İşğal altındakı torpaqlarımızda yaradılan terrorçu
qruplar dünyadakı münaqişə ocaqlarına göndərilir
Sülhəddin Əkbər: “Torpaqlarımız işğal
olunandan orda istənilən cinayətlər baş verir”
Hikmət Hacızadə: “Orda baş verən
əməliyyatlara ermənilər cavabdehdir”
Dünya ölkələrinin hazırda əziyyət çəkdiyi, bütün ölkələri ciddi narahat edən narkotiklərə tələbatın azaldılması müstəvisində qlobal şəkildə ardıcıl işlər aparılır.
Bu sahədə dünya ölkələri öz güclərini birləşdirir və narkotikə tələbatın azaldılması üçün birgə yollar axtarır. Bu istiqamətdə fəaliyyət aparan, keçən əsrin 80-ci illərində Panamada keçirilən narkotiklərlə mübarizə üzrə Beynəlxalq Konfrans artıq ümumdünya forumu missiyası daşıyır. Aprelin 15-də Bakıda öz işinə başlayan Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda əsas məqsəd də qlobal səviyyədə tərəfdaş ölkələri səfərbər etmək, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunan yüksək vəzifəli rəsmiləri bir araya gətirərək, bəşəri problemin həlli yollarını müzakirə etməkdir.
Konfransda çıxış edənlərin söylədiklərindən aydın olub ki, narkotik maddələrin Azərbaycana əsasən, qaçaqmalçılıq yoluyla gətirilməsinə cəhd edilir. ONA-nın məlumatında bu barədə deyilib. Konfransda çıxış edən baş nazirin müavini Əli Həsənov söyləyib ki, son dövrlər narkotiklərin ölkəmizə qaçalmalçılıq yoluyla gətirilməsinə qarşı mübarizə gücləndirilib və bu məqsədlə keçirilən külli miqdarda narkotik vasitənin qarşısı alınıb. O, həmçinin qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsindən əldə edilən vəsaitlə yeni silahlar alınır, terrorçu qruplar yaradılır və həmin qruplar da dünyadakı münaqişə ocaqlarına göndərilir.
Hərbi münaqişə zonalarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə diqqət çəkən baş nazir Novruz Məmmədov qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır. Baş nazir söyləyib ki, işğal altında olan Azərbaycan torpaqlarına cəlb olunan şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də, narkotrafikə, digər cinayət hallarına zəmin yaradır. O, öz növbəsində Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırdığını deyib.
Sözügedən istiqamətdə qlobal mübarizənin olduğu bir məqamda, işğal altında olan torpaqlarımızdan tranzit olaraq istifadə edilməsi bizə hansı beynəlxalq təhdid yarada bilər? Çünki adıçəkilən fəaliyyətlər birbaşa narkobiznesə və beynəlxalq terrorizmə şərait yaradır.
Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər söyləyir ki, əslində, dünya ölkələri, beynəlxalq birlik sözügedən ərazilərin işğal altında olduğunu bilir. Yəni onlar Azərbaycan ərazilərinin sözügedən hissəsinin mərkəzi Azərbaycan hökumətinin nəzarətində olmadığının fərqindədirlər: “Əslində, Azərbaycan işğal olunmuş ərazilər haqqında qanun qəbul etməlidir. Bu qanun da beynəlxalq hüquq normalarına uyğun şəkildə qəbul olunaraq icrasna başlanmalıdır. Eyni zamanda, Azərbaycan işğal olunmuş ərazilərinin reinteqrasiyasına aid qanun qəbul etməli və bu qanun icra edilməlidir. Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz hərəkətlər, transmilli, mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsiylə, terrorizmlə və digər transmilli, mütəşəkkil cinayətkarlıq növləriylə effektiv mübarizə aparmalıdır. Bu mübarizə özü də təkbaşına aparılmamalıdır. Beynəlxalq hüquqdan istifadə edərək, digər ölkələrin də bu prosesə cəlb edilməsinə çalışılmalıdır. Çox təəssüf ki, biz bu istiqamətdə danıışıqdan başqa heç nə eşitmirik. Torpaqlarımız işğal olunandan sözügedən cinayətlər də orda baş verir. Narkotiklər yetişdirilir, istehsal olunur, saxlanılır, ərazilərimizdən tranzit kimi də istifadə olunur. Həmin ərazilərdə insan alveri, qaçalmalçılıq, hər nə desən var”.
Politoloq Hikmət Hacızadə hesab edir ki, işğal altında olan torpaqlarımızda narkotik vasitələrin becərilməsindən əldə edilən vəsaitlə yeni silahların alınması, terrorçu qrupların yaradılması və onların dünyadakı münaqişə ocaqlarına göndərilməsi bizə hansısa beynəlxalq təhdid yarada bilməz. Müsahibimiz deyir ki, həmin torpaqlar bizə aid olsa da, nəzarət Azərbaycana aid deyil: “Həmin torpaqlar əlimizdən alınıb və indi ermənilərin nəzarəti altındadır. Orada baş verən əməliyyatlara ermənilər cavabdehdir.
Beynəlxalq məhkəmə olsa, bütün bu fəaliyyətlərə görə də erməniləri günahkar çıxaracaqlar”.
Nigar