“Nə qədər istəyirlər, söysünlər...” - İçki içib filmə çəkilən aktyor



 

Ötən il müzakirələrə səbəb olan qalmaqallı “Pərdə” filminin davamı- “İkinci pərdə”nin premyerasına sayılı günlər qalıb. “Qafqazinfo” xəbər verir ki, ekran işi təqdimatdan 10 gün əvvəl mətbuat nümayəndələri üçün nümayiş etdirilib. 

Mini təqdimatda filmin baş prodüseri Orxan Mərdan, rejissoru Emil Quliyev və əsas qəhrəmanlardan biri olan aktyor Qorqud Cəfər iştirak edib. Əvvəlcə O. Mərdan bildirib ki, birinci filmlə ikinci film arasında oxşarlıq yoxdur:

“Film təxminən 72 dəqiqədir. “Pərdə” ilə “İkinci pərdə” arasında oxşarlıq yoxdur. Hadisələr eyni məkanda baş verib”. 

Bu məqamda qeyd edək ki, filmin baş qəhrəmanı Günay Əhməddir. Elə bütün hadisələrdə Günayın canlandırdığı  obraz üzərində dayanır. Filmdə onun ərinə dostuyla xəyanət etməsi, daha sonra ifşa olunmasının görüntüləri böyük etirazlara səbəb olacağı istisna edilmir. Bundan başqa, ağır sujet xəttinə malik filmdə söyüşlərdən də çox istifadə olunub. 

G. Əhməddən başqa filmdə baş rollarda Hikmət Rəhimov, Qorqud Cəfər, Elşən Əsgərov çəkilib.

Rejissor Emil Quliyev “Qafqazinfo”ya bildirib ki, aktyor seçimində çətinlik çəkib:

“Əsas aktyor-aktrisaların səmimiliyinə diqqət ayırdım. Aktrisaların əksəriyyəti bu rola çəkilməkdən imtina etdi. Bircə Günay razı oldu. Güclə, böyük bir əziyyətlə baş qəhrəmanı tapdıq”. 

Filmin digər qəhrəmanı Qorqud Cəfər isə rolu canlandırmaq üçün spirtli içki qəbul etdiyini qeyd edib:

“Nə teatr, nə də kino xəyanəti sevir. İşimdən zövq almağımı sevirəm. Bu gün mənfi, sabah isə müsbət bir rolu canlandıra bilərəm. Çox çətin bir obrazdır. Necə hiss etmişəmsə, elə də oynamışam. Özümü bu rol üçün, sözün əsl mənasında “sındırmaq” üçün çox əziyyət çəkmişəm. Çəkilişdən qabaq özümü psixoloji olaraq hazırladım. Əlbəttə, ssenarini bir neçə dəfə oxuduq, müzakirə apardıq. Mənə nə qədər çətin olacağını hiss edirdim. 

İçki içdim, sonra çəkildim. Bilirdim ki, bədənim belə təziqə dözməyəcək. Tənqidlərə açığam, heç bir problem yoxdur. Personajı nə qədər istəyirlər, söysünlər. Mən də belə edirəm. İnsan baxır, aqressiya və nifrət yaradır. Sevgilimə də demişəm ki, belə bir filmə çəkilmişəm. Gəlib baxsan nifrət edə bilərsən. Amma mən belə filmə çəkilmişəm ki, bu cür insanlaırn sayı azalsın. Biz özümüz bu cəmiyyətdə yaşayırıq. İstəyirəm ki, xəyanətlərin sayı azalsın”. 

Qeyd edək ki, Emil Guliyevin daha öncə çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdır. 

Noyabrın 16-sında premyerası olaacaq filmin media sponsoru isə "Qafqazinfo" saytıdır.