Parlamentdə deputatların sayını artırmağa ehtiyac varmı?



 

Millət vəkilləri sorğumuza cavab verir

 Azərbaycan əhalisinin sayı son illərdə artan xətlə inkişaf edib. İyirmi ildən çox əvvələ dönsək, Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul ediləndə əhalinin sayı indikiylə müqayisədə az olub. O illərdə təxminən, 7 milyondan ibarət əhalimizin sayı hazırda 10 milyona çatıb. Sözügedən zamanda da 7 milyonluq əhali üçün Milli Məclisdə 125 nəfər deputatla təmsil olunmaq müəyyənləşdirilib. Hazırda isə əhali sayının artmasının müqabilində millət vəkillərinin sayının artması məsələsi də gündəmə gəlir. Çünki təmsilçilik baxımından əhalinin sayı ilə deputatların sayı arasında tarazlıq pozulur. Müxtəlif ölkələrin parlamentlərində deputatların say tərkibinə diqqət etsək, maraqlı mənzərə görərik. Misal üçün, Türkiyədə deputatların sayı iki il öncə artıq 600 nəfərə çatdırılıb. Qonşu Gürcüstanda dörd milyona yaxın əhalini parlamentdə 150 deputat təmsil edir. Ermənistanda isə üç milyonluq əhalinin 132 deputatı var. Onlarla müqayisədə, Azərbaycanda əhalinin sayına görə deputat sayının az olduğu görünür. Bütün bunları nəzərə alanda, görəsən, parlamentdə millət vəkillərinin sayının artırılması zəruridirmi?

Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev qeyd edir ki, Türkiyədə idarəçilik əsasən, parlamentin üzərinə düşür. Ona görə də orada deputatların say çoxluğu təbii hesab edilməlidir: “Azərbaycanda isə idarəetmənin ağırlığı cənab prezidentin üzərindədir və ölkəmiz də bu istiqamətdədir. Azərbaycanda hökuməti də prezident formalaşdırır.

Yalnız baş nazirin təsdiqi və büdcə parlamentin səlahiyyətindədir.Ona görə də hazırda Azərbaycanda deputatların sayının artırılmasına ciddi ehtiyac olduğunu düşünmürəm. Amma prinsipcə, bu, mümkündür. Çünki bizim Konstitusiyamız qəbul olunanda parlamentin tərkibinin 125 nəfərdən ibarət olması müəyyənləşdirilib. O vaxtdan da əhalimizin sayı üç milyona qədər artıb. Yəni təmsilçilik baxımından, bu məsələyə baxmaq olar. Lakin bu məsələyə baxmaq üçün mütləq referendum keçirilməli və Konstitusiyada dəyişiklik olunmalıdır. Deputatların sayı Konstitusiyada təsbit olunduğuna görə o rəqəm də Konstitusiyada müəyyənləşməlidir. Digər tərəfdən, deputatların sayının artırılmasına hazırda ona görə zərurət görmürəm ki, sonuncu referendumda dəyişiklik edən vaxt Milli Məclisdən başqa, 40 min vətəndaşa da qanunvericilik səlahiyyəti hüququ verdik. Yəni 40 min nəfər öz imzasıyla istənilən qanunvericilik təşəbbüsüylə çıxış edə bilər və Milli Məclisə öz düşüncələrini yazıb göndərə bilər ki, həmin məsələ də parlamentdə müzakirə olunsun. Bu mənada da bu gün parlamentdə deputatların say tərkibinin dəyişilməsinə bir zərurət görmürəm”.

Həmsöhbətimiz hesab edir ki, bununla belə, deputatların sayının artırılması bəzi hallarda mümkün olan məsələdir. Yəni sayın artırılmasına zərurət onda yaranar ki, parlamentdə deputatların sayı az olduğu üçün lazımi qərarları qəbul edə bilməzlər və yaxud, fəal işləyə bilməzlər, eyni zamanda, vətəndaşların say çoxluğuna görə seçiciləriylə təmasda çətinlik yarana bilər: “Amma hələlik bu istiqamətdə problem görmürəm. Zərurət ortaya çıxarsa, ictimai, sosial sifariş olarsa, yalnız referendum keçiriləndən sonra Konstitusiyada bu rəqəm dəyişdirilərək məsələyə baxıla bilər”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, millət vəkili Aydın Mirzəzadənin fikrincə, əsas olan deputatların sayı deyil, parlamentin necə fəaliyyət göstərməsidir: “Məntiqə qalsa, Avropa ölkələrində, ABŞ-da millət vəkillərinin sayı əhalinin sayına görə həddindən çox azdır. Azərbaycanda o zamandan deputatların sayı 125 nəfər müəyyənləşdirilib. Əhalinin sayının artmasına baxmayaraq, bu say cəmiyyətlə işləməyə kifayət edir. Türkiyədə deputatların sayının artmasının səbəbi odur ki, orada əhalinin sayı 80 milyondur. Əlbəttə ki, son onilliklərdə əhali durmadan artdığına görə, müəyyən hallarda deputat sayının artmasına ehtiyac var. O ki qaldı qonşu dövlətlərin parlamentlərində deputat sayının çox olmasına, bu artıq onların daxili işidir. Bu baxımdan, deputatların sayını nə səbəbdən artırdıqlarını özləri daha yaxşı bilir”.

Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimovun fikrincə, hazırda parlamentdə təmsil olunan deputatların sayı yetərlidir. Deputat bu mənada, parlamentdə deputatların sayının artırılmasına ehtiyac görmür: “Azərbaycan əhalisinin sayına görə rayonları təmsil edən deputatlar mənə elə gəlir, bəs edir. Hər halda, bu sayı normal hesab edirəm”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə üçün isə sayın əhəmiyyəti yoxdur. O, qeyd edir ki, təmsil etdiyi partiyanın min, üç, otuz min nəfər üzvünün olduğu dönəmlər olub: “Amma əsas olan partiyanın fəaliyyətinin faydalı iş əmsalıdır. Deyə bilmərəm ki, partiya üzvlərimizin sayı min nəfər olanda daha az iş görmüşük, nəinki üç və ya otuz min olanda. Partiyanın əsas nüvəsi var ki, o da təxminən, əlli-altmış nəfərdən ibarətdir. Əsas işi də onlar görürlər. Parlamentdə əsas işi deputatların rəhbərliyi altında mütəxəssislər və deputatların köməkçiləri görürlər”.

 Nigar Orucova