KİVDF-nin şərtləri baryer yaratmayacaq
«Ayrılan maliyyə vəsaitinin effektivliyi baxımından Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtlərini dəyişməsi vacibdir. Şərtlərdə dəyişilmə birinci dəfə deyil, hər dəfə şərtlərdə dəyişilmələr vəsaitlərdən yararlanan KİV-lərin fəaliyyətinə nəzər salmaq imkanı verir». Bu sözləri Mətbuat Şurasının sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, tirajının artırılması, yayımı baxımından KİVDF-nin maliyyələşmə üçün şərtlərinə yenidən nəzər salınması vacib idi: “Bəzən qəzetlərin fəaliyyətinin dayandırılmasına dair fikirlər səslənir. Əlbəttə, fəaliyyətinin inkişaf etdirməsi və ya başqa şəkildə davam etdirməsi hər bir KİV-in özəl hüququdur”.
Umud Rəhimoğlu qeyd edir ki, internet media print medianı hər cəhətdən qabaqlayır: “Həm operativlik, həm də informasiyanın yayılması, daha böyük auditoriyanı zəbt etmək baxımından internet media misilsiz imkanlara malikdir. Buna görə də çap mediasında bir az problemlər yaşanır. Amma bu, o demək deyil ki, print medianın sonu gəlib çatıb. Qətiyyən belə deyil. Hesab edirəm ki, qəzetlər Azərbaycan cəmiyyətində kifayət qədər arzu olunur. Həm paytaxtda, həm də regionlarda insanlar qəzetlərin bir çoxunun əldə olunmasında maraqlıdırlar. Qəzetlərin təkcə maliyyə dəstəyi yox, həm də reklamında, yayılması məsələsində yaranmış problemlərin aradan qaldırılmasında müəyyən yardıma ehtiyacı var”.
BAMF sədri hesab edir ki, KİVDF-nin elan etdiyi şərtlər baryer yaratmayacaq: “Şərtlər ağırlaşdırıcı olsa da, ayrılacaq vəsaitlər də az olmayacaq. Maliyyə vəsaitinin artırılması da müzakirə mövzusudur. Ən azı bir dəfə çoxalması planlaşdırılır və bu maliyyə dəstəyinin qarşılığında şərtlərə əməl etmək imkanı var. Bəzi qəzetlər fəaliyyətini dayandırır, internet variantını daha da inkişaf etdirmək istəyirlər, bu da media qurumunun, baş redaktorunun özəl hüququdur”.
Umud Rəhimoğlu onlayn mediaya maliyyə ayrılması məsələsinin son illər müzakirə edildiyini vurğulayıb: “Mətbuat Şurasının sədri Əflatun Amaşovun bununla bağlı dəfələrlə parlamentdə çıxışları olub, həqiqətən internet mediaya dəstəyin göstərilməsinə böyük ehtiyac var. Onlayn mediaya dəstək göstərməklə daha böyük auditoriyalara çıxış imkanları əldə edəcəyik. Müxtəlif dillərdə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq camiəyə çatdırılmasına belə dəstək əhəmiyyətli rol oynaya bilər”.
Nərgiz