“Qaynar xətt” - soyuq münasibət...
Yusif Bəkirov: “Qaynar xətt yaradılmamışdan əvvəl onu təbliğ etmək və ehtiyacını duymaq lazımdır”
Gənclər, yeniyetmə və uşaqlarla bağlı hər zaman müxtəlif məsələlər, həll olunası problemlər meydana çıxır. Son dönəmlərdə gənc və uşaqyaşlıların üzləşdikləri problemlərlə bağlı çətin anlar yaşaması, onları həll etməkdə çarəsiz qalması və sonunda özünəqəsd və digər hallara, misal üçün, evdən qaçmağa, insanlardan üz çevirməyə, təkliyə meyl etməyə yönlənmək psixoloji sarsıntıların sonu olan müxtəlif ciddi xəstəliklərə yol açır. Daha geniş çevrəyə məlum olan, ictimailəşdirilən son olay -məktəbli Elinanın hadisəsi bir sıra qurumları bu məsələyə başqa bir prizmadan yanaşmağı da zəruri edir...
Uşaqlarla bağlı Azərbaycanda müxtəlif qurumlar, təşkilatlar, qaynar xətlər fəaliyyət göstərir. Onların fəaliyyətinin, apardığı işlərin, təqdim etdiyi nəticənin hansı səviyyədə olmasını birmənalı şəkildə müəyyən etmək və qiymət vermək çətindir. Çünki konkret desək, problemlərin əksəriyyəti, bəlkə də hamısı yerində sayır.
Bu arada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəsmiləriylə keçirilən görüşdə ölkədə mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün yeni “qaynar xətt” yaradılacağını deyib. Müxtəlif hallarda uşaqların məişət zəminində zorakılıq və təzyiq hallarına məruz qalmaları nəticəsində həyatlarına qəsd etməsi faktlarının olduğu da qeyd edilib. Belə hallarla qarşılaşan uşaqlarla daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurətindən də sözügedən məsələnin reallaşmasına ehtiyac duyulur. Bu mənada, ƏƏSMN tərəfindən bununla bağlı adekvat cavab tədbiri, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca qaynar xəttin yaradılması nəzərdə tutulur.
Ümumiyyətlə, ölkəmizdə bu sahədə vəziyyətin qənaətbəxş olub-olmadığı illərdir müzakirə mövzusudur. Haqlı olaraq suallar da meydana gəlir - qaynar xətlər sahəsində dünya təcrübəsinə uyğun və çevik iş mexanizmləri formalaşıbmı? Qaynar xətlər öz mahiyyətinə uyğun fəaliyyət göstərirmi, çatışmayan cəhətlər hansıdır?
Uşaq hüquqlarının müdafiəçisi Yusif Bəkirov dünya təcrübəsində qaynar xətlərin mahiyyətinə uyğun olaraq, insanların müraciət edərək problemlərini deməli olduğu qurum hesab edildiyini söyləyir. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri fəqət ölkəmizdə bu sahədə bəlli problemlərin olduğunu vurğulayır: “Qaynar xəttə kimsə zəng edib problemlərini deməlidir. Amma hansı uşaq bunu edib problemlərini deyir? Ona müraciət edən yoxdursa, bu xidmətin yaradılmasının mənası nədir? Onu yaratmamışdan əvvəl mahiyyətini cəmiyyətə çatdırmaq lazımdır. İnsanlar qaynar xəttin mövcud oldunu bilmirsə, bundan məlumatsızdırlarsa, kim bu xidmətə müraciət edəcək? Qaynar xətt yaradılmamışdan əvvəl onu təbliğ etmək və ehtiyacını duymaq lazımdır”. Y.Bəkirov deyir ki, ehtiyacın olub-olmadığını müəyyən edəndən sonra belə xidmətlər yaradılmalıdır. Ehtiyac yoxdursa, onun yaradılmasına da ehtiyac qalmır: “Yəni öncə onun üzərində, bu istiqamətdə işləmək lazımdır. Bizdə hansı qaynar xətt işləyir ki, uşaqlarla bağlı olanlardan da misal gətirək? Cəmiyyətin ehtiyacı və müraciət etdiyi bir neçə qaynar xətt var. Misal üçün polis, vergi orqanlarının qaynar xətlərinə müraciətlər çox olur. İnsanlar müəyyən məsələləri, problemləri qaldırır və bununla bağlı həmin qaynar xətlərə müraciət edirlər. Lakin uşaqların məişət zəminində və cəmiyyət içində rastlaşdığı mənəvi-psixoloji, təzyiq və digər mənfi hallarla bağlı müraciət etdiyi qaynar xəttdən onlara nə deyiləcək? Yalnız məsləhət verilə bilər ki, məsləhətlə də hansısa problem kökündən həll edilmir. Müraciətdən başqa, əsas olan müraciət edilən, baş verən problemin hansı həddə həll edilməsi və uşaqların bu vəziyyətdən qurtarılması, çıxarılmasıdır. Onun da müsbət təcrübəsini görə bilmirik”.
Nigar