İslam düşmənlərini boş verməyin!
Bu gün böyük cihad Suriyada yox, WhatsApp-dadır
Etiraf etmək lazımdır ki, ölkəmizdə hələ də dini baxışları primitiv xarakter daşıyan müsəlmanların sayı kifayət qədər çoxdur. Sovetlər dönəmində belə kontingentin xüsusi çəkisi 90 faizdən çox idisə, indi bu rəqəm bir qədər azalıb, amma yenə də bu cür primitiv düşüncəli müsəlmanların sayı ölkəmizdə üstünlük təşkil edir. Bununla yanaşı, cəmiyyətdə müşahidə edilən müsbət tendensiya onu deməyə əsas verir ki, son illər belə məhdud dini biliklərə malik insanların azalmada doğru gedir. Başqa sözlə desək, son illərin verdiyi imkanlar, cəmiyyətdə daha dərin dini biliklərə sahib müsəlmanların sayının artmasına, onların isə öz ətrafını maarifləndirməsinə şərait yaradıb. Bu səbəbdən də həmin əhali qrupunun məhdud dini bilgiləri genişlənməkdədir. Bu inkişaf meyilləri vətənini, xalqını sevən vətəndaşlarımızı sevindirsə də, bir çox xarici, eləcə də antiislami əcnəbi qüvvələrin dirijorluğu ilə hərəkət edən daxili qrupları narahat edir. Buna məyusluq təkcə psixoloji sarsıntı ilə məhdudlaşmır, ölkəmizdə dini maarifləndirmə proseslərinin qarşısını almaq məqsədi ilə müxtəlif üsullardan və metodlardan istifadə etməyə çalışırlar. Və çox təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda bizim hər birimizin ətrafımıda baş verənlərə biganəliyimiz nəticəsində istəklərinə nail ola bilirlər.
Bu üsul və metodların böyük əksəriyyəti cəmiyyətdə vizual olaraq müşahidə edilir, lakin buna böyük əksəriyyət, ümumiyyətlə əhəmiyyət verimir. Məsələn, müxtəlif ölkələrin xüsusi xidmət orqanlarına işləmək məqsədi seçən məzhəblərin fəaliyyəti asanlıqla sezilir və dini maariflənmə dərəcəsi orta səviyyədə olan vətəndaşlarımız bunu səmimi dindarlardan asanlıqla ayırd edə bilərlər. Belə məzhəblərə misal olaraq vahhabiləri qeyd etmək olar, çünki onlar ölkəmizdə daha çox nəzərə çarpırlar. Onların iş üsulu, taktikası daha yüksək səviyyədə qurulub və daha çox təbliğat qabiliyyət olan sosial baza formalaşdırmaqda maraqlıdırlar. Lakin orta dini bilgiləri olan insanlar, bu məzhəbin səmimi bir dini qrup olmadığını dərhal öz-özlüyündə müəyyən edə bilər. Yəni vahhabilərin bəd əməllərini durdurmaq, cəmiyyəti onlardan qorumaq mümkündür, necə ki, son illər bu proses uğurla irəliləyir. Son Nərdaran və Gəncə hadisələri də, bir daha sübut etdi ki, Azərbaycan dövləti, onun hüquq-mühafizə olqanları, ölkəmizə yad ünsürlərin respublikamızda "meydan sulamalarına" imkan verilməyəcək. Bu gün görünəni odur ki, həmin qruplar da bir müddət sakitldəşdilər və fəaliyyətlərinin istiqamətini sosial şəbəklərə yönəltdilər . Son illər sosial şəbəkələr üzərindən birbaşa fərdə ünvanlanan, İslam dinini gözdən salmağı hədəfləyən ciddi təbliğat kampaniyaları da həmin qrupların fəaliyyətini nəticəsidir. Bu təbliğatın fəaliyyət arenası əsasən WhatsArr sosial şəbəkəsini əhatə edir ki, ölkəmizdə bu şəbəkədən milynolarla adam istifadə edir. Belə təbliğatı hədəfləyən mesajlarda Qurani-Kərimdən, İslam dininin hədisi-şəriflərindən nümunələr yazılır və bildirilir ki, bu mesajı bir neçə nəfərə göndərsən, şad xəbər eşidəcəksən, çoxlu pul qazanacaqsan, iş tapacaqsan və s., yox, əgər göndərməsən 3 il xoşbəxtlik səndən üz döndərəcək. Sözsüz ki, dini bilgiləri olan insan bu mesajı görən kimi əhəmiyyət vermədən silir və ya mesajı göndərənə yazır ki, belə boş işlərlə məşğul olma. Amma bu, heç də boş iş deyil, belə mesajlarla dini bilgiləri zəif olan və ya olmayan insanları qorxu xofu ilə öz təbliğatçılarına çevirirlər. Digər tərəfdən, İslam dininə aid olan ifadələrin müşayəti ilə insanlarda ümid yaradırlar ki, bir ayəni, surəni və ya hədisi-şərifi yaymaqla istəklərinə, xoşbəxtliyə nail olacaqlar, ancaq təbii ki, İslamda belə bir üsul, ayin və buna bənzər bir prosedura yoxdur. Ona görə də heç bir möcüzə, xoşbəxtlik və ya firəvan həyata nail olunmur. Belə olan halda məhdud dini dünyagörüşü ölan əhali arasında dinə qarşı bir ümidsizlik, inamsızlıq, xəyal qırıqlığı yaranır. Bu cür insanlarda fikir formalaşır ki, İslam da real gücə malik bir din deyil. Bu insanlar başa düşmür ki, ona göndərilən mesajla İslam dininin heç bir əlaqəsi yoxdur, əksinə, bu mesajları təşkil edənlər müsəlman dünyasının düşmənləridir. Bəzi sosial şəbəkələrdə isə belə mesajlarıın yayılmasının yəhudilər tərəfəndən təşkil olunduğunu iddia edir. Fikrimizcə, bu cür milli ünvan üzrə konkretləşdirmə də düzgün yanaşma deyil. Bu gün dünyada İslama düşmən kəsilən bir çox qüvvələr var və o qüvvələrin milli tərkibi elə İslam coğrafiyası kimi, kifayət qədər rəngarəngdir. Ona görə də, baxmayaraq ki, Qurani-Kərimdə müsəlmanların fundamental düşmənlərindən biri kimi israil oğullarının adı bir neçə dəfə keçir, müasir dünyada İslamın düşmənləri israil övladları ilə məhdudlaşmır.
Məsələn, bir neçə həftə əvvəl Yeni Zelandiyada iki məscidin camaatını qanına qəltan edən heç də israil oğlanlarından deyildi. Yaxud da, yüzlərlə Azərbaycan vətəndaşının həyatını Suriyada qaraldan, ailələr dağıdan dini məzhəbin - vəhhabilərin yəhudi mafiyası ilə heç bir əlaqəsi yoxdur və onlar da bir millət olaraq sözügedən məzhəbdə digər millətlər kimi xidmətə cəlb edilir. Yəni, istisna deyil ki, Bakıda vəhhabi rus, tatar, avar, yengiloy, azərbaycanlı, ləzgi və s. millətin nüməyəndələri olduğu kimi, yəhudilərin də olması istisna deyil, bu mümkündür.
Digər tərəfdən, artıq bu təbliğatın kimlər tərəfindən aparılması, onun mənbəyinin tapılması, bir cəmiyyət olaraq bizim işimiz deyil. Cəmiyyətin üzərinə düşən iş, yalnız belə mesajların puç bir şey olduğuna inanmaq, onun dövriyyəsinin genişləndirilməsində iştirak etməmək, bu mesajlara səmimi olaraq inanıb da, onun dövrüyyəsini genişləndirərək qəlbində ümid işığı "yandıran" insanlara başa salmaqdır ki, bu mesaj heç bir gücə malik olmayan bir mətindir və İslamı gözdən salmaq üçün seçilən bir silahdır. Ona görə də belə mesajları alarkən onu əhəmiyyətsiz sayaraq boş verməklə kifayətlənməyin, ərinib yorulmadan onu sizə göndərən insana bu mesajın mahiyyətini izah edin. Əslində, bu da bir ibadətdir, din uğrunda böyük cihadlardan biri sayıla bilər. Çünki sən bir nəfərə bu mesajın mahiyyətini başa salmaqla, İslam düşmənlərinin pis əməllərini, dini gözdən salmaq cəhdlərini məhdudlaşdırmış, qarşısını almış olursan. Ona görə də bu cihadda hər bir müsəlmana uğur diləyirəm, Allah zehninizə qüvvət versin!
Akif Nəsirli