İslamda humanizm
Humanizm (lat. Humanis-insani, bəşəri) baxışlar sistemidir. O, bir şəxsiyyət kimi insanın dəyərini, azadlığını, xoşbəxtliyini, inkişafını və bacarığını aşkara çıxarmaq hüququnu qəbul edir. Humanizm, insanın rifahını sosial institutların qiymət meyarı - bərabərlik, ədalət, bəşəri prinsipləri insan münasibətlərinin norması sayır. O, hər cür qeyri-insani və qeyri-insafi münasibətin, fanatizmin və başqalarının fikrinə hörmətsizliyin antipodudur.
Fizikaya, maddiliyə söykənən dünyagörüşə görə, humanizm ümumi mənada Renessans dövründə (XIV-XVI əsrlər) meydana gəlib və o, antik mədəniyyətin dirçəlişinə xidmət edib. Lakin Rəbb kəlamlarına istinad edən metofizika hesab edir ki, humanizm və onu təşkil edən xeyirxahlıq, mərhəmət, şəfqət, əfv, insanın inkişaf və bacarığını aşkara çıxarmaq hüququ ona doğuluşdan, fitratdan verilib. Fərdin bu dəyərlərdən istifadə etməməsi və ya edə bilməməsi heç də o demək deyil ki, insan yaradılışdan humanist hiss və duyğularla təchiz olunmayıb. Fizikadan fərqli olaraq, metofizika fəlsəfəsi humanizmi geniş anlamda həm dünya, həm də axirətə şamil edir.
“Salam” kökündən əmələ gələn “İslam”ın hərfi mənası “sülh, əmin-amanlıq” deməkdir. Bu baxımdan nəinki mahiyyətinə, hətta iudaizm və xristianlıqdan fərqli olaraq təkcə daşıdığı adın mənasına görə bəşərə sülh, barışıq, mərhəmət mesajı verən İslam, şübhəsiz ki, sonuncu və kamil olmaqla yanaşı, həm də humanist bir dindir.
“Özünü dərk edən Rəbbini dərk edir” kəlamına görə, insan Allahın gözəl adlarını Yerdə təcəssüm etdirən mükəmməl və kamil varlıqdır. Rəbbin belə isimlərindən biri də humanizmi xarakterizə edən Rahmən (rəhimli) və Rahimdir (mərhəmətli). Elə Quranın 114 surəsindən 113-ün Rəbbin “rəhimli və mərhəmətli Allahın adıyla” kəlamı şəklində təsbit olunması da, humanizm prinsiplərinin bu isimlərdən qaynaqlandığını göstərir. Allahın mərhəmətinin sonsuzluğunu önə çəkən Peyğəmbər (ə) buyurub: “Kafir Allahın mərhəmətinin nə qədər böyük olduğunu bilsəydi, Cənnətdən ümidini üzməzdi”. Bu kəlamlar İslamdakı mərhəmətin, humanizmin bariz nümunəsidir. Elə bir din, elə bir səmavi kitab yoxdur ki, orada humanizm prinsipləri Quranda olduğu qədər təsbit edilsin.
İslama görə insan yaradılışların ən şərəflisidir. İslam məfkurəsi bir nəfərin haqsız öldürülməsini bütün bəşərin öldürülməsi kimi qəbul edir. Burada cinayətkara layiq olduğu cəzanı vermək ədalətin təntənəsi kimi çoxluğun xoşbəxtliyinə xidmət edir. İslamda bağışlama haqqı dövlət və hakimin səlahiyyətində deyil. O zərərçəkənin haqq və səlahiyyətinə aid məsələdir. Zira Allah buyurub: “Mənə qarşı haqsızlığı bağışlaya bilərəm. Fəqət, bəndəmə qarşı edilən haqsızlığı onun razılığı olmadan bağışlamaram”. İslam humanizmi şəxsi əqidə və subyektiv düşüncələrin baxış sistemi deyil. Çünki zərərçəkənin mənafeyini tapdayıb zülmə bəraət qazandırma, əslində zərərçəkənə qarşı bir ədalətsizlik və anti-humanistlikdir.
İslamda ilahi humanizmin zirvəsi şəfaətdir
İslamda qisas insanlararası münasibətlərdə (hüquqda) tətbiq olunan cəzadır. Fəqət, qisasın həyata keçirilməsi zərərçəkənin və ya ayrı-ayrı şəxslərin deyil, məhkəmənin qərarı ilə olur. Şikayətçi günahı bağışlaya da bilər və “dişə diş, gözə göz” hökmünü verən Tövratdan fərqli olaraq, Quran bunu təqdir edir. İslam humanizmi istismar və zülm edən azlığın yox, əzilən, haqqı tapdanan bütün insanların mənafeyini müdafiə edir. İslamda günahları yalnız Allah bağışlaya bilər. Burada Allah ilə qul arasında heç bir vasitə yoxdur. Xristianlar isə keşişi razı saldıqdan sonra qurtuluşun təmin olunması iddiasındadırlar. Qeyd edək ki, bu iddia XIII əsrdə papa III İnnokenti mərəfindən fərmanla rəsmiləşib.
“Bir yaxşı əmələ görə əvəzin on qat verilməsi”, “Allahdan rəhm istəyirsinizsə, bütün yaratdıqlarına rəhm edin”, “Bütün din əhlinə sədəqə verin”, “Zimmini (İslam ölkəsində yaşayan qeyri-müsəlman - V.C.) incidən məndən deyil”, “Əsirlərlə yaxşı rəftar edin ”, “Hər adamın köləsi onun qardaşıdır, əmisi oğludur”, “Tanrı lənət eləsin bir heyvana əziyyət verənə” və s. Quran və Peyğəmbər (ə) kəlamları İslam humanizminin prinsipləridir.
Tarix şahiddir ki, Sultan Məhəmməd Qanuni (1496-1566) Macarıstan kralı və şahzadələrini Avstriya əsirliyindən, Fransa kralını isə alman imperatoru Şarlgenin həbsxanasından xilas edib. Halbuki, Şarlgen Roma papasını əsir götürərkən onu yalnız çox böyük miqdarda pul aldıqdan sonra azad etmişdi. Məlumdur ki, BMT bütün xalqların din və mədəniyyətinə hörmət etməyi demokratiya və humanizmin şərti hesab edir. Sultan II Əbdülhəmid isə1880-ci illərdə İstanbulda tikdirdiyi Qocalar Evində məscidlə yanaşı, kilsə və yəhudi sinaqoqu da inşa etdirib. Ümumiyyətlə, türkdilli xalqların ədalət və humanizmi hələ onlar islamı qəbul etmədən öncə bütün dünyada məşhur idi. Bunu Quranın həmyaşıdı “Dədə Qorqud” eposu da təsdiq edir.
İslamda ilahi humanizmin zirvəsi şəfaətdir. Lakin “Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər?” (Bəqərə 255), “O gün Rahmənin (Allahın) izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz” (Taha 109) ayələri təsdiq edir ki, şəfaət yalnız Allaha məxsusdur. Əgər bu səlahiyyət bəşərdə olsaydı, onun Rəbbə qarşı sui əxlaqda olub əməlinə görə cəhənnəmdə yanan dünya fironuna yazığı gələrdi. Halbuki belə acıma, “mərhəmət” zülmə məruz qalan əksər insanların haqqına təcavüzdür. Bununla yanaşı, Rəbb istədiyi şəxsə şəfaət etmək hüququnu da verir. Belə ki, peyğəmbərlər, övliya, alim və şəhidlər dərəcələrinə görə, Rəbbin iznilə şəfaət edə bilərlər və inşəəlləh edəcəklər də. Ən böyük şəfaətçi isə Peyğəmbər (ə)-dir: “O buyurub: “Qiyamət günü qəbirdən birinci mən qalxacam və ilk şəfaət verən də mən olacam. Şəfaətimə inanmayanlar ona qovuşmayacaqlar”. Bəli, İslamda şəfaət haqdır. Həz. Məhəmmədin axirətdəki şəfaəti isə onun dünyadakı rəhm və mərhəmətinin davamıdır. Belə ki, Taif döyüşündən sonra (630 il) məğlub olub İslamı qəbul edən taiflilər həz. Peyğəmbərdən kölələrinin yenidən onlara qaytarılmasını istədilər. Lakin quldarlıq dövrünün tüğyan etdiyi VII əsrdə Həzrət bəyan etdi: “Xeyr, bu ola bilməz. Onlar Allahın azad bəndələridir və bu gündən hürriyyətə qovuşublar”. Yeri gəlmişkən, həmin dövrdə günaha görə kəffarə kimi qul-kölə azad etmək həz.Məhəmmədin göstərişi nəticəsində geniş vüsət almışdı.
Humanizm əxlaqı tamamlayan dəyərdir
“Mən ən gözəl əxlaqı tamamlamaq (və göstərmək) üçün göndərildim” hədisinə görə, insandakı mərhəmət və humanist dəyərlər həm də əxlaqı tamamlayan komponentlərdən biridir. Zira İslam tərbiyəsi alan fərdin Allah və onun elçisinə ibadət və itaəti bağışlama, əfv və digər insani dəyərlər yaşanmadan ixləsli ola bilməz. Məkkəni fəth edən Peyğəmbər (ə) əhaliyə xitabən: “Mövcud cəhalətin qan və mal davaları ayaqlarımın altındadır və mən onları əzib atıram. Bilin ki, bütün insanlar Adəmdən, Adəm isə torpaqdan yaranıb” deyib. Müsəlmanlara, İslama və haqqa zülm edən məkkəlilərə humanist fateh kimi müraciət edən Məhəmməd (ə) buyurdu: “Məndən nə gözləyirsiniz? Sizin barənizdə hansı tədbir görəcəyimi düşünürsünüzmü?” Bəşərin ən böyük mürşidi dünənə qədər onun canına, malına susayan düşmənlərinə dedi: “Bu gün siz əzab veriləcək halda deyilsiniz. Gediniz, hamınız azad insanlarsınız”. Əfv edilənlər içərisində həz. Məhəmmədin əmisi Həmzənin köksünü yarıb ürəyini çıxaran və sonra onu çeynəyən Hindi də var idi. Həz. Həmzənin bilavasitə qatili Vəhşi də Peyğəmbər (ə)-dən əfv dilədi. Onu əfv edən Mərhəmət abidəsi (ə) dedi: “Səni görəndə əmim Həmzə yadıma düşür. Barı gözümə görünmə”.
İslam hüququna görə, müsəlman kişi xristian və ya yəhudi qadınla evlənə bilər. Bu zaman qadın öz dinində qala da bilər. Peyğəmbər(ə)-nin “Beşikdən qəbrədək oxuyun, öyrənin” kəlamı elm və alimlərə böyük dəstək olduğu halda, inkvizisiya dövründə Kilsə elmə müharibə elan edərək, 400 mindən artıq demokratik düşüncəli insanı məhv etdi. Onlardan 200 mini tonqallarda diri-diri yandırıldı. İslamı qılınc dini kimi təqdim edənlər unudurlar ki, iman və din bir qəlb, etiqad məsələsidir. Onu qılıncla yox, yalnız Allah kəlamları ilə fəth etmək olar. Xristian islamşünas akademik Bartold məcbur olub yazırdı ki: “İslam dini zorakılıqla yayılmırdı və zərdüştlər, yəhudi və xristanlar təqib olunmurdular”. İslam ordusunun girmədiyi İspaniya, əhalisinin 80 faizi müsəlman olan İndoneziya, Hindistan, Çin və Pakistanda həmin dinin təşəkkül tapması da buna bariz nümunədir. Bəs, Vatikanın təhrikilə Xaç yürüşlərini qəlb , iman, əqidə məsələsi saymaq olarmı? İslam aləmində elə bir epizod yoxdur ki, hər hansı İslam üləma və ziyalısı başqa peyğəmbərlərə qarşı hörmətsiz bəyanat verib, əsərlər yazsın. Lakin dövrünün “moda və humanist” şairi olan Volter (1694-1778) və başqalarının İslam peyğəmbəri barədə təhqiramiz yazıları nə qeyri-islami din xadimlərini, nə də dövlət rəhbərlərini narahat edirdi. Volterin həz. Məhəmməd barədə yazdığı pyesin səhnələşdirilməsi cəhdi isə yalnız Sultan Əbdülhəmidin qətiyyətli notasından sonra gündəlikdən çıxarıldı. Çünki həmin dövrdə müsəlman dünyası humanizm prinsiplərinə əməl etməklə yanaşı, həm də özünü qoruyacaq səviyyədə güclü idi. Bu baxımdan İslam dünyasında nümayiş etdirilən mübahisəli “Da Vinçe kodu” filmi, Məhəmməd (ə)-yə bənzədilən karikaturaların sərgilənməsi, həm də məhz müsəlman aləminin nisbətən zəif olduğu dövrə təsadüf etməsi ilə əlaqələndirilsə, məncə səhv etmərik.
Müharibələrdə öldürülən kafirlərin müsəlman ordusu tərəsindən basdırılması (Bədr döyüşü 623 il), döyüş zamanı əsir götürülmüş insanlarla davranış İslam humanizminin hərb şəraitindəki cəhətləridir. Müsəlmanların məğlub olduğu vuruşlarda isə (məs; Uhud döyüşü 625 il) kafirlər öldürdükləri insanların burun, göz, qulaq və başqa əzalarını kəsiblər. Və sözsüz ki, Xocalıda al qanları ilə ağ qar üzərində “Allahu Əkbər” yazan şəhidlərimizə qarşı və əsir götürülən dinc əhaliyə edilən təhqiramiz hərəkətlər məhz həmin şərəfsiz əməllərin, vandalizmin davamıdır. Qeyd edək ki, bu vandalizm vaxtilə “İsa Allah olaraq doğulub və Allah olaraq çarmıxda ölüb” tezisinə görə, 451-ci ildə Xolkidon Toplantısından küfr damğası ilə qovulan saxta erməni keşişlərinin bugünki xələflərinin “xeyir-duası” ilə “demokratik” dünyanın gözü qarşısında baş verir. Bunun əksi olaraq İslam isə hətta düşmənin belə təhlükəsiz sığınacaq istəməsini rədd etməyib (Bax: Tövbə 6).
İslamda humanizm halallıq və azadlıq rəmzidir
Sultan Alparslanın Bizansa barış təklif etməsinə rəğmən Bizans hökmdarı Diogenes Sultanın elçisinə dedi: “İsfahanmı, yoxsa Həmədanmı daha yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacağ!”. 1071-ci ildə Malazgirt müharibəsində Bizansı darmadağın edib Diogenesi əsir götürən Alparslan ondan soruşdu: “Zəfəri sən qazansaydın, mənə nə edərdin?”. Diogenes: “Sən beləcə mənə əsir düşsəydin, ya başını kəsdirərdim, ya da səni asdırardım” - dedi. Sultan isə məğlub imperatorun taxtını öz taxtı ilə yanaşı qoydurub, ona dedi: “Səni məmləkətinə göndərib taxtına qaytarıram”. Bu sözü eşidən Diogenes Sultanın ayağından öpdü. Öz vətəninə dönən hökmdarı isə 1072-ci ildə həmvətənləri gözlərinə mil çəkib öldürdülər. Əgər mərdliyinə görə Sultan Alparslana “Cahan sultanı” deyilirdisə, ədalət və humanistliyinə görə o, “Sultanul Adil” kimi tanınırdı.
İslamda humanizm həm də halallıq və azadlığın rəmzidir. Həz.Məhəmməd dünyadan köç etməzdən iki gün əvvəl məscidə gəlib minlərlə camaata belə müraciət etdi: “Əgər kiməsə pisliyim keçibsə, gəlib əvəzini alsın. Kiminsə məndən alacağı varsa, gəlib alsın”. Səhabədən biri üç dirhəm alacağını dedi. Bu üç dirhəmi isə o, Peyğəmbər (ə)-nin tövsiyəsi ilə sədəqə vermişdi. Sözsüz ki, həmin pul dərhal ödənildi.
İslamdakı humanizm, şəfqət, mərhəmət və digər ümumbəşəri ülvi dəyərlər Quran və Peyğəmbər (ə) əxlaqından qaynaqlanır. Başqa cür ola da bilməz. Çünki Rəbb Məhəmməd Mustafa (ə) istisna olmaqla seçdiyi peyğəmbərlərin heç birinə: “Səni aləmlərə bir rəhmət olaraq göndərmişəm” kəlamıyla müraciət etməyib. Və təsadüfi də deyil ki, BMT və demokratik ölkələrin ali sənədləri (humanizm, insan haqqı və azadlıqları...) həm də həmin əxlaqın prinsipləriindən qaynaqlanıb. Bunu Peyğəmbər (ə) tərəfindən əsası qoyulan və Rəşidi Xəlifələrin inkişaf etdirdiyi İslam aləminin dünyaya 600 il ərzində şəriksiz humanizm, elm və mədəniyyət dərsi verməsi sübut edir. Bu ənənəni davam etdirən 5 əsrlik Abbasi xilafətinin VII-IX əsrlərdəki durumu isə bəşər tarixinin ən gözəl dövrü olub. Həmin dövrü xarakterizə edən islamşünas fransız-xristian E.Renan (1823-1892) yazır: “İnsanlar əbədi olaraq o dövrün həsrətini çəkəcəklər”.
Həqiqəti onu itirən daha çox axtarar. İslam aləmi də bu gün ona yamaq edilən “fundamentalizm” köpüyünü yırtıb, humanizm də daxil olmaqla itirdiyi dəyərləri axtarmağa məhkumdur. Axtarışın uğuru isə iman, elm və saleh əməl vəhdətilə özünə qayıdışdadır. Bilməliyik ki, ağ atlarını şahə qaldıran ərlərin qoyub getdikləri əmanətlərə sahib durmayana qədər həm onların tənəsi, həm də Batının demokratiya qılıncı üstümüzdə olacaqdır.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru