Yollar, bizi haralara yollar?
Hamını ödənişsiz olaraq hər il bir fürsət gözləyir
2019-cu ildə Azərbaycan yenə də bir sıra beynəlxalq tədbirlərin keçirilməsiylə yadda qalacaq. Buna əslində, tanıtım da demək mümkündür. Çünki bir neçə ildir keçirilən beynəlxalq tədbirlərə və yarışlara ev sahibliyi etməsi nəticəsində nəhəng ökələrlə müqayisədə, kiçik görünən ölkəmizi tanıyanların sayı artıb.
Şübhəsiz ki, indi artıq bəzi ölkələrin nümayəndələrində müşahidə etdiyimiz, “azərbaycanlıyam” deyəndə maraq və təəccüb dolu nəzərlər də azalmağa doğru gedir. Bu, işin bir növ müsbət cəhəti. Mənfiləri və çatışmazlıqları da demək və göstərmək mənəvi borcumuz olduğundan, onlar haqqında da bəhs edəcəyik. Səbirli olaq.
Yeniliklərdən biri də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçiriləcəyidir. Tədbirin bu il baş tutacağı gözlənilir və bununla əlaqədar ölkəmizə üç mindən çox xarici qonağın gələcəyi gözlənilir. Məlumat üçün qeyd edək ki, İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı, eləcə də Qobustan qoruğu 2000-ci illərin əvvəllərində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Rəsmi xəbərlərə görə, digər tarixi məkanlar və abidələrin də bu siyahıya daxil edilməsi üçün işlər aparılır.
Aparılsın, nə deyirik ki. Amma görək həmin tarixi yerlər və məkanları dünya irsinin siyahısına salmaq istəyiriksə, əcnəbilər istisna, öz həmvətənlərimizin hamısı həmin qayım-qədim tarixi mədəniyyətimizin nümunələrindən, qoruq və məkanlarından xəbəri varmı? Sözüm bu yerə çatanda “Qəribi ağlamaq tutur”. Niyəsi bir az sonra...
Hər il, yəni aprelin 18-i təqvimini bütün dünya Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edəndə, insaf üçün, bizim əlaqədar təşkilatlar, nazirlik və qurumlar da həmin təqvimdən irəli gələn tədbirlər planını həyata keçirir. Yeri gəlmişkən, cümlənin uzun-uzadı alınması daha çox rəsmi qurumlardan bəhs etdiyimin xətasıdır. Adətən, belə rəsmi və uzun cümlələr rəsmi xəbərlərə aid olur. O mənada, vaxt itirmədən keçirəm sadə cümlələrə.
Beynəlxalq abidələr və onunla bağlı olan bu əlamətdar günün Azərbaycanda neçə nəfərə tanış olduğunu statistikasız da hesablamaq olar. İllərin təcrübəsi bunu deməyə əsas verir. Əsas verir ki, hər il gerçəkləşdirilən, ölkə əhalisinin birgünlük pulsuz girişinə imkan verən bu tədbirlərə tamaşaçı sayının ilbəil artmadığını deyək. Cavabsız suallarsa yetərincədir.
Görəsən, niyə Azərbaycanın tarixi qoruqlarına, qədim məkanlarındakı abidələrə, sərgilərə maraq azdır? Daha doğrusu, əhalinin faiz hesabıyla baxsaq, maraq ümumiyyətlə, yoxdur? Hər halda, mədəniyyət idarələri və nazirlik tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə müxtəlif təqdimatlar, sərgilər keçirilir. İldə bir dəfə, özü də həmin məkanlara girişin ödənişsiz, yəni pulsuz olduğu bu imkandan niyə bəhrələnmirik? Bəhrələnmək nədən bizim millət üçün yalnız maddi mənada anlaşılmalıdır? Maddiyyatın aclığını dəf eləməyi qeyd-şərtsiz birinci vəzifəmiz hesab ediriksə, ondan heç də geri qalmayan, əslində, onunla tən addımlamalı olan mənəviyyatın qidalanmasını, onun zənginləşdirilməsini niyə hesaba almırıq? Məgər qəlbimizin, düşüncələrimizin, hiss və duyğularımızın yaxşı mənada dərinliyi, zənginliyi, inkişafı birbaşa daxili aləmin, mənəviyyatın hansı həddə olmasından asılı deyilmi?
Bir qisim muzeylərə gedənlər əhalinin bəlli bir kəsimidir ki, həyat tərzi və işi, vəzifəsi birbaşa mədəniyyət sahəsiylə bağlıdır. Bir qisim müxtəlif peşə sahiblərinə aid olsa da, mədəniyyət və incəsənətə böyük sevgisi və marağı var. Amma bütövlükdə cəmiyyətdə, hər bir ailədə heç olmasa bir nəfər belə məkanların təbliğatçısı olmalıdır. Bu fəaliyyəti də fərdi şəkildə həyata keçirməlidir ki, kişik dövlət sayılan ailədən böyük dövlətə hərtərəfli şəxsiyyət yetişdirə bilsin. Diqqət etsək, istənilən ölkənin irəli getməsində, inkişafında, qonşularla, digər dövlətlərlə münasibətinin normallaşmasında, formalaşmasında humanist baxışlı şəxsiyyətlərin rolu əvəzsiz olub. Elə Azərbaycanın özünün keçmiş və müasir tarixində belə şəxsiyyətlərin adı böyük hərflərlə keçir. Onları hamımız tanıyır və ölkənin tarixində, elmində, mədəniyyətində, incəsənətində, bu sahələrin əhatə etdiyi bütün spektrlərdə oynadıqları rolun hansı səmərə verdiyini görmüşük.
İldə bir dəfə muzeylərə getmək çox da çətin iş deyil. Çünki hər il hamını ödənişsiz olaraq belə bir fürsət gözləyir. Ödəniş olaraq yalnız vaxtımızı məsrəf edə bilərik ki, o da bizdə “defisit” deyil, amma istəsək.
İstəsək, iş-gücü başından aşanlar vaxtdan “vaxt oğurlayıb” belə qeyri-adi məkanlara baş vura, tariximizin nə qədər qədim və qiymətli olduğunu, bu qiymətdən hər birimizə də pay düşdüyünü, millətlər içində deyəcək sözümüzün, ortaya çıxarılacaq maddi abidələrimizin var olduğunu deyə bilərik. Əbədi düşmənimizin daim göz dikdiyi, işğal nəticəsində uçurub-dağıtsa da, sayı hələ də tükənməyən qədim mədəniyyət abidələrimizin bizə, məhz özümüzə aid olduğunu demək üçün öncə onları tanımalıyıq. Tanımadan, bilmədən iddia etməyin acı nəticəsini ermənilər bilməmiş deyil. Məhz ona görə, “gözü çıxmış qardaş”dan dərs götürmək heç vaxt gec deyil. Olmayan tarixini bizimkinin, olmayan mədəniyyətini özümüzünkünün, olmayan mətbəxinin belə, azərbaycanlıların hesabına yaratmaq istəyən düşməni bizim bu qədər maddi-mədəni abidələrimizə yad olduğumuzla niyə sevindirməliyik?
Sevindirməyə gərək varsa, o da evdəki övladımızın - bugünün uşağının, sabahınsa şəxsiyyətinin payına düşməlidir. Qeyd etdiyim kimi, maddi-mədəni abidələrimizi, tarixi məkanlarımızı, qiymətli, təkrarolunmaz eksponatlarla dolu muzeylərimizi görüb, seyr etməklə mənən zəngin şəxsiyyət yetişdirmək olar.
Sonda onu deyim ki, Fransanın Paris-Notrdam kilsəsinin xəbəri ucqarlara qədər gedib çatıbsa, fransızlar öz qədim abidələrini bu qədər ucada tutursa, bu məlumat mediamızın da gündəmini zəbt edibsə, hərəmiz özümüzə bircə sual verək.
Adamı dalana dirəyəcək sualın nə olduğunu deməyəcəyəm, onu hər kəs - ata-analar balaca övladların əlindən, qocalar qarısının qolundan tutaraq muzeylərə sarı yol alanda biləcəklər.
Hər gün, hər ay yox, heç olmasa, ildə bir dəfə üzü o tərəflərə yolumuzu salaq ki, mənən zəngin insanlar kimi, yolumuzdan sarpmayaq.
Nigar Vaqifqızı