Yeni nəsil “köhnə”liyin düşməni obrazında



 

Ölkənin teleradio məkanında seyr etdiklərimiz və dinlədiklərimiz zamanla yeni bir nəsil yetişdirməyə xidmət edir. “Xidmət etmək” ifadəsi ilkin mənada başa düşülməsin. Bəlli məsələdir, hər on ildən bir yeni nəsil formalaşır, gənc nəsil özündən yaşlının heç nəyini qəbul eləmir (şəksiz, müəyyən istisnalarla). Bu proses baş verən hadisələrdən, həyat tərzindən, peşə və sənət seçimindən başlamış, zövq məsələsinədək uzanır... Əlbəttə, əhatə dairəsinin geniş olmasına baxmayaraq, onların yalnız bir neçəsini sadaladıq.

Onsuz da hər nəsil özündən əvvəlki nəslin yaxşı-pisini qəbul etməməklə, fərqli bir obraz ortaya qoyur. Yaxşını qəbul etməmək hardasa başadüşüləndir, yəni yeni nəsil özünü öncəkilərdən daha bitkin və yaxşı hesab edir. Mənfilikləri qəbul etməməyin bircə adı isə, özündən əvvəlkiləri ümumiyyətlə, heç nə hesab etmək, heçlik kimi görməkdir. Axı hər bir şəxsin yaxşıya-pisə aid görünən və görünməyən tərəfləri var. Bu tərəflərin ümumiyyətlə olmadığını iddia etməksə, yeni nəslin sələflərini qəbul etməsi, yaxud əksinə, etməməsi anlamına gəlmir. Yeni nəslin təbirincə, əvvəlkilər olmamalıydı və olmamalıdırlar da!

Adamı bu fikrə gətirən, əslində zaman-zaman baş verən, müxtəlif qrupu təşkil edən gənclərlə anlaşılmaz müstəvidə olan söhbətlərdir. İstənilən sahədə - incəsənətdən, ədəbiyyatdan, idmandan, elmdən, kulinariyadan başlayan söhbətdən əxz etdiyimiz budur ki, yeni nəslin, bəh-bəhlə gələcəyə göndərdiyimiz nəslin demək olar, 80-90 faizi müasir görünsə də, heç də müasirliyin tələblərinə cavab verə bilən səviyyədə deyil. İKT-nin normalarını bir tərəfə qoyaq, axı biz gələcəyə təkcə robotları deyil, insanları da göndəririk. O mənada, gənclərin intermen olması əsas və başlıca şərt deyil. Keçmişdə, bu gün və gələcəkdə də vacib olan tələblər var ki, onları hansı dövrdə yaşamasından asılı olmayaraq, minillik tariximizi bilməyənlərdən, minillik mədəniyyətimizdən xəbəri olmayanlardan gözləmək mümkün deyil. Müasir gəncliyin müəyyən nümayəndələriylə söhbətdə heyhat, belə təəssüf hissi keçiririk. Yeniyetmələrin isə, az qala hamısından eyni avazı eşitmək olur; mental dəyərlər lazımsız, klassik ədəbiyyat və musiqi maraqsız, qədim tariximiz, məişət və milli adət-ənənələrimiz mənasız imiş onların nəzərində. Məna kəsb edənlər rok, stənd-pop musiqisi, rep və bu qəbildən olanlarmış heç demə. Xalq musiqisinin ən gözəl, qəlbəyatımlı nümunələrinə isə, nədənsə, düşməncəsinə münasibət varmış...

Görəsən, biz niyə öz gəncliyimizi, yeniyetmələrimizi müasirliyin gərəkli olanlarına deyil, lazımsız görünənlərə yönləndirdik?! Biz deyəndə, külli-cəmiyyəti nəzərdə tuturuq, burda kimsə yaxasını kənara çəkə bilməz. Bir evin, ailənin üzvlərinin hərtərəfli, vacib olan tərzdə tərbiyə edilib həyata hazırlanması şərt deyil. Həmin fərd özbaşına buraxılanların cəmiyyətində yaşaya biləcəkmi? Keçmişindən, bugünündən xəbərsiz halda gələcək quranların (qura biləcəklərsə!) cərgəsində özünə yer tapa biləcəkmi? O zaman gələcəyimizi etibar edə biləcəyimiz səviyyədə gənclik yetişdirməliyik. Reytinq xatirinə gündəmə yarıtmaz, zərərli, ziyanının çəkisi ölçüyəgəlməz həddə olan proqramlar, roliklər, videoçarxlar yayımlayan kanalların abunəçisi omaq, internetdən asılı qalmaq hələ kimsəyə xeyir gətirməyib. İnternet əsrinin lideri olanlar bəlli bir siyasət yeridir, özləri də bunu yaxşı bilir, gəncliyimiz o məqamlardan xəbərsiz olsa da...

Bəli, beyni və xarakteri hələ formalaşmamış gəncdən, yeniyetmədən mum kimi, nə istəsən “düzəltmək” olar. Baxır o “silah” kimin əlindədir - düşüncəsi manqurtsayağı olanların, manqurt yetişdirənlərin, yoxsa, şanlı keçmişi olan və gələcəyimizi ondan da şanlı görmək istəyənlərin...

 

Nigar Vaqifqızı