“Ümumi təhsil haqqında” qanun nəyi nəzərdə tutur?



 

Etibar Əliyev: “Şəhər məktəblərinin sahibkarlıq fəaliyyətiylə məşğul olması qeyri-müəyyənlik yaradan məqamdır”

 Təhsil sektoruyla bağlı istənilən məsələ bugünümüzdə prioritet hesab edilir. Gələcək baza elə orta ümumtəhsil müəssisələrində formalaşdığından, bünövrə də dayanıqlı olmalıdır. Bu mənada, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi də cəmiyyətin diqqətində olan vacib məsələdir. Qeyd edək ki, yeni qanun layihəsi Milli Məclisdə qəbul edilib artıq. Beş fəsildən ibarət qanun layihəsi 33 maddədən ibarət olmaqla, ümumi təhsilin təşkilati-hüquqi, iqtisadi əsaslarını, ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir. Qanun layihəsində diqqətçəkən məqamlardan biri, 31-ci maddədə təhsil müəssisəsinin əlavə gəlir əldə etmək imkanının qeyd edilməsidir. Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti haqqında olan maddədə deyilir ki, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədiylə nizamnaməsində nəzərdə tutulan qaydada, profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləriylə məşğul ola bilər. Bu fəaliyyət növləri də ödənişli təhsil xidmətləriylə, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlərlə xarakterizə edilir. Bundan başqa, ümumi təhsil müəssisələri sahibkarlıq subyektləriylə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilərlər. Qanun layihəsinə görə, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Eyni zamanda, əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədiylə ümumtəhsil müəssisələrində istehsal edilən məhsulların, xidmətlərin qanuna uyğun olaraq satışı həyata keçirilə bilər. Məktəblər sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna da malikdirlər, bir şərtlə ki, bu, mövcud qanunvericilikdə müəyyən edilən qaydaya uyğun olsun. Layihəyə görə, dövlət ümumtəhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər təhsilin inkişafına və eləcə də, işçilərin sosial müdafiəsinə yönəldilməlidir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin gəlir əldə etməsiylə bağlı ölkəmizdə müəyyən təcrübə mövcuddur. Yəni dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizinin təhsilverənlərin sosial müdafiəsinə yönəldilməsi məqamı var. Bu məsələ “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapıb. Həmin nizamnaməyə uyğun olaraq, sözügedən istiqamətdə əldə edilən vəsait yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə və s. yönəldilir. Ali təhsil müəssisəsi də tabe olduğu dövlət orqanının, qurumun və ya bələdiyyənin razılığıyla təsərrüfat cəmiyyətləri yaradır və orda iştirak edir.

Bu mənada, ölkənin orta ümumtəhsil məktəblərinin əlavə maliyyə mənbələrinin olması müəyyən halda, müsbət hesab edilməlidir. Lakin bu fəaliyyət böyük əraziyə malik ümumtəhsil müəssisələrində, yaxud da bölgələrdə həyata keçirilməlidir. Yəni bu məsələ infrastrukturu müvafiq kriteriyalara cavab verən orta ümumtəhsil müəssisələrində reallaşdırıla bilər. Eləcə də, peşə istiqamətində keçirilən dərslərdə şagirdlərin hazırladığı məhsulların satışının həyata keçirilməsi də mümkündür. Lakin burda bütün maliyyə məsələləri hesabatlılıq çərçivəsində, mənimsəmə halları olmadan şəffaf şəkildə həyata keçirilməlidir.

Bu və digər məsələlərə, yeni təhsil layihəsindəki bir sıra məqamlara aydınlıq gətirilməsinə ehtiyac var. Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev bizimlə söhbətində yeni qanun layihəsindəki bəzi məqamları açıqlayır. Ekspertin fikrincə, ümumtəhsil müəssisələrinin özünün təsərrüfatlarının olması mümkün məsələdir. Lakin o hesab edir ki, dövlət məktəblərinin bir sıra məqamlarla bağlı təcrübəsinə indiyədək rast gəlinməyib: “Bizdə bəzi məsələlər hazırda əsasən, peşə təhsilinin üzərinə düşən missiya hesab edilir. Əlbəttə, bütün peşə təhsili müəssisələri müəyyən, hansısa bir peşə yönümü üzrə ixtisaslaşırlar. Bu mənada, peşə məktəblərinin müəyyən istehsal formasının, sexlərinin, dəzgahlarının, yəni hansısa bir fəaliyyətinin olması mümkündür. Lakin orta məktəblərin sahibkarlıq fəaliyyətiylə məşğul olması məsələsi anlaşılmır. Bu, rayonlarda yerləşən orta məktəblərdə, bələdiyyələrin onlara torpaq sahələri ayırdığı yerlərdə mümkündür. Amma bu, elə də böyük gəlir gətirən fəaliyyət deyil. Yəni nəzərdə tutulan mənada, böyük sahibkarlıq fəaliyyətiylə xarakterizə olunan məqam deyil”.

E.Əliyev qeyd edir ki, layihədəki müvafiq maddə orta məktəblərdə daha çox repetitorluq xidmətinin səviyyəsini gücləndirəcək. Belə ki, indiki vəziyyətdə repetitorlar ödənişli xidmət göstərirlər və həmin ödənişin müəyyən hissəsini məktəb direktorlarıyla bölüşürlər: “Hamı bilir ki, repetitorlar ödənişli əsaslarla xidmət göstərirlər və bu məsələ birmənalı olaraq belədir. Ola bilsin həmin maddədə nəzərdə tutulacaq ki, repetitor xidmətinin müəyyən hissəsi vergilər vasitəsiylə tutulsun və yaxud, məktəbin bu və ya digər xərclərinə sərf olunsun. Misal üçün, Rusiyada repetitorluq prosesini yumşaltmaq üçün orta məktəblərdə ödənişli kurslar tətbiq etməyə başladılar. Bu sistem müəyyən effekt də verdi. Yəni bunun özü bir qədər də qazanılan vəsaitin məktəbə xərclənməsi prosedurudur. Düşünürəm ki, ödənişli xidmət göstərməsi orta ümumtəhsil məktəblərini çox böyük bir repetitor meydançasına çevirəcək. Çünki müəllim öz dərsindən daha çox, repetitor xidmətinə can yandırır. Bunun özü də birmənalı şəkildə yenə də dövlətin hər şagirdə ayırdığı vəsaitlə yanaşı, həmin vəsaitdən bir neçə dəfə çox valideyndən vəsait çıxmasına gətirib çıxaracaq”.

Ekspert hesab edir ki, şəhər məktəblərinin sahibkarlıq fəaliyyətiylə məşğul olması, layihədə nəzərdə tutulan müvafiq maddə bir növ, qeyri-müəyyənlik yaradan bir məsələdir. Həmsöhbətimiz bu mənada qeyd edir ki, layihədə ümumiyyətlə, ümumi təhsil müəssisələri deyilirsə, bununla yəqin ki bütövlükdə ölkədəki 4500 orta ümumtəhsil məktəbi nəzərdə tutulur.

 Nigar Orucova