Azərbaycan məhsulu Rusiyada qızıl medala layiq görüldü
“Ləzzət Qida Sənaye” MMC daha bir beynəlxalq uğura imza atdı.
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo - 2019” beynəlxalq sərgisində “Ləzzət Qida Sənaye” MMC əmtəə nişanı daşıyan və “Nati” məhsulu olan “Lay-lay” vaflisi “Ən yaxşı məhsul-2019” nominasiyası üzrə qızıl medal ilə mükafatlandırılıb. “Ləzzət Biskvit və Şokolad Fabriki”nin “Nati” markası adı altında istehsal etdiyi məhsullar sərgidə böyük maraqla qarşılanıb.
Cari ilin 11-15 fevral tarixləri arasında baş tutan “Prodexpo” sərgisi Moskva şəhərində 1994-cü ildən etibarən keçirilir. İlbəil daha da genişlənən biznes tədbiri bu il 100.000 m2 sərgi sahəsini əhatə edib. Qida məhsulları sərgisində bu il dünyanın 69 ölkəsindən 2500 məhsul iştirak edib.
“Prodexpo” Rusiya və Şərqi Avropada keçirilən ən nüfuzlu qida sənayesi tədbirlərindən biridir. Ekspo-mərkəzdə keçirilən sərgiyə qatılan ziyarətçilər müxtəlif ölkələrdən minlərlə məhsulun dadına baxmaq, yeni ərzaqlarla tanış olmaq və yeni biznes əlaqələri qurmaq imkanına sahib olurlar.
Təntənəli mükafatlandırma mərasimində “Ləzzət Qida Sənaye” MMC “Lay-lay” vaflisinin kakaolu çeşidinə görə fərqləndirilib. “Lay-lay” vaflisi “Ləzzət Qida Sənaye” MMC-nin nəzdində fəaliyyət göstərən “Ləzzət Biskvit və Şokolad Fabriki”ndə istehsal olunur. Fabrikdə istehsal olunan bütün məhsullar “Nati” markası adı altında satışa çıxarılır.
Naxçıvan Muxtar Respublikası ərazisində 1995-ci ildən fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” MMC-nin biskvit və şokolad fabriki istehsala 2010-cu ildə başlayıb. Fabrikdə dünya standartlarına cavab verən müasir texnoloji avadanlıqlarla vafli, biskvit, şokolad, qurabiyə, peçenye kimi şirniyyat növləri istehsal olunur.
“Ləzzət Qida Sənaye” MMC-nin əsas prioriteti hazırlanan qənnadı məhsullarının istehsal prosesində hər mərhələyə ciddi nəzarətlə yanaşı, yüksək keyfiyyəti bazara səmərəli qiymətlərlə təklif etməkdir. Yerli istehlakçılar tərəfindən sevilən “Nati” şirniyyatları bu gün bir çox dünya ölkələrinə də ixrac olunur.
Dünyaca tanınmış brendlərin iştirak etdiyi “Prodexpo” beynəlxalq sərgisi ötən ilin nəticələrinə yekun vurmağa, ərzaq bazarının inkişaf tendensiyalarını izləməyə, yeni məhsullar və yeni istehsalçılar haqqında məlumat toplamağa şərait yaradır.