Təhlükəsiz həyatın yolu yollardan başlayır
Elmi-tədqiqat mərkəzi bu istiqamətdə sistemli iş aparacaq
Azərbaycanda yol hərəkətinin təhlükəsizliyilə bağlı köklü problemlər mövcuddur. Təhlükəsiz həyatın yolu da, elə birbaşa mənada yollardan başlayır. Elə bir gün olmaz ki, yol hərəkəti qaydalarına riayət edilməməsi, sürət həddinin aşılması və digər səbəblərdən qəzalar baş verməsin. Qəzalar isə təəssüf ki, insan itkilərindən yan keçmir. Sürücü-piyada məsuliyyətsizliyi, qoyulan nişanlara diqqət edilməməsi və istənilən formada olan səhlənkarlığın sonu insanın həyatı bahasına başa gəlir.
Statistikaya diqqət etsək, ötən il Azərbaycanın avtomobil yollarında 1817 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 722 nəfər həlak olub, 1711 nəfər isə yaralanıb. Yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində baş verib, sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunması nəticəsində 49 hadisə baş verib, nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Ötən il təkcə Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. Ümumilikdə isə, ötən il qəzalar nəticəsində ölkənin yol təsərrüfatına 650 min manat ziyan dəyib.
Yol hərəkətinin təhlükəsizliyilə bağlı məsələlər hər zaman günün müzakirə mövzusu olub. Eləcə də, bu istiqamətdə saysız-hesabsız qanunlar, qaydalar məcmusu mövcuddur. Yol hərəkətinin təhlükəsizliyilə bağlı elmi-tədqiqat mərkəzinin yaradılacağı ilə ola bilsin, məsələyə münasibət də elmi baxımdan dəyişər. Xatırladaq ki, yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında bu barədə deyilir. Proqrama görə, 2019-2020-ci illərdə yol hərəkətinin təhlükəsizliyinə dair nəzəri-təcrübi məsələlərin sistemli və davamlı şəkildə araşdırılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq ali təhsil müəssisəsinin nəzdində, tərkibində yol hərəkətinin təşkili və təhlükəsizliyi üzrə ekspetlər və elmi-tədqiqat qurumlarının nümayəndələrindən ibarət ictimai şuranın fəaliyyət göstərəcəyi müvafiq elmi-tədqiqat mərkəzi yaradılacaq. Yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat mərkəzinin nəzdində bununla bağlı innovativ təkliflərdən ibarət ideya bankının yaradılması, yol hərəkətinin təşkili və təhlükəsizliyi sahəsində mütəxəssis hazırlığı məqsədilə işlərin görülməsi nəzərdə tutulub. Həmin işlərlə bağlı maddi-texniki, elmi-metodiki bazaya əsaslanan tədris-təlim prosesinin, peşə hazırlığının təşkili və bu sahədə müvafiq təhsil pillələri üzrə ixtisaslaşmanın təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən əməkdaşların xidmətə qəbuldan öncə və xidmət dövründə vətəndaşlarla etik davranış qaydaları barədə kurslara cəlb edilməsi, etik davranış qaydalarını pozan əməkdaşlar barədə ciddi məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şəbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, sözügedən fəaliyyətlə bağlı, istənilən halda bütün istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Yəni hələ ki qanunverici baza yaradılır: “Qanunverici baza yaradılandan sonra bununla bağlı ətraflı məlumat verəcəyik. Proqram beş il üçün nəzərdə tutulub və elmi-tədqiqat mərkəzi də həmin müddətdə yaradılmalıdır. Orada əsas icraçı başqadır və bu işi bilavasitə yol polisi yaratmalı deyil. Bizim üzərimizə düşən, Daxili İşlər Nazirliyinə həvalə olunmuş hissədə artıq tədbirlər planı hazırlanıb, təsdiqlənib və icrası üzrə müəyyən iş aparılır”.
Nigar Orucova