“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü
Ölkənin ən gənc mobil operatoru olan “Nar”, “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb. “Nar” təqdim etdiyi tariflər və sərfəli qiymətlər, baza stansiyalarının sayını sürətlə artırmaqla hazırda ölkədə ən geniş 3G və 4G şəbəkələrindən birinə malik olması, müştəriyönümlülüyü ilə seçilən fəaliyyəti, eyni zamanda mobil operatorun dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi nəticəsiində “İlin ən yaxşı mobil operatoru” adına layiq görülüb. Bundan başaqa, təşkilatçılar mobil operatorun göstərdiyi yüksək dinamik inkişafı, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Navigator.az regional biznes portalı 10 ildən artıqdır ki, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir. Bu ölkələrdən olan minlərlə şirkət Navigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərafdaşı olan 26 min şirkət və təşkilat sırasından ən layiqlilərini müəyyən etmək üçün regional “Navigator Business Award” mükafatını təsis edib. “Navigator Business Award” Cənubi Qafqaz regionunun biznes sahəsində ən mötəbər mükafatı sayılır və Azərbaycanda və Gürcüstanda ölkələrin inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etmək üçün yaradılıb.
Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, 45-dən çox bölgədə LTE şəbəkəsi yaradıb. “Nar”-ın təqdim etdiyi yüksəksürətli internet sayəsində 4G xidmətindən istifadə edən abunəçilərinin sayı 500 mini keçib. Mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində ötən il müştəri məmnuniyyətində sürətli artım müşahidə olunub və “Nar” müştəri məmnuniyyəti indeksi üzrə ən yüksək artım nümayiş etdirib. Bundan başqa, mobil operator korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.