Əməyin Mühafizəsi Fondu nəyə xidmət edəcək?
Sahib Məmmədov: "Ondansa, Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılsın"
Əməyin mühafizəsi, müəssisələrdə işləyən işçilərin sağlam şəraitdə və təhlükəsiz şəraitdə çalışmaq hüququ bütün hüquqların önündə gəlməlidir.Təhlükəsiz şərait yoxsa, sağlamlığa vurulan zərbələrdən sığortalanmaq mümkünsüz-dürsə, başqa dəyərlər ilkin mənasını itirir. Bu mənada, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsi bütün müəssisələrdə ən vacib məsələ hesab edilməlidir.
Lakin ölkəmizdəki iş yerlərində texniki təhlükəsizlik, sanitariya-gigiyena, müalicə-profilaktika tədbirlərinə, normalarına və standartlarına lazım olan həddə cavab vermək təcrübəsi hələlik tam formalaşmayıb. Əməyin mühafizəsinə və işçilərin sağlamlığına təminat verən bu məsələlərin yetərsizliyi nəticəsində Azərbaycanda insan faktoruna zərbə vuran neçə-neçə fakt var. Maraqlıdır ki, müəssisələrdə hər bir ölkə vətəndaşının təhlükəsiz və sağlam şəraitdə işləmək barədə Konstitusiya ilə təsbit olunan hüququna diqqət edilmir və bu hüquqlar yetərincə qorunmur. İstehsal və tikinti sahələrində təh-lükəsizliyə cavab verən tədbirlər görülmür, nəticədə istehsalatda baş verən bədbəxt hadisələrdən sığortalanmaq olmur.
İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin səviyyəsi də bütövlükdə ürəkaçan deyil. Nəinki işəgötürənlər, heç işçilər də əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi barədə mütəmadi şəkildə təlimatlandırılmırlar. Bunun acısını isə hər bir fərd, daha sonra ailə və ondan dolayı, külli-cəmiyyət çəkir.
Bu məqamda qeyd edək ki, Beynəlxalq Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı (BƏT) bu il 100 illik yubileyini keçirəcək. Bununla bağlı qurum 187 üzv ölkəsi üçün "Hər ölkəyə bir Konvensiya" təşəbbüsü irəli sürüb. BƏT-lə əməkdaşlıq edən Azərbaycan bu təşəbbüslə bağlı qurumun 155 saylı Konvensiyasının ratifikasiya edilməsiylə əlaqədar milli üçtərəfli məsləhətləşmələrə başlayıb. Xatırladaq ki, ölkəmiz indiyədək təşkilatın 57 Konvensiyasına qoşulub. Rəsmi şəkildə deyilənə görə, sözügedən sənədlərdən doğan öhdəliklər də nəzərə alınmaqla ölkədə beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli də deyib ki, ratifikasiya üçün BƏT-in 155 saylı Konvensiyası müəyyən olunub. Əməyin təhlükəsizliyi, sağlamlığı və istehsalat mühiti haqqında məsələylə əlaqədar, işçilərin həyat və sağlamlığının qorunması mövcud sosial siyasətin əsas prioriteti hesab edilib. Nazirlik rəsmisinə görə, həmin Konvensiyanın müəyyən edilməsi də əməyin təhlükəsizliyi və sağlamlığının vacibliyinin cəmiyyətə çatdırılması zərurətindən irəli gəlir.Yaxın vaxtlarda ölkəmizdə yaradılacaq Əməyin Mühafizəsi Fondu isə, əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstək verilməsi məqsədinə xidmət edəcək.
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov Konvensiyaya əməl etmək üçün mütləq Əməyin Mühafizəsi Fondunun yaradılmasına ehtiyac görmür. Liqa sədri deyir ki, o, 1999-cu ilin Əmək Məcəlləsinin mətninə daxil edilən mənasız bir qurumdur: "Əvvəl ehtiyat edirdik ki, bunun üçün də vəsait işçilərdən tutulacaq və bu barədə tənqidi yazılar yazırdım. Nəhayət, açıqlama verildi ki, vəsait bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta vəsaitindən ayrılacaq. Lakin mən bu qurumun mənasını anlamıram. Ondansa, mövcud Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılmalıdır.
O qurumun işçilərinin acınacaqlı durumu var, orada toplaşan təsadüfi, bilikləri çox aşağı olan şəxslərin potensialı artırılmalıdır. Onların əməyin mühafizəsi sahəsində, əmək hüquqları barədə kifayət qədər bilikləri yoxdur. Hesab edirəm ki, onları işdən çıxarmaq yox, potensialını, sayını artırmaq lazımdır. Onların Konvensiya hüquqlarını genişləndirmək lazımdır ki, istədikləri vaxt müəssisələrə gedib-gələ, yoxlama apara bilsinlər. Amma gedib korrupsiya ilə məşğul olmasınlar, həqiqətən obyektiv yoxlama aparsınlar.
Yəni belə bir qurum varsa, Əməyin Mühafizəsi Fondunun yaradılmasının mahiyyəti anlaşılmazdır. Təklif edərdim ki, Dövlət Əmək Müfəttişliyinin səlahiyyətləri genişləndirilsin. Bu qurumun səlahiyyətlərini Konvensiyaya uyğunlaşdırmaq lazımdır ki, onlar elə bu funksiyanı yerinə yetirsinlər. Fond onsuz da kompensasiya verən qurum olmayacaq. Onsuz da müəssisələrin hər birində, iri müəssisələrdə əməyin mühafizəsiylə bağlı xüsusi, işçi sayına uyğun olaraq ştatlar var. Belə ştatların dövlət qurumlarında olduğu kimi, özəl qurumların da hamısında olmasına və əməyin mühafizəsi qaydalarına əməl etməyə nail olmaq vacibdir. Amma onun yüksək səviyyədə bir orqan kimi yaradılmasını əhəmiyyətsiz hesab edirəm".
Nigar Orucova