və orada inkişaf edir. Həmin səbəbdən, o sehrli guşə hər kəsə açılmaz. Ora nəinki kənar şəxs, hətta digər ailə üzvləri də istədiyi zaman girə bilməz. Namuslu bir adamı həmin guşəyə zorən aparsalar belə, o, aldığı tərbiyə nəticəsində orada yata bilməz və Yusif (ə) peyğəmbər kimi köynəyi arxadan cırılar... Çünki başqasının ora müdaxilə etməsi , ən azı, göz zinasından başqa bir şey deyil. Unutmamalı ki, “uşaq yatağa aiddir, zina edənə isə daş” Peyğəmbər (ə) kəlamıdır.
İslam fitrata zidd əməlləri haram sayır
İslam dini elmə çox böyük qiymət verir. Belə ki, digər səməvi kitablardan fərqli olaraq, Quran ayələrinin kifayət qədər hissəsi elm və onun müxtəlif sahələrindən bəhs edir. Peyğəmbər (ə) isə “Öyrənin -beşikdən qəbrə qədər” - buyurub. Fəqət İslam mədəniyyəti heyvanat aləmində sırf cinsin qorunması və ya mükəmməlləşdirilməsi baxımından əhəmiyyət kəsb edən süni mayalanmanın elmə istinadən insanlara tətbiqini fitrata zidd sayır. Çünki bu metod nəslin davamına, soy ağacının inkişafına, məxsusi xasiyyət və xarakterlərin yox olmasına vəsilə, miras və nigah kimi hüquqi əsasları və məhrəmiyyəti gəmirən şeytani bir yoldur. İslam ailə vəhdətini xüsusi əhdləşmə olan nigaha bağlayır. Nigahsiz dünyaya gələn uşaq nəsəbsiz, ata və ana isə zinakardır. Bu baxımdan süni mayalanma vasitəsilə dünyaya gələn uşaqla zinadan doğulan körpə arasında yalnız bir fərq var. O da süni mayalanmada Rəbbə açıq-aydın asilik, zinada isə gizli asilikdir. Bu baxımından, İslam mədəniyyəti fitrata aid qanunları dəyişdirmədə və ya onları ləğv etmədə nəinki heç kimə haqq qazandırmır, əksinə, o bu əməli haram hesab edir. Çünki belə təşəbbüs, xilqət və fitratı əzəldən əbədə qədər müəyyənləşdirən Allaha qarşı fironluqdur.
İslamın işləyən qadın və uşaq tərbiyəsinə münasibəti
İslam hikmətinə görə, “işləyən qadın və iş-uşaq” münasibətində hər üç tərəf müəyyən dərəcədə zərər çəkir. Lakin ən çox zərbə uşaqlara dəyir. Çünki onların tərbiyəsi hörmət və məhəbbət yox, pul qazanmaq məqsədi güdən adamlara həvalə edilir. Uşaq yalnız valideynlərinin nəzərində əhəmiyyətli şəxsdir. Qulluqçu, tərbiyəçiyə gəlincə, onun nəzərində uşaq əksır hallarda pul qazanmaq üçün bir vasitədir. Uşaq bağçalarının, körpələr evinin vəzifəsi onları tərbiyə etməkdən daha çox himayə etməkdir. Fransız mütəfəkkiri xristian J.Russo yazıb: “Hər hansı şəxsin həqiqətən insan tərbiyə etməsi üçün o ya valideyn, ya da insandan böyük bir şey olmalıdır. Siz isə bu vəzifəni vicdan rahatlığı ilə muzdlu adamlara tapşırırsınız. Hamını əsl vəzifələrinə qaytarmaq istəyirsinizmi? Onda analardan başlayın, gözləmədiyiniz dəyişikliklərlə qarşılaşacaqsınız. Hər bir şər əməl bu ilk əyintidən törəyir”.
Əlbəttə, bu sözlər qətiyyən qadını ictimai həyatdan təcrid etmək kimi başa düşülməməlidir. İslam qaynaqlarında elə bir göstəriş yoxdur ki, qadının evdən kənar iş və fəaliyyəti qadağan edilsin. Əksinə, qadının bu hallarda işləməsi zəruri və başa düşüləndir: a) ərsiz olub uşaqlarını və ya valideynlərini dolandırırsa; b) uşağı yoxdursa və ya uşaqlarını ərsəyə çatdırıbsa və evdən kənarda faydalı bir iş görməsi çətin deyilsə; c) həmin işlər qadının özünə və təbiətinə uyğyndursa; d) müharibə vəziyyətində və ya fövqladə hallarda və sairə. Bir sözlə, problemə İslamın baxışı belədir ki, qadın və uşaqları onun evdənkənar işinin qurbanı olmamalıdır.
İslam aləmi Qərbdən əmək ruhu, təşkilatçılıq, nizam-intizam, elm və texnikanın inkişaf etdirilməsi üsullarını əxz edə bilər və etməlidir. Lakin Qərb heç vəchlə həyat fəlsəfəsi, əxlaq prinsipləri və xüsusən ailə həyatı ilə məsələlərdə nümunə ola bilməz.
İslam yardımlaşma dinidir
Hər hansı cəmiyyət və ölkədə varlı və yoxsul təbəqınin əmin-amanlıq içərisində birgə yaşaması müəyyən şərtlər daxilində mümkündür. Bu tarazlığın əsası isə varlı təbəqənin mərhəmət və şəfqət hissinə yoxsul təbəqənin müvafiq hörmət və ehtiramıdır. Varlı zümrə kasıb zümrəyə zülm edərsə, əxlaqsızlıq, mərhəmətsizlik göstərərsə, kasıb təbəqənin kin və həsədi inqilab və üsyanla nəticələnər. Məs; İslam mədəniyyəti varlı təbəqə ilə yoxsul təbəqəni antoqonist ziddiyyətə sürükləyən sələmi qadağan edir. Çünki sələm işə sərf edilməyən pulun oturduğu yerdə qazanc gətirməsidir. Bu isə varlını daha varlı, yoxsulu isə daha yoxsul edir. Bax, belə bəlalar olmasln deyə, Quran dəfələrlə təkid edir ki, zəkat verin, sələmdən uzaqlaşın, harama girməyim, qardaşlaşın, əməli saleh olun. Məlum mövzuya toxunan Peyğəmbər (ə) buyurub: “İnsanın başqasına bir günlük yardımı onun bir aylıq ibadətindən xeyrlidir”.
Allahın öz qüdrət və hikmətindən insanlar üçün yaratdığı Yer kürəsi orada yaşayan xalqların nəyə qadir olduğunu nümayiş etdirən bir sərgi salonudur. Burada Rəbb və Peyğəmbər (ə) kəlamlarından felən bəhrələnməyən hər hansı ölkə və cəmiyyət formaca nə qədər islami olsa da, fəqət, mahiyyət etibarilə o, qeyri-islami mədəniyyətin daşıyıcısıdır. Əksinə, formaca qeyri-islami adlanan bir ölkə və cəmiyyətdə Rəbb və Peyğəmbər (ə) tövsiyyələrinin təntənəsi felən mövcuddursa, orada mahiyyətcə İslam mədəniyyətinə sahib çıxılır. Çünki bütün bəşərə rəhmət olaraq göndərilən Quran Rəbbə asi bir para başıpozuğun nəfs və həvəsini yox, yalnız ümumə və ya əksəriyyətə səadət gətirən bir mədəniyyəti qəbul edir. Biz də iman, elm və iradə vəhdətilə Allaha bu mədəniyyət istəyinin reallaşması üçün dua edirik.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru