Uşaq və gənclərin fiziki və mənəvi inkişafı



 

Azərbaycan dünyanın gənc, müstəqil bir dövlətidir. Ölkəmiz müstəqilliyini bərpa edən vaxtdan inkişaf etmiş dünyaya inteqrasiya kursu seçib və bu gün seçdiyi yola uğurla davam edir. Dövlətimizin müstəqilliyinin qazanılmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidməti var. Ölkənin bütün sahələrində olduğu kimi, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsi sahəsinədə Ulu Öndər daim diqqət göstərib. Ölkə Prezidenti İlham Əliyev 01 fevral 2019-cu il tarixdə Gənclər Gününə həsr olunmuş respublika toplantısında iştirak edərkən Ulu Öndərin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs etdi, onun hakimiyyətdə olduğu dövrlərdə uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, yüksək səviyyədə təhsil almalarına və hərtərəfli inkişaf etmələrinə lazım olan köməyi göstərməsindən söz açdı: ,,Əziz gənclər, mən sizi qarşıdan gələn Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Azərbaycanda müasir gənclər siyasəti də 1994-cü ildə başlamışdır. Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlamışdır. O illər çox ağır illər idi. Azərbaycan böhrandan təzə-təzə çıxırdı. İqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə islahatlara yeni start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalanmışdır. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa çalışmışıq. 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmişdir. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmışdır, 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada məşq edənlərin əksəriyyəti gənclərdir."

Bəli, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə gərəkən bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbi olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır. Uşaq və gənclərdə təlim- tərbiyənin bu cəhələri, onların eyni zamanda şəxsiyyət kimi formalaşmasına, dünya görüşünün inkişafına, sosial fəallığının yüksəlməsinə yaxşı təsir edir. Respublikamızda uşaq və gənclərin mənəvi- əxlaqi inkişafının, tərbiyəsinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi olduqca yaxşı ənənəyə çevrilib. Bu məsuliyyətli işdə mədəniyyət ocaqlarının, teatrlarını muzeylərin, kitabxanaların, radio və televiziya kanallarının, bütün kütləvi informasiya vasitələrinin imkanlarından kifayət qədər səmərəli istifadə olunur. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşması dövlətimizin sosial məsuliyyətini daha yaxşı dərk etməsinin təzahürü kimi müşahidə olunur. Ölkəmizdə uşaq və gənclərin qayğı ilə əhatə olunması mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şərait yaradıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri xanım Hicran Hüseynova çıxışında qeyd edib; ,,Ölkəmiz müstəqillik əldə etdikdən sonra uşaqlarla bağlı ilk beynəlxalq sənədlərə 1992-ci ildə BMT-nin ,,Uşaq Hüquqları haqqında" Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokolunu imzalamaqla qoşulub. 1998-ci ildə isə, ölkəmizdə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın müddəalarını özündə əks etdirən ,,Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyev bu siyasi kursun davamı olaraq, uşaq hüquqlarının müdafiəsinə, azyaşlıların normal formalaşmasına və sağlam böyüməsinə yönələn bir sıra dövlət proqramları qəbul edib, onların həyata keçməsi məqsədilə tədbirlər planı müəyyənləşdirib.

Prezident tərəfindən qəbul edilən hər bir dövlət proqramı uşaqların və gənclərin hüquq və maraqlarının müdafiəsinə, vahid dövlət uşaq siyasətinin tənzimlənib həyata keçirilməsinə, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafının təmin olunmasına xidmət edir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində aparılan işlərdən danışan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Birinci vitse-prezidentin rəhbərliyi altında Heydər Əliyev Fondu uşaq və gənclərin təhsili, sağlamlığı ilə bağlı bir sıra layihələrə imza atıb. Bunun nəticəsidir ki,hazırda hər bir uşaq öz üzərində dövlət qayğısını aydın hiss edir. Məlum olduğu kimi, dövlət başçısı yeni qanun-“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanununu imzalayıb. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan bu qanunda uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri müəyyən olunub: Uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlıqları üçün təhlükəsiz olan,onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şərait yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə, uşuqlara qarşı hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya, zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətlərin, o cümlədən, cinayətləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik informasiya aiddir. Telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxlər, uşaqların zərərli informasiyadan qorunması üçün müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilməlidir. Ölkə Prezidenti tərəfindən müəyyən edilmiş uşaq problemlərinin həllinə xidmət edən dövlət proqramları, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri, hər bir sahədə geniş vüsət almış quruculuq işləri onların təhsil və intellektual inkişafına yönəlib. Gənc nəslə həssaslıqla, diqqət və qayğıyla yanaşan dövlət başçısı "Uşaqlar cəmiyyətimizin sabahıdır, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün onlara zəruri şəraitin yaradılması bizim əsas məqsədimizdir” deyərək, hər zaman bunu xüsusi vurğulayır. “Uşaq və gənclərin yetənəkli şəxsiyyət və layiqli ölkə vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətlərini təşkil edir”-deyən dövlət başçısı uşaq və gənclərin milli dəyərlərlə uyğun şəkildə tərbiyə edilməsini daim nəzərdə saxlayır.

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü indiki məqamda uşaq və gənclərin fiziki və mənəvi inkişafını təmin etməyin vacib olduğunu deyir: “Uşaq və gənclərin fiziki və mənəvi inkişafında təhsilin məzmunu və informasiyanın düzgün seçilməsi əsas rol oynayır. Yaradıcılıq qabiliyyəti olan istedadlı uşaqların üzə çıxması üçün ölkəmizdə real şərait yaradılıb. Azərbaycan gəncləri bu gün elm, texnika və sosial həyatın müxtəlif sahələrində baş verən proseslər barəsində daha geniş informasiyalıdırlar.” Məlahət xanım gənclərin fiziki və mənəvi inkişafında vacib məqamlara diqqət yetirməyi ön plana çəkməyi doğru sayır. ”Yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafının səviyyəsi onların yaşadığı ölkənin, fəaliyyət göstərdikləri cəmiyyətin və məxsus olduqları xalqın inkişaf göstəricisidir. Çünki uşaq hansı mühitdə böyüyürsə, gələcək fəaliyyətində məhz o mühitdə görüb öyrəndiklərini nümayiş etdirəcək. Əlbəttə, ölkədə həyata keçirilən islahatların fonunda dövlət səviyyəsində uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ölkəmizdə bu təbəqədən olan insanların həyatını dəyişən, onlara stimul verən qayğı siyasəti həyata keçirilir. Lakin görülən işlərə, həyata keçən tədbirlərə baxmayaraq, uşaqların fiziki və mənəvi inkişafına mənfi təsir edəcək nöqsanların bir hissəsi hələ də qalır. Azərbaycanda uşaq və gənclərin əqli, fiziki, mənəvi inkişafı barədə və eyni zamanda onların məşğuliyyətindən bəhs etdikdə ilk növbədə məktəbəqədər təhsil ocaqlarının, uşaq intellekt kurslarının fəaliyyəti nəzərə alınmalıdır.”

Məlumdur ki, ölkədə mövcud olan uşaq bağçaları həm kəmiyyət, həm də keyfiyyət baxımından müasir tələblərə hələ tam cavab vermir. Kənd rayonlarında bağçaların çatışmazlığı, yeni bağçaların açılmasının vacibliyi hiss olunur. Rayonlarla müqayisədə Bakı şəhərində olan bağçaların bir çoxunda uşaqların həm mənəvi, həm də fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün normal şərait yaradılsa da, bunu hələ heç də Bakıdakı bütün bağçalara aid etmək mümkün deyil. Şəhər İcra Hakimiyyətinin Bakıda fəaliyyət göstərən baxçalarda keçirdiyi son monitorinq zamanı xeyli ciddi nöqsanlar aşkar olunub. Doğrudur, əksər uşaq bağçaları təlim-tərbiyə vasitələri ilə yanaşı, komputer və elektron oyun vasitələri ilə təmin edilib, amma hələ xeyli iş görülməlidir ki, bu vasitələr uşaq və gənclərin ağıllı və vətənpərvər insan kimi yetişməsinə təkan versin.

 Züleyxa Ələkbərqızı

 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.