Yol haqqı - insan haqqı



 

Sosial-iqtisadi həyat tərzinin qənaətbəxş olmaması səbəbindən bu gün neçə-neçə abituriyent tələbə adından imtina edib. Bu ailələrlə vaxtaşırı söhbətlər aparır, sosial çətinliyin təhsil almağa əngəl olmaması barədə əlimizdən gələni edirik. Zatən, medianın maarifləndirmə missiyasının bir tərkib hissəsi də budur. Uzağa getməyək, bugünlərdə ailəsi son dərəcə kasıb olan bir şagird tanıdım. Baxmayaraq ki, o, həmyaşıdları kimi məktəbə maşınla getmir, onu xüsusi sürücü aparıb-gətirmir, amma səhər saat 8-də dərsə çatmaq üçün obaşdannan oyanır, hamıdan əvvəl də məktəbə çatır. Niyəsini sonda deyəcəyəm.

Həmin şagirdin yaşıdlarından bir fərqi var, vaxtaşırı qidalanmadığı, vitaminli, minerallarla zəngin məhsullardan istifadə edə bilmədiyi üçün boyu çox balacadır. Boyu balaca olsa da, intellekti və xüsusi qabiliyyətinə görə elə həmyaşıdlarından ucada dayanır. Bunu sinif yoldaşları da təsdiq edir, bütün yaradıcı işləri, məktəbdə tələb olunan saysız-hesabsız fəaliyyətlərin mərkəzində də odur, yazımın mükəmməl qəhrəmanı.

Ona mükəmməl deyirəm, çünki bu sözə layiqdir. Ailədəki çətinliklərə, ağır iqtisadi-sosial vəziyyətə baxmayaraq, valideynlərindən xüsusi olaraq heç nə tələb eləmir. Anasının atasından hər gün utanaraq aldığı qəpiyi də məktəb bufetində bulkaya vermir, ona özünə dəftər-qələm alır...

Bilirəm ki, onunçün gözəl həyat hələ irəlidədir. Bunu hazırladığı dərslərin keyfiyyətindən, özünü əsl şagird kimi təqdim etməsindən, özünütəsdiqdən də görmək olar. Gərəkdir belə övladın qarşısında baş əyəsən. Orta məktəblərin tükənməyən ehtiyaclarının valideynlərin boynuna yüklənməsindən də azaddır o böyük ürəkli balacam. Çünki o, məktəbin bütün ictimai tədbirlərinin əsas siması olmaqla, yaradıcı işləriylə valideynlərin boynuna biçilmiş “mükəlləfiyyət”lərdən azaddır. Öz valideynlərinə də bu mənada yardımçı olub - xüsusi istedadı, qabiliyyətiylə kimsə ondan məktəbə dair, qayda-qanunlarda yazılmayan nələrisə tələb edə bilməz. Belə şagirddən nəsə tələb etmək vicdansızlıq olardı ən azı. Rayon üzrə öz məktəbinin adını yaxşıların sırasına yazdıran, bununla da hamının adına təriflər gətirən bu şagirddən başqa nəsə tələb etmək olarmı?

Bu yaxında eşitdim ki, ailəsinin maddi durumundan dolayı, 9-cu sinfi bitirəndə məktəbdən çıxmaq istəyir - 11-ci sinfi bitirməyə hamıdan çox haqqı ola-ola. Gündəlik verilən bulkapulunu valideynlərindən almağa utanır o balaca. Deyir ki, 9-cu sinifdən çıxıb texniki peşə təhsili alacaq və tezliklə ailəsinə yardımçı olacaq. Ali məktəb tələbəsi olmağa indidən real namizəd hesab edilsə də, sırf maddi çətinlik üzündən məktəbdən çıxmaq fikrindədir. Onu hələlik bu fikrindən daşındırmışıq, bir fidanın gələcək elm, texnika, yaradıcı sahədə böyüyüb köklü, qollu-budaqlı bir ağac olmasına kim mane ola bilərdi ki?! Buna yalnız maddiyyat əngəl ola bilər ki, onu da hamılıqla aşa bilərik. Bəzimiz məsləhətlərimizlə, bəzimiz onu hər şeyin, elə maddiyyatın da müvəqqəti hal olduğuna inandırmaqla, bəzilərimiz də...

Əslində, ombudsman Elmira Süleymanovanın maraqlı bir təklifindən dolayı bu yazı yazılıb. Elmira xanım deyib ki, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdəki məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi üzrə mexanizm hazırlanaraq tətbiq olunmalıdır. Ombudsmanın məruzəsində çox mətləblərdən xəbər verilib, amma istənilən məlumatda hamının axtardığı bir-iki əsas məqam olur. İndiyədək ombudsmanımızın ümumi fəaliyyətindən narazı qalan birisi kimi, bugündən həmin fikirimdən vaz keçmək istəyirəm. O mənada ki, belə ailələrdə böyüyən övladların sosial vəziyyətinin asanlaşdırılması üçün yaşıl işıq yandırılsa, tələbələrin və məktəblilərin çoxu da məhz ictimai nəqliyyat xərclərinə görə təhsildən uzaq düşməzlər. Mənim qəhrəmanım kimi, evlərindən çox uzaq məsafədə yerləşən məktəbə vaxtında çatmaq üçün qışın soyuğunda kilometrləri piyada gəlməz. Onun istedadının, qabiliyyətinin, bacarığının, gələcəkdə şəxsi mənada özünə, ictimai mənada isə dövlətinə verəcəyi uğurların qarşılığında, avtobusdan pulsuz istifadə haqqı nədir ki?!

Böyüyən nəsil gələcəyin qurucularıdır demirəm, onlar elə indidən qurub-yaratmaqla məşğuldur. Bircə addımla, vaxtında verilən təkanla onların əlindən tutaraq gələcəyə yol almaq olar. Onların, inandırıram sizi, uğurlu karyeralarına nəqliyyatdan güzəştli istfadə etdikləri günlərin də adı yazılacaq.

O günün davamı bügünün başlanğıcıdır. Başlanğıc olacaqsa, onda balaca qəhrəmanımın da ayağı qışda piyada gəldiyi məktəb yollarından yığılacaq, üşüyən əlini hovxurmaq üçün dəqiqəbaşı ağzına tutmayacaq. O da hamı kimi abtobusa, ya da arzusunda olduğu metroya minə biləcək. Hazırda imkansız ailələrin övladları üçün böyük mətləblərdən, insan hüquq-azadlıqlarından danışmaq çox yersiz. İmkansız ailələrdən olan balacalara, kasıb tələbələrə pulsuz yol haqqı vermək bu gün onlar üçün ən böyük insan haqqının təminatıdır. Yola başlasalar, mərtəbə-mərtəbə, uzağa da gedə biləcəklər...

 Nigar Vaqifqızı