Qətliamların miqyası böyük, çıxış yolusa labirintdə



 

Nə qədər acı olsa da, işğal günlərimizin agrısı qələbə və sevinc tarixlərimizdən daha çoxdur. Bəlkə də qələbələrin sevinci müvəqqətiliyinə, həyatın bütünlükdə, bütövlükdə təkcə məsud günlərdən ibarət olmadığına görə bizə bu qədər az gəlir. Fəqət bizim, sıravi azərbaycanlıların taleyinə daha çox ağrı-acı, qəm tarixi yazılıb. Sabiq-məşhur telekanalın dillər əzbəri olan “döyüş alnınıza yazılıb” şüarını qamçılamaq, onu qəribçiliyə salmaq lazım deyilmiş. Etiraf gözəldir, döyüş doğrudan da, sadə soydaşlarımızın alnına yazılıbmış. Hərçənd bu, tamam başqa bir mövzudur ki, müzakirəsi uzun çəkəcək. O mənada, alnına əbədən döyüş yazılanların döyüş salnaməsində əsrlər və illər, ictimai-siyasi formasiyalar baxımından rəngarəng hadisələr, faciələr, soyqırımlar, müharibələr var.

Qarabağ dərdimiz isə problem kontekstindən (sovet dönəmində baş verən tək-tük hadisələrdə onu yalnız problem səviyyəsində görmək siyasəti aşılanırdı) çıxaraq çoxillik müharibə statusu daşımaqdadır. Onun Dağlıq Qarabağ problemi, müharibəsi, çəkişməsi kimi adlanmasının artıq nə fərqi. ATƏT-in Minsk qrupunun illərdir çözə bilmədiyi bir düyünü hazırda özümüzdən qeyri kiminsə açması qeyri-mümkündür. Həm də o düyünü yalnız kəsərək açmaq gərəkdir. Buna artıq indi vətəndaşlarımızın əksəriyyəti əmindir. Lakin yuxarıda qeyd etdiyim, döyüşün yalnız sıravi insanların alnına yazıldığının əksinə olaraq, heç olmasa millətimiz indi bir olmalıdır. Populizm heç xoşlamadığım xüsusiyyət olsa da, əminəm ki, şüar xətrinə deyil, əməli işə hesablanan çağırışların bəzən xəyaldan həqiqətə çevrildiyi zamanlar olur...

Zamanlardan birini, Bakıya və bütöv Azərbaycan ərazilərinə sahib olmaq iddiasıyla törədilən soyqırımın növbəti ildönümünü bizdən saatlar ayırır. 31 Mart azərbaycanlıların soyqırımını deyirəm. O haqda yenə də mətbuatda, telekanallarda, KİV-in bütün resurslarında məlumatlar yayılacaq, yaxın-uzaq keçmişin müsahibləri, tədqiqatçılar, tarixçilər yada düşəcək, etnoqraflar dillənəcək, tariximizin erməninin tarixindən qayım-qədim, habelə, dövlətçiliyimizin də qədim olduğunu söyləyəcəklər. Xanlıq, bəylik dövrləri xatırlanacaq, keçənlərdən üzübəri, yaxud, təkcə keçən əsrin başlanğıcında ermənilərin müsəlmanlara tutduğu divan, qətliamlardan danışılacaq, bəzimiz pafosla, bəzimiz soyuqqanlılıqla, bəzimiz yana-yana, ah-vayla dilə gələcək, bəzimiz isə... susacaq.

Danışanların yalnız danışmaqdan, tədqiqatçıların gələcək, hazırda yetişən bambaşqa bir nəsil üçün yazmaqdan, susanların isə ondan başqa silahı olmayacaq, təəssüf ki. Təəssüfün arxasında cavabını kimsənin verə bilməyəcəyi böyük bir sual dayanır çünki: “Erməni mövcud olmayan hansı tarixinə, dövlətinə, hərbi-siyasi, iqtisadi qüdrətinə görə bizi əsrlər boyu əzə, dağıda, yerlə-yeksan edə, qətlə yetirə, soyqırım törədə bilib, əcəba?!”.

Bu suallar əslində, sadə olduğu qədər də düşündürücüdür. Çünki keçən əsrin mart soyqırımının hansı situasiyalardan doğduğu, Azərbaycanda neçə bir ictimai-siyasi mühitin, dövlət formasının olduğu tarixçilərə, tədqiqatçılara, böyük əksəriyyətimizə yaxşı tanışdır. Əsrin əvvəlinin sosial-ictimai, hətta iqtisadi tələblərinin, dünyaya baxışın, ordu və hakimiyyət formasının bir xristiana qarşı çıxmağın mümkünsüzlüyü də rol oynayıb o zamanlar. İnkişaf getsə də, fəqət əsrin sonlarında da əbədi düşmənimizə qarşı “bu torpaqlar bizimdir” siyasətini həyata keçirə bilmədik. Bizim işimiz zatən xoş-naxoş xatirələr, danışıqlar səviyyəsində iş, dialoqlar, polemikalar, diskussiyalar olub. Dolanbaclara gedib çıxan, neçə əsrlik münaqişənin, müharibənin hansı yolla dayandırılması, əbədiyyən bizim olan torpaqları işğaldan necə qurtarmağın konkret yolu hələ tapılmayıb. O yolların sonu ola bilsin, yenə də müharibəyə gətirib çıxaracaq, yaxud, sülhlə bitəcək. Bunu kimsə - hadisələrin iştirakçılarından tutmuş, seyrçilərə qədər, heç kim onun hansı vasitəylə sona çatmasını dəqiq bilmir. Ehtimallar, nəzəriyyələr, bəyanatlar, çağırışlar, müzakirələr “n” qədərdir. Vahid yol isə yoxdur. O zaman siyasi-iqtisadi müstəvidə nə varsa - Minsk qrupu həmsədrlərindən, yaxın-uzaq ölkələrin rəhbərlərindən, dost bildiklərimizdən, əsrlik müqavilə bağladıqlarımızdan, konsernus imzaladıqlarımızdan dəstək və rəhm gözləmək məcburiyyəti yaranır. Haqlı olduğun halda onu təkbaşına sübut edə bilməməyin çətinliyini bu durumdakılar yaxşı bilir. Münaqişədən çıxmağın yollarını özlüyündə axtaran, xatirələrdə yaşayan torpaqlara kimsəyə gənəşmədən qayıdan, öz ərazilərimizdə yaşayıb-işləməyi, toplantılara qatılmağı mümkün hesab edən nə qədər soydaşımızın adı keçir son münaqişə tarixində. Bu xəmirin hələ çox su aparacağını bilə-bilə, girov düşəcəyini gözünün altına ala-ala, düşmən gülləsinə tuş gələcəyinə əmin olaraq bu addımı atıb soydaşlarımız. Onların bügünkü taleyi də müharibənin hansı yolla çözülməsi qədər müəmmalıdır.

Addımın növbətisini Ukrayna atıb bugünlərdə. Hökumət öz vətəndaşlarına birmənalı şəkildə “Azərbaycanın işğal olunmuş ərazilərinə getməyin!” qadağası qoyub. Ukraynadakı səfirliyimizin səyilə, ölkə XİN-nin rəsmi saytında ukraynalıların işğaldakı ərazilərimizə girişiylə bağlı xəbərdarlıq verilib. Məlumatda yazılıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli və Cəbrayıla qanunsuz səfərlər qəti qadağandır. Sözügedən ərazilərə Azərbaycanın rəsmi qurumlarının icazəsiylə səfər etmək olar ki, əks halda qanunu pozan ukraynalılar Azərbaycan üçün “persona non-qrata” elan edilərək ölkəyə buraxılmayacaqlar. Xəbərdarlıqda Azərbaycan hökumətinin icazəsi olmadan həmin ərazilərdə hüquqi və fiziki şəxsin kommersiya işiylə məşğul olmasının qadağan edildiyi də qeyd edilib.

Belə. Mart soyqırımı ərəfəsində qəmgin ovqatı dəyişən, ərazilərimizin özümüzün olduğuna yönəlik kənar bir rəy də yaşadığımız, illərdir çözülməyən problemdən çıxış imkanlarını çoxalda bilər əslində. “Qonşu çırağından düşən işıq” öz yerində, xatırlamalar, xatirat günləri də öz ənənəviliyində. Dəyişməyən, yerində sayan münaqişənin hansı formatda həll yolludur. İllər, elə əsr də keçib, münaqişə predmeti və düşmən isə dəyişməyib. Nə fərqi varmış, soyqırım 1918-ci, 1988-ci, 1992-ci ildə olsun. Heç bir dövr və tarix, humanizm prinsipləri azərbaycanlıların soyqırımını, soydaşlarımzın qətliamını, ermənilərin cəlladlığını həzm etməyə imkan vermir.Qətliamların miqyası bu qədər böyük, çıxış yolusa labirintdədirsə, deməyə sadəcə, söz qalmayıb.

 Nigar Orucova